Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 mart 2013 - №8

 

Mənim doğma dilim - ana dilim!

 

Heç təsadüfi deyildir ki, hələ XV əsrdə Azərbaycanı birləşdirib qüvvətli bir dövlət yaratmış, Azərbaycan dilini də dövlət dili elan etmiş Şah İsmayıl Xətai zamanından başlayaraq Azərbaycan dilinin nüfuz dairəsi artmış, rəsmi dillər sırasında xüsusi yer tutmuş və inkişaf etmişdir. Həm Şah İsmayıl Xətai, həm də onun müasirləri çox sadə, ahəngdar bir dildə "Dəhnamə", "Nəsihətnamə" və "Leyli və Məcnun", M.P.Vaqifin qoşmaları kimi əsərlər yaradaraq bədii dilimizin möhkəm özülünü qoymuşlar.

Məhz XVI əsrdə Məhəmməd Füzuli də bu yolu davam etdirmiş, xüsusi ustalıq nəticəsində Azərbaycan sözləri və Azərbaycan dilinin qrammatik quruluşu əsasında dilimizin klassik nümunələrini yaratmışdır.

Mövzunun adından da görünür ki, söhbət dildən, dilimizin gözəlliyindən, onun musiqililiyindən, doğma dilimizin qorunub saxlanmasından gedir. Bildiyiniz kimi, Azərbaycan dili türk dilləri qrupuna daxildir. M.Ə.Rəsulzadə haqlı olaraq deyir: "gözəl ilə böyüyə - türk, gözəllik ilə böyüklüyə - türklük, gözəl və böyük sözə - türkcə, gözəllik və böyüklük diyarına - Türküstan" deyilir...".

Baxmayaraq ki, dilimiz bu qədər əzablı yollar keçib, artıq püxtələşib, o, bir sərvətə çevrilmişdir, özü də mənəvi sərvətə. Bu baxımdan M.Füzulinin Azərbaycan dilinin poeziya dili üçün çətin olduğunu deyənlərə qarşı fikrini poetik şəkildə belə ifadə edir: 

"Məndə tövfiq olsa bu düşvari asan eylərəm,

Növbahar olğac dikəndən bərgi-gül izhar olur". 

Hər il 21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. YUNESKO-nun təsis etdiyi bu günün qeyd olunmasında məqsəd dünyada dillərin  qorunub saxlanmasına diqqəti cəlb etməkdir. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir, eyni zamanda dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Bu mənada, dilimizin dövlət dili statusu qazanması, həqiqətən, qürur gətirən tarixi hadisədir. Bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına görə dilimizin mənəvi saflığı uğrunda misilsiz xidmətlər göstərmiş, "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm" deyən ümummilli lider Heydər Əlirza oğlu Əliyevə minnətdar olmalıyıq. Ona görə minnətdar olmalıyıq ki, ümummilli lider bir zamanlar öz dilində danışmağı ar bilən kəsləri, hətta rəsmi dairələrdə belə ana dilində - öz doğma dilində danışmağa məcbur etdi. Onları başa saldı ki, hər bir kəs əvvəl öz dilini incəliyinə qədər bilməli, duymalı, sevməli və sevdirməyi bacarmalıdır.

Mən özüm məktəb direktoru olmağımdan savayı, həm də filoloq, metodist alim, bir müəllim kimi gələcəyimiz olan balalarımızın dilinin saflığı, təmizliyi uğrunda mübarizə aparıram. Dünyanın ana dili uğrunda belə qətiyyətlə mübarizəyə qalxması çox mühüm əhəmiyyət kəsb etdiyindən, həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilin tələblərinə tabe olmaq, onun qayda-qanunlarına əməl etmək hər birimizin müqəddəs müəllimlik, vətəndaşlıq borcumuzdur. Dil insanın mənəvi aləminin əks-sədasıdır. Ulu Tanrının insana bəxş etdiyi ən ecazkar və qüdrətli nemətidir. Dil hər bir millətin, xalqın varlığı deməkdir. Öz doğma dilimiz olan ana dili - Azərbaycan dili isə bizim üçün mövcud olan dillərin sırasında ən möhtəşəmidir. Ona görə də dilin şirinliyi, təbiiliyi bu gün də qorunub saxlandı. Heç şübhəsiz, əgər müəllim olmasa, heç birimiz cəmiyyətdə tutduğumuz yeri tuta bilməz, fəaliyyət göstərə  və dilimizi qoruyub saxlaya bilməzdik.

Həyat göstərdi ki, Heydər Əliyev bütün ömrü boyu Azərbaycan dilinə məhz millətin taleyi kimi yanaşaraq, onu sevməklə bərabər, keşiyində mərdliklə dayandı, nüfuzunu qaldırdı, tərəqqisi üçün illərlə mübarizə apardı və istəyinə nail oldu. Dərk etdirdi ki, sözün qədrini bilmək, hər sözü yerində işlətmək, az sözlə bütöv bir fikri ifadə etmək mümkün və daha gözəldir. Necə ki, Səfəvi hökmdarı qüdrətli şair Şah İsmayıl Xətai bir qoşmasında sözün qüdrətini tərif edir, xalq arasında çox yayılmış və yerində işlənmiş hikmətli sözlərin qədrini bilməyə çağırırdı:

 Sözünü bir söyləyənin,

Sözünü edər sağ bir söz,

Pir nəfəsin dinləyənin,

Yüzünü edər ağ bir söz.

Söz vardır kəsdirər başı,

Söz vardır kəsər savaşı.

Söz vardır ağulu aşı,

Bal ilən edər yağ bir söz. 

İstər dərs prosesində, istərsə də yığıncaqlarda şagirdlərimizə çatdırıram ki, ana dili anamızın dili, müqəddəs varlığımızın dilidir. Bu dildə yazılmış gözəl əsərlərimizi oxuyun, mütaliə edin, öyrənin. Ana dilindən bəhs edən əsər həmişə müasirdir. Ana dilimizi lazımsız söz axınlarından qorumaq lazımdır. Ulu öndər Heydər Əliyevin sözlərini onların yadına salıram, "Musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini  təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz, Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar da olmaz, musiqi də olmaz". Bütün bunları qoruyub göz bəbəyi kimi saxlamaq, yadlara verməmək, öz milli adət-ənənələrimizi yaşatmaq şagirdlərin üzərinə düşür.

Azərbaycan dilinin ahəngdarlığı, poetik vüsəti təkcə azərbaycanlılar tərəfindən deyil, qədirbilən digər xalqlar tərəfindən də yüksək qiymətləndirilir. Məsələn, gürcü şairi Georqi Leonidzenin Səməd Vurğun poeziyası haqqında dediyi sözləri xatırlamaq kifayətdir:

"Səməd Vurğun Azərbaycan Sovet poeziyasının balı və südü, duzu və çörəyidir, öz xalqının canlı təcəssümüdür. Onun parlaq, qüdrətli istedadı önündə baş əyirəm. Səməd Vurğunun adı bizim hamımıza yaxın və əzizdir. Onun poeziyasının sönməz şəfəqi Azərbaycan və gürcü xalqlarının nəhayətsiz dostluğu yolunda əbədi şölə saçacaqdır".

Bu sözlər Səməd Vurğunun poetik dilinə - Azərbaycan dilinə verilmiş yüksək qiymətdir. Bu yüksək qiyməti saxlamaq isə bizim mənəvi borcumuzdur.

Azərbaycan dili dövlətçiliyin əsas rəmzi kimi qiymətləndirildiyindəndir ki, bu qədər qərarlar, sərəncamlar verilir. Biz də dilimizin keşiyində mətin durmalı, iri addımlarla Azərbaycanımız naminə irəli getməliyik. 

Elmira İSMAYILOVA,
275 nömrəli tam orta məktəbin  direktoru,   pedaqogika üzrə fəlsəfə doktoru

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov