Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Fevral 2013 - №6

 

"1 şagird - 1 kompüter" müsabiqəsinə 140 müəllimin layihəsi qəbul edilib

 

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən aldığımız məlumata görə, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən "1 şagird - 1 kompüter" müsabiqəsinə iştirak üçün müraciətlərin qəbulu başa çatıb.

Göndərilən müraciətlərdən 140 müəllimin layihəsi  qəbul  edilib. Hazırda ekspert qrupu tərəfindən qiymətləndirilmə prosesi həyata keçirilir. Təqdim edilmiş layihələrin qiymətləndirmə meyarları layihənin tədris məqsədləri üçün praktik əhəmiyyəti, metodiki baxımdan işlənmə səviyyəsi, materialların texniki-texnoloji cəhətdən rahat, aydın və anlaşıqlı təsviridir. Meyarlara uyğun olan layihələr müsabiqənin növbəti mərhələsinə buraxılacaqlar.

Müsabiqənin məqsədi İKT əsaslı fərdiləşmiş təhsilin formalaşması, "1 şagird - 1 kompüter" layihəsi çərçivəsində netbukların daha səmərəli istifadəsinə hazır olan müəllimlərin və məktəblərin seçilməsidir. Müsabiqə üzrə məlumatlar www.musabiqe.edu.az veb səhifəsində yerləşdirilib.

Müsabiqə çərçivəsində qalib gəlmiş müəllimlərin bir sinfinin şagird kollektivi netbuklarla təchiz olunacaq. Hər bir qalib müəllim onun tədris etdiyi sinifdə şagirdlərin sayı qədər netbuklar alacaq. 

İdarədən onu da bildirmişlər ki, məktəblərə netbukların verilməsinin müsabiqə formatına keçirilməsi Azərbaycanın təhsil sistemində ilk təcrübədir.

Bu format "1 şagird - 1 kompüter" layihəsi çərçivəsində texnologiyalara daha böyük maraq göstərən təhsil müəssisəsinə netbukların verilməsini nəzərdə tutur və müəllimləri İKT biliklərinin tədrisdə istifadəsi üçün motivasiyalaşdırır. "1 şagird - 1 kompüter" layihəsi çərçivəsində verilən netbukların sayı məhdud olduğu üçün Təhsil Nazirliyi müsabiqə formatına keçid barədə qərar vermişdir. Təcrübə uğurlu olarsa, sayı məhdud olan digər texnoloji avadanlıqların da müsabiqə yolu ilə məktəblərə verilməsi istisna deyil.

İndiyədək "1 şagird - 1 kompüter" layihəsi çərçivəsində Azərbaycanın 15 ümumtəhsil müəssisəsinə 2077 netbuk təmənnasız olaraq verilmişdir. Şagirdlər bu netbuklardan həm məktəbdə, həm də evdə istifadə edirlər. Netbuklar həmçinin təhlükəsiz İnternet paketi ilə təchiz olunmuşdur.   

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov