Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Yanvar 2013 - №01

 

Xalq Təhsili Muzeyinin yaradılmasının 80 illiyinə həsr olunan sərgi açılıb

 

Dekabrın 28-də Xalq Təhsili Muzeyində bu müəssisənin yaradılmasının 80 illiyinə həsr olunan sərginin açılışı oldu.

"Xalq Təhsili Muzeyi-80" adlı sərginin açılış mərasimində təhsil nazirinin müavini Qulu Novruzov, Təhsil Nazirliyinin Aparatının rəhbəri İlham Pirməmmədov, nazirliyin bir sıra şöbələrinin müdirləri, respublikanın tanınmış alim və pedaqoqları iştirak edirdilər.

Tədbiri Xalq Təhsili Muzeyinin direktoru Lalə Bayramova açaraq rəhbərlik etdiyi müəssisənin keçdiyi tarixi yol barədə məlumat verdi. Qeyd olundu ki, 1932-ci ildən fəaliyyət göstərən Azərbaycan Respublikası Təhsil Nazirliyi Xalq Təhsili Muzeyinin əsas məqsədi qədim zamanlardan başlayaraq müasir dövrə qədər Azərbaycanda pedaqoji fikrin, elm və təhsilin inkişaf tarixini əks etdirmək, təhsilin bütün pillələrində əldə olunmuş uğurların təbliğ olunmasıdır. Muzeydə təhsil sahəsində əvəzsiz xidmətləri olan maarifçilərə, elm xadimlərinə, pedaqoq-alimlərə, ziyalılara, iş təcrübəsi geniş yayılan qabaqcıl müəllimlərə və təhsil müəssisələrinə dair sənəd və materiallarla yanaşı, tədris prosesini əks etdirən fotoşəkillər, nadir dərs vəsaiti və ləvazimatları, müxtəlif illərə məxsus dərslik və proqramlar, tədris müəssisələrində istifadə edilən texniki vəsaitlər, şagirdlərin, tələbələrin, müəllimlərin əl işləri, albomlar, maketlər və digər eksponatlar nümayiş etdirilir.

Muzeyin elmi-tarixi əsaslar üzərində qurulan, xronoloji ardıcıllığa riayət edən ekspozisiyasının 6 salonda yerləşdirildiyini deyən Lalə Bayramova onların hər biri barədə ətraflı danışdı. Qeyd edildi ki, Azərbaycan dövlətinin təhsilə göstərdiyi diqqət və qayğı VI salonun ekspozisiyasının əsas istiqamətidir. Həmin salonda  ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin keyfiyyətinin yüksəldilməsi və inkişafı naminə fəaliyyətini əks etdirən "Heydər Əliyev və təhsil", Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil və elm  sahəsindəki genişmiqyaslı fəaliyyətini və Heydər Əliyev Fondu tərəfindən təhsilə göstərilən diqqət və qayğını təcəssüm etdirən sənəd və materiallar nümayiş olunur.

Lalə Bayramova Xalq Təhsili Muzeyinin 80 illik yubileyi münasibəti ilə muzey əməkdaşlarından 2 nəfərin Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı, 12 nəfərin isə Fəxri fərmanla təltif edilməsini muzey işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu dedi.

Təhsil nazirinin müavini Qulu Novruzov çıxış edərək Xalq Təhsili Muzeyinin zəngin təhsil tariximizi yaşadan bir müəssisə olduğunu xüsusi vurğuladı. Muzey işinin olduqca  vacib və əhəmiyyətli hesab edildiyini, bu sahədə çalışanların müqəddəs bir işlə məşğul olduqlarını söyləyən nazir müavini Azərbaycan təhsilinin tarixi ənənələrini yaşadan, onu layiqincə qoruyub gələcək nəsillərə çatdıran Xalq Təhsili Muzeyinin fəaliyyətini yüksək qiymətləndirdi.

Qulu Novruzov ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi, inkişafı ilə bağlı bir sıra mühüm addımların atıldığını, tədbirlərin həyata keçirildiyini deyərək Xalq Təhsili Muzeyinin  də fəaliyyətini müasir tələblərə uyğun qurduğunu qeyd etdi. Son illərdə Azərbaycanın təhsil tarixinin araşdırılaraq xalqa çatdırılması istiqamətində görülən işlərdən geniş danışan nazir müavini sonda muzeyin kollektivini təhsil naziri Misir Mərdanovun və öz adından təbrik etdi, onlara işlərində uğurlar arzuladı.

Çıxış üçün söz alan görkəmli alimlər, pedaqoqlar Xalq Təhsili Muzeyinin kollektivinin əməyini yüksək  dəyərləndirərək burada zəngin mütərəqqi ənənələrə, milli mənəvi dəyərlərə və beynəlxalq təcrübəyə əsaslanaraq inkişaf edən müasir Azərbaycan təhsilinin nailiyyətlərini əhatə edən sənəd və materialların qorunub saxlanıldığını və layiqincə təbliğ edildiyini bildirdilər. Çıxış edənlər Xalq Təhsili Muzeyinin yaradılmasının 80 illik yubileyi münasibəti ilə müəssisənin əməkdaşlarını təbrik edərək onlara fəaliyyətlərində nailiyyətlər dilədilər.

Sonra Xalq Təhsili Muzeyinin yaradılmasının 80 illiyinə həsr olunan "Xalq Təhsili Muzeyi-80" adlı sərgiyə baxış keçirildi. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov