Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Fevral 2013 - №04

 

Bir müəllimin ustad dərsi

 

Son illər təhsilimizdə böyük vüsətlə həyata keçirilən islahatlar təlimin məzmunu ilə yanaşı, təşkilat formalarına, metod və üsullarına da bir sıra yeniliklər gətirmiş,  yeni təlim texnologiyalarının və innovasiyaların tədrisdə geniş tətbiqinə, vaxtilə mövcud olmuş, sonralar müəyyən səbəblərdən unudulmuş bəzi mütərəqqi ənənələrin dirçəldilməsinə, yenilərinin yaranmasına rəvac vermiş, müəllim yaradıcılığına, təşəbbüsünə meydan açmışdır. Həyata yeni vəsiqə qazanan belə yenilikçi təşəbbüslərdən birinin də bu yaxınlarda, konkret desək yanvarın 24-də şahidi olduq. Belə ki, həmin gün tanınmış müəllim və təhsil işçisi, Şuşa Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Əyyub Əbdüləzimov rayonun Malıbəyli kənd 1 nömrəli tam orta məktəbində ilk ustad dərsi keçdi.

XI sinif şagirdləri ilə ədəbiyyatdan "Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığı" mövzusunda keçilən dərsdə  Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri, "Kurikulum islahatının davam etdirilməsi və kurikulumun tətbiqinə dəstək" alt-komponentinin koordinatoru Aydın Əhmədov, Şuşa Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Vüsalə Fətəliyeva, Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurikulum Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Ənvər Abbasov, həmin institutun elmi katibi, pedaqoji elmlər doktoru, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, professor Akif Abbasov, professor Ənvər Əhmədov, Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev, şöbənin əməkdaşları, rayonun Azərbaycan dili və ədəbiyyat müəllimləri, məktəb rəhbərləri, "Təhsil və zaman" qəzetinin redaktoru Böyükağa Mikayıllı, dərs keçilən sinfin əsas müəllimi, eyni zamanda Malıbəyli kənd 1 nömrəli tam orta məktəbinin direktoru Günəş Hüseynova iştirak edirdilər.

Öncə onu diqqətə çatdıraq ki, ustad dərsi keçmək ideyası və təşəbbüsü elə Əyyub müəllimin özünə məxsusdur. O bu təşəbbüsü RTŞ-ın Şuşa Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Vüsalə Fətəliyevanın iştirakı ilə keçirilən şura iclasında irəli sürmüş və bu maraqlı təşəbbüsü onun tərəfindən də dəstəklənmişdir.

Əyyub Əbdüləzimov bizimlə söhbətində təşəbbüsünü belə əsaslandırdı: Bu gün tez-tez təlimdə interaktivlikdən və bunun mahiyyətinə müxtəlif prizmadan yanaşılmadan söhbət açılır. Əslində interaktivlik şagirdləri hərtərəfli öyrətməyə yönələn, onlardakı tədqiqat bacarığını üzə çıxaran, birgə əməkdaşlığı inkişaf etdirən vasitələrdən biridir. Lakin vasitələr bununla məhdudlaşmır. Odur ki, müəllim öyrəndikləri ilə yanaşı özü yaradıcı, tədqiqatçı olmalıdır. Bunları sözdə yox, dərsdə əyani göstərməlidir. Biz RTŞ-ın məsləhətçiləri kimi bu barədə müəllimlərə tez-tez tövsiyələr verir, söhbətlər aparırıq. Amma onlara göstərilən bu köməklik söz vasitəsi ilə olur. Ona görə də mən qərara gəldim ki, bir ustad dərsi deməklə müəllimlərə həm də əməli şəkildə nümunə göstərim. Sağ olsunlar ki, həm Təhsil Nazirliyində, həm də rayon icra hakimiyyəti və təhsil şöbəsində təşəbbüsümü bəyəndilər və dəstəklədilər.

Dərsin təsviri və təhlilinə keçməzdən əvvəl onu da qeyd edək ki, Əyyub müəllimin indiyədək heç vaxt ünsiyyətdə olmadığı XI sinif şagirdləri ilə keçdiyi həmin dərs yəqin ki, həm şagirdlərin, həm də dərsi dinləyən çoxsaylı təhsil işçilərinin yaddaşında uzun müddət qalacaq. Bu qənaəti bizdə dərs bitəndən sonra şagirdlərin çöhrələrindən aydın sezilən heyranlıq və razılıq hissləri, onların və əksəriyyəti təhsil mütəxəssisləri olan dərsi dinləyənlərin dərs haqqındakı zəngin təəssüratları və ona verdikləri yüksək qiymət yaratdı.

Vaxtilə Şuşada işləyərkən yaxşı müəllim kimi tanınsa da, son bir neçə il ərzində bilavasitə tədrislə məşğul olmayan Əyyub müəllimin  ilk ustad  dərsini deməyə özündə cəsarət tapması, dərsdə nümayiş etdirdiyi yüksək yaradıcılıq və pedaqoji, psixoloji, metodik ustalıq, müasir dərsə verilən tələblərin tam nəzərə alındığı, İKT-dən böyük məharətlə istifadə olunduğu olduqca maraqlı bir dərs nümunəsi nümayiş etdirməsi hamını valeh etmişdi. Ustad dərsi göstərdi ki, hazırda dərs deməsə də müəllimlik eşqi həmişə Əyyub müəllimin ürəyindədir, o, sevib-seçdiyi bu sənətlə nəfəs alır.

Yazımızın bu məqamında Əyyub müəllimin qısa bioqrafiyasına nəzər salmağı, bu eşq və sevginin haradan qaynaqlandığını hörmətli oxucularımızın diqqətinə çatdırmağı özümüzə borc bilirik.

Əyyub Şırlanlı - Əyyub Şəfahət oğlu Əbdüləzimov 8 oktyabr 1947-ci ildə Şuşa rayonunun Şırlan kəndində anadan olub. İxtisasca filoloqdur. 1970-1980-ci illərdə Şırlan kənd orta məktəbində dil-ədəbiyyat müəllimi, tədris işləri üzrə direktor müavini, 1980-1983-cü illərdə Şuşa şəhərindəki orta məktəblərdə müəllim, 1983-1990-cı illərdə Şuşa RTŞ-nin məktəblər üzrə inspektoru, 1990-1992-ci illərdə Şuşa RTŞ-nin müdiri vəzifələrində çalışmışdır. Hazırda RTŞ-ın aparıcı məsləhətçisidir.

1976-cı ildə "Metodist müəllim", 1994-cü ildə "Ali kateqoriyalı müəllim", 2000-ci ildə "İlin ən yaxşı məktəb inspektoru" adlarına layiq görülmüşdür. Onun vaxtilə Şuşa şəhərində  dərs dediyi şagirdlərdən 11 nəfəri orta məktəbi qızıl və gümüş medallarla bitirmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatıdır. Təhsilin inkişafındakı xidmətlərinə görə Ə.Əbdüləzimov ötən il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub. 

Əyyub müəllimin indiyədək 400-dən çox məqaləsi mətbuatda dərc olunmuş, "Vətən kişiliyə çağırır bizi", "Qarabağ, dərdinə qurban olum mən", "Erməni vəhşiləri", "Vətən yaraları, Vətən harayı", "Ömrə nur saçan insanlar", "Vüqarsız keçən günlər", "Qarabağın harayları", "Dərdimin üsyanı", "Necə baxım gözlərinə dağların?", "Ömrün yadda qalan illəri" və "Şuşa Zaqafqaziyada müstəsna əhəmiyyət kəsb edən təhsil mərkəzi və ziyalılar şəhəridir" kitabları çapdan çıxmışdır.

O, həm də istedadlı şair kimi tanınır. Yazıları ölkə mətbuatı ilə yanaşı Baltikyanı ölkələrdə, Ukraynada, Moskvada, İspaniyada, Təbrizdə, Misir Ərəb Respublikasında, Gürcüstanda, Orta Asiya respublikalarında, qardaş Türkiyə mətbuatında da dərc olunub.

Şair-pedaqoqun təxminən 45 illik pedaqoji fəaliyyəti dövründə ədəbiyyatımızın böyüməkdə olan nəsillərə sevdirilməsində böyük xidmətləri olmuşdur. O, bu sahədəki bacarıq və qabiliyyətini dediyi ustad dərsində bir daha nümayiş etdirdi. 45 dəqiqəlik dərs ərzində şagirdlər nəinki Məhəmmədhüseyn Şəhriyarı, eləcə də bir çox Azərbaycan şairi və təbrizli şairlər haqqında məlumat alıb onları sevdilər, tariximizin bir çox məqamları, o taylı-bu taylı Azərbaycan haqqında biliklərini genişləndirdilər, şuşalı ailələrindən olsalar da, görmədikləri Şuşa, onun gözəllikləri haqqında təsəvvür əldə etdilər.

Bir nüansı da qeyd etmək istərdik. Son vaxtlaradək ustad dərsi ifadəsi əsasən musiqi sahəsində işlənirdi. Görkəmli sənətkarlar öz yetirmələrinə nümunə göstərmək üçün belə dərslər keçirlər. İndi isə bu ifadə təhsilə, tədrisə də gəlməkdədir. Bu baxımdan Əyyub müəllimin dediyi dərs yəqin ki, təhsil tariximizə həm də ilk ustad dərsi kimi düşəcək. Əlbəttə, yaşlı nəslə mənsub təhsil işçiləri, müəllimlər bu fikrimizə etiraz edib, indi təhsilimizdə özünü göstərən bir çox yeniliklər kimi ustad dərslərindən də əvvəllər istifadə olunduğunu deyə bilərlər. Ola bilər, mübahisə etmirik. Lakin bu halda da Əyyub müəllimin adı təhsil salnaməmizə ən azı vaxtı ilə işlənmiş, lakin sonralar unudulmuş, yaddan çıxmış faydalı bir ənənənin bərpaçısı və müasir dövrümüzdə ilk tətbiqçisi kimi yazılacaq.

Əyyub müəllimin nümunəsi həm də "Kimlər ustad dərsi deyə bilər" sualına bir aydınlıq gətirdi. Əyyub Əbdüləzimov göstərdi ki, ürəyində müəllimliyə sonsuz sevgisi olan, sənətini mükəmməl bilən, özünü təhsilin peşəkarı kimi təsdiq etdirmiş, yaradıcı fəaliyyət göstərən və özünə güvənən hər kəs belə dərsləri apara bilər.

Hamıya məlumdur ki, hazırda yuxarı siniflərdə, o cümlədən də XI sinifdə tədris yeni kurikulumlarla deyil, ənənəvi  proqramlarla gedir və fənnin kurikulumunda nəzərdə tutulmuş standartlar hələ tətbiq olunmur. Dərslər də təbii ki, ənənəvidir. Əyyub müəllimin keçdiyi mövzu da faktoloji materiala əsaslanan bir mövzudur və hansı müəllim olsa burada ustalıq göstərə bilər. Lakin Əyyub müəllim inteqrativliyə və interaktivliyə əsaslanaraq elə bir dərs qurdu ki, ona çoxları həsəd apara bilərdi. Bu, sözün həqiqi mənasında ustad dərsi idi.

Əyyub müəllim dərsi üçün şagirdlərin görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar haqqında nə kimi məlumata malik olduqlarını müəyyən etmək, onların şair barədə məlumatlarını daha da zənginləşdirmək, 1828-ci ildə çar Rusiyası və İran tərəfindən Azərbaycanın ərazilərinin işğalını yada salmaq məqsədi ilə tarixə qısa bir ekskurs etmək, Təbrizin Azərbaycan ədəbiyyatındakı rolunu diqqətə çatdırmaq, şagirdləri tədqiqatlar aparmağa və əməkdaşlığa istiqamətləndirmək kimi məqsədlər müəyyənləşdirmiş, bu məqsədlərin əldə olunmasına daha yaxşı imkan yaradan iş forma və üsulları seçmişdi. Seçilmiş kiçik qruplarla iş formasına uyğun sinif 4 qrupa bölünmüş, onlar "Azərbaycan", "Qarabağ", "Bakı" və "Təbriz" adlandırılmış, dərslikdən əlavə iş vərəqləri, lent yazıları, tarixi sənədlər, şəkillər, tarix və mədəniyyətlə bağlı rəsm əsərləri, musiqi parçalarından ibarət zəngin resurs yaradılmışdı.

Bütün dərs boyu İKT-dən geniş istifadə edən müəllim öncə ekranda Azərbaycanın 1801-1828-ci illərə qədərki ərazisi əks olunmuş xəritəsini nümayiş etdirərək vaxtilə 410 min kvadrat kilometr ərazisi olan Azərbaycanın bədnam Türkmənçay müqaviləsinə əsasən parçalandığını, 130 min km2-lik ərazimizin Rusiyanın, 280 min km2-lik ərazimizin isə İranın tabeliyinə verildiyini diqqətə çatdırdı. Şərh və sual-cavab yolu ilə o vaxtdan bəri xalqımızın başına gətirilən müsibətlər, o cümlədən 20 Yanvar faciəsi, 90-cı illərin əvvəllərində ermənilər tərəfindən işğal olunmuş torpaqlarımız xatırladıldı. Sonra ekrana Təbriz şəhərinin ümumi görünüşünü əks etdirən şəkillər, ustad Şəhriyarın şəkli gəldi, şairin dilindən "Heydərbabaya salam" poemasından parçalar səsləndi.

Əyyub müəllim dərsin mərhələləri arasında məharətlə keçid edərək şagirdlərin müstəqil işi və digər üsullara "Təbrizli" təxəllüslü şairlər, onların sırasında Şəhriyarın yeri və mövqeyi, ustad sənətkarın bioqrafiyası, yaradıcılığı, Azərbaycan dilində yazdığı şeirlər, xüsusən də onun şah əsəri sayılan "Heydərbabaya salam" poeması haqqında ətraflı məlumat verdi, şeirləri həm şairin özünün, həm də şagirdlərin ifasında səsləndirildi.

Dərsin maraqlı və cəlbedici cəhətlərindən biri də Əyyub Əbdüləzimovun vaxtilə Təbrizə, M.Şəhriyarın ziyarətinə gedərkən çəkdiyi şəkillərin nümayişi oldu. Müəllim böyük ürək çırpıntısı ilə ziyarət etdiyi Təbriz, onun təbiəti, "Şairlər xiyabanı"nda Şəhriyarın məqbərəsi və ev muzeyi, burada baş vermiş zəlzələlər, Rza şah dövründə Azərbaycan dilinin məhdudlaşdırılması, çətin vaxtlarında Şəhriyara kömək əlini uzatmış məşhur Azərbaycan təbibi və türkoloqu Cavad Heyət, onun nəşr etdiyi "Varlıq" jurnalı, Şəhriyarın Şimali Azərbaycan arzuları, bu mövzudakı şeirləri, məktublaşdığı şairlər haqqında şagirdlərə geniş bilgilər verdi. Mövzunu məharətlə doğma Şuşa ilə əlaqələndirib onun Azərbaycan mədəniyyətində, təhsilində oynadığı roldan bəhs etdi. Təcrübəli müəllim şuşalı ailələrindən olub heç vaxt Şuşanı görməmiş şagirdlərin bu şəhər haqqında nə dərəcədə biliklərə, məlumatlara malik olduqlarını da ustalıqla müəyyənləşdirdi, onların qəlbində doğma yerlərə sevgi qığılcımları oyatdı. Dərs o qədər canlı və maraqlı keçdi ki, sanki şagirdlər müəllimin haqqında danışdığı yerlərə səyahət edib onları öz gözləri ilə gördülər, mənən də olsa doğma Şuşa ilə yaşadılar.

Əyyub müəllim dərsin son mərhələlərini də ustalıqla əhatə edib qiymətləndirmə apardı və  şagirdlərə evdə mövzu ilə bağlı esse yazmağı tapşırdı.

Ustad dərsi başa çatdıqdan sonra təhlil olundu. Müzakirədə  çıxış edən Şuşa RTŞ-ın müdiri T.Əliyev, Təhsil Nazirliyinin şöbə müdiri A.Əhmədov, TPİ-nin direktor müavini, Kurikulum Mərkəzinin direktoru Ə.Abbasov, həmin institutun elmi katibi, professor A.Abbasov, professor Ə.Əhmədov, Şuşa RİH başçısının müavini V.Fətəliyeva, RTŞ-ın aparıcı məsləhətçisi C.Məmiyev, rayonun Malıbəyli kənd 1 nömrəli tam orta məktəbinin direktoru G.Hüseynova, dil-ədəbiyyat müəllimlərindən Q.Məmmədova, V.Salmanova, İ.Mirzəyeva, E.Kərimova, K.Əliyeva və başqaları dinlədikləri dərs haqqında təəssüratlarını bölüşüb onu yüksək qiymətləndirdilər.

Çıxışlarda Əyyub Əbdüləzimovun təşəbbüsü təqdir olunub onun müasir dövrdə respublikamızda ilk ustad dərsinə imza atdığı vurğulandı, bu ənənənin davamlı olması arzu edildi.

Çıxış edənlər habelə dərsin məziyyətlərindən söz açıb onun unikal bir dərs olduğunu, yüksək səviyyədə  keçdiyini və hamıda dərin maraq doğurduğunu, Əyyub müəllimin yüksək hazırlıq və pedaqoji-metodik ustalıq nümayiş etdirdiyini, dərsdə əvvəldən axıradək yüksək vətənpərvərlik hissinin hakim olduğunu, müəllimin qruplar arasında sağlam rəqabət şəraiti yaratdığını, şagirdlərin fəallığını təmin etdiyini, onu dinləyənlərin də dərsdə çox yeniliklərin şahidi olduğunu qeyd etdilər, Əyyub müəllimə uğurlar arzuladılar.

Sonda söz alan Əyyub Əbdüləzimov dərsinə verdikləri yüksək qiymətə, haqqında deyilən xoş sözlərə görə çıxış edənlərə minnətdarlığını bildirdi. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov