Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Yanvar 2013 - №01

 

Mənalı ömür yolu

 

B.Cahangirovun "İgidliyə görə" medalı ilə təltif olunması haqqında əmrin əlyazmasıHəyat uzunluğuna görə deyil, mənasına görə qiymətlidir. Bu deyimdə böyük həqiqət var. O həqiqət həyatın mənasının yaşanmış illərin uzunluğu ilə  deyil, görülmüş işlərin çəkisi, dəyəri, insanlara xidmətin böyüklüyü ilə ölçülməsi deməkdir. Məhz həyat, hadisələr insanları seçir, görülmüş işlərimizi, əməllərimizi  süzgəcindən keçirir, zaman bizə öz qiymətini verir.  

Sağlığında qiymətləndirilmənin həzzini yaşamaq hissi isə hamıya deyil, yalnız mənalı ömür sahiblərinə nəsib ola biləcək bir xoşbəxtlikdir. Ömrünün 70-ci ilini yola salan Mircəfər Mirməsi oğlu Həsənov məhz belə xoşbəxt insanların sırasındadır.

Taleyinə müharibənin qanlı-qadalı illərində - 1943-cü ildə Azərbaycanın ucqar dağ kəndlərindən birində - Yardımlı rayonunun Pirimbel kəndində dünyaya göz açmaq qisməti yazılsa da, ailəsi ilə birlikdə Salyan, Biləsuvar rayonlarında da yaşamış, təhsil almış, orta məktəbi Biləsuvarın Ağayrı kəndində başa vurmuşdur.

Ali təhsilini 1960-1964-cü illərdə APİ-də (indiki ADPU) almış, institutu fərqlənmə diplomu ilə bitirib doğma kəndə dönmüş, bir müddət Pirimbeldə müəllim işləmiş, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuşdur.

1966-67-ci illərdə vətəndən uzaqlarda-Kişinyov şəhərində hərbi xidmətini-əsgəri vəzifəsini şərəflə başa vurmuş, doğma yurda dönmüşdür.

Daxilində yanan elm çırağının şöləsi Mircəfəri 1969-cu ildə Bakıya gətirmiş,1969-1970-ci illərdə Elmi Tədqiqat Pedaqogika İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. Həmin illərdən ömür yolu elm nuru ilə şölələnən Mircəfər müəllim pedaqoji fikir aləminə öz dəst-xətti ilə imza atmış, 1979-cu ildən isə taleyini AMİ-yə bağlamışdır. Burada müxtəlif vəzifələrdə - müəllim, baş müəllim, dosent, professor, tədris işləri üzrə prorektor və s. vəzifələrdə işləmişdir. Hazırda AMİ-də  ibtidai və məktəbəqədər təhsilin metodikası kafedrasının müdiri vəzifəsində çalışan Mircəfər müəllim institutun  ziyalıları sırasında özünəməxsus bir mövqeyi olan insandır  və onun ömür yolu bugünkü gənc nəsil, gələcəyin müəllimləri üçün bir örnəkdir. Bu həqiqətdir ki, gənclər yaşlılarla ünsiyyətdə formalaşır, onlarla hansı mizan-tərəzidə ünsiyyətdə olurlarsa, o ovqatda da yetişirlər.

Deyirlər, təpə dağa baxıb düşünür: Mən haçan o boyda olacam?

Heç bir zirvə isə əziyyətsiz qazanılmır. Mircəfər müəllim də öz varlığını asanlıqla təsdiq etməyib. Çünki bu yol heç də hamar olmayıb. Gərgin əmək, yuxusuz gecələr, ağır zəhmət, məhsuldar qələm, səy və çalışqanlıqdan  keçib.

Çünki bu yol M.Mehdizadə, M.Muradxanov, N.Kazımov, Ə.Ağayev, N.Əhmədov, Y.Kərimov kimi pedaqoqların məktəbindən keçib.

Çünki bu yol Mircəfər müəllimin həyatını mənalı və məzmunlu edən fenomen insanların - Əhməd Seyidov, Şövqi Ağayev, Şükür Sadıqov, Cahid Quliyev, Roza Qafarova, Sədi Əfəndiyev, İsfəndiyar Vəlixanlı, Afat Qurbanov, Nabat Abdullayeva kimi müəllimlərin, tanınmış elm xadimlərinin dərslərindən keçib.

Çünki bu yol  tələbəlik həyatının sınaqlarından, müsabiqələrdən, bilik yarışlarından, ən başlıcası isə özünə qarşı tələbkarlıqdan, məsuliyyətdən, zamanla ayaqlaşa bilmək bacarığından, oxumaq, öyrənmək həvəsindən keçib.

Səriştəliliyin, səmərəli işin və gərgin əməyin nəticəsidir ki, M.Həsənovun qələmindən 12 kitab, 100-ə qədər elmi məqalə, 100-dən artıq qəzet məqaləsi, tövsiyələr çıxıb.

Mircəfər müəllim qloballaşan təhsilin yeniliklərinə də öz töhfəsini vermiş, son illərdə nəşr etdirdiyi "Məktəbəqədər yaşlı uşaqların oyun və əmək fəaliyyətinin təşkili", "Ali məktəbdə təlimin təşkilinin didaktik əsasları", "İbtidai siniflərdə fəal və interaktiv metodlardan istifadənin nəzəri-praktik məsələləri", "Təlim məşğələlərinə aid didaktik materiallar", "Məktəbəqədər yaşlı uşaqların təlim hazırlığına aid didaktik tapşırıqlar" adlı pedaqoji əsərləri ilə təhsil islahatlarının həyata keçirilməsinə xidmət etmişdir.

Hörmətli alimin fəaliyyətinin əsasını -məzmununu  metodistlik təşkil edir. Belə ki, fasiləsiz olaraq 23 il ərzində o, pedaqoji kadrların ixtisasının artırılması, təkmilləşdirilməsi, yenidən hazırlanması, onlarla metodik işlərin təşkili məsələləri ilə məşğul olmuş, respublikada bu prosesin tənzimləyicisi kimi gərgin əmək sərf etmişdir. Mircəfər müəllimin uğurları və nüfuzu məhz elə sözügedən sahələrdəki fəaliyyəti ilə  bağlı olmuşdur.

Bu gün hörmətli yubilyarımızın tərcümeyi-halını göz önündən keçirib onun 70 illik ömrünün və 50 illik pedaqoji fəaliyyətinin hesabatını  müxtəlif  mövqelərdən qiymətləndiririk: alim kimi, rəhbər işçi-idarəedici kimi, xeyirxah insan, yaxşı dost, ağsaqqal, mehriban ailə başçısı, əsl vətəndaş, əsl azərbaycanlı, əsl məsləhətkeş kimi.  Bu sıranı xeyli artırmaq, zənginləşdirmək, çoxaltmaq da olar. Bütün bunların sırasını pozub yalnız bircəsini saxlamaq da olar ki, o da  Mircəfər müəllimin şərəfli ömür yolunun qırmızı xətti-müəllimliyidir. Hardasa müəllimlikdən söhbət getsə, yaxşı müəllimlərimizin sırasında Mircəfər müəllimin də canlı obrazı dayanır. Çünki ömrünün təxminən 50 ildən çoxunu pedaqoji sahəyə həsr  edən hörmətli alimimiz  Mircəfər Həsənovun orta məktəb müəllimliyindən ali məktəb professorluğuna qədər keçdiyi şərəfli yol onu ucalığın zirvəsinə çatdırıb. Bu zirvədən baxanda Mircəfər müəllimin faydalı işləri, xeyirxah əməlləri, tələbələri, müdavimləri, dostları, iş yoldaşları, övladları, qohumları, qonşuları, yüzlərlə onu sevən insanlar görünür. Bu zirvədən baxanda gözlərimizin qarşısında Mürcəfər müəllimin belə cavan qalmasının sirri-ömür-gün yoldaşı, məsləhətdaşı, ən yaxın dostu, arxadaşı Etelya xanımın mehriban baxışları, qayğıkeş siması görünür. Bax bu anda artıq Mircəfər müəllimin  uğurunun səbəblərini araşdırmağa ehtiyac qalmır, görünən dağa bələdçi lazım olmur.

Hörmətli Mircəfər müəllim!

70 yaş hələ həyatın sonu deyil, olsa-olsa ömrün müdriklik çağının hələ yarımçıq  qalmış,  həyata keçirməli olacağınız çox işlərinizin başlanğıcıdır. Səkkizinci on illiyə keçidiniz - qədəmləriniz uğurlu, 70 yaşınız mübarək olsun! Sizi bu yubiley münasibətilə təbrik edir, mənəvi rahatlıq, möhkəm cansağlığı, Tanrının verdiyi ömrü sağlam başa vurmağı arzulayırıq. 

Azərbaycan Müəllimlər İnstitutunun kollektivi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov