Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Yanvar 2013 - №03

 

İdman məktəbinin uğurları

 

Respublikamızın qabaqcıl idman məktəblərindən biri "Təhsil" Respublika İdman Mərkəzinin 2 saylı  Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbidir. 1966-cı ildən yaradılmış məktəb respublika statuslu müəssisə kimi öz fəaliyyətində əsas vəzifələri həyata keçirir. Müstəqillik illərindən əvvəl də məktəbin yetirmələrinin keçmiş SSRİ məkanında uğurlu nəticələri olmuşdur. Həmin dövrlərdə 17 dəfə keçirilən  SSRİ Spartakiadalarında bütün idman növləri üzrə iştirak edən Azərbaycan yığma komandalarının təşkili və təlim məşqi məhz bu məktəb tərəfindən aparılmışdır.     

Elə həmin spartakiadalarda idmanın güləş növü üzrə sonralar bir neçə dəfə dünya və Avropa çempionları olmuş Məhəddin Allahverdiyev II yeri,  Xəzər İsayev isə III yeri tutmuşlar. Həndbol komandası spartakiadanın gümüş, futbol komandası isə bürünc medalına sahib olmuşdur. 

Lakin məktəbin əsas inkişafı müstəqillik dövrünə təsadüf edir. Ümummilli lider Heydər Əliyev xalqın tələbi və dəstəyilə yenidən Azərbaycanın rəhbərliyinə gəldikdən sonra həyatımızın digər sahələrində olduğu kimi idmanda, xüsusən də uşaq-gənclər idmanında böyük canlanma oldu. Həmin dövrdən başlayaraq ölkədə, eləcə də məktəbdə komanda idman növləri üzrə bölmələrin açılması və inkişaf etdirilməsi prosesi başlandı.

Qısa müddətdə məktəbdə voleybol, həndbol, basketbol, futbol və badminton kimi bölmələr fəaliyyətə başladı. Bu işin daha uğurlu olması üçün respublikanın tanınmış məşqçi-müəllimləri məktəbə cəlb edildi və təlim-məşq prosesində xeyli canlanma və irəliləyişlər nəzərə çarpdı.

Belə ki, milli yığma komandalara ehtiyat qüvvələrin hazırlanması, respublika və beynəlxalq yarışlarda məktəbin idmançılarının uğurlu çıxışları, dərəcəli idmançıların sayının və kütləviliyin sürətlə artması, metodiki sahədə görülən işlər buna əyani sübutdur.

Hazırda məktəbdə 1098 nəfər məktəbli və tələbə idmanın müxtəlif növləri ilə məşğul olur ki, onların təlim-məşq prosesi ilə 51 yüksək ixtisaslı məşqçi-müəllim çalışır. Əməkdar məşqçilər Gülarə Mürsəlova (voleybol), Konstantin Ruvinski və Mansur Xametov (hər ikisi həndbol), İsmayıl Hüseynov (futbol) məktəbin qabaqcıl müəllimlərindən sayılır. Məktəbin üzvlərindən Orxan Qələndərov, Səməd Qayıbov, Vüqar Əlizadə, Bəhruz Qədirli, İbrahim Əfəndiyev, Oleq Georqiyevski, Hüseyn Səlimov, Roman Boqatırov, Teymur Axundov, Cavid İmanov, Pərvin İmanlı və bir çox başqaları milli yığma komandaların tərkibində müvəffəqiyyətlə çıxış edirlər.  

Məktəbin təlim-məşq prosesi əsasən təhsil sistemində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin,  texnikumların, peşə liseylərinin idman zalları və meydançalarında keçirilir ki, bu da kütləviliyin artmasına, məktəblilərin asudə vaxtlarından səmərəli istifadə olunmasına və bacarıqlı idmançıların seçilməsinə köməklik edir.

Bu idman məktəbinin yetirmələri və komandaları bütün yaş qrupları üzrə Bakı şəhəri və respublika birincilik və çempionatlarında iştirak etmiş və yüksək nəticələr əldə etmişdir.

Olimpiya oyunlarına ehtiyat qüvvələrin hazırlanmasında və qazandığı digər uğurlara görə məktəb 2003-cü ildən başlayaraq hər olimpiya dövrü üçün İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gəncər İdman Məktəbi statusuna layiq görülür.

2004-cü ildən başlayaraq məktəbin komandaları artıq respublika çempionatlarının yüksək və birinci dəstələrində çıxış etməyə başlamışdır.

Ötən il məktəbin "Təhsil" komandası həndbol üzrə kişilər arasında Azərbaycan çempionatının "Super liqasında" II yeri tutaraq Avropa kuboku yarışlarına vəsiqə qazanmışdır. İnanırıq ki, komanda ölkəmizi həmin yarışda layiqincə təmsil edəcək.

Məktəbin futbol  bölməsi 2004-cü ildən başlayaraq Bakı şəhər klub komanda çempionatının birinci dəstəsində iki komanda ilə, Futbol Federasiyasının keçirdiyi "Sabahın ulduzları" yarışında isə 3 komanda ilə  təmsil olunur. Bu komandalar dəfələrlə müxtəlif yaş qruplarında respublika birinciliklərinin qalibi olmuşdur. Ötən il məktəbin  müxtəlif yaş qruplarında 12 komandası eyni vaxtda Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Bakı Futbol Federasiyasının keçirdiyi yarışlarda uğurla çıxış edib. Bu da həmin bölmədə məktəbin 300-ə qədər idmançısının iştirakı deməkdir.

Bütün bu yarışlarda göstərdiyi yüksək nəticələrə görə 2005-2012-ci illərdə mövcud təsnifat tələblərinə uyğun olaraq məktəbin 12  idmançısı idman ustası, 225 idmançısı idman ustalığına namizəd, 355 idmançısı isə I dərəcə normasını yerinə yetirmişdir. Bu rəqəm məktəbdə məşğul olan idmançıların ümumi sayının 20 faizini təşkil edir. Məktəbdə məşğul olan idmançıların 90 faizi təlim-məşq mərhələlərinin keçid normativlərinə uyğun olaraq kütləvi dərəcə normalarını yerinə yetirmişlər. 

Göstərdiyi yüksək nəticələrə görə məktəbin idmançılarının bir çoxu milli yığma komandalarına cəlb olunmuşdur. Hazırda voleybol üzrə gənclərdən ibarət milli komandada məktəbin 10 idmançısı, futbol üzrə 15 və 17 yaşlılardan ibarət milli yığma komandalarda 8 idmançısı mübarizə aparır. Badminton və həndbol üzrə kişi və qadınlardan ibarət Azərbaycan milli komandalarının əsasını isə məktəbin idmançıları təşkil edir.

Yığma komandaların heyətində idmançılarımız çox böyük uğurlar qazanmışlar. Buna misal olaraq 2005-ci ilin oktyabr ayında İrlandiyanın paytaxtı Dublin şəhərində kişi həndbolçular arasında keçirilən 4-cü "Challenge trophu" Avropa kubokunu göstərmək olar. Həmin yarışda millimiz 2-ci yeri tutmuşdur. Məktəbin 4 idmançısı əsas heyətdə yer almış və onlardan biri Oleq Georqiyevski Avropa kubokunun ən yaxşı oyunçusu mükafatına layiq görülmüşdür. 2005-ci ilin oktyabr ayında  İran İslam Respublikasında  keçirilən islam ölkələri kubokunda qadınlardan ibarət milli komandamız kubokun sahibi, 2005-ci ilin noyabr ayında Portuqaliyanın Laqoze şəhərində Avropa çempionatının seçmə mərhələsinin oyunlarında isə çox güclü komandaları geridə qoyaraq 4-cü nəticə göstərmişdir. Həmin oyunlarda  milli komandanın tərkibində məktəbin 4 idmançısı- Səkinat Abbasova, Rumiyyə Xametova, Marina Tankatskaya, Yulya Deryabina əsas heyətdə yer tutmuşlar. Məktəbin yetirmələrinin müxtəlif idman növlərindən göstərdiyi nəticələrə aid onlarca bu cür misallar göstərmək olar.

Ən sevindirici hal ondan ibarətdir ki, məktəbi bitirən idmançıların tam əksəriyyəti yüksək dəstələrdə mübarizə aparan komandalara, milli yığma komandalarına cəlb olunur və respublikamızın idman şərəfini layiqincə təmsil edirlər.

Göstərdiyi yüksək nəticəyə görə məktəb 2006-cı ildə Təhsil Nazirliyi tərəfindən keçirilən  "İlin ən yaxşı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi" nominasiyası üzrə müsabiqədə II yeri, 2008-ci ildə I yeri, 2009-cu ildə II, 2010-cu ildə I yeri, 2011-ci ildə də I yeri tutaraq "İlin ən yaxşı məktəbi" adına layiq görülmüşdür.  

İbrahim MƏMMƏDOV,
Təhsil Nazirliyi "Təhsil"  RİM-in direktor müavini,
 əməkdar  bədən tərbiyəsi və idman xadimi

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov