Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Yanvar 2013 - №02

 

Naxçıvan Dövlət Universitetində qarşıda duran vəzifələr müzakirə olunub

 

NDU-da dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasının yekunları və Naxçıvan Dövlət Universiteti qarşısında duran vəzifələrə həsr olunmuş yığıncaq keçirildi. Yığıncaqda universitetin rektoru, akademik İsa Həbibbəyli mövzu ilə bağlı ətraflı məruzə edərək sessiyada müzakirə olunmuş məsələlər barədə məlumat verdi. Qeyd olundu ki, sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məruzə edərək ötən il regionda digər sahələrlə yanaşı elm və təhsilin inkişafından da bəhs etmiş, bu sahədəki prioritet məsələlərə toxunmuşdur. 2012-ci ilin Naxçıvan Dövlət Universiteti üçün də uğurlu olduğunu vurğulayan rektor bildirdi ki, ardıcıl və hərtərəfli dövlət qayğısı sayəsində təlim-tərbiyə və elmi tədqiqat işlərinin səviyyəsinin daha da yüksəldilməsi, maddi-texniki bazanın əsaslı şəkildə möhkəmləndirilməsi və yenidən qurulması istiqamətində çoxşaxəli tədbirlər həyata keçirilib. Hesabat dövründə universitetdə quruculuq, abadlıq, yaşıllaşdırma tədbirləri davam etdirilib. Təbiətşünaslıq və kənd təsərrüfatı və pedaqoji fakültələr üçün 5 mərtəbəli müasir tipli tədris korpusu istifadəyə verilib. 2012-ci ildə həyata keçirilən yeniləşmə tədbirlərinin mühüm bir istiqaməti informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhatə dairəsinin daha da genişləndirilməsi, elektron universitet layihəsinin həyata keçirilməsi, elektron test üsulu ilə imtahanların təşkili ilə bağlıdır.

Universitetin beynəlxalq əlaqələri də genişlənib, yeni əməkdaşlıq müqavilələri imzalanıb, Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə "Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması" adlı layihənin ilkin razılaşma protokolu imzalanıb, universitet Avropa Birliyi ölkələrinin TEMPUS proqramının beş layihəsində uğurla iştirak edib. Xarici ölkələrdə keçirilən elmi tədbirlərdə universitet əməkdaşlarının fəal iştirakı da diqqətəlayiqdir. Bir sıra xarici ölkələrin Azərbaycandakı səfirlərinin universitetə gəlişi, keçirilən görüşlər də beynəlxalq əməkdaşlığın mühüm göstəriciləri sırasındadır. Həyata keçirilən tədbirlər, görülən işlər elmin, təhsilin tərəqqisi, muxtar respublikanın intellekt potensialının artırılması istiqamətində öz bəhrələrini verməkdədir. Rektor, akademik İsa Həbibbəyli universitetin beynəlxalq reytinq cədvəllərində iştirakının təmin olunması, elektron imtahanların əhatə dairəsinin genişləndirilməsi, distant və online təhsilin həyata keçirilməsi, dəqiq elmlərin inkişafı sahəsində qarşıda duran mühüm vəzifələrdən bəhs etdi.

Tədris işləri üzrə prorektor, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid 2012-ci ildə universitetin tədris sahəsində qazandığı uğurlarla bağlı məruzə etdi. Məlumat verildi ki, Naxçıvan Dövlət Universitetində bakalavr, magistratura, rezidentura və doktorantura səviyyələri üzrə kadr hazırlığı həyata keçirilir, bakalavr səviyyəsində 56, magistratura səviyyəsində isə 41 ixtisas üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır. Türkiyə, İran, Rusiya, Qazaxıstan, Banqladeş, Nigeriya, Cənubi Koreya, Türkmənistan respublikalarından 300-dən artıq xarici vətəndaş da daxil olmaqla universitetdə 4851 nəfər təhsil alır. 2012-ci ildə universiteti 951 nəfər məzun bitirmiş, 1104 nəfər bu ali məktəbə qəbul olunmuşdur. Ötən il universitetdə bir sıra yeni ixtisaslar açılmış, müasir texnologiyalarla təchiz olunmuş yeni laboratoriyalar və fənn kabinetləri yaradılmışdır. Universitetdə bakalavr səviyyəsində tədrisin kredit sistemi ilə təşkili məqsədilə islahatlar aparılmış, tədrisin dünya standartları səviyyəsində inkişafı istiqamətində əhəmiyyətli işlər görülmüş, tədrisdə müvəffəqiyyət və keyfiyyət göstəricilərinin artırılmasına nail olunmuşdur. Tədris işləri üzrə prorekror universitetdə tədrisdə informasiya-kommunikasiya vasitələrinin daha geniş tətbiqi, elektron idarəetmənin yaradılması, tələbə və müəllimlərin mobilliyinin təmin olunması məqsədilə həyata keçiriləcək perspektiv planlardan da danışdı.

Yığıncaqda kimya kafedrasının müdiri, kimya elmləri doktoru Tofiq Əliyev, fizika-riyaziyyat fakültəsinin dekanı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Nəcəfov, iqtisadiyyat kafedrasının dosenti, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Dilsuz Qasımov, universitet YAP gənclər təşkilatının sədri, fransız dili ixtisası üzrə II kurs tələbəsi Aytən İsmayılova çıxış edərək sessiyanın qarşıya qoyduğu vəzifələrdən danışdılar.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat  şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov