Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Fevral 2013 - №6

 

Nəyi, niyə və necə öyrətməli

 

Müəllim. Bu ülvi ad hər birimizə doğma və əzizdir. Bu böyük adla, bu hörmətli peşə ilə bağlı çoxlu şeirlər yazılmış, nəğmələr bəstələnmiş, dahi tarixi şəxsiyyətlər tərəfindən müdrik kəlamlar söylənilmiş, müəllimə ictimai qiymət verilmişdir. Nəriman Nərimanov xalq müəllimlərinə verdiyi tövsiyələrdən birində yazırdı: "...Vətənin xoşbəxtliyi onun cavanlarının yaxşı tərbiyəsi ilə bağlıdır... Yaxşı tərbiyə isə insanın əqlini və əxlaqını gözəl, pak şeylər əxz etməyi öyrətməkdən, ürəyini və vicdanını pisliklərdən çəkindirməkdən ibarətdir". 

 Şərqin dahi mütəfəkkiri Nizami Gəncəvinin elmə, təhsilə, müəllimliyə verdiyi yüksək qiymət bu günümüzədək öz təsirini qoruyub saxlamışdır:  

"Hər uca rütbədən biliniz, fəqət,

Alimin rütbəsi ucadır, əlbət".  

Ulu öndərimiz Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək demişdir: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq".

Bəli, həyata gələn hər bir fərdin, insanın, tutduğu vəzifəsindən asılı olmayaraq istənilən sahədə mütləq müəllimi olur. Məhz müəllim pedaqoji prosesin uğurla tənzimlənməsinə və nəticələnməsinə zəmin yaradır. Hər birimizə yaxşı məlumdur ki, bütün dövrlərdə  pedaqoji prosesdə  "kimi, nəyi, necə öyrətməli və kimi, nəyi, necə öyrənməli"  sualları ətrafında mülahizələr irəli sürülüb və bu gün də irəli sürülməkdədir. Ümummilli liderimiz Heydər Əliyevin daha bir kəlamını xatırlatmaq istərdim. O, təhsilin strateji xəttini belə müəyyən etmişdir: "Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməmizdən asılı olacaqdır".

Bir pedaqoq, ziyalı kimi məni daha çox üç sual düşündürür:

1. Müəllim şagirdləri XXI əsr həyatına necə hazırlamalıdır?

2. XXI əsrin müəllimi necə olmalıdır?

3. XXI əsrin məktəbi necə olmalıdır?

Biz bu gün XXI əsrin müəllimindən bəhs edirik. XXI əsrin müəllimi, hər şeydən əvvəl, öyrənməyi öyrədən olmalıdır. Buna görə də o, öyrənməyə maksimum şərait yaradaraq öyrəndiklərini öz şagirdlərinə çatdırmaqla yanaşı, öz əsas işini: öyrənməyin yollarını öyrətməlidir.

Nə üçün XXI əsrin müəllimindən yüksək nəticələr tələb olunur? Çünki hazırda Azərbaycan Respublikasının bütün sahələrində tərəqqi nəzərə çarpdığı kimi, təhsil sistemində də çoxsaylı islahatlar aparılmaqdadır. Respublikamızın hər yerində təhsil ocaqlarında dərslərin fəal təlim metodları ilə tədris olunması, ölkəmizin dünyanın qabaqcıl təhsil ocaqları ilə rəqabətə qoşulması, ölkə Prezidentinin imzaladığı müəllimləri rəğbətləndirən sərəncamlar, müəllimlər üçün aparılan seminar və kurslar bunu tələb edir.

Qeyd etməliyik ki, bu gün bəzi müəllimlərin fəaliyətində problemlər qalmaqdadır. Məsələn, bəzi müəllimlərin təhsildəki yeniliklərdən, yeni, fəal təlim metodları ilə tədrisdən bixəbər olması, dərsi müasir təhsilin tələbləri əsasında qura bilməməsi, dərslərində müxtəlif əyani vəsaitlərdən, başlıcası isə İKT-dən istifadə edə bilməməsi və s. buna sübutdur.

Buna görə də biz müəllimlərin yeni, fəal təlim metodları barəsində maarifləndirilməyə çox böyük ehtiyacımız vardır.

XXI əsrin müəllimi iştirak etdiyi çoxsaylı kurs, seminar və təlimlərdə yeni təlim prinsiplərini müəyyən etməyi, motivasiya və işgüzar təlim prosesini qurmağı bacarmalı, mövzuya uyğun forma, məqsədlərə uyğun metodlar seçmək, qiymətləndirmədə ədalətlilik prinsipini qorumaq, authentik tapşırıqları tətbiq etmək bacarığını nümayiş etdirməlidir. XXI əsrin müəllimi yeni məzmun və təlim nəticələrinə əsaslanan fənn kurikulumunu bilməlidir. Müəllim standarta əsaslanan bilik, fəaliyyət və ondan yaranan idraka; tədqiqat nəticəsində informasiya və alınan informasiyanın təqdimatına; ünsiyyət prosesində hörmət və hörmətdən yaranan dəstəyə; strategiyaların tətbiqinə, metod və üsullara; planlaşma əsasında məqsədlərə nail olduqdan sonra əldə olunan nəticələrə; qiymətləndirmə prosesində dəyərləndirmə prinsiplərinə və yaradıcı tətbiqə önəm verir. Bütün bunlar dəyər və öhdəliklər qazanan hərtərəfli şəxsiyyətə yönəldilmiş prinsiplərdir. Bunları hər bir yaradıcı müəllim mükəmməl şəkildə öyrənməli və dərslərində uğurla tətbiqinə çalışmalıdır.

Qeyd etdiklərimizdən belə bir qənaətə gəlmək olar ki, bu gün XXI əsrin müəllimi yaradıcılıq və innovasiya, ünsiyyət və əməkdaşlıq, məlumat bacarığına, media və texnoloji  bacarıqlara, müxtəlif  resurslardan istifadə bacarığına, liderlik və məsuliyyətə,  idarəetmə və obyektivliliyə, sosial və mədəniyyətlərarası dünyagörüşünə, təşəbbüskarlıq və özünüidarəetməyə, həyati və peşəkarlıq bacarıqlarına malik olmalıdır.  

Dövlət daim təhsili nəzarətində saxlayır, onun daha da inkişaf etməsi üçün yeni islahatlar həyata keçirir. 

Xatırladım ki, YUNESKO-nun son sənədlərində təhsil "xəzinəsi özündə" olan sahə hesab edilir.

Təhsil bütün dövrlərdə aktual olmuşdursa da, zaman-zaman onun qarşısında duran məqsəd və vəzifələr dəyişilmişdir. Məhz müəllim bu yeniliklərin ən məsul ötürücüsüdür. Yeni təhsil qanunu müasir dövrün  fəlsəfəsinə uyğun olaraq özündə yeni ideya, yeni münasibət, yeni təhsil texnologiyası birləşdirərək Azərbaycanın müstəqilliyinə və iqtisadiyyatına xidmət etməlidir. Bu prosesə hər birimiz məsuliyyət daşıyaraq ciddi yanaşmalıyıq. 

Ulu öndərimiz Heydər Əliyevin bir fikrini bu məqamda xatırlamaq yerinə düşərdi: "Əgər hər bir ölkənin vətəndaşları öz hüquqlarını anlayarsa və qoruya bilərsə, ən kiçik dövlətlər belə böyük məmləkətlər qədər qüdrətli olar". Bu kəlamdan da görünür ki, ölkənin qüdrətli olması üçün vətəndaş öz hüquqlarını anlamalı və qorumağı bacarmalıdır. Bunun üçün ən əsas vasitə təhsilli olmaqdır. Dövlət təhsilə ona görə vəsait ayırır ki, gələcəkdə cəmiyyət daha varlı və rahat yaşasın.

Bu gün "təhsil - gələcəkdə qarşıya çıxa biləcək problemləri uğurla həll etmək qabiliyyətini" gənclərə öyrətmək məqsədi daşıyır ki, bu öhdəlik də orta məktəblərin payına düşür.

Orta məktəblərdə təhsilin digər məqsədi - gəncləri əmək fəaliyyətinə, məsul vətəndaş mövqeyinə, həyata hazırlamaqdır.

Ümumilikdə təhsilin məqsədi -  milli mənafeyimizi qorumaqdır, cəmiyyəti dövrün tələbləri səviyyəsində saxlamağı bacarmaqdır. Yaşadığımız XXI əsrdə informasiya, kommunikasiya, kompüter texnikasının tətbiqi təhsildə yeni cəhətlər yaranmasına səbəb olmuşdur.

Şübhəsiz ki, XXI əsrin məktəbi həm forma, həm də məzmun cəhətdən öz dövrünün tələblərinə tam cavab verməlidir.  Müasir məktəb binası geniş, işıqlı sinif otaqları, müxtəlif tədbir və müzakirələr, seminar və kurslar aparılması üçün əlverişli akt zallarının olması, fiziki tərbiyə dərsləri üçün müasir  avadanlıqlarla təchiz olunmuş idman meydançası, həyətyanı sahəsi, bağçası, kitabxanasının zənginliyi ilə fərqlənməli, göz oxşamalıdır.

XXI əsrin məktəbində müntəzəm və məqsədyönlü reformalar getməlidir. Məktəbin həm forması, həm də məzmunu daima zənginləşməlidir. Məktəb dövrün tələbləri səviyyəsinə yüksəlməlidir. Buna isə dövlət tərəfindən bütün imkanlar yaradılır. Bu işdə hər birimiz öz köməyimizlə lazımi töhfəmizi verməliyik.

XXI əsrin məktəblərinin öhdəsinə həm də tədris fənlərinin də dövrün, zamanın, gələcək əsrin tələblərinə uyğun olaraq seçilməsini və tərtib edilməsini tələb etmək düşür.

Qeyd etdiklərimizi yekunlaşdırsaq, XXI əsrin məktəbi müasir təlimin bütün tələbatlarına cavab verən müəllim kollektivinə və daima öyrənməyi öyrənməyə can atan şagirdlərə malik olmalıdır. 

Nailə HƏSƏNOVA,
Bakıdakı 55 nömrəli tam orta məktəbin fransız dili müəllimi,
"Ən yaxşı müəllim" müsabiqəsinin 2010-2011-ci dərs ilinin qalibi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov