Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Yanvar 2013 - №02

 

Qafqaz Təhsil Dairəsinin yaradılması tarixindən

 

Qafqaz Təhsil Dairəsi 18 dekabr 1848-ci il tarixində yaradılıb. Fəaliyyətinin ilk dövrlərində dairə 5 məktəb direksiyasına bölünüb: Tiflis, Kutais, Şamaxı-Dərbənd, Stavropol və Qaradəniz ordu torpaqları direksiyası. Təhsil direksiyasını müdir (popeçitel) idarə edirdi ki, o da Zaqafqaziya diyar Baş İdarəsi Şurasının üzvü olurdu. Dairədə 5 gimnaziya və 21 qəza məktəbi var idi. Gimnaziyaların əsas məqsədi Qafqaz və Zaqafqaziya diyarında dövlət xidməti üçün savadlı adamlar hazırlamaq idi.  

Qəza məktəblərinin məqsədi uşaqları aşağı müəssisələrlə dövlət xidməti üçün hazırlamaqdan ibarət idi.

Ehtiyac olduqda məhəllə (prixod) məktəbləri də təsis olunurdu. Özəl məktəblərin açılmasına da icazə verilmişdi. Ümumi sistemdən kənarda iki müsəlman məktəbi qalmışdı ki, burada da rus dili öyrədilirdi. Bu məktəblər həm canişin (namestnik) tərəfindən təyin olunmuş xüsusi müdirə, həm də ruhani idarəsinə tabe idi.

1850-ci ildən müsəlman məktəblərinin yayılmasına icazə verildi. Orta və aşağı məktəblər direksiyalara paylandılar. Sonralar inzibati-ərazi bölgüsündəki və dövlət müəssisələri sistemindəki dəyişikliklərlə əlaqədar dairənin tərkibi də bir az dəyişdi. Qafqaz dairəsi təhsil müəssisələrinin quruluşunu daxili quberniyaların təhsil müəssisələrinə yaxınlaşdırmaq və beləliklə, Qafqazda və Zaqafqaziyada Rusiya imperiyasının digər hissələrində mövcud olan xalq təhsili sistemini tədricən tətbiq etmək məqsədilə 29 oktyabr 1853-cü ildə Qafqaz təhsil dairəsi və onun tabeliyində olan təhsil müəssisələri haqqında yeni əsasnamə təsdiq olundu. Bu əsasnamə təcrübə kimi 4 illiyinə tətbiq olunurdu. Həmin əsasnaməyə görə Qafqaz təhsil dairəsi 5 əvəzinə 4 direksiyaya bölünürdü. Şamaxı və Dərbənd quberniyalarının tədris müəssisələri Tiflis direksiyasına tabe olurdu.

2 iyul 1860-cı ildə Qafqazda təhsil hissəsinin idarəçiliyi haqqında yeni əsasnamə təsdiq olundu. Bu əsasnamənin 1 yanvar 1863-cü ilə qədər təcrübə kimi qüvvədə olması nəzərdə tutulurdu. Həmin əsasnaməyə görə təhsil hissəsinin idarəçiliyi Qafqaz canişininin Baş İdarəsinin ümumi işlər departamentinin tabeçiliyinə keçirildi. Qafqaz Təhsil Dairəsinin müdiri vəzifəsi ləğv edildi və onun hüquqları quberniya rəislərinə verildi. Mövcud təhsil direksiyalarına daha üçü əlavə olundu - Bakı, İrəvan, Terek.

Beləliklə, 1860-cı ildə məktəblərin Bakı direksiyası yaradıldı. Bura Bakı quberniyasının məktəbləri daxil edildi. 1864-cü ildə Qafqazda və Zaqafqaziyada tədris müəssisələrinin baş inspektoru vəzifəsi təsis olundu.

1867-ci ildə əvvəlki (1860-cı ilə qədərki) funksiyaları ilə təhsil dairəsi yenidən açıldı. 1867-ci ildə Bakıdakı gimnaziya, Şamaxı, Şuşa və Nuxadakı (indiki Şəki) qəza məktəbləri, Quba və Lənkərandakı ikisinifli, Salyandakı birsinifli məktəblər Bakı direksiyasına daxil edildi. Quberniyadan kənardakı özəl məktəblər də direksiyanın tabeçiliyində idilər.

1870-ci ildə quberniyalar üzrə xalq məktəbləri yaradıldı. 27 yanvar 1876-cı ildə Qafqaz Təhsil Dairəsində Bakı - Dağıstan direksiyası təsis olundu. Onun tabeçiliyinə Bakı direksiyasına daxil olan tədris müəssisələri və həmçinin Dərbənd tədris müəssisələri verildi. Xalq məktəbinin direktoru təlim və tərbiyə işinin təşkili məsələləri ilə məşğul olur, müəllim heyətinin işinə nəzarəti və metodik rəhbərliyi həyata keçirirdi. Xalq məktəbinin direktoru Qafqaz Təhsil Dairəsinin müdirinə tabe olurdu.

1881-ci ildə Qafqaz Təhsil Dairəsi Xalq Maarifi Nazirliyinə tabe etdirildi. 26 aprel 1883-cü ildə Xalq Maarifi Nazirliyinə tabe olan Qafqaz Təhsil Dairəsi bərpa olundu.

1918-ci ilin may ayında Bakı Xalq Komissarları Sovetinin qərarı ilə Bakı - Dağıstan direksiyası ləğv edildi. 

Kamil  AĞAMALIYEV,
Təhsil Nazirliyi Texniki peşə  təhsili şöbəsinin baş məsləhətçisi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov