Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Fevral 2013 - №7

 

Azərbaycan təhsilinin uğurları

 

"Beynəlxalq Elm və Mühəndislik Sərgisində qalib gəlmək üçün əlimizdən gələni edəcəyik" 

Suad Baxşıyev 1996-cı ildə Bakı şəhərində anadan olub. I sinfə Bakıdakı 20 nömrəli məktəbdə qədəm qoyub. IV sinifdən isə Qərb Universiteti nəzdində məktəbdə təhsilini davam etdirib. IX sinifdən akademik Zərifə Əliyeva adına liseydə oxuyur və hazırda bu liseyin XI sinif şagirdidir. Texniki təmayül üzrə təhsil alır. Gələcəkdə inşaatçı-mühəndis olmaq arzusundadır və maşınqayırma ixtisası  üzrə  ikinci ali təhsil almağı da qarşısına məqsəd qoyub. Onda bu arzu, istək uşaqlıqdan yaranıb. Belə ki, atasının bu sahədə çalışması ona əlavə stimul verib. Rəsm, çertyoj çəkməyi, üçölçülü qrafik proqramlarda işləməyi  yaxşı bacarır. Asudə vaxtlarında atasına layihələri işləməkdə kömək edir, fikirlərində olan layihələrin  eskizlərini çəkir. Daim axtarışda olan Suad digər istedadlı şagirdlər kimi olimpiada və müsabiqələrdə iştirak edib. "Sabahın alimləri" müsabiqəsinə qatılan Suad həmin müsabiqənin qalibi olub.

Suad Baxşıyevin dediklərindən: Bu müsabiqəyə mən liseyimizin X sinif şagirdi Elnur Əliyev ilə hazırlaşırdım. Biz mövcud layihələri nəzərdən  keçirərkən gördük ki, yaxşı layihələr olsa da, onların praktik tətbiqi yoxdur və ya bu layihələr bu gün üçün real deyil. Bu layihələrin həyata keçirilməsi  üçün vacib olan vəsaitlər kifayət qədər deyildi.  Elnurla birgə  bu aktual problemi seçərək, onun sadə, aydın və sərfəli həllini tapmağı qərara aldıq. Bu gün ciddi  sayılan problemlərdən biri korroziya problemidir. Biz ayrı-ayrı avadanlıqları optimallaşdıraraq istehsalat xəttinə yeniliklər əlavə etdik və məsələnin həllini tapdıq. Bununla  da biz korroziyaya qarşı daha davamlı və iqtisadi cəhətdən sərfəli  yeni material əldə etdik. Yəqin ki, münsiflər heyətinin diqqətini də cəlb edən məhz bu oldu. Müsabiqədəki çıxışımıza hazırlıq mərhələsi olan son iki-üç həftə çox gərgin keçdi. Mən və Elnur, elmi rəhbərimiz Aygün Əzizova layihə ilə bağlı araşdırmalarımızı aparmaq üçün demək olar ki, bütün günümüzü liseydə və Qafqaz Universitetində keçirirdik. Müsabiqədəki çıxışımızdan sonra qəribə bir hal keçirdim. Mənə elə gəldi ki, istədiyimizi münsiflər heyətinə  lazımi səviyyədə çatdıra bilmədik. Lakin təhsil naziri Misir Mərdanov qaliblərin adını açıqlayanda məlum oldu ki, bizim işimiz birinci yerə  layiq  görülüb.  Daha  sonra  adımızı ABŞ-a gedəcək komandaların sırasında görəndə isə sevincimizin hədd-hüdudu yox idi. Müsabiqədə qalib olmağımız  məndə  beynəlxalq miqyaslı müsabiqələrdə təkcə  iştirak etmək deyil,  həmçinin qələbə qazanmaq həvəsi oyatdı. Söz veririk ki,  bu müsabiqədə  də qalib gəlməyimiz üçün əlimizdən gələni edəcəyik.  Qalib gələrək doğma vətənimiz Azərbaycana medal gətirəcəyik. Bu işdə bizə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm.

Onu da qeyd edim ki, təhsilimi ABŞ-da davam etdirmək arzusundayam. Artıq sənədlərimi bir sıra universitetlərə göndərmişəm və Kolorado Universiteti artıq mənim məktubuma müsbət cavab göndərib.   


"Arzum ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna daxil olmaqdır" 

Elnur Əliyev 1997-ci ildə Bakıda anadan olub. Bakıdakı Tahir Həsənov adına 23 nömrəli məktəbdə I sinfə daxil olan Elnur IX sinifdən akademik Zərifə Əliyeva adına liseydə təhsilini davam etdirir. Hazırda  liseyin texniki təmayül üzrə X sinif şagirdidir. Riyaziyyat və fizika fənninə xüsusi maraq göstərir. O, riyaziyyatı yorulmadan oynaya biləcəyi bir oyuna bənzədir. Siyasət və iqtisadiyyat ilə yaxından maraqlanır. Bundan başqa, idmanın müxtəlif növlərinə-xokkey, futbol, reqbiyə rəğbəti böyükdür. Mütaliəni çox sevir və boş vaxtlarında dünya ədəbiyyatından kitablar oxuyur. Liseyin ictimai həyatında fəal iştirak edən Elnur bu təhsil ocağında fəaliyyət göstərən Şagird Parlamentinin vitse-spikeridir. Bundan başqa, ictimai fəallığı ilə seçilən Elnur 2010-cu ildə Rusiya Federasiyasında "Orlyonok" düşərgəsinə göndərilmişdir. Orada təşkil olunan astronomiya olimpiadasına qatılaraq həmin olimpiadanın qalibi olmuşdur. Onun qazandığı ən böyük uğur isə "Sabahın alimləri" II Respublika müsabiqəsinin qalibi olmasıdır.

Elnur Əliyev müsabiqə və layihə haqqında fikirlərini belə izah etdi: Mən və komanda yoldaşım Suad Baxşıyev korroziya proseslərinə qarşı daha davamlı Super Qalvanik materialların istehsalı üçün  hazırlanmış yeni istehsal xəttini müəssisə mühəndisləri ilə birlikdə təhlil edərək yeni əlavələr təklifi verdik. İş prosesi zamanı ABŞ-ın "Galfan Technology Centre" və Qafqaz Universiteti ilə əməkdaşlıq edirdik.

Bilirik ki, polad bir çox yerdə -avtomobillərdə, gəmilərdə, neft, boru kəmərlərində istifadə olunur. Lakin polad korroziyaya uğraya bilər. Korroziyaya qarşı bir çox üsullar mövcuddur. Ancaq bu üsullar həm iqtisadi, həm də ekoloji cəhətdən kifayət qədər effektiv deyildir. Biz həm mövcud sistemləri optimallaşdırmaqla, həm də öz yeniliklərimizi əlavə etməklə qalvanizasiya üsulunu  mükəmməlləşdirdik. Nəticədə biz qalvanizasiyanın klassik üsuluna nisbətən hər tonda 360 manat qənaət edirik. Nəzərə alsaq ki, bizim xətt ildə 60 min ton istehsal etmək gücünə malikdir, onda ildə 20 milyon manata qənaət edə bilərik. Tədqiqatlarımız tam başa çatmayıb, ümid edirik ki, işlərimizi ABŞ-da tamamlayacağıq. ABŞ-dan medalla dönmək ümidindəyəm. İstəyirəm ki, ölkəyə bu müsabiqədən birinci medalı biz gətirək. Müsabiqəni uğurla başa vurduqdan sonra ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun tətbiqi riyaziyyat fakültəsinə daxil olmaqdır. Qazandığım bu uğurlara görə Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyevaya, həmçinin liseyin kollektivinə, komanda yoldaşım Suad Baxşıyevə, elmi rəhbərimiz Aygün Əzizovaya və mütəxəssis Yusif Abdullayevə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, onların dəstəyi və köməyi ilə biz daha bir qələbəyə nail olacağıq.

Akademik Zərifə Əliyeva adına liseyin müəllimi, Elnur və Suadın elmi rəhbəri Aygün Əzizovanın dediklərindən: Artıq neçə ildir ki, şagird potensialının üzə çıxması üçün dövlətimiz tərəfindən müxtəlif müsabiqələr keçirilir. Biz müəllimlərin də üzərinə belə müsabiqələrdə iştirak edəcək şagirdləri yetişdirmək məsuliyyəti düşür. Elə buna görə də  qurduğumuz dərs prosesində şagirdlərimizi tədqiqata yönəldirik ki, bu da onlarda yaradıcı təfəkkürün formalaşmasına səbəb olur. Şagirdlərdə elmə olan maraq artır və onlar dərk edirlər ki, bu gün öyrəndiklərini sabah həyatda necə tətbiq edəcəklər. Hər iki şagird maraqla və həvəslə layihə üzərində artıq bir ildir ki, çalışır və həmin layihə münsiflər heyəti tərəfindən birinci yerə layiq görüldü. Onu da qeyd edim ki, layihənin ideyası da Elnur və Suad tərəfindən hazırlandı. Onların fikirlərinin maraqlı və ümidverici olduğu üçün mən də bu layihəyə ürəklə qoşuldum. Onlara bu işin təşkili üçün lazımi məsləhətlər verdim və daima işlərini nəzarətdə saxladım. Layihələrinə çox məsuliyyətlə yanaşan şagirdlər digər alim və mütəxəssislərlə də əməkdaşlıq edərək maraqlı nəticələr əldə etdilər. Bir il  ərzində üzərində işlədiyimiz bu layihə həm aktuallıq,  həm də elmi baxımdan uğur qazandı. İndi biz respublikamızı təmsil etmək üçün ABŞ-ın Arizona ştatının Feniks şəhərində keçiriləcək final turuna hazırlaşırıq. Qalib olmaq üçün əlimizdən gələni edəcəyik. Layihəmizi təqdim etmək üçün onun elmi nəticələrini ingilis dilində mükəmməl və aydın şəkildə Amerikanın münsiflər heyətinə çatdıracağıq. Hər ikisinə uğur arzulayıram. Düşünürəm Amerikada onlar özlərini itirmədən, liseyin hər bir müəlliminin onlara verdiyi biliyi doğruldacaqlar. 


"ABŞ-da vətənimizi təmsil edəcəyimiz üçün çox böyük fərəh hissi keçirirəm"  

Mustafa Hacıyev 1997-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Bakıdakı M.İbrahimov adına 153 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. 2008-ci ildə BDU nəzdindəki "Gənc istedadlar" liseyinin VI sinfinə qəbul imtahanları vasitəsilə daxil olub. Təhsil aldığı müddət ərzində daha çox texniki fənlərə meyl göstərən Mustafa riyaziyyat, fizika və kimya fənləri ilə də yaxından maraqlanır. Hazırda "Gənc istedadlar" liseyinin X sinif şagirdidir. Liseydə yaradılan nizam-intizam, keyfiyyətli dərs prosesləri, lisey rəhbərliyinin ciddi nəzarəti sayəsində öz biliklərini artırmaq və uğurlar əldə etməyi qarşısına məqsəd qoyan Mustafa bir çox olimpiada və bilik yarışmalarında iştirak edərək uğurlar qazanıb. Ötən ildən respublikamızda keçirilən "Sabahın alimləri" müsabiqəsində "Gənc istedadlar" liseyinin şagirdlərinin qalib olması və ABŞ-da keçirilən  "İntel İSEF" - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə vəsiqə qazanaraq respublikamızı təmsil etmələri liseyin digər şagirdlərində də böyük maraq oyatmış, bu il Mustafanın həmin yarışmaya həvəslə qatılmasına zəmin yaratmışdır.

Mustafa müsabiqə haqqında təəssüratlarını bizimlə bölüşdü: - Bu yarışmada şagirdlər öz elmi kəşflərini, özlərinə məxsus texniki yenilikləri təqdim edirlər. Yarışmanın ilk ilində üç qalib yerdən ikisi bizim liseyimizə nəsib oldu. Bu il də biz "Sabahın alimləri" bilik yarışmasına qatıldıq və liseyimizin liderliyini əldən vermədik. "Sabahın alimləri"  bilik müsabiqəsində layihəmiz bəyənildi və biz I yerə sahib olduq. İndi biz bu layihə ilə may ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində çıxış edəcəyik. Mən və yoldaşım Nuru Nurdil əvvəl araşdırmamızı azot molekulunun ətrafında apardıq. Layihənin elmi rəhbərləri BDU-nun əməkdaşları Məhəmmədəli Ramazanov və İsmət Əhmədovdur. Apardığımız araşdırmalar nəticəsində nanohissəciklərin köməyi ilə ən az enerji və təzyiq sərf edərək ammonyak alırıq. Dünya təcrübəsində ammonyakın alınması üçün enerji, təzyiq sərfiyyatı, eyni zamanda katalizatorlardan istifadə çox olur. Məlumdur ki, ammonyak həyatın müxtəlif sahələrində, sənayedə, tibdə geniş istifadə olunur. Bunun əhəmiyyətini nəzərə alaraq bu işə daha məsuliyyətlə yanaşdıq.

 Mən arzu edirəm ki, orada da layihəmiz bəyənilsin və uğur qazanaq. Qazandığım bu uğur mənə ikiqat sevinc bəxş etdi. Belə ki, bir şagird, bir fərd olaraq ABŞ-da vətənimizi təmsil edəcəyimiz üçün çox böyük fərəh hissi keçirirəm. Fikirləşəndə ki, dünyanın çox ölkələri arasında vətənimin də adı çəkiləcək, bayrağı görünəcək, onda ürəkdən sevinirəm.

Sonda bu işdə bizə şərait yaradan və köməklik edən BDU-nun rəhbərliyinə, elmi rəhbərimiz M.Ramazanov və İ.Əhmədova, liseyimizin direktoru, professor Qasım Hüseynova, müəllimlərimə öz dərin minnətdarlığımı bildirirəm.

Biz də Mustafanın arzularına qoşularaq ona uğurlar arzulayırıq. 


"Sabahın ailmləri" Respublika müsahibəsinin birincisi

Vəfa Tağıyeva 1997-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2003-cü ildə Bakı şəhəri 82 nömrəli orta məktəbin I sinfinə qəbul olan Vəfa 2007-2008-ci tədris ilində təhsilini 147 nömrəli texniki-humanitar liseydə davam etdirib. 2008-ci ildə Bakı Dövlət Universitetinin nəzdindəki "Gənc istedadlar" liseyinin VI sinfinə qəbul olub və hazırda həmin liseyin 10-cu sinfində təhsilini davam etdirir. "Gənc istedadlar" liseyində təhsil aldığı müddətdə bir çox müsabiqə və yarışlarda iştirak edən Vəfa 2009-cu ildə biologiya fənni üzrə keçirilən fənn olimpiadasında Yasamal rayonu üzrə I yerə layiq görülüb. Bundan başqa, 2010-cu ildə məktəblilər arasında keçirilən "İntellekt marafonu" yarışmasında 3-cü,  2010-cu ildə "Araz" kurslarında təşkil edilən "Bilik" yarışmasında IV qrup üzrə II yeri, 2011-ci ildə 4-cü "İntellekt" olimpiadasında sürət nominasiyasında III yeri, 2012-ci ildə daha böyük uğura imza ataraq kimya fənni üzrə Respublika olimpiadasında I yeri tutub.

2013-cü ildə "Sabahın alimləri" Respublika müsabiqəsində biologiya nominasiyasında "Gümüş nanohissəcikləri sintez edən göbələklər" adlı elmi işlə iştirak edən Vəfa Tağıyeva 1-ci yeri tutmuş və ABŞ-da keçiriləcək "İntel İSEF" yarışmasında Azərbaycan Respublikasını təmsil etmək hüququ qazanıb. Bu layihədə Vəfanın layihə rəhbəri BDU-nun mikrobiologiya kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Xudaverdi Qənbərov olmuşdur.

Vəfa Tağıyeva haqqında "Gənc istedadlar" liseyinin direktoru, professor Qasım Hüseynovun dediklərindən:  Müsabiqədə biologiya nominasiyası üzrə I yerə layiq görülmüş və ABŞ-da keçiriləcək beynəlxalq müsabiqədə respublikamızı təmsil etmək hüququ qazanmış liseyimizin X sinif şagirdi Vəfa Tağıyeva dərs əlaçısıdır. Yüksək təlim və tərbiyəsi olan Vəfa əzmkarlığı, çalışqanlığı sayəsində elmin sirlərini dərindən öyrənməyə, kimya və biologiya elmlərinə isə xüsusi maraq göstərir. Hazırda Vəfa "İntel İSEF" Beynəlxalq Elm və Mühəndislik Sərgisində qalib olmaq üçün səylə çalışır. Onu da qeyd edim ki, liseyimizin 14 şagirdi "Sabahın alimləri" II Respublika müsabiqəsinə 9 layihə təqdim etmişdir ki, həmin layihələrdən 3-ü I, 4-ü isə II yerə layiq görülüb. Müsabiqədə "Gənc istedadlar" liseyinin komandası böyük üstünlüklə qalib gəlmişdir. 


"Gənc istedadlar" liseyinin şagirdi Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək 

Nuru Nurdil 1999-cu ildə ABŞ-ın Massaçusets ştatının Boston şəhərində anadan olub. Atasının işi ilə əlaqədar müxtəlif ölkələrdə olan Nuru 2005-ci ilə qədər Fransanın paytaxtı Paris şəhərində yaşayıb. Məktəbəqədər təhsili Parisdə alan Nuru elə həmin şəhərdə də I sinfə gedib. O, 2005-ci ildən Bakıda yaşayır və  II sinfi Xəzər rayonu Mərdəkan qəsəbəsi 181 nömrəli məktəbdə, III və IV sinifləri isə Bakı şəhəri Yasamal rayonu 53 nömrəli məktəbdə alıb. V sinifdən isə təhsilini Bakı Dövlət Universitetinin nəzdindəki "Gənc istedadlar" liseyinin rus bölməsində davam etdirir. Nuru müəllimlərinin onda yaratdıqları həvəs sayəsində texniki elmlərə, xüsusən də kimya, riyaziyyat və fizika elmlərinə daha çox maraq göstərir. Bununla bağlı bir çox olimpiada və müsabiqələrdə iştirak edib. Azərbaycan, rus, fransız və ingilis dillərində sərbəst danışan Nuru Nurdil artıq respublikamızda ikinci dəfə keçirilən "Sabahın alimləri" II Respublika müsabiqəsinə kimya fənni üzrə qatılıb. "Gənc istedadlar" liseyinin X sinif şagirdi Mustafa Hacıyevlə birgə "Nanohissəciklər vasitəsi ilə azotun ammonyaka fiksasiyası" mövzusunda layihə ilə müsabiqədə iştirak edərək I yerə layiq görülüb. Münsiflər heyəti tərəfindən maraqla qarşılanan layihə ilə bu ilin may ayında ABŞ-da keçiriləcək "İntel İSEF" - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə qatılacaq.

Nuru Nurdilin dediklərindən: Məktəbimizin direktoru Qasım müəllim texniki elmlərə olan həvəsimizi görərək bizə "Sabahın alimləri" yarışması haqqında məlumat verdi və bu müsabiqəyə qatılmağa həvəsləndirdi. Qarşımıza müsabiqədə qalib gəlmək məqsədi qoyaraq layihə hazırladıq və bu layihə üzərində işləməyə başladıq. Layihə haqqında onu deyim ki, azot molekullarının fiksasiyası mexanizminin aydınlaşdırılması son yüz ilin ən aktual problemlərindən biridir və indiyə qədər tam həll edilməmişdir. Azot molekulu üçqat kimyəvi rabitə ilə birləşmiş iki azot atomlarıdır. Bu rabitələri qırmaq üçün böyük enerji tələb olunur. Azot molekullarında olan rabitələrin qırılması azotun fiksasiyası adlanır. Bu proses təbiətdə yalnız azot fiksəedici bakteriyalar tərəfindən aparılır. Kimyəvi yolla isə ilk dəfə 1913-cü ildə alman alimi Haber tərəfindən həyata keçirilmişdir. Kimyəvi yolla azotun fiksasiyası üçün 450 dərəcə temperatur, 700 atmosfer təzyiq və güclü katalizatorlar lazımdır. Adi şəraitdə isə (otaq temperaturu və ya bir qədər yüksək; normal atmosfer təzyiq) azotun fiksasiyasını indiyə qədər aparmaq mümkün olmamışdır. Nanotexnologiyanın intensiv inkişafı imkan verir ki, nanohissəciklər molekullararası rabitəni qıra bilsin. Verilmiş tədqiqat işində  nanohissəciklərin bu xüsusiyyətlərindən istifadə edərək onların sulu məhlulunda azot molekullarının fiksasiyası həyata keçirilmişdir. Bu proses normal atmosfer təzyiqi və temperaturda baş vermişdir. Azot molekullu ammonyak adi otaq temperaturunda 1 günə, 80oC-də isə bir saat ərzində sintez olunmuşdur. Ammonyak sənayedə geniş istifadə edilir. Xüsusən tibdə - naşatır spirtinin alınmasında, boya sənayesində, plastmasların, partlayıcı maddələrin və gübrələrin alınmasında geniş istifadə olunur. Hər il dünyada 500 milyon ton ammonyak gübrəsi istehsal olunur. Zavodlardan çıxan karbon qazını alıb  ammonyaka birləşdirərək ən vacib gübrələrdən biri olan karbamid adlı gübrə almaq olar. Və nəticədə nəinki asanlıqla gübrə almaq, həm də zavodların karbon qazı vasitəsi ilə havanı çirkləndirməsinin qarşısını almaq olar. Bizim bu mövzumuz münsiflər heyətinin böyük marağına səbəb oldu və I yerin qalibi olduq. 2013-cü il may ayında ABŞ-da bu mövzu ilə çıxış edəcəyik və orada da qalib olacağımıza və ölkəmizə medalla qayıdacağımıza inanırıq.  Biz Azərbaycana nəinki qızıl medalla qayıtmağa, həm də gələcəkdə ölkəmizə ilk Nobel mükafatı gətirməyi ümid edirik. Belə böyük uğur mənim gələcəkdə təhsil almaq istədiyim ali məktəblərə qəbul olmağıma da kömək ola bilər. Mənim ən böyük arzularımdan biri də ABŞ-ın Kaliforniya ştatında yerləşən Stanford Universitetinə  qəbul olmaqdır. Gələcək təhsilimi isə Boston şəhərindəki dünyanın ən böyük universitetlərindən biri olan Massaçusets Texnologiya İnstitutunda almaq istəyirəm. Bu universiteti seçməyim mühəndisliyə olan böyük həvəsimdən irəli gəlir. Bu sənəti seçməyim isə bu işin çoxlu kreativlik tələb etdiyinə görədir.  Dünyanın ən məşhur mühəndisləri sırasına düşmək və Azərbaycanı bütün dünyaya tanıtmaq əsas arzularımdan biridir. Mən mühəndisliyin bütün insanlığın inkişafında böyük rol oynadığını düşünürəm.

Biz də Nuruya bu yolda uğurlar arzulayırıq. 

Səhifəni hazırladı:
Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov