Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Fevral 2013 - №7

 

Dilimizi sevək və sevdirək!

 

"Ey türk oğulları, bir ovuc torpağımızı dünyanın var-dövlətinə, dilimizin bir sözünü ləl-cavahirata dəyişməyin".

Ş.İ.XƏTAİ 

Dünyada məhv olmaq  təhlükəsi  ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Dil hər bir millətin, xalqın varlığı deməkdir. Dünyada yüzlərlə dil mövcuddur. Doğma Azərbaycan dilimiz isə  bu dillərin sırasında ən möhtəşəmidir. Əlbəttə, hər bir dilin  özəlliyi və özünəməxsus gözəlliyi var. Bunu kimsə inkar edə bilməz. Amma vətəndaş olaraq bizim üçün Azərbaycan dilinin əvəzi yoxdur. Bu dilin cazibəsini heç bir dildə tapmaq olmaz.

Dilimizin yad təsirlərdən  qorunması, mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş M.Füzuli, Ş.İ.Xətai, M.P.Vaqif, C.Məmmədquluzadə, N.Nərimanov, M.Ə.Sabir, B.Vahabzadə, X.Ulutürk  özlərini bu dilin ən layiqli daşıyıcıları və qoruyucuları  kimi təsdiqləmişlər.

Bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına görə, millətin öz taleyinə sahibliyinə, millətin millət olaraq təsdiqinə görə "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm" deyən ümummilli lider Heydər Əliyevə minnətdar  olmalıyıq.

Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilinin  gözəl bilicisi, mahir natiq, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu gün hər bir azərbaycanlının, xüsusilə də biz müəllimlərin üzərinə böyük bir missiya düşür: Dilimizi sevmək və sevdirmək! Dilimizi göz bəbəyimiztək qoruyaraq gələcək nəsillərə ötürmək!

Çalışdığım Hacıqabul şəhər 8 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə də bu məqsədlə rəngarəng tədbirlər - "Ana dilimiz mənəvi diriliyimizdir" devizi altında ədəbi-bədii gecələr, "dəyirmi masa"lar, diskussiyalar, şeir və inşa müsabiqələri və s. keçirilir. Bu tədbirlərdə bütün məktəb kollektivi həvəs və məhəbbətlə iştirak edir, dilimizə olan böyük sevgilərini nümayış etdirməyə çalışırlar. Başqa cür ola da bilməz, çünki dilimiz mənəviyyatımızdır.

Məktəbimiz Beynəlxalq Ana Dili  Günü ilə bağlı keçirilən bütün rayon və respublika miqyaslı tədbir və müsabiqələrdə həmişə yaxından iştirak etmiş və yüksək nəticələr göstərmişdir. 2011-2012-ci dərs ilində  ana dili aylığı ilə bağlı keçirilən ədəbi-bədii gecə rayon müsabiqəsində I yerə layiq görülmüşdür. Məktəbimizin şagirdləri inşa müsabiqələrində də yüksək nəticə əldə edərək I və II yerləri tutmuş, qaliblər sırasına yüksəlmişlər.

2012-2013-cü  tədris ilində "M.F.Axundzadə Azərbaycan dramaturgiyasının banisidir" respublika inşa müsabiqəsində X sinif şagirdi Haqverdiyeva Fidan İltizam  qızı II yerə layiq görülmüşdür. Məktəbin şagirdləri Azərbaycan dili və ədəbiyyat fənləri üzrə keçirilən bilik yarışlarında, olimpiadalarda da yüksək bilik nümayiş etdirirlər. Builki tədris ilində məktəbin şagirdi Azərbaycan dili və ədəbiyyat fənni üzrə  olimpiadanın rayon turunun  qalibi olmuş və olimpiadanın respublika turunda iştirak etmək  hüququ qazanmışdır.

Məktəbdə tez-tez İKT-nin tətbiqi ilə açıq və nümunəvi dərslər keçirilir. Bu dərslərdə rayonun digər məktəblərindən gələn nümayəndələr də iştirak edir. Şagirdlər dilimizi, ədəbiyyatımızı, ənənələrimizi necə həvəslə  və böyük məhəbbətlə öyrəndiklərini və sevdiklərini nümayiş etdirirlər. Məktəbimizdə "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, ənənələrimizdir" (H.Ə.Əliyev) mövzusunda "dəyirmi masa", "Öz ana dilini bilməyən adamlar şikəst adamlardır" mövzusunda diskussiya, "Dilimiz mənəviyyatımızdır" adlı şeir müsabiqəsi  doğma dilimizə sonsuz məhəbbət və qayğının təzahürü kimi meydana çıxır. Bir Azərbaycan dili və ədəbiyyat müəllimi kimi öz fəaliyyətimdə  şagirdlərimi milli mənəvi dəyərlərimizi, xüsusilə milli varlığımızın daşıyıcısı, mənəvi pasportu sayılan dilimizi sevməyi və sevərək  qorumağı təlqin etməyə çalışıram. Böyük demokrat C.Məmmədquluzadənin aşağıdakı sözləri bu gün bu dili sevənlər üçün əsl nümunədir: "Məndən soruşsalar ki, dövlətdən, naz-nemətdən nəyin var, qürur hissi ilə deyərdim: bütün kainatı, yer üzünü təsvir və tərənnüm  etməyə qadir sözüm, ana dilim var".  

Yasəmən MƏMMƏDOVA,
Hacıqabul şəhər 8 nömrəli humanitar
fənlər təmayüllü məktəb-liseyin
Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov