Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Fevral 2013 - №5

 

Fəal təlimin mahiyyəti və məzmunu

 

Dünya təcrübəsi göstərir ki, fəal (interaktiv) təlim metodu dərsin keyfiyyətini artırmaq məqsədi ilə güclü vasitə ola bilir. Fəal  təlim həm məzmunun öyrənilməsinin, həm də tətbiqinin səmərəliliyini artırır və şagirdlərin dərketmə fəaliyyətini daha da inkişaf etdirir.

Fəal təlim üsullarının tətbiqi ilə aparılan dərs əsasən aşağıdakı mərhələlərdən ibarətdir.

Fəal dərsin birinci mərhələsi  sinfin fəallaşdırılmasına həsr olunur.

Dərsin ikinci mərhələsi motivasiya adlanır. Motivasiya - hər hansı  fəaliyyətin mexanizmini işə salan qüvvədir. Ona görə də tədqiqata başlamazdan əvvəl  müəllim təfəkkür prosesini hərəkətə gətirmək, şagirdlərin bilikləri əsasında özləri tərəfindən tədqiqat sualının formalaşdırılması üçün motivasiyadan istifadə edir. 

Üçüncü mərhələdə suallar və fərziyyələr dəqiqləşdirildikdən sonra artıq tədqiqat işinə başlamaq olar. Tədqiqat müxtəlif formalarda - bütün siniflə birlikdə, kiçik qruplarda, cütlüklər şəklində və ya fərdi şəkildə aparıla bilər.

İnformasiya  mübadiləsi dördüncü  mərhələdə  aparılır. Qoyulmuş tədqiqat  sualının cavabını tapmaq istiqamətində görülən işlər tədqiqat iştirakçılarını bir-birinin dəlillərini dinləmək zərurəti qarşısında qoyur.

Dərsin beşinci mərhələsində informasiyanın müzakirə və təşkili prosesi başlayır.  Bu ən mürəkkəb mərhələdir.  Belə ki, bu mərhələdə təfəkkürün müxtəlif növlərinin səfərbərliyə alınması baş verir. Müəllim bu mərhələdə fasilitasiya funksiyasını yerinə yetirir.  Əldə olunmuş faktlar sistemləşdirilir və əlaqələr aşkara çıxarılır.      

Altıncı mərhələdə ümumiləşdirmə və nəticənin çıxarması işi aparılır. Müəllim  qazanılmış biliklərin ümumiləşdirilməsi və sistemləşdirilməsi məqsədilə suallar qoyur və bu suallar əsasında biliklər və informasiyalar sistemləşdirilir.

Yaradıcı tətbiqetmə  mərhələsində əldə olunan biliklər hər hansı məsələnin həllinə yönəldilir və ya yeni tədqiqat üçün stimul yaradılır.

Dərsin sonuncu mərhələsində qiymətləndirmə və ya refleksiya prosesi başlayır.

Son illərdə şagirdlərdə kimya elminə daha çox maraq oyatmaq, onların elmi dünyagörüşünü formalaşdırmaq, idrak fəaliyyətini gücləndirmək üçün fəal(interaktiv) təlim metodlarından lazımi qaydada istifadə edən müəllimlərimizin səmərəli və öyrənilməli iş təcrübələri  də inkişaf etməkdədir.

Çoxillik pedaqoji təcrübəsi olan kimya müəllimlərimizin və  yeni təlimin tələblərinə əsaslanaraq  gündəlik dərsin planlaşmasının nümunəsini göstərək.

Mövzu: Maddələr. Maddələrin xassələri.

Standart: 1.1.1. Şagird:

Maddələri (bəsit, mürəkkəb, saf), qarışıqları  tərkibinə və fiziki xassələrinə görə fərqləndirir.

Məqsəd: Şagird:

1.cism və maddələri fərqləndirir və təsnifatını verir.

2.Maddələrin fiziki və kimyəvi xassələrini fərqləndirir.

3.Qarışıqları saf maddələrdən fərqləndirən xüsusiyyətləri tanıyır.

İnteqrasiya: Həyat bilgisi, fizika, biologiya.

İş forması: Kollektivlə iş, qruplarla iş.

İş üsulu: Beyin həmləsi,Venn diaqramı, anlayışın çıxarılması.

Dərsin tipi: Yeni biliyin mənimsənilməsi.

Resurslar: Dərslik, iş vərəqi, sınaq şüşələri, kolba , ayırıcı qıf, maqnit, stəkan, menzurkalar, su, duru yağ, süd, neft, şəkər,qum, gil, təbaşir,gips,dəmir tozu, kükürd, spirt, xörək duzu, soda, oduncaq kəpəyi.

Dərsin gedişi: Dərsin gedişində müəllimin mövzunun məzmununu əyaniləşdirməyə kömək olan təcrübələri və İnternetdən götürülməsi mümkün olan slaydları da nümayiş etdirməsi dərsin daha maraqlı olmasına səbəb olar.

Fəal təlimin təşkili bütün dərs formalarına və sinifdənxaric işlərin təşkilində nəzərə alınmalıdır. Dərsin təşkilində və gedişində müəllimin də fəallığı danılmazdır. Şagirdlərin bilik və bacarıqlarının hesaba alınması və qiymətləndirilməsi təlim prosesinin tələblərindən biridir. Qabaqcıl kimya müəllimlərinin iş təcrübəsinə və uzunillik pedaqoji təcrübəmizə əsaslanaraq demək olar ki, müəllim  şagirdlərin yarım illik və illik biliklərini müəyyən etmək məqsədi ilə kimyadan universal sorğu cədvəlindən (Bax: "Azərbaycan müəllimi", 30 mart 2012-ci il) istifadə etməklə vaxtdan səmərəli istifadə edir, sinifdə olan hər bir şagirdin  bilik və bacarığını qiymətləndirə bilir.

Cədvəl üç bölmədən ibarətdir. Birinci bölməni cədvəlin sol və yuxarı tərəfində qeyri-üzvi və üzvi birləşmələrin mühüm siniflərinin  adları, cədvəlin ikinci bölməsini 662  sayda ədədlər təşkil edir.

Cədvəlin üçüncü bölməsində ədədlərdən aşağıda qeyri-üzvi və üzvi birləşmələrin mühüm siniflərinin nümunəsi verilmişdir.

Müəllim hər bir sinfin  mənimsəmiş olduğu məlumatları nəzərə alaraq cədvəldən ədədləri müəyyən edir və tapşırıq verir. Məsələn, IX sinif şagirdlərinə dərs ilinin sonunda qeyri-üzvi kimyanı əhatə edə bilən suallar verə bilər.

Bakının Səbail rayonundakı 49 nömrəli məktəbin kimya müəllimi Sevda Axundovanın sinfində  şagirdlərin 125, 209 və 288 ədədlərinin cavablandırılmasını yoxladıq.

Qəbələ rayonunun Vəndam kənd məktəbində Ülviyyə Hüseynovanın və Qaradağ rayonundakı 228 nömrəli məktəbin kimya müəllimi Rima Hüseynovanın dərs dediyi XI sinifdə iki variantda   80 və 422, 127 və 490 ədədlərin cavabları araşdırıldı. Aparılan sorğudan bir nümunəni nəzərdən keçirək.

209-cu ədədin cavabını vermək  məqsədi ilə şagirdlər cədvəlin sol tərəfində 209 ədədinin kəsişməsini əmələ gətirən istənilən qələvilərdən cədvəlin yuxarısında verilən ədədin kəsişməsində olan istənilən amfoter əsaslardan birini götürə bilər. Beləliklə, şagirdlər qələvilərlə amfoter əsasların qarşılıqlı reaksiyasına aid tənliklər yaza bilərlər.

XI sinif şagirdləri 80-ci ədədin cavablandırılmasında  köməkçi materiallardan  istifadə etməklə cavab yaza bilmişlər. Beləliklə, universal sorğu cədvəlindən tədris prosesində istifadə edilməsi həm şagirdlərin bilik və bacarıqlarının müəyyən edilməsində, həm  də qazanılmış biliyin inkişaf etdirilməsində çox böyük əhəmiyyət kəsb edir. Fəal təlimin  mərhələlərinə və səmərəli metodlarına əsaslanan kimya müəllimlərinin fəallaşması diqqəti cəlb etməkdədir.  Digər fənn müəllimləri kimi kimya müəllimlərinin də "Ən yaxşı müəllim" müsabiqəsinin iştirakçısı və qalibi olanlarının sayı artmaqdadır. Bu müsabiqədə respublikamızın rayonlarından  da kimya müəllimlərinin iştirak etməsini istərdik.  

Mürşüd FƏRƏCOV,
TPİ-nin  aparıcı elmi işçisi, dosent

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov