Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Fevral 2013 - №6

 

"Yaxın 15-25 il ərzində xərçəng xəstəliklərinin bir çoxu müalicə olunacaq"

 

Yaponiyalı nobelçi alim bu istiqamətdə tədqiqatlarını davam etdirir 

Yaponiya alimi Sinya Yamanaka bir neçə il ardıcıl surətdə fiziologiya və təbabət sahəsində Nobel mükafatına namizəd göstərilib.  2012-ci ildə isə, nəhayət, britaniyalı  bioloq Con Gerdonla birlikdə gövdə hüceyrəsi və insan klonlaşdırılması sahəsində tədqiqatlara görə ali elm mükafatına layiq görülüb. S.Yamanaka elm aləmi üçün olduqca qiymətli fiqurdur. Məhz o, ilk dəfə hazırda İPS - hüceyrələr adlandırılan induksiyalaşmış plüripotent gövdə hüceyrələrini əldə edə bilib.  Sinya Yamanaka  Yaponiyadakı Kobe Universitetinin məzunu,   Kiot Universiteti Qabaqcıl Tibb Elmləri İnstitutunun İPS tətbiqi tədqiqatlar Mərkəzinin direktoru, eləcə də Amerikadakı Qledston Ürək-Damar Xəstəlikləri İnstitutunun professorudur. O,  gövdə hüceyrələrinin öyrənilməsi üzrə beynəlxalq cəmiyyətə rəhbərlik edir.   2007-ci ildə Time Magazine dərgisinin qərarına əsasın "İlin adamı" elan olunub. 2010-cu ildə gövdə hüceyrələri sahəsində tədqiqatlarına görə Balzan mükafatı ilə təltif olunub. 2011-ci ildə tibb sahəsində Vulf mükafatı alıb.  2012-ci ildə Finlandiyanın texnologiyalar sahəsində təsis etdiyi minilliyin mükafatına (Millennium Technology Prize)  layiq görülüb.  

"Alim olmağı ağlıma gətirmirdim" 

Sinya Yamanaka 1962-ci il sentyabrın 4-də Yaponiyanın Osaka şəhərində anadan olub. Atasının kiçik tikiş maşınları istehsal edən fabriki var idi. Maşınlar və müxtəlif texniki qurğular balaca Sinyada texnikaya maraq oyatmışdı. Uşaqlıqdan maşınlar onun üçün bir hobbiyə çevrilmişdi. Onun ilk təhsil illərindən elmə marağı böyük olub. "Məktəb həyatı mənim çox xoşuma gəlirdi.  Məktəbi, bilik almağı sevirdim,  bir sıra idman növləri ilə, xüsusən cüdo ilə məşğul olurdum.  Deyə bilərəm ki, məktəb həyatı mənə çox şey verdi.  Mən riyaziyyatı və təbiət elmlərini oxu dərslərindən daha çox sevirdim. Orta məktəbin aşağı sinfində oxuyarkən  elmə daha çox maraq göstərirdim. Orta məktəbi bitirdikdən sonra mənim arzum həkim olmaq idi. Alim olmağı ağlıma gətirmirdim", - deyə Yamanaka xatırlayır.  Valideynləri elmi bilikləri mənimsəməsində ona hərtərəfli dəstək göstəriblər.    "Mən hər maraqlı işimdə ata və anamın dəstəyini hiss edirdim. Bu, mənim üçün çox yaxşı idi. Ailəmizdə heç bir həkim yox idi, atam həkim olmağımı istəyirdi.  Buna görə də mən həkim olmağa qərar verdim. Bu ondan irəli gəlirdi ki, mən cüdo ilə məşğul olurdum və 10-dan artıq zədə almışdım. Həkim olmaq arzusu mənim üçün çox təbii bir hal idi".  Sinya kiçik yaşlarından idmanın cüdo və reqbi növləri ilə məşğul olurdu. Yarışlarda "qazandığı" zədələr onda tibbə böyük  maraq oyatmışdı.  "Mən həkimlər haqqında yazılmış kitabları çox sevirdim. Roman yox, real tarixi kitabları oxuyurdum. Həkimlərin öz pasiyentlərinə necə kömək etmələri məni çox maraqlandırırdı". Atası Yamanakanı sahibi olduğu fabrikə işə götürməyə həvəsli olmayıb. Yamanaka qeyd edir ki, bu, Yaponiya üçün o qədər də tipik hal deyil. Bir çox valideynlər çalışır ki, uşaqlarından birini öz kompaniyalarına işə götürsünlər.  "Lakin atam  kiçik kompaniyada işləməyin nə qədər çətin olduğunu bilirdi.  O hesab edirdi ki, kompaniyanın idarəçiliyi üçün mən o qədər yararlı deyiləm, ona görə də o, məni həkim olmağa çağırırdı.  Yalnız cüdoda aldığım zədələr məni həkim olmağa həvəsləndirən yeganə səbəb olub. Mən 3 il reqbi oynamışam. Cüdo ilə isə 15 ildir ki, məşğulam. Mənim qara kəmərim var".

 "Bağışlayın ki, belə uzun çəkdi..." 

Tennocidə orta məktəbi başa vuran Sinya 1980-ci ildə Kobe Universitetinə daxil olub. Təhsil illərində Sinya məhkəmə tibb laboratoriyasında üçaylıq təcrübə keçib. O, burada mass-spekrometriyadan istifadə etməklə insanlarda alkoqol metabolizimini araşdırıb. Osaka Universiteti nəzdində orta məktəbi başa vurduqdan sonra Sinya 1987-ci ildə Kobe Universitetində tibb üzrə elmi dərəcə alıb. O, Osaka Milli Ortopedik Cərrahiyyə Xəstəxanasında ordinatura keçib. Və tezliklə cərrah cəldliyinə və zirəkliyinə malik olmamasından təəssüflənməli olub. O, çox istəyirdi ki,  yarışlarda travma almış idmançıları idmana qaytarsın. Elə birinci cərrahi əməliyyatda məlum olmuşdu ki, Yamanaka bu iş üçün yaramayacaq. O öz idmançı dostu Suita Xirat üzərində keçirdiyi əməliyyatı tez-tez xatırlayırdı. Yamanakanın skalpel tutan əli  qan içində idi.  Xəstənin bədənindəki kiçicik bir şişi kəsib götürməyə bir saat vaxt sərf edən həkim xəstəyə "Bağışlayın ki, belə uzun çəkdi",-deyib. "Uzun çəkdi, nə deməkdir, tez qurtarın", -deyə xəstə narazılıqla bildirib.  Bir neçə il ərzində klinikanın həkimləri bu  uğursuz cərrah  üzərində gülüşürdü. Buna görə də Yamanakanın elm sahəsinə keçməkdən başqa yolu qalmayıb.   O, hətta ortoped peşəsindən imtina etdikdən və tədqiqatçı olduqdan sonra da məyusluq və ruh düşkünlüyü keçirdiyi  qəmli günlərini unutmağa çalışırdı. Məhz bu illərdə o, dəfələrlə  elmi karyera ilə üzülüşmək təhlükəsi ilə rastlaşmışdı.  Arvadı dəfələrlə onu cərrahiyyədən uzaqlaşmağa və həkimlik praktikası ilə məşğul olmağa çağırırdı. 

Yamanakanın cərrah kimi fəaliyyətindən atasının xəbəri var idi.  Oğlunu həkim görən atası xoşbəxt idi, lakin onun bir dəfə Yamanakaya söylədiyi sözlər sarsıdıcı idi: "Sən bu sahədə, deyəsən, o qədər də yaxşı deyilsən, eləmi?".  Yamanaka tədqiqatçı olanda  atası dünyasını dəyişmişdi. "Atam göylərdə mənim həkim olduğumu düşünür. Mən  bütün tədqiqatlarımın  tezliklə bütün xəstəlikləri müalicə etməsini istəyirəm ki, onunla görüşümdə bu barədə ona söyləyə bilim",-deyən S.Yamanaka böyük arzularla yaşayır. 

Beləliklə, cərrahi fəaliyyətdən uzaqlaşan Yamanaka elmi tədqiqatlara meyil edib. Bundan ötrü Osaka Universitetinə daxil olaraq farmakologiya üzrə elmlər doktoru  elmi dərəcəsi (1993) alıb. Aspiranturada oxuduğu müddətdə Yamanaka ilk dəfə genetik modifikasiyalı siçanlara dair məqalə oxuyub. Bu sahə onun bütün varlığına hakim kəsilib. O, genlərin funksiyalarını tədqiq etməyi və bu sahədə texnologiyalarla tanış olmağa qərar verib. Lakin tezliklə bu sahədə araşdırma aparmaq üçün  ölkəsində müvafiq mərkəz olmadığından təəssüflənməli olub.

Yamanaka Amerikanın 30-a yaxın universiteti və laboratoriyasına məktub yazaraq bu sahədə tədqiqatlar aparmaq və elmi dərəcə almaq istədiyini bildirib.  O, ABŞ-a yollanıb, 1993-1996-cı illərdə Qledston Ürək-Damar Xəstəlikləri İnstitutunda çalışıb. 1996-cı ildə Yaponiyaya  dönən Sinya Osaka Universiteti nəzdindəki tibb məktəbində assistent - professor vəzifəsini tutub.  

"Osakada mən az qala yıxılacaqdım..." 

Maliyyə sıxıntıları və digər çətinliklər o qədər idi ki, Yamanaka hərdən ağlamaq və  elmi atmaq qərarına gəlirdi. Nə qədər çətin olsa da, o, bir vaxtlar uğursuz cərrah kimi kinayəli münasibətə məruz qaldığı tibbi  klinikalara qayıtmağa hazırlaşırdı ki, bu anda tale onun üzünə güldü, onu Nara şəhərinə dəvət  etdilər. Osaka şəhərindən maşınla cəmi bir saatlıq məsafədə yerləşən bu şəhərdə Kiot Universiteti yerləşir.  Yamanakanı  xoşbəxtlikdən Kiot Universitetinə assosiativ-professor vəzifəsinə qəbul edirlər. Burada  maliyyə məsələləri də, elmi mühit də Osakada olduğundan yüksək idi.  Əgər bu irəliləyiş olmasaydı, Yamanaka  çox yəqin ki, elmi karyerasını buraxmalı olacaqdı. "Osakada mən az qala yıxılacaqdım. Mən çox işləyirdim, çoxlu siçanlarım var idi. Mənim öz layihəm üçün onların sayı 1000-ə çatmışdı.  Mən onların hər birinə qayğı göstərməli idim. Nara şəhərinə köçdükdən sonra isə mənim çoxlu tələbələrim və texniki işçilərim var idi ki, onlar mənə kömək edirdilər. Beləliklə, mən artıq tək  deyildim, bu isə mənim üçün çox vacibdir. Lakin Yaponyada mənim işlərimdən çoxları baş çıxarmırdı. Nara şəhərindəki laboratoriyaya baş tədqiqatçı kimi gələndə ilk dəfə elmi karyeramda özümü müstəqil hesab etdim. Bu o demək idi ki, mənim çoxlu şagirdlərim və çoxlu elmlər doktorlarım olacaq. Buna görə də mən düşünürdüm ki,  mümkün qədər  daha çox insanı cəlb etmək üçün rəhbərlik etdiyim laboratoriya çox gözəl elmi tədqiqat layihələri həyata keçirməlidir. Mən düşünürdüm ki, pasiyentin öz hüceyrələrindən gövdə hüceyrəsinin əldə olunması mənim məqsədim olmalıdır. Bu mənim bütün tədqiqatlarımın başlanğıcı oldu". Gün ərzində 12-16 saat işləyən alim  məhz burada gövdə hüceyrələri sahəsində tədqiqatlarını davam etdirib. 2005-ci ildən Kiot Qabaqcıl Tibb Elmləri İnstitutunun  professoru olan Sinya Yamanaka somatik hüceyrələrdə çoxfunksionallıq üzrə eksperimentlərə başlayıb. O burada dünyada ilk dəfə siçanların embrional somatik hüceyrələrini, ilk  dəfə yenidən proqramlaşdırılmış epigenetik embrional somatik hüceyrələri,  dünyada ilk dəfə insanın embrional somatik hüceyrələrini əldə edib, DNT-də inteqrasiya olunmuş virus vektorlarının iştirakı olmadan embrional somatik hüceyrələr alıb.   

"Hüceyrə proqramçıları" 

2006-cı ildə Sinya Yamanakanın rəhbərliyi ilə bir qrup alim insanın gövdə hüceyrələrinin qeyri-embrion yox,  məhz İPS -   induksiyalaşmış plüripotent  (çoxfunksiyalı) gövdə hüceyrələrindən (induced pluripotent stem cells - iPS) əldə olunması metodunu işləyib hazırlayıb. Bu cür hüceyrələr embrional hüceyrələrdən başqa  müxtəlif tip hüceyrələrdə inkişaf edə bilərlər. Onlar müxtəlif orqanların sağlam hüceyrələrini yarada bilər. Bu kəşf xəstəlik və ya zədələnmələr nəticəsində itirilmiş və ya sıradan çıxmış orqan və toxumaların yenidən yaradılması perspektivini açır. Bu orqanlar və toxumalar üçün "tikinti" materialı isə insanın öz hüceyrələridir.  Mahiyyətcə alimlər  genetik manipulyasiyalar vasitəsi ilə hüceyrələrin yenidən proqramlaşdırılmasına nail ola biliblər ki,  bunlar da orqanizmdə müəyyən rol alıblar. Yamanaka sübut edə bilib ki, kifayət qədər mürəkkəb olmayan manipulyasiya yolu ilə bir hüceyrədən digərini yaratmaq olar. Bu isə köməkçi terapiyalar üçün müəyyən tip hüceyrə  və ya toxumalar, məsələn, qan və ya neyron  hüceyrəsi almağa imkan verir. Bu texnologiya Parkinson kimi irsi xəstəlikdən əziyyət çəkən xəstələrin dəri hüceyrələrindən sağlam neyronlar əldə etməyə və transplantasiya üçün onlardan istifadə etməyə imkan verir.   

"Bəzən hər şeyi atmaq və ağlamaq istəmişəm"   

2012-ci il oktyabrın 8-i təkcə Sinya Yamanaka üçün deyil, bütün Yaponiya üçün əlamətdar, tarixi bir gün oldu. Bir gün ərzində Yamanaka ölkəsində ən populyar fiqur oldu.  Ölkənin bütün xəbər agentlikləri, televiziyalar tamamilə Yamanakaya və onun inqilabi işlərinə həsr olunmuşdu. Onun kəşfi nəticəsində orqanizmin öz dəri hüceyrəsindən istənilən toxuma və orqanın yetişdirilməsi nəzəri cəhətdən mümkün olmuşdu. Telekanallara alimin müəllimləri və tələbə yoldaşları, keçmiş və indiki əməkdaşları dəvət olunmuşdu, bütün səhər qəzetləri 50 yaşlı alimin böyük portreti ilə dərc olunmuşdu.

Sinya Yamanakanı Yaponiya  imperatoru Akixito da təbrik edib. Alimi şəxsən təbrik etmək üçün İsveçin Yaponiyadakı səfiri Lars Varqo  Kiot şəhərinə gəlib. Səfirlə söhbət əsnasında Yamanaka zarafatla ədəbiyyat sahəsində Nobel mükafatı almaq üçün mübarizə aparmaq istədiyini deyib. 

Mükafatın təqdimolunma mərasimindən sonra çıxış edən Yamanaka ali mükafatı,  ilk növbədə, ölkəsinin nailiyyəti hesab etdiyini bildirib. "O, belə deyək, dözülməz cərrah idi. Tamamilə savadsız idi...", - deyə nobelçi alimin klinikasında çalışan dostlarından biri deyirdi. "Məni "dzyamanaka" ("dzyama" yaponca "təəssüfediləcək əngəl" deməkdir) deyə çağırırdılar. Təcrübəli cərrahın 20 dəqiqəyə başa vurduğu əməliyyat mənə 2 saata başa gəlirdi", - deyə Yamanaka xatırlayır.   

"Mən Nobel komitəsinin qərarından həyəcan  içindəyəm. Biz xoşbəxtik", - deyə alimin ixtisasca dermatoloq olan həyat yoldaşı, Yamanaka ilə orta məktəbdə və sonra ali məktəbdə birlikdə oxumuş Tina bildirib. Hazırda tibb təhsili alan qızlarını göstərən Yamanaka "evdə onların üzlərində gördüyüm sevinc mənə həmişə güc verirdi", - deyib.  Professor assistentlərinə və ailəsinə uzunillik işində yaxından göstərdikləri köməyə görə minnətdarlıq etməyi də unutmayıb: "Mən onlarca cəhd etmişəm və tez-tez də uğursuzluqla qarşılaşmışam. Bəzən hər şeyi atmaq və ağlamaq istəmişəm. Ailəmin dəstəyi olmadan mən heç vaxt bu tədqiqatları başa vura bilməzdim".  

Paltaryuyan maşınını təmir edirdi 

2012-ci il oktyabrın 8-də Nobel komitəsi fiziologiya və tibb sahəsində ali mükafata layiq görülmüş yapon aliminin adını çəkəndə Sinya Yamanaka öz evində sınmış paltaryuyan maşınını təmir edirdi. 

Bütün Yaponiya üçün fərəhli olan həmin xəbərdən sonra S.Yamanakanın ünvanına çoxsaylı təbriklər daxil olmağa başlamış və onun tədqiqatları üçün ianələrin məbləği xeyli artmışdı. Təkcə bir gün ərzində ianələrin məbləği 80 faiz artmışdı.  2012-ci ilin martında alimliyindən əlavə həm də atlet kimi tanınan Yamanaka rəhbərlik etdiyi mərkəzə vəsait toplanması üçün Tokio marafonu təşkil etmişdi. Bundan sonra isə qəzetdə elmi tədqiqatlarının maliyyələşdirilməsinə yardım göstərilməsi üçün elan vermişdi. 2012-ci il oktyabrın əvvəllərində ianələrin məbləği 10 milyon yen  (120 min ABŞ dolları) təşkil edirdi.  Nobel mükafatına layiq görülməsindən sonra isə cəmi bir gün ərzində ianələrin həcmi 18 milyon yenə (200 min ABŞ dolları) çatmışdı.  Ölkə əhalisindən isə Yamanakanın ünvanına məktubların  arası kəsilmirdi: "Çarəsiz xəstəliklərdən əziyyət çəkən insanlar naminə öz işlərinizi davam etdirin", "Nobel mükafatı almağınız münasibəti ilə təbrik edirəm! Arzu edirəm ki, tədqiqatlarınız insanlığa daha çox xoşbəxtlik gətirsin. Yalnız 30 dollar köçürə bildiyimə görə məni bağışlayın", "Mənə doğma olan insanlar xərçəngdən ölüb, qoy sizin işləriniz xərçəngdən əziyyət çəkən insanlara kömək etsin", "Ağır xəstəliklərdən əziyyət çəkən insanlara kömək edin, Sinya, siz Yaponiyanın fəxrisiniz", "Mənim qan xəstəliyim var. Mən sizin kliniki sınaqlara başlayacağınız günü gözləyirəm", "Mən 25 ildir ki, naməlum mənşəli əzələ distrofiyasından əziyyət çəkirəm. Siz mənə ümid verdiniz. Mən yenidən yerimək istəyirəm". 

Sevinc və məsuliyyət hissi  

Alim Nobel mükafatına layiq görülməsindən sevinc hissi ilə yanaşı, həm də ciddi xəstəlikləri olan  insanlar qarşısında  məsuliyyət  hissi keçirdiyini bildirib.  "Çox xoşbəxtəm, lakin eyni zamanda böyük məsuliyyət hiss edirəm", - deyən S.Yamanaka kəşfinin tətbiqi metodunun hazırlanması üzrə səylərini ikiqat artıracağını söyləyib.    İPS hüceyrələrinin kəşf olunduğu 7 il ərzində alimlər müxtəlif təsir mexanizmləri vasitəsi ilə ürək əzələsi, bağırsaq, mədəaltı vəz, gözün selikli qişası, qan, dəri və eləcə də əsəb hüceyrələri yetişdirməyə nail olublar. Lakin bu hüceyrələrin tibdə tətbiqini ləngidən başlıca problem onkoloji xəstəliklərin inkişafının yüksək riski ilə bağlıdır.     Yamanaka qeyd edir ki,  plüripotent gövdə hüceyrələrinin tətbiqinə dair klinik tədqiqatlar artıq 2013-cü ildə  başlayacaq. İPS - hüceyrələr vasitəsi ilə onurğa beyin zədələnmələri, Parkinson, ürək xəstəliklərinin müalicəsi isə yaxın bir neçə il ərzində baş tutacaq.  Alim genişmiqyaslı müalicənin 10-20 il ərzində başlayacağını, yaxın vaxtlarda İPS - hüceyrələrindən istifadə olunması metodunu işləyib hazırlayacağını deyib. Bundan başqa, Yaponiya və digər ölkələrdə bu cür hüceyrələrin istehsalına başlanması, hüceyrə bankının yaradılması  və bununla da insan orqanlarının yetişdirilməsi məqsədilə onların bərpaedici təbabətdə tətbiqinin təmin olunması nəzərdə tutulub.  "Nobel mükafatı almağım mənim planlarımı dəyişmir", - deyə  alim bildirib. Onun  sözlərinə görə,  son məqsəd yaşlı insanın bütün növ hüceyrələrinin dəyişdirilməsi imkanlarına nail olmaqdır. "Məsələn, biz ehtiyat ürək, qan və ya dəri hüceyrəsindən beyin hüceyrəsi əldə etmək  istəyirik. Mənim bütün həyatım gövdə hüceyrələri texnologiyasının hər bir xəstəxanada,  həkimlərin gündəlik təcrübəsində, hər bir pasiyentə qarşı tətbiqidir". 

"Səhvlər ən yaxşı müəllimdir" 

Nobel mükafatı aldıqdan sonra Sinya Yamanaka verdiyi ilk müsahibələrdə elmi karyerasından maraqlı açıqlamalar verib. Yamanaka  bir çox alimlərin "səhvlər ən yaxşı müəllimdir" sözlərinə belə münasibət bildirib: "Mən yaxşı cərrah-ortoped deyildim. Mənim ilk uğursuzluğum bunda idi ki, mən əməliyyatları yaxşı apara bilmirdim. Və uğursuzluq mənə fundamental elm sahələrinə keçməyə imkan verdi. Mən ilk olaraq farmakologiya sahəsində çalışdım, ingibitor və stimulyatorları öyrəndim. Bu maddələr özünü narkotik kimi göstərsə də, 100 faiz effektiv hesab oluna bilməz. Mən çox eksperiment apardım və narkotiklərin konkret  təsirinə dair cavab ala bilmədim.  Bu, qismən də olsa, karyeramda  mənim ikinci uğursuzluğumdur. Lakin bu uğursuzluq məni əzələ texnologiyası, siçanlar üzəridə tədqiqatlara gətirdi".    Yamanaka özünün ilk elmi işini gövdə hüceyrələrinə həsr edib. "Mən ilk vaxtlarda gövdə hüceyrələri ilə məşğul olmurdum. Mən sadəcə  farmakologiya sahəsində çalışırdım. Lakin bu sahə ilə yanaşı,  hüceyrə texnologiyalarına maraq göstərirdim. Bu, mənə genlərin funksiyasını öyrənməyə imkan verirdi. İnsan orqanizmində 20000-ə yaxın gen var.   Texnologiya vasitəsi ilə 20 min gendən birini seçmək və onun üzərində işləməklə genlərin funksiyalarının mahiyyətini öyrənmək olar. Mən bu texnologiyaya çox bağlanmışdım. Bu hardasa 1992 və ya 1993-cü il olardı.  Onda mən PhD elmi dərəcəsini almışdım. Lakin o vaxtlar Yaponiyada əzələ texnologiyası üzərində işləyən az alimlər var idi. Buna görə də mən ABŞ-a, San-Fransisko şəhərinə yollanmağa qərar verdim".   

"Əgər siz 7 dəfə yıxılıbsınızsa, 8 dəfə qalxmalısınız..." 

Sinya Yamanaka elmi layihələrin maliyyələşdirilməsinin ciddi nəticələrin əldə olunmasında əhəmiyyətini qeyd edir.  "Mənim şəxsi elmi eksperimentlərimdə bir çox uğursuzluqlar olub. Lakin bir çox hallarda mənfi nəticələr yeni elmi istiqamətlərdə mənə yeni ideyalar verib. Yaponiyada belə bir məsəl var: Əgər siz 7 dəfə yıxılıbsınızsa, 8 dəfə qalxmalısınız ki, uğur əldə edə biləsiniz. Düşünürəm ki, elmdə bu, çox doğrudur. Bizim ölkədə bir çox elmi tədqiqatların maliyyələşdirilməsi federal hökumətin nəzarəti altındadır. Maliyyələşmə çox mühüm əhəmiyyət daşıyır. Maliyyə olmadan layihə uzun müddət davam edə  bilməz. Xərçəngin müalicəsi əvvəlkitək çox çətindir, lakin mən ümid edirəm ki, yaxın 15-25 il ərzində  xərçəng xəstəliklərinin bir çoxu müalicə olunacaq. Bu gün xərçəngin müalicəsi hələ ki, çətindir. Bir alim kimi İPS texnologiyalarını mən işləyib  hazırlamışam, bu texnologiyanın klinikalarda tətbiq olunacağına ümid edirəm. Bu, mənim arzumdur.  Bu texnologiya hələ  gəncdir. Bizim gələcəyə  çox xoş ümidlərimiz var, lakin çətinliklərimiz də  mövcuddur. İstənilən halda mən demək istəyirəm ki, bu texnologiyalar mənim ümidlərimdir.  Bir çox xəstəliklər vardır ki, biz onları müasir tibbi texnologiyalarla müalicə edə bilmirik,  fundamental elm isə bu xəstəlikləri və xəstələri müalicə edə bilər".  

Yamanaka elmi tədqiqatlara çoxlu tələbələr cəlb edib. Bu il 20-30 tələbə ərizə ilə onun laboratoriyasına işləmək üçün müraciət edib. Alim onlardan ən yaxşı 3 nəfəri seçib. Onlar elmi işlərin öhdəsindən çox uğurla gəlirlər. "Biz xəstələrdən çoxsaylı məktublar və telefon zəngləri alırıq. Biz elmə çox az vaxt sərf edə bilərik, lakin bu, çox pisdir. Biz doğrudan da elmə qayıtmalıyıq, çünki bu texnologiya həddən artıq yetkin deyil.  Texnologiyaların klinikalarda tətbiqinə qədər çox çətinliklər var ki, biz onları  dəf etməliyik. Düşünürəm ki, alimlər bir çox xəstələrdən plüripotent hüceyrələr əldə edə və xəstəliklərin səbəblərini daha dəqiq və geniş surətdə öyrənə və bununla da daha effektiv dərman preparatları axtara biləcəklər.  Hesab edirəm ki, bu, yaxın 3-5 il ərzində baş verəcək".  

Hazırladı: Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov