Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Fevral 2013 - №7

 

Xocalı soyqırımından 21 il ötür

 

Faciənin dəhşətləri rəqəmlərin dili ilə

 

* 613 nəfər öldürülüb (106 nəfəri qadın,

   63-ü azyaşlı uşaq, 70-i qoca)

* 8 ailə tamamilə məhv edilib

* 25 uşaq hər iki valideynini itirib

* 130 uşaq isə valideynlərindən birini itirib

* 1275 nəfər girov götürülüb

* 150 nəfər itkin düşüb

* 1000 nəfər əlil olub

 


O gecənin səkkiz aylıq şahidi 

Mən Xocalı faciəsinin ağrılarını gözündə, ürəyində gəzdirən Salatını Bakıdakı 39 nömrəli orta məktəbdə tapdım. İndi Xocalı faciəsinin ən körpə şahidini, həm də o gecənin qurbanlarından birinin övladını - 21 yaşlı Salatın Yelmar qızı  Əhmədovanın özünü  dinləyək:

- Mən 1991-ci il iyun ayının 12-də Xocalıda dünyaya göz açmışam. 26 fevral 1992-ci ildə  baş verən Xocalı faciəsi barədə mənim bildiklərim, eşitdiklərim  bunlardır: O qırğın törədiləndə, mən anamın qucağında 8 ay yarımlıq, südəmər  bir körpə olmuşam. Əslində, o faciədə  başıma gələnləri çox sonralar, yəni, səkkizinci sinifdə  bilmişəm. Aşağı siniflərdə oxuyanda  məktəbimizdə keçirilən tədbirlərdə həmişə anam da iştirak edirdi. Anamın çıxışlarında  Xocalı körpəsi Salatının başına gələnləri mən də eşitmişdim. Ancaq ağlıma da gəlməzdi ki, o Salatın mən özüməm. Sonra biləndə ki, mən o Salatınam, çox sarsıntı keçirdim. İlk vaxtlar  anamdan qaçaq düşdüm. Bir müddət xalamgildə qaldım. Heç cür anamı başa düşə bilmirdim, bağışlaya bilmirdim  ki, mənə niyə qəsd edib? İllər ötdükcə böyüdüm və anama haqq qazandırdım.

Görün bir, Allah da mənim anamın bala qatili olmağına qıymayıb. Üç gün bağlı yaylığın arasında cansız qalan bədənimə yenidən ruhumu qaytarıb. O  gecə mən südümü əmib beşiyimdə uyuyurkən, əynimdəki bir nazik körpə libasımnan anam məni qoynunda gizlədib meşəyə üz tutmuşdu! Niyə məhz meşəyə?

Çünki anam eşitmişdi ki, dünyanın ən qəddar və yırtıcı heyvanı olan yalquzaq da körpəyə toxunmur. Əksinə, onu bəsləyib saxlayır. Ancaq erməni vəhşiləri hər zaman türk çocuğunun qanına yerikləyir... Odur ki, bizi öldürməyə gələn erməni qatillərinin əlinə keçməmək üçün anam meşəyə pənah aparmışdı! Meşənin dərinliklərində anam bir dəstə Xocalı qız-gəliniylə rastlaşmışdı. Onlar da erməni əlinə keçməmək üçün meşəni seçmişdilər!  Gecə güman ki, acından və ya soyuqdan mən ağlamağa başlayanda  səsimi kəsə bilməyən anam  əlləri ilə ağzımı qapamışdı! Niyə?

Otuz-qırx nəfər qız-gəlinin erməni  qaniçənləri  tərəfindən təhqir olunmaması, öldürülməməsi naminə!

Anam öz döğma balasının həyatından niyə keçmişdi, bilirsiniz?! Çünki, ermənilərin əlinə düşsəydik, türk uşağı olduğum üçün birinci məni  süngüyə keçirəcəkdilər! Ona görə, anam mənə - özünün 8 ay yarımlıq dilsiz-ağızsız  körpə balasına qıymışdı.

Atam şəhid, anam da əlil olduğu üçün  bizi ana babam, nənəm, xalamgil böyütdülər. Nənəm Şuşadan idi, babam da Laçından. Hər ikisinin yeri- yurdu 22-23 ildi ki, erməni işğalçılarının əlindədir. Nənəm "Şuşa" deyə-deyə dünyadan köçdü.

- 2009-cu ildə məktəbi bitirib  Azərbaycan Müəllimlər İnstitutunun tarix-coğrafiya fakültəsinə daxil oldum. Tarix fakültəsini nənəmin məsləhəti ilə seçmişəm. Artıq dördüncü kurs tələbəsiyəm. Ancaq ən böyük arzum  jurnalist  təhsili almaq, adını daşıdığım Salatın kimi jurnalist olmaqdır. İnşallah, təhsilimi başa vurduqdan sonra ikinci ali təhsil almağa çalışacağam.

Məndən böyük  bacılarımın hər ikisi  müəllimdir.

İndi "Xocalıya ədalət" şüarı altında imza toplanır. Artıq ümid edirəm ki, dünya bizim haqq səsimizi tanıyacaq.

Mən istəyirəm ki, yer kürəsinin bütün ataları, bütün anaları  mənim   itirilmiş körpəliyimin üsyanını dinləsin:

Ey dünya anaları! Ey dünya ataları! Mən 8 ay 14 günlük olanda atamı- Xocalı aeroportunun mühafizə xidmətinin əməkdaşını ermənilər öldürüb. Mən 21 il əvvələ qayıtmaq, atalı böyümək istəyirəm. Ancaq bu, bir daha mümkün olan deyil.

Mən də dünyaya bir dəfə gəlmişəm və bir də gəlməyəcəyəm.

Amma bu dünyada mən heç vaxt atamla yanaşı dayana bilməyəcəyəm.

Mənim atam heç vaxt mənə baxıb gülümsəməyəcək.

Atam heç vaxt mənim başımı tumarlamayacaq.

Atam heç vaxt məni  gəzməyə aparmayacaq.

Atam heç vaxt  ad günlərimdə mənə  hədiyyə almayacaq.

Atam  heç vaxt... heç vaxt... heç vaxt  bizə  heç nə  etməyəcək. Çünki erməni qatilləri    atamı  türk olduğuna görə öldürüblər.

Ey dünyanın sülhsevər insanları!

 Məni, atamı, nənəmi, babamı, əmilərimi, bibilərimi   Allah yaratmamışdımı?!  Biz  Xocalı sakinləri, Xocalı körpələri bu sivilizasiyanın insanları deyildikmi?

Ey dünya anaları! Ermənilərin süngüyə keçirməməsi  üçün səkkiz ay on dörd günlük qızını  öz əlləri ilə boğmağa məcbur olan  anamın əbədi iztirablarını duyursunuzmu? Erməni vəhşilərinin əlindən qaçıb meşəyə sığınanda  məni də kürəyində daşıyan anamın ayaqlarının hər ikisini don vurub. Anam Əhmədova Müşkülat İsa qızı o gecə ömürlük şikəst olub. Hazırda  əlildir. Ayaqlarına görə heç harda gedib işləyə bilmir.

Ey atamı  doğrayan, öldürən qatil! Günahımız nə idi ki, məni və bacılarımı  atasız qoydun?

Niyə  dünyadakı başqa yaşıdlarımız  kimi ata çörəyi ilə, ata məhəbbəti ilə böyümək bizə qismət olmadı?!

Ey  mənim bu dünyadakı həqiqətimi tapdalayan, özünü korluğa vurub mənim kimi günahsızların faciəsini görməzdən gələn, erməni vəhşiləri tərəfindən  dünyadan nakam köçənlərimin ruhunu  təhqir edən bədxah "yazıçı", qoy bundan sonra sənin titulların, ordenin, medalın əvəzinə, şəhid olmuş azəri ruhlarının lənəti asılsın yaxandan!

 

Hazırladı: Ellada UMUDLU


 Xocalı faciəsinin qurbanları anıldı 

Astara Pedaqoji Kollecində Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlərdən biri də tələbə və müəllimlərin iştirakı ilə kollecin kitabxanasında keçirildi. Xocalı faciəsini təsvir edən xüsusi guşədə həmin müdhiş gecədə baş vermiş hadisələrin fotoxronikası əks olunmuşdu. 

Anım tədbirini giriş sözü ilə kollecin kitabxanaçısı Əminə Ərəbova açdı. O, öz çıxışında XX əsrin ən böyük faciəsi - Xocalı qırğınında baş vermiş dəhşətlər barədə ürəkağrısı ilə danışdı. Ə.Ərəbova qeyd etdi ki, "kafir ermənilər həmin o dəhşətli gecədə nə ağbirçək anaya, ağsaqqal qocaya və hətta südəmər körpəyə belə rəhm eləmədilər. Onları diri-diri süngüdən keçirdilər. Sanki bu vəhşiləri ana yox, şeytan dünyaya gətirmişdi. İllər keçəcək, əsrlər ötəcək, amma Xocalı şəhidləri unudulmayacaq. Onların qisası mütləq alınacaq!".

Sonra kitabxana müdiri Günel Rəcəbova "Xocalı soyqırımı unudulmayacaq", kollecin tarix müəllimi Möhübbət Eyvazov "Bəşəriyyətə qarşı yönəlmiş cinayət" mövzularında məruzə etdilər.

Kollecin dil-ədəbiyyat müəllimi Xalid Məmmədov və tarix müəllimi Sədaqət Səmədova çıxış edərək tələbələrə o qanlı-qadalı günlərdən, dinc əhalinin başına gətirilən müsibətlərdən danışmış və son zamanlarda düşmənin həqiqi simasının açılması istiqamətində atılan mühüm addımlardan söhbət açmışlar. Onlar xüsusilə vurğuladılar ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan "Xocalıya ədalət" beynəlxalq kampaniyasının erməni cinayətkarlarının ifşa edilməsində müstəsna əhəmiyyəti vardır. Müəllimlər son günlərin qalmaqallı mövzusu olan "Daş yuxular" adlı romanın müəllifi Ə.Naibov tərəfindən yazılmış yalan, böhtan, iftira və nifrət dolu fikirlərə öz münasibətlərini bildirmiş və birmənalı olaraq həmin cızmaqaranın erməni lobbilərinin sifarişi ilə yazıldığını bəyan etmişlər. Vurğulanıb ki, Əkrəmin "əsəri" Azərbaycan ədəbiyyatına ləkədir və onun digər əsərləri ilə yanaşı  özü də Azərbaycan ədəbiyyatından silinməlidir.  

Tələbələrdən Elza Əfruzzadə və Aytac Şirəliyeva Xocalı haqqında yazılmış şeir və bayatıları ürək yanğısı ilə söylədilər. Anım tədbiri gənclərin yaddaşından uzun müddət silinməyəcəkdir. 

Azad ABDULLAYEV 


 "Xocalı qisasa çağırır bizi" 

Ötən əsrdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş ən dəhşətli soyqırımı aktlarından biri olan Xocalı faciəsinin 21-ci ildönümü Bakıdakı 304  nömrəli tam  orta məktəbdə də geniş qeyd olundu. Bu məqsədlə fevralın 20-də məktəbin akt zalında "Xocalı qisasa çağırır bizi" adlı  anım mərasimi keçirildi.  Zal tədbirin ruhuna uyğun tərtib olunmuş, Xocalı faciəsinə həsr olunmuş kitablardan guşə yaradılmış, şamlar yandırılmış, divar qəzetləri asılmışdı.

Məktəbin tarix müəllimi Sevda Adıgözəlzadə  faciənin bütün dəhşətlərini, erməni qəsbkarlarının vəhşiliklərini, amansızlığını əks etdirən və mərasimin hər bir iştirakçısında düşmənə qarşı güclü nifrət və qəzəb hissi oyadan təsirli ədəbi-bədii kompozisiya ssenarisi hazırlamışdı.

Mərasim Dövlət himninin ifası ilə başlandı. Sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirin aparıcıları  Xəyalə, Məhərrəm,  Fatimə 21 il öncə fevralın 25-dən 26-na keçən gecə ermənilərin dinc Xocalı sakinlərinə qarşı törətdikləri vəhşiliklərdən, faciənin başvermə səbəblərindən, o vaxtkı Azərbaycan hakimiyyətinin öz vətəndaşlarının taleyinə qarşı göstərdiyi biganəlikdən danışdılar, qırğının miqyasını, nəticələrini əks etdirən kədərli statistikanı diqqətə çatdırdılar. Uşaqlar hər dəfə böyük ürəkağrısı ilə söz açdıqları faciəni soyqırımı, genosid adlandırdılar.

Məktəbin V-IX siniflərində təhsil alan istedadlı şagirdlər çıxış edərək Xocalıya, onu müdafiə edən  qəhrəmanlara həsr olunan, dinc əhaliyə tutulmuş amansız divanı, onu törədən erməniləri lənətləyən şeirlər söylədilər, səhnəciklər nümayiş etdirdilər. Hadisələrin iştirakçısı olmuş, ermənilərin zülmünə məruz qalmış, həmin dəhşətli gecədə olmazın müsibətlər çəkmiş insanların açı xatirələrinin, bayatıların şagirdlər tərəfindən söylənməsi, məsum bir qızın öz namusunu qorumaq, ermənilərin əlinə keçməməkdən ötrü onu öldürmək üçün əsgərə yalvarması, ağbirçək ananın düşmən gülləsinə tuş gəlmiş igid balasını oxşayaraq ağlaması və s. kimi səhnələr mərasim iştirakçılarına xüsusilə güclü təsir göstərdi, ürəklərdə erməni cəlladlarına qarşı nifrət hissini alovlandırdı. Xocalı hadisələri zamanı əhalinin şəhərdən çıxmasına kömək edən, şəhərə qəfil soxulmuş düşmənə qarşı mərdliklə döyüşən qəhrəmanların, faciə barədə həqiqətləri öz kamerası vasitəsilə dünyaya çatdırmağa can atan telejurnalist Çingiz Mustafayevin şəninə qoşulmuş şeirləri də məktəblilər böyük məharətlə ifa edib, həmin qəhrəmanlardan nümunə götürəcəklərini, Xocalı faciəsinin heç zaman unudulmayacağını bildirdilər. O müdhiş gecədə günahsız insanların axıdılmış qanlarının yerdə qalmayacağını, soyqırımı törədənlərin nəhayət öz cəzalarını alacaqlarına, 21 ildir ki, düşmən əsarətində qalmış Xocalının azad olunacağına inam hissini ifadə etdilər.

Məktəbin direktoru İradə Hüseynova  şagirdlərin çıxışlarını yüksək qiymətləndirib onlara baxdıqca düşmənə qalib gələcəyimizə əmin olduğunu söylədi. 

Rəşad ZİYADOV


"Atamı gözlərimin qarşısında yandırdılar"

ƏMİROVA XƏZANGÜL TƏVƏKKÜL QIZI

Təvəllüdü: 25 sentyabr 1983-cü il

Doğulduğu yer: Xocalı

"Fevralın 25-i gecə saat təxminən on birə qalmış evdən çıxdıq. Hər yandan partlayış səsi gəlirdi. Gurultudan qulaq tutulurdu. Qorxurdum. Anam balaca qardaşım Vüqarı qucağına almışdı. Atam bacım Nigarı. Mən və dörd yaşlı bacım Yeganə özümüz gedirdik. Xocalıdan çıxanda ana nənəm Əntiqə gəlib bizi tapdı.

O, anamdan qardaşım Vüqarı aldı. Atam bizi çaydan keçirdi. Meşəyə girdik. Hər yan qar idi. Üşüyürdüm. Gecə meşədə qaldıq. Səhər açıldı. Ermənilər camaatımızı qırdı. Hər tərəf meyit idi. Atam ayağından yaralandı, sonra da çiynindən. Atam meşədən qırdığı yoğun ağac budağına söykənə-söykənə gedirdi. Anam Nigarı atamdan almışdı. Dərəyə enmişdik. Oturmuşduq. Bizi ermənilər gülləyə tutdular. Anam başını əyib bacım Nigarı qucaqladı ki, güllə ona dəyməsin. Güllə anamın başından dəydi... Anam yerindəcə keçindi. Nənəm haray çəkirdi, qışqırırdı, ağlayırdı. Balaca bacılarım Yeganə, Nigar donuq-donuq baxırdılar. Anamı qucaqlayıb ağlayırdım. İstəmirdim anam orada qalsın. Atam qolumdan tutub dartdı. Anamın üstünü başına bağladığı şalla örtdü... Biz gedirdik. Hey dönüb anama baxırdım. İstəyirdim anam da gəlsin... Bir az getmişdik ki, altı yaşlı bacım Yeganəni vurdular, o da yerindəcə keçindi. O da meşədə qaldı. Sonra bilmirəm, ermənilər bizi tutdu. Bir kəndə gətirdilər. Atamı tüfəngə tuşlayıb öldürmək istəyirdilər. Erməni yaraqlısının ayağını qucaqlayıb yalvarırdım ki, anam ölüb, bacım ölüb, atamı öldürməyin. Məni itələdilər. Atamı güllə ilə vurmadılar. Sonra onu simlə ağaca sarıdılar. Dedilər: "De ki, Qarabağ Ermənistan torpağıdır!". Atam demədi. Ayaqlarına benzin töküb yandırdılar. Atamın ayaqları yananda mən də, nənəm də qışqırırdıq. Bir də dedilər: "De ki, Qarabağ Ermənistan torpağıdır! Buraxaq get, balalarını saxla". Atam yenə demədi. Bu dəfə onun  boğazından aşağı benzin tökdülər. Yandırdılar atamı...".

Qışqırırdım... Atama kömək etmək istəyirdim. Hər qolumdan bir erməni saqqallısı tutmuşdu. Onlar gülürdülər! "Türklərə göz dağı olsunlar!" deyirdilər. Orada çoxlu meyit vardı... Boyunlarına məftil bağlayıb sürüyürdülər. İnsan əzabından zövq alıb gülürdülər! Bilmirəm biz oradan necə qurtardıq. Artıq heç nə hiss etmirdim. Heç nə xatırlaya bilmirəm. Nənəm deyir ki, Milli Ordunun əsgərləri bizi qurtardı. Ağdama gəlmişdik".


 "Ölən uşaqları meşədə qoydular" 

HƏSƏNOV RAMİN QARYAĞDI OĞLU

 Təvəllüdü: 25 iyul 1981-ci il

 Doğulduğu yer: Xocalı

"Anamın dayısı Kazımgilin evinin zirzəmisində idik. Dayılarım Natiq, Yamən, Firdovsi, xalam qızı Nəzakət və başqa qohumlarımız da orada idi. Ana babam İsa gəldi ki, bəs ermənilər Xocalıya giriblər. Təxminən 11-i keçmiş olardı. Evdən çıxıb üzüaşağı yürüdük. Millət bir-birinə qarışmışdı.

Anamı, məni, dayım uşaqları Elçin, Elgiz, Mehdini dayım kürəyində çaydan keçirdi. Firdovsi dayım yaralı idi. O, fevralın  21-də Xocalını müdafiə edərkən Noraguh istiqamətindəki postda yaralanmışdı. Ona görə də bizimlə gedə bilmirdi. Dedi: "Siz qabaqda gedin. Mən gələcəm". O biri dayılarım da bizdən ayrı düşmüşdü. Hey gedirdik. Bələdçimiz yox idi. Xocalıdan 12 gün əvvəl işğal edilmiş Quşçular kəndinə gedib çıxdıq. Meşədə azmış Quşçular camaatı da bizə qoşuldu. 4-5 gün eləcə meşədə fırlandıq. 5-ci və ya 6-cı gün Şelliyə yaxınlaşdıq. Bizim dəstədə olan uşaqlardan çoxu acından, soyuqdan öldü. Ölən uşaqları meşədə qoydular. Onların üstünə ya ağac şaxları örtürdülər, ya da qarı aralayıb altına soxurdular. Yanımda bir qadına güllə dəydi. Kürəyinə uşağını şəlləmişdi. O qadının yoldaşı onun kürəyindən uşağı açıb götürdü. O qadın da orada qaldı... Bir oğlana güllə ağzından dəydi. Qan fışqırırdı. O da meşədə qaldı. Biz gedirdik. Şelli kəndinə sarı. Orada şumluq deyilən yer vardı. Çoxlu meyitlər, qarın üstündə topa-topa qırmızı ləkələr vardı. Yamən dayım artıq bizimlə idi. Burada qırğın olduğunu söylədi. Gecə idi. Şelliyə lap yaxınlaşanda, Yamən dayım atəş açdı ki, Şelli camaatı duyuq düşüb, köməyə gəlsin. Elə də oldu. Elə bil camaat bizi gözləyirmiş. Artıq tam taqətsiz idik. Şelli postuna çatanda bəlkə yarım vedrə su içdim. Beş-altı gün meşədə bir damcı da qar yeyə bilməmişdim. İstəyirdim  yeyəm, boğulurdum. Şellidə bir cavan oğlan bizi evinə apardı. Orada da xeyli çay içdim. Ancaq bir tikə yemək yeyə bilmədim. İndi də inana bilmirəm sağam. Bunu möcüzə hesab edirəm. Xocalıda - evdən çıxanda sanki güllədən yağış yağırdı. O güllələrdən biri məni tutmadı. Güllələr qulağımın dibindən, başımın üstən vıyıldayırdı. İndi də o vıyıltı məni rahat buraxmır. Xocalı dəhşətini unutmaq mümkün deyil. Dayım Firdovsi, yoldaşı Heyran, uşaqları Elçin, Eldəgizdən hələ də xəbər yoxdu... Ailənin yeganə sağ qalan üzvü Mehdidir. Bizdə yaşayır. Hər dəfə Mehdiyə baxanda anam ölüb dirilir.

Şellidən bizi səhər açılanda Ağdama gətirdilər. Vaqon "xəstəxanaların" birində yerləşdirdilər. Oranı da ermənilər atəşə tutdu. Sonra Bakıya - Semaşko xəstəxanasına gətirildik. Ayaqlarımı don vurmuşdu. Anam Rəhilənin ayaq barmaqlarını kəsdilər". 

"Güllələnmiş uşaqlıq" kitabından

 

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov