Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Yanvar 2013 - №01

 

Təhsil naziri Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının  İdarə Heyətinin üzvləri ilə görüşüb

 

Xəbər verdiyimiz kimi, bu günlərdə təhsil naziri Misir Mərdanov Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (AMVMA) İdarə Heyətinin üzvləri ilə görüşüb. Təhsil Nazirliyində keçirilən görüşdə AMVMA-nın illik hesabatı dinlənilib, müvafiq istiqamətdə görülmüş işlər və qarşıda duran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Tədbirdə Təhsil Nazirliyinin şöbə müdirləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Təranə Şərifova, assosiasiyanın İdarə Heyətinin üzvləri iştirak ediblər.  

Görüşü təhsil naziri Misir Mərdanov açaraq Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının fəaliyyətindən və bu təşkilatın valideyn-məktəb əlaqələrinin inkişafı istiqamətində gördüyü işlərdən danışıb. VMA-nın zamanın tələbi olduğunu vurğulayan nazir bildirib ki, bu qurumun məqsədi uşağın təlim-tərbiyə prosesində maraqlı olan bütün tərəfləri bir araya gətirərək onların səylərini təhsilin keyfiyyətinin artırılmasına, təhsil sisteminin təkmilləşdirilməsinə və  məktəblərin inkişafına yönəltməkdir.

AMVMA-nın son illər təhsilin inkişafı və valideyn-müəllim münasibətlərinin səmərəli təşkili baxımından gördüyü işlərə toxunan Misir Mərdanov əsas məqsədi valideynlərlə müəllimlərin faydalı ünsiyyət mühitinin yaradılmasından ibarət olan bu təşkilatın həyata keçirdiyi tədbirləri müsbət qiymətləndirib. Nazir bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında, təhsilin keyfiyyətinin artırılmasında, müəllim və məktəbin nüfuzunun yüksəldilməsində tədris ocaqlarında fəaliyyət göstərən Valideyn-Müəllim Assosiasiyalarının (VMA) üzərinə mühüm vəzifələr düşür.

Orta məktəblərdə yaradılan VMA-ların uğurlu fəaliyyətindən söz açan təhsil naziri bu sahədə nailiyyətlərin qazanılmasında Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifovanın əməyini yüksək qiymətləndirib. Son illər ərzində Azərbaycanda təhsilin inkişafına dəstək olan təşkilatlar içərisində AMVMA-nın xüsusi yer tutduğunu söyləyən Misir Mərdanov təhsil ocaqları üzrə Valideyn-Müəllim Assosiasiyalarının sayının getdikcə artmasını və onların işinin günbəgün yaxşılaşmasını təqdirəlayiq hal kimi dəyərləndirib.

Sonra Azərbaycan Milli-Valideyn Müəllim Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Təranə Şərifova  rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib. Öncə keçirilən növbəti görüş və AMVMA-nın fəaliyyətinə göstərilən dəstək üçün təhsil naziri Misir Mərdanova təşəkkür edən T.Şərifova valideynlər arasında maarifləndirmə işinin aparılmasının zəruriliyinə toxunub. Deyib ki, valideynlərin məktəblə əlaqəsinin zəif olması təlim-tərbiyə prosesinə mənfi təsir göstərən əsas amillərdən biridir.  O, son illər AMVMA üzvlərinin sayının artdığını nəzərə çatdıraraq rəhbəri olduğu qurumun həyata keçirdiyi layihələr və təşkil etdiyi tədbirlər barədə məlumat verib.

T.Şərifova qeyd edib ki, ötən il ərzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən  məktəblərdə yaranan VMA-lar filial kimi qeydiyyatdan keçmişlər, reqionlarda - Qazax, Şəmkir, Ağdaş Göyçay, Beyləqan, İsmayıllı, Şamaxı, Ağdam, Mingəçevir və başqa rayon və şəhərlərdə VMA-ların  yeni təşəbbüs  qrupları yaradılıb. 

Rəhbərlik etdiyi təşkilatın tarixinə qısa ekskurs edən T.Şərifova bildirib ki, Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi və YUNİSEF-in Azərbaycan üzrə nümayəndəliyinin təşəbbüsü ilə proqram strukturu olaraq 2003-cü ildə yaradılmış, ilk milli Konfransında təsis edilərək bir neçə pilot məktəbində fəaliyyətə başlamışdır.

Valideynlərin məktəbə cəlb olunması, şagird-valideyn-müəllim əməkdaşlığının təşkili nəticəsində təhsilin keyfiyyətinin yüksəldilməsi və uşaqlar üçün yararlı təhsil mühitinin formalaşdırılması missiyasını daşıyan, ABŞ-ın müvafiq sahədə təcrübəsi modelinə əsaslanan VMA ölkəmiz üçün əhəmiyyətli  unikal platformadır.

Birliyin  ali orqanı ümumi yığıncaq, cari rəhbər icra orqanı icraçı direktor, müavinlər və digər  şəxslərdən ibarət olan İdarə Heyəti, nəzarət orqanı  isə Nəzarət-Təftiş Komissiyasıdır.

Qısa müddət ərzində birliyin fəaliyyət dairəsinin genişləndiyini diqqətə çatdıran icraçı direktor təşkilatın öncə pilot məktəblərdə, daha sonra şəhər və  rayonlarda ilk təşəbbüs qruplarını formalaşdırdığını, valideyn və müəllimlərlə maarifləndirməni təşkil etdiyini söyləyib. Bildirib ki, Təhsil Nazirliyinin və YUNİSEF-in yaxından dəstəyi ilə fəaliyyət göstərən ictimai birlik hər iki qurumun müvafiq istiqamətdəki Fəaliyyət Planına uyğun olaraq öz işini təşkil etmiş, fəaliyyətin səmərəliliyi və dövlət orqanı ilə əməkdaşlıq üçün ictimai birliklə nazirlik arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır.

Qeyd olunub ki, filiallar öz  fəaliyyətlərini birliyin Nizamnaməsi, filialın  Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş vahid formalı  Əsasnaməsi əsasında təşkil edirlər.

Filialın yaradılması AMVMA İctimai Birliyinin İdarə Heyəti tərəfindən qərara alındıqdan sonra sənədlər müvafiq müraciətlə  Dövlət Reyestrinə salınmaq üçün Ədliyyə Nazirliyinə  təqdim edilir və filialların Dövlət Reyestrinə salınması  haqqında müvafiq təsdiqedici məktub birliyə daxil olduqdan və filial prezidentinin təyin olunması haqqında icraçı direktorun əmrindən sonra filial fəaliyyətə başlamaq üçün mərkəzin razılığı ilə hüquqi prosedurlar həyata keçirir.

Azərbaycanda 2000-ə yaxın məktəbdə VMA və təşəbbüs qruplarının yaradıldığını deyən T.Şərifova onların valideynləri  təlim-tərbiyəyə fəal cəlb etdiyini, onlar üçün bir sıra istiqamətlər üzrə, həmçinin kurikulumla əlaqədar maarifləndirmə işləri apardıqlarını, məktəbin məzunları ilə sıx əlaqələr qurduqlarını nəzərə çatdırıb. Bildirib ki, nəinki paytaxt və rayon mərkəzləri, eləcə də kənd məktəblərində VMA-nın fəaliyyətinin müsbət təzahürləri razılıqla qarşılanır, məktəb-valideyn əlaqələrinin inkişafı istiqamətində valideynlərin təşəbbüskarlığı müşahidə olunur.

Bununla yanaşı, icraçı direktor Bakının mərkəzi məktəblərinin bir çoxunda hələ də VMA-ların yaradılmamasını təəssüfedici hal hesab edib.

Qeyd edilib ki, birliyin  Koordinasiya Şurasının toplantılarında məktəblə  ailə arasında müqavilə işlənilib hazırlanıb. Bu müqavilənin təşəbbüskarları elə valideynlər özləri olublar, çünki bu, hər iki tərəf üçün faydalı sənəd ola bilər, hər iki tərəfin məsuliyyətini artıra bilər. Sənəddə həm ailənin, həm də məktəbin vəzifə və səlahiyyətləri əks olunub.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və YUNİSEF-in  "Məktəb uşağın dostudur" birgə layihəsini AMVMA İB-nin bir neçə ildir ki, həyata keçirdiyinə diqqəti yönəldən T.Şərifova 2012-ci ildə layihə çərçivəsində ümumtəhsil məktəblərinin keyfiyyət standartları üzrə 300 məktəbin monitorinq və qiymətləndirilməsinin aparıldığını və görülən işin ekspertizasının nəticələrinin hazırlandığını söyləyib. Bildirib ki, həmçinin layihə çərçivəsində həmin 300 məktəbdə sağlamlığın vəziyyəti öyrənilir, onlara sabun qabları və maye sabunlar paylanılır, bu da məktəbdə keyfiyyətli təhsilə təsir göstərən sağlam, uşaq və müəllimlər üçün yararlı mühitin yaranması, onların hüquqlarının qorunması   deməkdir.

T.Şərifova diqqətə çatdırıb ki, kurikulum islahatının  tətbiqi ilə əlaqədar Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin üzvləri son  iki il müddətində respublikada müəllimlər üçün keçirilən təlimlərin monitorinqini aparmışdır. Təşkilatın  keçirdiyi monitorinq nəticəsində müəyyən edilib ki, 2012-ci ilin yayında  aparılan təlimlər standartlara  uyğun, mütəşəkkil formada keçirilib və bununla əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi və YUNİSEF-ə hesabat təqdim olunub.

Daha sonra icraçı direktor AMVMA-nın fəaliyyətinin səmərəliliyinin artırılması üzrə mexanizmin hazırlanması və orta məktəblərdə bu baxımdan həyata keçirilən tədbirlərə diqqət çəkib. Təhsil islahatlarının müəllimlərin və valideynlərin üzərinə qoyduğu ümdə vəzifələrin düzgün təbliğində VMA-nın qarşısında duran məsələlərin əhəmiyyətindən bəhs edən T.Şərifova nümunəvi VMA-ların təcrübəsinin yayılmasının zəruriliyinə toxunub.

T.Şərifova çıxışının sonunda belə görüşlərin faydalı olduğunu, valideynləri və ictimaiyyət nümayəndələrini narahat edən məsələlərə, onların rəy və təkliflərinə Təhsil Nazirliyi tərəfindən diqqətlə və operativ yanaşıldığını vurğulayıb, VMA-ların fəaliyyətinə verdiyi dəstəyə görə təhsil nazirinə minnətdarlığını ifadə edib.

T.Şərifova, həmçinin qarşılaşdıqları bəzi problem və çətinliklərdən söz açıb, bir sıra təkliflərini nəzərə çatdırıb.

Sonra söz İdarə Heyətinin  üzvlərinə verilib. Bakı şəhərindəki A.Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim Sevinc Budaqova rəhbərlik etdiyi təhsil ocağında VMA-nın 2004-cü ildən yarandığını vurğulayıb, məktəbin idarə olunmasında, bütün məsələlərin həllində VMA-nın rolu, hətta mühafizə xidmətinin qurulmasında, natamam ailələrdən olan uşaqlarla aparılan işdə VMA-nın dəstəyini qeyd edib, müəllimlərin cəmiyyətdə nüfuzunun artırılması məsələsində bu qurumların mühüm rolu olduğunu söyləyib.

Lənkəran şəhəri S.Kazımbəyov adına 6 nömrəli tam orta  məktəb-liseyin direktoru Akif Xalıqov ölkəmizdə təhsilə, təhsil işçilərinə göstərilən qayğıdan danışıb, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımları yüksək dəyərləndirib. O, ölkə Prezidenti İlham Əliyevin istedadlı uşaqlar barədə sərəncamına əsasən məktəblərində VMA-nın yaxından iştirakı ilə keçirilmiş şagirdlərin yaradıcı təfəkkürünün inkişafı üzrə elmi-metodik konfransdan, 3 mərhələdən ibarət bilik yarışlarından, fəal valideynlərin, məktəbətrafı icmanın bu işlərdə rolundan söz açıb və valideynlər arasında maarifləndirmə işinin daha da artırılması təklifini irəli sürüb.

Bakı şəhəri 132-134 nömrəli təhsil kompleksinin direktoru Sara Xanlarova çıxışında VMA-nın məktəbdə mühüm rolunu, ailə-məktəb müqaviləsinin məktəbin idarə olunmasında əhəmiyyətini, məktəbin işinin daha  səmərəli qurulması, valideynlərin VMA barəsində tam məlumatlı  olmaları, məktəb-ailə münasibətlərinin tam şəffaf olmasının  əsas məsələ olduğunu vurğulayıb, şagirdlərin tədrisə marağının daha da artırılması üçün zəruri hesab olunan bir sıra digər məsələlərə toxunub. S.Xanlarova ictimaiyyətin mövcud istiqamətdə görülmüş işlərə dair məlumatlandırılması üçün təbliğat işinin və valideyn-müəllim-məktəb əməkdaşlığının    gücləndirilməsi təklifini irəli sürüb. 

Lənkəran  şəhəri 8 nömrəli tam orta məktəbin direktoru Aslan İbrahimov məktəbəqədər təhsillə əhatənin az olması, məktəbə məcburi olaraq uşaqların evdən qəbulu, bunun da onların sinifdə adaptasiyasını çətinləşdirdiyini qeyd edib, kurikulumun tətbiqi ilə əlaqədar I sinfə qəbul olunanların xüsusi hazırlığına, ilkin yaradıcılıq təfəkkürünün inkişafına ehtiyac olduğunu vurğulayıb.  Bu işdə VMA-rın rolunun böyük olduğunu, müəllim-valideyn münasibətlərinin əməkdaşlıq müstəvisi çərçivəsində formalaşdığını qeyd edib. Fəal təlim prosesində valideynlərin iştirakının danılmaz olduğunu söyləyən A.İbrahimov məktəb bufetlərinin fəaliyyətinin səmərəli təşkili haqda fikirlərini səsləndirib.

Birliyin milli məsləhətçisi Vəfa Məmmədova bu gün VMA-ların fəaliyyətlərinin düzgün istiqamətdə getməsi, məktəbə, VMA-lara, təhsili bilən cəmiyyət  üzvlərinə daimi ehtiyacın olması barədə danışıb. V.Məmmədova KİV-in  valideynlərin maarifləndirilməsində, onların kurikuluma dair  biliklərinin artırılmasında mühüm rolunu qeyd edib, bu məqsədlə təhsil kanalının və Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının mətbuat orqanının yaradılmasını təklif edib.

Təhsil Nazirliyinin Stratejı təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri, AMVMA İB-nın İdarə Heyətinin üzvü Fərzəli Qədirov təhsil ocaqlarında VMA-ların  yaradılmasının əhəmiyyətindən danışıb, onların məktəblərin idarə olunmasında rolunu xüsusi qeyd edib. Məktəb idarəetməsində ictimai nəzarətin gücləndirilməsinin təhsilin keyfiyyətinə müsbət təsirini qeyd edən F.Qədirov VMA-lar vasitəsi ilə  bir çox məktəblərdə problemlərin aradan qaldırıldığını  bildirib. Lakin bütün bunlarla yanaşı, hələ də valideynlərin təlim-tərbiyə prosesinin idarə olunmasına tam cəlb olunmamalarını söyləyib və valideyn-məktəb münasibətlərinin düzgün qurulması üçün bu istiqamətdə lazımi işlərin görülməsinə diqqət yetirilməsini vurğulayıb. O, valideynin valideynə daha çox təsir edə biləcəyini diqqətə çatdırıb.

Nazirliyin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov son illər VMA-lar yaranandan sonra  nazirliyə məktəblərlə bağlı daxil olan şikayətlərin yarıbayarı azalmasını müsbət hal kimi qiymətləndirib. Bütün məktəblərdə bu işin qurulmasının təhsil üçün əhəmiyyətli olduğunu bildirib, bu qurumların təhsilin keyfiyyətinin yüksəldilməsində, şagirdlərin vətənpərvərlik ruhunda yetişməsində, valideynlərin təhsil müəssisələrinin işinə daha yaxından cəlb olunmasında böyük rol oynadığını söyləyib.

Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev valideyn-məktəb əlaqələrinin daha səmərəli təşkilinin, VMA-ların fəaliyyətində şəffaflığın artırılmasının vacibliyini diqqətə çatdırıb.

Görüşdə söz alan 20 nömrəli məktəb-liseyin valideyni Rafiq Ramazanov VMA-ların hüquqi bazasının möhkəmlənməsi üçün filiallarının dövlət qeydiyyatından keçməsinin VMA-ların fəaliyyətinə müsbət təkan verdiyini qeyd edib. O, habelə mövcud VMA-ların müsbət təcrübəsinin yayılması, onların yaranmasının kütləviliyə çevrilməsinə ehtiyac olmadığı, fəal VMA-ların işini təkmilləşdirmək, qücləndirmək lazım gəldiyini, bununla da bu modelin məktəbə lazım olduğunu, hələ qoşulmayan məktəblərə nümayiş etdirməyin zərurəti barədə danışıb.

Görüşün sonunda Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasi İctimai Birliyinin İdarə Heyəti müvafiq qərar qəbul edib. Qərarda AMVMA-nın mətbu orqanının nəşr olunması, təhsil kanalının açılması ilə əlaqədar müvafiq  qurumlara müraciət edilməsi, ailə-məktəb müqaviləsinin  işlənilib hazırlanması və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunması, kurikulumun tətbiqi  ilə əlaqədar valideynlər arasında maarifləndirmə işlərinin aparılması, təhsil nazirinin valideynlərlə növbəti görüşünün 2013-cü ilin yanvar ayında keçirilməsi nəzərdə tutulub. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov