Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Fevral 2013 - №04

 

"Müasir Azərbaycan ədəbiyyatı" kitabının  təqdimatı oldu

 

Yanvarın 29-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan  klubunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, filologiya üzrə elmlər doktoru,  professor Təyyar Salamoğlunun "Müasir Azərbaycan ədəbiyyatı" kitabının təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində   ədəbiyyatşünas alimlər,  KİV əməkdaşları və digər  qonaqlar iştirak edirdilər.

Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar  Birliyinin katibi Arif Əmrahoğlu açaraq müəllif haqqında məlumat verdi. Sonra tədbirin aparıcısı, şair-publisist, "Kredo" qəzetinin baş redaktoru Əli Rza Xələfli ədəbiyyatşünas-tənqidçi, professor Təyyar Salamoğlunun elmi fəaliyyəti barəsində  ətraflı  danışdı.

Filologiya üzrə elmlər doktoru, professor Nizami Tağısoy çıxış edərək  bildirdi ki, dərs  vəsaiti kimi təqdim olunan "Müasir Azərbaycan ədəbiyyatı" kitabı sovet dövrü Azərbaycan ədəbiyyatına baxışın konseptuallığı ilə xüsusi maraq yaradır. Dərs vəsaitində sovet dövründə yaşayıb yaratmış böyük sənətkarların yaradıcılığından bəhs edilmiş, elmi təhlil süzgəcindən  keçirilmiş və  müstəqil nəticəyə gəlinmişdir.

Tanınmış ədəbiyyatşünas alim, professor Himalay Qasımov qeyd etdi ki, Təyyar Salamoğlu Azərbaycanın ictimai  mühitində öz sözünü deyən alimlərdəndir. Onun yazdığı "Müasir Azərbaycan ədəbiyyatı"  kitabı ali məktəb tələbələrinin, eləcə də geniş oxucu kütləsinin tələblərinə cavab verən  bir dərs vəsaitidir. Bu dərs vəsaitinin filoloqlar tərəfindən maraqla qarşılanacağına əminik.

Professorlardan Qəzənfər Paşayev, Qəzənfər Kazımov, Nizaməddin Şəmsizadə,  Buludxan Xəlilov, Alxan Məmmədov, Zaman Əsgərov və başqaları müəllifin kitabı barəsində öz fikirlərini söylədilər. Bildirildi ki, professor Təyyar Salamoğlu xeyli vaxtdır ki,  müasir Azərbaycan ədəbiyyatının tədqiqi ilə   məşğuldur. Onun  kitablarında toplanmış monoqrafik tədqiqatları və məqalələri böyük zəhmət sayəsində  meydana gəlmiş və  ədəbi-elmi mühitdə  müəllifinə  tanınmış alim nüfuzu  qazandırmışdır.

Sonda professor Təyyar Salamoğlu  kitabının təqdimat mərasimində iştirak edən qonaqlara öz minnətdarlığını bildirdi.      

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov