Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Fevral 2013 - №7

 

Musiqi məktəbi 45 illik yubileyinə böyük uğurla gəlib

 

Ölkəmizdə musiqi təhsilinin və uşaq yaradıcılığının  inkişafı daim  diqqət mərkəzində saxlanılan sahələrdəndir. Dövlətimizin başçısının istedadlı gənclərin sosial, iqtisadi və digər problemlərinin həlli məqsədi ilə imzaladığı  sərəncamlar istedadlı gəncləri daha da həvəsləndirmiş, onların seçdikləri sahəyə olan marağını artırmışdır.

Möhtərəm Prezidentimiz  İlham Əliyevin müvafiq sərəncamları ilə yüzlərlə uşaq və yeniyetmənin adı gənc istedadların "Qızıl kitabı"na daxil edilmiş və aylıq xüsusi təqaüdə layiq görülmüşlər. İstedadlı uşaq və gənclərin dəstəklənməsi, onların yaradıcılıq imkanlarının  genişləndirilməsinə yönəldilmiş proqram və layihələrin həyata keçirilməsində  Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Yeniyetmələrin incəsənətə cəlb edilməsində və bədii-estetik tərbiyəsində, xüsusi istedada malik gənclərin üzə çıxarılmasında, onların yaradıcılıq potensialının inkişaf etdirilməsində respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin rolu böyükdür. Bu günlərdə 45 yaşını qeyd etmiş  Saatlı şəhər Bülbül adına uşaq musiqi məktəbi də belə təhsil ocaqlarındandır. Fəaliyyətə başladığı ilk illərdə məktəbdə fortepiano və tar ixtisasları üzrə 60 nəfər şagird təhsil almış, onlarla cəmi  4  nəfər müəllim məşğul  olmuşdur. 1968-ci ildə məktəbdə qarmon, 1970-ci ildə isə kamança şöbələri açılmışdır.

Musiqi məktəbi 1997-ci il  dekabr ayının   2-dən   böyük   sənətkarımız   Bülbülün adını daşıyır. Bu ad təhsil ocağına unudulmaz sənət fədaisinin 100 illik və musiqi məktəbinin 30 illik yubileyinə həsr edilmiş tədbirdə verilib.   

Hazırda məktəbdə ikinövbəli sistem üzrə xalq çalğı alətləri və fortepiano şöbələrində təhsil alan  şagirdlərin sayı 284 nəfərdir. Məktəbin direktoru   Hacı Kamal Gülüşovla söhbət zamanı öyrəndik ki, pedaqoji kollektivin və valideynlərin köməkliyi ilə  məktəbdə yardımçı sinif otağı (konsert zalı) tikilib, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində digər bir sıra əhəmiyyətli işlər görülüb. Ötən il məktəb müasir avadanlıqlarla təmin edilib, yeni musiqi alətləri və  kompüterlər alınıb və  İnternet şəbəkəsinə qoşulub.

Burada çalışan təcrübəli  müəllimlərdən Ramella İsmayılova, Tutu Mirzəyeva, Pərvanə   Həsənova, Sərvanə Qəhrəmanova, Aynurə  Əliyeva, Şəbnəm Ələkbərova, Günay Qədirova, İdayət Kazımov, Mirdamət Qiyasov, Sərhəd Muradov və  Ramiz Soltanov şagirdlərin əhatəli musiqi təhsili almaları üçün bütün bacarıqlarından istifadə edirlər.

Məktəbin şagirdləri  uşaqlar arasında keçirilən respublika müsabiqələrində fəal iştirak edərək laureat olurlar. Onlardan Səidə Veysəlova,Musa Zeynalov, Rasim Aslanov, Ravil Şıxalıyev, Elçin Əliyev, Kənan Heydərov, Könül Məmmədova, Üzeyir Ağayev, Ədalət Qanbayev, Aydın Hüseynzadə, Anar Rzayev, Allahqulu Ağayev və b. Bakı, Lənkəran, Astara, Şirvan, Göyçay, Bərdə, Kürdəmir və Yevlaxda keçirilən müsabiqələrin qalibi adını qazanmışlar.

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarı ilə "Respublika Silahlı Qüvvələrinə 2001-ci ildə mədəni-hamilik işinin təşkilində yaradıcı və səmərəli fəaliyyət göstərdiyinə gorə" məktəbin direktoru Hacı Kamal Gülüşov Fəxri fərmanla təltif olunmuşdur.

Məktəbin şagirdləri muğam müsabiqələrində də uğurla çıxış edirlər. 2006-cı ildə Astarada keçirilən uşaq muğam müsabiqəsində 247 nəfər iştirakçı arasında Saatlı şəhər Bülbül adına uşaq musiqi məktəbinin  şagirdi  Aydın Hüseynzadənin ifaçılıq məharəti diplomla qiymətləndirilmişdir. Vüsal Quliyev isə müsabiqənin  fəxri fərmanını almışdır. 2010-cu ildə Astara şəhərində keçirilən Uşaq Muğam ifaçılarının  V Respublika müsabiqəsində  məktəbin  digər şagirdi - Allahqulu Ağayev uğurla çıxış etmiş və  diploma layiq görülmüşdür. 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin Bərdə şəhərində keçirdiyi "İstedadlı uşaqlar" respublika müsabiqəsində məktəbin tar ixtisası üzrə şagirdi Anar Rzayev uğurlu çıxışına  görə diplom və hədiyyələrlə mükafatlandırılmışdır.

Nazirliyin bir il sonra  Kürdəmir şəhərində keçirdiyi  belə bir  müsabiqəsində məktəbin xanəndəlik ixtisası üzrə şagirdi Allahqulu Ağayev uğurla çıxış edərək  diplom və qiymətli hədiyyə ilə mükafatlandırılmışdır. Respublikada xor mədəniyyətinin inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində xor fənninin tədrisinin səviyyəsinin yüksəldilməsi, uşaqlarda kiçik yaşlarından xor sənətinə maraq oyadılması, xormeysterlərin yaradıcılıq  fəaliyyətinin aktivləşdirilməsi məqsədilə hər il uşaq xor kollektivlərinin respublika müsabiqələri və baxışları keçirilir. Saatlı şəhər Bülbül adına uşaq musiqi məktəbində də bu sahəyə xüsusi diqqət yetirilir.  2009-cu ildə Şirvan şəhərində keçirilən uşaq xor kollektivlərinin VI respublika müsabiqəsində məktəbin xor kollektivi fəxri fərmanla təltif edilmişdir.

Musiqi məktəbinin "Səda" ansamblı barədə ayrıca söhbət açmağa  dəyər. Bu ansambl 1998-ci ildə yaradılıb. Elə həmin ildən başlayaraq rayonun bütün qaçqın düşərgələrində, ümumtəhsil məktəblərində, Beyləqan rayonundakı N saylı hərbi hissədə, hospitalda, müharibə veteranları, geniş ictimaiyyət qarşısında, eləcə də rayonun bütün ədəbi-bədii tədbirlərində maraqlı konsert proqramları ilə  çıxışlar edir, tamaşaçıların rəğbətini qazanırlar. Məhz belə səmərəli fəaliyyətinə görə "Səda" ansamblı  Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri fərmanına layiq görülüb.

Musiqi məktəbində Azərbaycan professional vokal sənətinin banisi, böyük müğənni, pedaqoq və musiqişünas-alim,ictimai xadim, SSRİ xalq artisti, Dövlət mükafatları laureatı, professor Bülbülün anadan olmasının 115 illiyinə həsr olunmuş  təntənəli tədbir keçirilmiş və o, rayon ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilmişdir. Onu da qeyd edək ki,  uşaq musiqi məktəbində  milli mədəniyyət və incəsənətimizin görkəmli simalarının həyat və yaradıcılığına dair tədbirlər mütəmadi olaraq  keçirilir. Ölkə başçısı  İlham Əliyevin fərmanlarına  uyğun olaraq dahi sənətkarlarımız  Üzeyir  Hacıbəyli  və  Müslüm  Maqomayevin  120, Rəşid   Behbudovun 90 illik yubileyləri qeyd edilmişdir. Hazırda isə ölməz sənətkarlarımız Şövkət  Ələkbərovanın və Fikrət Əmirovun 90 illik yubileyləri ilə bağlı tədbirlər keçirilir.

Saatlı şəhər Bülbül adına uşaq musiqi məktəbinin kollektivi bütün sahələrdə yeni-yeni uğurlar əldə etmək  üçün öz işini günün tələbləri səviyyəsində qurur,  Azərbaycan mədəniyyətinin, milli musiqimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması işinə öz layiqli töhfəsini verir. 

Əliqismət BƏDƏLOV

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov