Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Yanvar 2013 - №02

 

Yüzə nə qaldı...

 

Hər kəs özünün orta, daha sonra ali məktəbdə oxuduğu illəri xoş xatirə kimi anır. Bu xatirələrdə ən əziz yer, əlbəttə ki, ona sevgi və qayğı ilə ilk dəfə qələm tutmağı, yazı yazmağı öyrədən, ali məktəbdə isə auditoriyada tələbələrinə dərin və hərtərəfli bilik almaları üçün əlindən gələni edən müəllimlərimizindir! Müəllimlik dünyada ən çətin, eyni zamanda şərəfli və gözəl peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. Ulu öndər deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir". Bütün bu xüsusiyyətləri özündə cəmləşdirən əsl müəllim saydığımız, haqqında söhbət açacağım insan Məmməd Heydər oğlu Bektaşidir. O, Naxçıvan Dövlət Universitetinin Ümumi və nəzəri fizika kafedrasının  müdiri işləmiş, hazırda isə bu kafedranın müəllimi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir. Məmməd müəllim, sözün həqiqi mənasında, müəllimlik peşəsinin ən yüksək zirvəsində duran ziyalıdır!

Məmməd Bektaşi 1927-ci ildə Naxçıvan şəhərində anadan olmuş, 1946-cı ildə Naxçıvan Dövlət İkiillik Müəllimlər İnstitutunu, 1955-ci ildə isə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini müvəffəqiyyətlə bitirmişdir. 1970-ci ilədək Naxçıvan şəhərində bir sıra orta məktəblərdə müəllim kimi fəaliyyət göstərmişdir. Məmməd Bektaşinin elmi fəaliyyəti çoxcəhətlidir. 1970-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda fizika fənninin tədrisi üzrə baş müəllim işləmiş, həmin ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun dissertantı olmuş, 1977-ci ildə elmlər namizədi, 1989-cu ildə isə dosent adını qazanmışdır. Onun çap olunmuş bir sıra elmi məqalələri fizika elmində yenilik kimi qiymətləndirilmiş, "Aşkarlanmış kükürdlü qurğuşunun termoelektrik xassəsi" mövzusunda yazdığı elmi işi isə dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda fizika elminin inkişafı üçün böyük bir töhfədir. Məmməd Bektaşi işlədiyi dövrlərdə bir sıra medallara, eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülmüşdür.

Hamının xeyrinə, şərinə yarayan, el-oba içində yeri görünən olub Məmməd Bektaşinin. Hər şeydən əvvəl özünü dərk edə bilmək, həyat təcrübəsi toplaya bilmək və bunlara istinad edərək öz həyatını nizamlaya bilmək, özü üçün mənəvi sərvətlər sistemi yarada bilmək qabiliyyəti onu yetkinlik yaşında kamilləşdirib. Naxçıvan Dövlət Universitetində onunla hər bir tələbə və müəllim arasında yaranmış mehriban səmimiyyət bunu deməyə əsas verir ki, Məmməd müəllim xalqının kamil, bəxtiyar bir övladıdır. Çünki onun sahibi olduğu ən yüksək varlıq - insaniyyətlik, elm yolunda çalışmaq, gənc nəslin tərbiyəsi ilə məşğul olmaqdır.

Məmməd müəllim öz  nitqi, danışıq mədəniyyəti ilə seçilib, hər bir zaman da seçilməkdədir. Onun xoş əməlləri həmişə xeyir əməllərə, xeyirxahlığa çağırışdır. Məhz kiçik yaşlarından fizika fənnini sevmiş, bu fənnin dərinliklərinə yiyələnmək istəmiş və buna da nail olmuşdur. Naxçıvan Dövlət Universitetində fizika elminin tədrisində böyük rolu olan Məmməd müəllim yaxşı dost, yaxşı insan, eyni zamanda fikirlərini aydın və elmi bir dillə izah etmək qabiliyyətinə malikdir. Şəxsiyyətinə, elmi səviyyəsinə, mənəvi dəyərlərinə, yüksək əxlaqi keyfiyyətlərinə hamının böyük hörmət bəslədiyi Məmməd Bektaşinin çap etdirdiyi kitablar, yazdığı elmi məqalələr, apardığı tədqiqatlar nüfuzlu alimlər tərəfindən yüksək qiymətləndirilir və onun nə qədər işgüzar, torpağa, vətənə dərin tellərlə bağlı bir adam olduğunu göstərir.

Onun bu keçən müddət ərzində qazandığı uğurlarının böyük mükafatı  isə dövlətimiz tərəfindən verilmişdir. 2008-ci il 28 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən təhsil və mədəniyyət sahəsindəki xidmətlərinə görə Məmməd Heydər oğlu Bektaşi "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür.

Məmməd Bektaşi idmanın populyar növlərindən biri olan gimnastika ilə məşğul olmuş, Azərbaycan Respublikası ali məktəbləri arasında keçirilən gimnastika yarışlarında iştirak edərək dəfələrlə Azərbaycan çempionu olmuş, hətta azərbaycanlı tələbələri Moskva şəhərində gimnast kimi də təmsil etmişdir.

Bu günlərdə 85 illik yubileyini böyük ruh yüksəkliyi ilə qeyd edən Məmməd müəllim, hər zaman olduğu kimi, bu gün də Naxçıvan Dövlət Universitetində dərs dediyi tələbələrinin fizika elminə dərindən yiyələnməsi üçün əlindən gələni əsirgəmir. Ağsaqqal müəllimimizə bundan sonrakı fəaliyyətində də uğurlar və insan üçün gərəkli olan cansağlığı arzulayırıq. 

Mina QASIMOVA,
NDU-nun Mətbuat  şöbəsinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov