Respublikamızın
yeniyetmə gəncləri incəsənətin müxtəlif
sahələrində öz istedad və bacarıqlarını nümayiş
etdirərək xarici ölkələrdə keçirilən
beynəlxalq müsabiqə və festivallarda Azərbaycanı
layiqincə təmsil edirlər. Yeniyetmə və gənclərimizin
mötəbər müsabiqələrdən xoş soraqlarını eşidəndə
qürur hissi keçiririk. Belə istedadlı gənclərimizdən
biri də haqqında söhbət açmaq istədiyim Nəcəfli Nərmin
Etibar qızıdır.
Nərmin 1996-cı ildə Bakıda anadan olub.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin X sinfində
fortepiano ixtisası üzrə Ədilə Rəhimovanın
sinfində təhsil alır. O, 2004-2007-ci illərdə Bakı
şəhərində keçirilən müxtəlif müsabiqə və festivalların,
Moskva şəhərində 8-12 yaşlı uşaqlar arasında keçirilən
beynəlxalq müsabiqənin qalibi, Tbilisidə keçirilən
beynəlxalq musiqi festivalının laureatı, II və IV
beynəlxalq Rostropoviç, 2011-ci ildə III
beynəlxalq Üzeyir Hacıbəyli festivallarının
iştirakçısı olub. Yeniyetmə fortepianoçu 2008-ci
ilin mayında ümummilli lider Heydər Əliyevin
85 illik yubileyinə həsr olunmuş I respublika
müsabiqəsində Qran-pri mükafatına layiq
görülüb.
Nərmin Nəcəfli 2006-cı ildə Parisdə YUNESKO-nun
baş qərargahında Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən
"Azərbaycan mədəniyyətlərin və sivilizasiyaların kəsişmə
nöqtəsi", 2008-ci ildə Strasburqda və
Brüsseldə "Azərbaycanın xoşməramlı mələkləri" adlı
konsert proqramlarında məharətlə çıxış edib. N.Nəcəfli
İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı
ilə İtaliyada Forte dey Marmi şəhərində
təşkil olunan solo konsertlərdə öz istedadını nümayiş
etdirib. 2010-cu ildə isə Almaniyada keçirilən
beynəlxalq müsabiqədə xüsusi prizə layiq görülən Nərmin
İtaliyanın Eppan şəhərində 30 dəqiqəlik solo
konsert proqramı ilə çıxış edib. Qeyd edək ki,
akademiyada çıxış etmək üçün müsabiqəyə dünyanın bir çox
ölkələrindən - ABŞ, Almaniya, Böyuk Britaniya,
Belçika,Yaponiya, Bolqarıstan, Polşa, Rumıniya, Rusiya,
İsveç, Portuqaliya, İndoneziya və sair ölkələrdən
qatılan 38 iştirakçıdan yalnız 8 nəfər seçim turundan
qalib çıxıb. Sevindirici haldır ki, 8 nəfərdən biri
Nərmin olub, o, Mədəniyyət və Turizm Nazirliyinin
dəstəyi ilə İtaliyada Azərbaycanı layiqincə təmsil
edib. Nərminin çıxışını professor Andrea Bonatta bəyənib
və onu Polşaya Paderevski Piano Akademiyasına
dəvət edib. Nərmin Polşanın Bıdqoş şəhərində
Paderevski Akademiyasında professorlar İlya Şeps
və Robert McDonalddan ustad dərsləri alıb, həm də
Bıdqoş şəhərində keçirilən Qala konsertdə Polşa Dövlət
Simfonik orkestrinin müşayiəti ilə Çaykovskinin 1
nömrəli konsertini ifa edib.
N.Nəcəfli 2011-ci ildə Paris
Konservatoriyasının professoru Muza Rubatskitenin
dəvəti ilə Fransanın Bagneres de Bigorre
şəhərində keçirilən Piano Pic, Litvada isə
II beynəlxalq Vilnüs fortepiano musiqisi festivallarında
iştirak edib.
Gənc fortepianoçu Nərmin Nəcəfli 2012-ci ili uğurla
başa vurub. Özünün dediyi kimi, bir neçə uğura da
imza atıb. O, İtaliyanın Seregno şəhərində keçirilən
beynəlxalq müsabiqədə böyük yaş qrupunda, Estoniyanın
Narva şəhərində keçirilən IX beynəlxalq Şopen
müsabiqəsində qalib adını qazanaraq diplom və
hədiyyələrlə mükafatlandırılıb. Ən sevindirici anları
isə Böyük Britaniyanın Nyukasl şəhərində keçirilən
gənc pianoçuların V beynəlxalq müsabiqəsində
iştirak etməsi və I yerə layiq görülməsi olub.
Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2007-ci il
tarixli sərəncamı ilə Nərmin Nəcəfli
xüsusi aylıq təqaüdə layiq görülüb və adı
Azərbaycanın gənc istedadlarının "Qızıl kitab"ına
yazılıb.
Sifai SƏFƏROVA |