Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 mart 2013 - №8

 

"Bu qan yerdə qalmayacaq..."

 

Fevralın 25-də Bakıdakı 86 nömrəli tam orta məktəbdə əsrin faciəsi hesab olunan  Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar "Bu qan yerdə  qalmayacaq, Xocalı" adlı tədbir keçirildi. Qonaqlar şagirdlərin  Xocalı faciəsinə həsr olunmuş  əl işlərindən ibarət rəsm sərgisi ilə tanış oldular.

Əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni tədbir iştirakçıları tərəfindən ifa olundu. Üzeyir Hacıbəylinin "Koroğlu" uvertürasının sədaları altında üçrəngli Dövlət bayrağı səhnəyə gətirildi. Aparıcılar Xocalı soyqırımının dəhşətləri haqqında tədbir iştirakçılarına məlumat verdilər.

 Tədbirdə iştirak edən Xocalı sakini, şair Əlamdar Quluzadə xalqımızın başına gətirilən müsibətlərdən ürəkağrısı ilə danışdı. Bildirdi ki, fevralın 25-dən 26-na keçən gecə Xocalı sanki nəhəng bir tonqala bənzəyirdi. Təpədən dırnağa qədər silahlanmış erməni qəsbkarları Xocalıda insanlığa qarşı ən ağır cinayətlərdən birini həyata keçirdilər.

Düşmən dinc əhalini öldürməklə, məhv etməklə kifayətlənməyib onların meyitlərini də təhqir etdi. Ağdam məscidinə gətirilən meyitlərin üzü-gözü tanınmaz hala düşmüş, çoxlarının başı kəsilmiş, dərisi soyulmuşdu. Atamın cəsədi onların içində idi. Həmin səhnələr hələ də gözümün önündədir və yəqin ki, ömrümün sonunadək gözümün önündən getməyəcək. 

Şagirdlərdən Gülüstan, Nərmin, Orxan, Fərid, Aytac, Mehman Xocalıya həsr olunmuş şeirlər söylədilər, mahnılar oxudular, bayatılar, ağılar dedilər, Xocalı faciəsini əks etdirən səhnəciklər göstərdilər.  Məktəbin direktoru Almaz Əzizova  Xocalı qətliamından ürəkağrısı ilə danışaraq bildirdi ki, vətənimizi murdar ermənilərdən təmizləməyə qadir olan qüdrətli ordumuz, uzaqgörən rəhbərimiz var.  Direktor məktəbdə keçirilən Xocalı həftəsi müsabiqəsində "Ən yaxşı rəsm" nominasiyası üzrə birinci yerə çıxmış VI "c" sinif şagirdi Nərminə Qurbanovanı diplomla təltif etdi. 

Sonda Milli Qəhrəman Çingiz Mustafayevin ağlaya-ağlaya, ürəkağrısı ilə  lentə aldığı film nümayiş olundu.    

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov