Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 mart 2013 - №8

 

Kvant saatları zəlzələnin qarşısını ala bilər

 

69 yaşlı fransalı nobelçi alimin kəşfi bundan xəbər verir 

2012-ci ilin oktyabrında Nobel mükafatı komitəsi dünyanın ali elm mükafatına layiq görülmüş tədqiqatçı alimlərin adlarını açıqlayanda Fransanın fizika sahəsində  ən görkəmli alimlərindən olan Serj Aroşun sevincinin hədd-hüdudu yox  idi. Stohkolmda başlamış Nobel həftəliyi çərçivəsində namizədlərin adları son ana qədər gizlin saxlanılır. 2012-ci il üzrə fizika sahəsində Nobel mükafatına layiq görülə biləcək laureatlar arasında daha çox kainatda Böyük partlayış nəzəriyyəsinin müəlliflərindən biri professor Brayan Koks, kvant teleportasiyası protokolunu hazırlamış amerikalılar Çarlz Bennet, Uilyam Uotters və kanadalı Cidd Brassardın adları göstərilirdi.   Lakin son anda Nobel komitəsi kvant sistemləri ilə manipulyasiya sistemlərinin intensivləşdirilməsi sahəsində apardıqları  işlərə görə Serj Aroş və onun amerikalı həmkarı  Devid Uaylendin adlarını çəkib. Serj Aroş Fransanın ən görkəmli fiziklərindən biridir. 69 yaşlı alim həyatının 50 ilini kvant fizikasına həsr edib. O, hazırda Fransa Kollecinin professoru və rəhbəridir.   

Uşaqlıq illəri 

Serj Aroş 1944-cü il sentyabrın 11-də  Mərakeşin Kasablanka şəhərində  yəhudi ailəsində anadan olub. Atası Alber Aroş vəkil işləyib. O, İkinci Dünya müharibəsi illərində Çexoslovakiyada və Fransada Müqavimət hərəkatında iştirak edib və Fəxri legion ordeni ilə təltif olunub.     Anası odessalı Valentina Aroş (Valentina Rublyova) müəllim olub.  Onun babası və nənəsi İssak və Ester Aroş Ümumdünya Yəhudi Məktəbinə (Ecole de lTAlliance Israelite) rəhbərlik ediblər. Ana tərəfdən babası və nənəsi Aleksandr Rublyov və Sofya Fromşteyn 1920-ci illərin əvvəllərində Sovet İttifaqını tərk edərək Fransada məskunlaşıblar. Aleksandr Rublyov 1921-ci ildə indiki Odessa Milli Tibb Universitetini və 1928-ci ildə Paris Tropik Tibb Məktəbini bitirib. ABŞ-ın Massaçusets və Nyu-York şəhərlərində həkim işləyib. 1958-ci ildə Kolumbiya Universitetinin səhiyyə məktəbini bitirib. Daha sonra isə Mərakeşə köçüblər.  Serj Aroş Mərakeşdə anadan olub və 12 yaşa qədər burada yaşayıb. Serj Aroş hələ uşaqlıqdan fizika və riyaziyyata meyil edib. Xüsusən də tətbiqi riyaziyyat, fizika və təbiət hadisələrini öyrənməyə can atıb. 

Mərakeşin müstəqillik əldə etməsindən sonra ailə Parisə köçüb. "Kasablankada anadan olmağımın mənim şəxsiyyət və alim kimi formalaşmağıma  hər hansı təsir göstərdiyini düşünmürəm. Mən fransız mədəniyyətinə mənsub insan kimi formalaşmışam, təhsilimi Fransada almışam. Məhz bu amillər mənə başlıca təsir göstərib",- deyə alim bildirir.

 "Müəllim sarıdan mənim bəxtim gətirdi"  

Serj Aroş 1963-cü ildə Politexnik Məktəbə qəbul imtahanlarında birinci,  Paris Ali Normal Məktəbinə qəbulda isə üçüncü yeri tutub. Gənc Aroş elə həmin il həyatını elmə həsr etmək istədiyini  bildirib və  Ali Normal Məktəbini (ENS) seçib. Qeyd edək ki, əsası 1794-cü ildə qoyulmuş bu məktəb ölkənin ən iri elmi-tədqiqat mərkəzidir. Burada  35 laboratoriya fəaliyyət göstərir. Məktəbin məzunları arasında 8 Nobel mükafatı laureatı və 10 Filds mükafatı laureatı (riyaziyyat üzrə "Nobel mükafatı") var.      

S.Aroş 1971-ci ildə Pyer və Mariya Küri Universitetində sonralar (1997-ci il) Nobel mükafatına layiq görülmüş Klod Koen-Tannucinin elmi rəhbərliyi altında dissertasiya müdafiə edib. "Müəllim sarıdan mənim bəxtim gətirdi. Tannucinin  fizika, xüsusən də optikaya olan ehtiraslı münasibəti mənə də sirayət etmişdi.  O, mənim ilk elmi rəhbərim idi və kvant fizikası və kvant optikası sahəsində elmi karyerama görə ona borcluyam", -deyə Aroş bildirir.  S.Aroş 1967-1975-ci illərdə Milli Elmi Tədqiqatlar Mərkəzində (CNRS) işləyib. Daha sonra isə bir il ərzində Stenford Universitetində (ABŞ) professor Artur Şavlovun qrupunda təcrübə keçib. 1975-ci ildə S.Aroş Pyer və Mari Küri Universitetinin professoru təyin olunub. 1974-1984-cü illərdə Paris Politexnik Məktəbində dərs deyib. 1994-2000-ci illərdə Ali Normal Məktəbində fizika şöbəsinə rəhbərlik edib. 2001-ci ildən Fransa Kollecində  (College de France) kvant mexanikası kafedrasına rəhbərlik edən professor S.Aroş 2012-ci ilin sentyabrından kollecin rəhbəridir. Serj Aroş Fransa, Avropa və Amerika Fizika cəmiyyətlərinin üzvüdür.  Dostları və əməkdaşları Aroşu görkəmli tədqiqatçı, öz yaradıcılıq potensialı ilə tanınan alim kimi tanıyırlar. Serj Aroş hazırda Fransa  Kollecinin və Paris Ali Normal Məktəbinin  professorudur. Stenford, Harvard universitetlərində, Massaçusets Texnologiya İnstitutunda çalışıb. Alim 2009-cu ildə Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin qızıl medalını alıb. 1996-cı ildə Aroş və onun həmkarları kvant dekogenerasiyası üzrə unikal eksperimental müşahidə aparmışlar.   

Albert Eynşteynin arzularını yerinə yetirən alim 

Serj Aroşun tədqiq etdiyi sahə hələ ötən əsrin əvvəllərində dahi fiziklər Albert Eynşteyn və Nils Bor arasında uzunmüddətli  müzakirələr mövzusu olub. Kvant sistemlərinin manipulyasiyasını hələ Eynşteyn çox arzulayırdı. "Bizi materiyanın ən kiçik, təcrid edə biləcəyimiz  hissəcikləri arasında qarşılıqlı təsir  və işığın ən kiçik hissəciyi - fotonlar maraqlandırır. Atom işıqlananda özündən foton buraxır və o, işıq sürəti ilə hərəkət edir. Bu fotonu təcrid etmək üçün isə onu ayrıca, Albert Eynşteynin dediyi kimi, "foton qutusu"nda bağlamaq lazımdır. Bu təcrid olunmuş məkanda isə özündən foton buraxmış atomlarla kvant fizikası qanunlarına tabe olan  "oyun" başlayır. Beləliklə də laboratoriya tədqiqatlarında biz Albert Eynşteyn və Nils Borun ötən əsrin 20-30-cu illərində diskussiya apardıqları məşhur nəzəri eksperimeti həyata keçirmişik". Texniki nöqteyi-nəzərdən Albert Eynşteyn dönəmində mümkün olmayan bu məsələ Serj Aroşun tədqiqatlarında öz həllini tapa bilib.

Serj Aroş ona dünya şöhrəti qazandırmış elmi işləri üzərində 20 il işləyib. Ali Normal Məktəbdə  və ölkənin ən qabaqcıl elmi-tədqiqat mərkəzlərində çalışan gənc mütəxəssislərin səyləri nəticəsində fotonlar üzərində aparılan eksperimentlər müsbət nəticə verib.  "Fundamental tədqiqatlar qısa zaman ərzində başa çatdırıla bilməz, bu sahə sürətin daha çox əhəmiyyət kəsb etdiyi sahə deyil. Burada əhəmiyyətli faktor zamandır",- deyə Aroş bildirir.    

Elmdə inqilabi tərəqqi 

2012-ci il oktyabrın 9-da Nobel mükafatları komitəsi fizika sahəsində ali mükafatın fransız alimi Serj Aroş və amerikalı fizik Devid  Uaylendə təqdim olunduğunu xəbər verib. Nobel komitəsi alimlərin bir-birindən xəbərsiz apardıqları işləri elmdə inqilabi tərəqqi kimi qiymətləndirib. Onlar kvant sistemlərinin ölçülməsinə və manipulyasiyasına imkan verən qabaqcıl eksperimental metodların kəşfinə və kvant hissəciklərinin işıq şüası və cismlə qarşılıqlı təsirinin öyrənilməsi, ölçülməsi və hesablanması, kvant optikası sahəsinə aid olan elmi işləri və məqalələrinə görə layiq görülüblər.  Alimlər ayrı-ayrı hissəciklərin kvant-mexaniki xassələrini saxlamaqla onların ölçülməsi və manipulyasiyası üzrə metodları işləyib hazırlayıblar.   Bu metodların kəşfi əvvəllər mümkünsüz hesab edilirdi. Alimlər kvant fizikası üzrə aparılan eksperimentlərin yeni dövrünün başlanğıcını qoyublar.  İsveç  Kral Akademiyası bildirib ki, alimlərin elmi işləri kvant sistemlərinin ölçülərini aparmağa  və tətbiq etməyə imkan verib. Alimlərin tədqiqatları  kvant fizikasına əsaslanan yeni növ super sürətli kompüterlərin yaradılmasına yol açır. Bu sahədə aparılmış elmi araşdırmalar atom saatından daha dəqiq işləyə biləcək kvant saatının yaradılması və yeni, daha dəqiq vaxt standartlarına keçidin təmin edilməsinə şərait yaradacaq. "Onların tədqiqatları fizikanın koqerentlik kimi bir sıra baza məsələlərinə cavab verməyə imkan verib. Dünyada ən dəqiq saatlar bu laureatların işləri  nəticəsində yaradılıb, gələcəkdə isə  bu prinsiplər əsasında kvant kompüterlərinin yaradılması mümkün olacaq, onların sürəti hazırkı bütün hesablama maşınlarının sürətindən ölçüyəgəlməz dərəcədə böyük olacaq. Serj Aroş və Devid Uaylend bir-birlərindən fərqli olaraq ayrı-ayrı hissəciklərin öyrənilməsi metodunu işləmiş və inkişaf etdirmişlər. Onlar hissəciklərin mexaniki-kvant təbiətini qoruyub saxlamışlar. Bu isə əvvəllər bir qayda olaraq qeyri-mümkün hesab olunub. Onlar kvant fizikasında yeni eksperimentlər erasını açmışlar. Alimlər fərdi kvant hissəçiklərini  dağıtmadan onların müşahidə olunmasının birbaşa metodunu təklif etmişlər.  Məktəbdə bizə öyrədirlər ki, kvant hissəcikləri ikili korpuskulyar-dalğa təbiətinə malikdir və kvant dünyasında klassik mexanikanın qanunları işləmir, koqerent metodlar tətbiq olunmalıdır. Lakin ayrı-ayrı hissəcikləri ətraf mühitdən asanlıqla ayırmaq mümkün deyil, onlar xarici aləmlə təmasda olduqda özlərinin "sirli" kvant xassələrini itirirlər. Buna görə də kvant fizikasının əvvəlcədən xəbər verdiyi bir sıra anomal hadisələri birbaşa müşahidə etmək mümkün olmayıb və tədqiqatçılar  dolayı eksperimentlər seçməli olublar ki, bunlar da qabaqcadan söylənmiş nəzəri fərziyyələri təsdiq edib. Alimlər hədsiz dərəcədə qeyri-davamlı kvant vəziyyətlərinə nəzarət edə və ölçməyə imkan verən orijinal metodlar düşünüb tapmağa   nail ola biliblər ki, onları tapmaq son vaxtlara qədər tamamilə qeyri-mümkün hesab olunub. Bir-birindən ayrılıqda aparılmış  tədqiqat işlərini birləşdirən ümumi cəhətlər çoxdur. Devid Uaylend yüklənmiş atomları (ionları) "tələyə" salıb, onları işıq, başqa sözlə, foton vasitəsi ilə idarə etməklə ölçmələr aparıb. Serj Aroş əks yolu seçib. O, tədqiqat obyekti kimi fotonları seçib.  Hər iki alim kvant optikası sahəsində işləyir, işıq  və materiya arasında fundamental qarşılıqlı təsirləri öyrənməklə məşğuldurlar. Bu sahə 1980-ci illərin ortalarından gur inkişaf edir. Onların novator metodları kvant optikası sahəsində işləyən bütün alimlərə fövqəlsürətli kompüterlərin -  kvant kompüterlərinin yeni tipininin yaradılması istiqamətində ilk addımlar atmağa imkan verir.  Kvant kompüterləri artıq bu yüzillikdə bizim gündəlik həyatımızı ötən yüz ildə istifadəyə verilmiş adi kompüterlər kimi kökündən dəyişəcək. Onların işlərinin daha bir nəticəsi fövqəldəqiq saatların yaradılmasıdır ki, bu saatlar gələcəkdə yeni zaman standartının əsası ola bilər. Onlar bugünkü müasir sezium saatlarından yüz dəfədən artıq dəqiqdir".  

"Xoş xəbərdən az qala yıxılacaqdım..." 

O, bütün həyatını elmə həsr edib. Hələ Ali Normal Məktəbin məzunu olanda  19 yaşlı Serj ilk müsahibələrində laboratoriyada işləmək və elmi prosesə birbaşa təsir göstərmək arzusunda olduğunu bildirmişdi. 49 il aradan sonra  Nobel mükafatı alan Aroş baş verənlərə inana bilmirdi.

Serj Aroşa Nobel mükafatına layiq görülməsi barədə xəbəri birbaşa Nobel mətbuat konfransından telefonla bildirmişdilər. Alimə xəbər veriblər ki, cəmi 20 dəqiqə qabaq  o,  ali mükafata layiq görülüb.  "Mən xoşbəxtəm. 20 dəqiqə əvvəl mənə dedilər ki, Nobel mükafatı almışam.  Mən arvadımla küçədə gəzişirdim və birdən telefonuma zəng gəldiyini gördüm. Mən koda görə (*46*) zəngin İsveçdən gəldiyini gördüm və hər şeyi anladım.  Xəbəri alanda mən o qədər təəccüb etdim ki..  Bu demək olar ki, inanılmazdır. Mən  dərhal uşaqlarıma və həmkarlarıma (onların köməyi olmadan bu mükafatı ala bilməzdim) zəng etdim. Həmkarlarımdan biri universitetdə mühazirə oxuyurdu və mənə bu məzmunda SMS göndərmişdi: "Danışa bilmirəm, mühazirəni qurtaran kimi zəng edəcəm". Mən isə ona "Nə danışırsan,  burax hər şeyi, dərhal zəng elə" dedim. Mənim bəxtim gətirib, xoş xəbərdən özümü itirmişdim, az qala yıxılacaqdım. Yaxınlıqdakı oturacağın yanından keçirdim, buna görə də oturmağa imkan tapdım", - deyə Aroş Nobel mükafatları komitəsinin rəsmi saytına verdiyi ilk müsahibədə xatırlayır.

"Nobel mükafatı alacağınızı düşünürdünüzmü" sualına cavabında alim "Bir çox insanlar mükafata layiqdirlər və buna görə də mükafatı almaq imkanı çox azdır. Mən mümkün qədər  bunu gözləməməyə, xüsusi olaraq bu barədə düşünməməyə çalışırdım. Bundan əlavə, mükafatı bu il almağı gözləmirdim. Mən çox şadam ki, mükafat eyni zamanda Devid Uaylendə təsis olunub, o, çox gözəl alimdir".  

"Kiçik dünyada yeni dünya" 

Serj Aroşun Nobel mükafatına layiq görülməsi 3 ölkədə - Fransa, Mərakeş və İsraildə böyük sevinclə qarşılanıb. Hər 3 ölkə Serj Aroşla fəxr edir.  Fransa prezidenti Fransua Ollandın təbrik məktubunda bildirilirdi: "Serj Aroş işlədiyi bütün xarici və fransız təşkilatlarında - CNRC, Pyer və Mari Kürü Universitetində, Paris Ali Normal Məktəbində, Politexnik Məktəb və Fransa Kollecində   apardığı gözəl elmi təcrübələrlə güclü nəzəri fərziyyələri birləşdirə bilib.  Bu, bizim ölkə üçün fəxrdir və bütün fransız elmini məmnun edir".   Fransanın ali təhsil və elm naziri Jenevyev Fıorazonun sözlərinə görə, "bizim artıq son illərdə fizika üzrə 3 Nobel mükafatımız var. Təbiidir ki, bizim elmlə fəxr etmək lazımdır".  Geteborq Ali Texniki İnstitutunun eksperimental fizika professoru Eva Uolsonbu qənaətdədir ki, Serj Aroş və Devid Uaylendin işləri "kiçik dünyada yeni dünya" açır. Onların hazırladıqları yeni metodlar ayrı-ayrı kvant sistemlərini ölçməyə və idarə etməyə imkan verir. Alimlər Aroşun işini fantastik hesab edirlər.  Bir çoxları Aroşun yüksək elmi mükafata layiq görüldüyü elmi kəşfi ötən əsrin əvvəllərində fizika sahəsində qeydə alınmış möhtəşəm kəşflərlə müqayisə edirlər. Serj Aroşun bu tədqiqat işinin ciddi nəticələri barədə alimlər hələ 1990-cı illərdə danışırdılar. Bu kəşfin tətbiqinin olduqca böyük gələcəyi var.  Bu kəşf   kvant kompüterlərinin yaranmasına gətirib çıxara bilər, onlar öz gücünə görə bu gün istifadə etdiyimiz kompüterləri milyon dəfə üstələyir.    

"Gələcəyin kvant kompüterləri" 

Serj Aroş bütün həyatı boyu sadə kvant sistemləri ilə məşğul olub. Gələcəyin kvant kömpüterləri  bu kəşflə bağlıdır. Bu kəşf sayəsində dünyada ən dəqiq, ifrat dəqiq saatlar yaradıla bilər. Bu saatlar, ilk növbədə, kosmik aparatların, intellekt enerji şəbəkələrin, avtomatik idarəetmə sisteminin işini və onların  təhlükəsizliyini təmin edə bilər. Bütün naviqasiya sistemləri prinsip etibarı ilə bu dəqiq saatlar olmadan işləyə bilməz. 69 yaşlı alim kvant optikası və atom fizikası sahəsində mütəxəssis hesab olunur. Onun pioner işləri hazırda mikroskopik aləmdə tətbiq olunan kvant mexanikasının bəzi postulatlarının eksperimental öyrənilməsinə və izahına yol açıb.

"Kvant kompüterləri nə vaxt yaradılacaq" sualına cavab verən Serj Aroş qeyd edir ki, bunu dəqiq söyləmək hələlik mümkün deyil. "Hələlik bizi hissəciklər səviyyəsində bu işin necə olması maraqlandırır. Biz bu imkanları araşdırırq. İlk növbədə kvant kompüterlərinin yaradılması istiqamətində bir sıra problemləri  həll etməliyik. Mənim bütün diqqətim əsasən nəzəri tədqiqatlara cəlb olunub, məsələnin praktiki tətbiqi mənim üçün ən vacib faktor olmayıb".

Alim qeyd edir ki, kvant sistemlərindən istifadə olunması mürəkkəb məsələdir. Fiziklər onlar haqqında çox şeylər öyrənməlidirlər. Ola bilsin ki, onlar kompüter yox, kvant stimulyatorları, hansısa kvant kommunikasiyaları olacaq. "Fövqəldəqiq saatlar nə vaxt hazırlanacaq və harada tətbiq olunacaq" sualına cavab olaraq alim bildirib ki, hazırda əməkdaşları ilə bu məsələ üzərində çalışırlar.  "Bu fövqəldəqiq saatların tətbiqinin bir çox variantları mövcuddur. Onların köməyi ilə qravitasiya, qravitasiya sahəsini ölçmək, zəlzələlərin qarşısını almaq olar. Onlardan istifadə etməklə  fundamental fizikanın bir sıra problemli məsələlərini öyrənmək, nisbilik nəzəriyyəsinin yoxlanılması,  digər izaholunmamış  bir çox vəziyyətləri izah etmək olar.  Bundan başqa onları kosmosda, məsələn, beynəlxalq kosmik stansiyalarda aparılan eksperimetlərdə tətbiq etmək olar". 

Superkompüterlərə doğru 

Serj Aroşun tədqiqatları və novator metodları kvant optikası sahəsində işləyən alimlərə kvant zərrəciklərinin xüsusiyyətləri əsasında işləyən yeni  supersürətli kompüterlər yaratmağa imkan verir. Gələcəyin kompüteri hesab olunan kvant kompüteri adi alqoritmlərlə işləyən indiki kompüterlərdən fərqli olaraq kvant təbiətinin xüsusiyyətləri əsasında inanılmaz sürətlə işləyəcək. Alimlər kvant kompüterləri dedikdə, klassik mexanika deyil,  kvant əsasında işləyən qurğunu nəzərdə tuturlar. Kvant kompüterləri XXI əsrdə bizim bütün gündəlik həyatımızı dəyişəcək. Bu cür kompüterlər "kubit"lərlə ("kubit" - kvant informasiya vahidi) əməliyyatlar aparmalıdır. Nəzəri olaraq bu cür kompüter bir anda təxminən milyon hesablama həyata keçirməlidir, klassik qurğu isə yalnız bir əməliyyat apara bilər. Bu o deməkdir ki,  kvant kompüterinin potensial hesablama gücü klassik kompüterdən təxminən  milyonlarla dəfə böyükdür.  Bu astronomik ədədi yaxşı dərk etmək üçün bu cür müqayisə aparırlar: hesablama üçün yaradılan kvant kompüterinə bərabər olan adi kompüter kainatın ölçüsündə olmalıdır. Nəzəriyyəyə görə, kvant kompüteri diskret optimallaşdırma sahəsində vəzifələri effektiv surətdə həll edə bilər. Binar məntiqə əsaslanan adi kompüterlər isə buna qabil deyil. Bu nəqliyyatın marşrutlaşdırılması, maliyyə risklərinin təhlili, şəkillərin tanınması, təsvirlərin çeşidlənməsi və s. ola bilər. Bu vaxta qədər tədqiqatçı qrupların bir çoxu sırf elmi qiyməti olan laboratoriya sistemləri əldə edə biliblər və mütəxəssislər təqdim olunmuş bu cür bir neçə sistemin koqerent kvant effektləri nümayiş etdirməsinə baxmayaraq onları  əsil kvant kompüteri adlandırmağa  əmin deyillər. Bu cür kompüterlər elə hesablamalar və ölçmələr apara bilər ki, bunlar müasir elementar baza şəraitində mümkün deyil. Buna görə də hazırda bütün dünyada onlarca elmi tədqiqat mərkəzləri arasında kvant kompüterlərinin yaradılmasının texnologiyalarını daha tez əldə etmək uğrunda əsil mübarizə başlayıb. Bu sahədə ən mühüm, prinsipial kəşf isə Serj Aroş və onun amerikalı həmkarı Devid Uaylendə məxsusdur. Onların  kəşfinin praktik tətbiqinə gəlincə, alimlər artıq dünyaya optik saatlar - bu vaxta qədər nə vaxtsa mövcud olmuş ən dəqiq saatlar hədiyyə ediblər. İki ion müasir sezium  saatlarından 100 dəfə dəqiq vaxt hesablaya bilir.

Avropa Elmlər Akademiyasının həqiqi üzvü, Amerika Elmlər Akademiyasının müxbir üzvü olan Serj Aroş fundamental tədqiqatların tərəfdarıdır. O, gənc tədqiqatçılara hərtərəfli dəstək göstərilməsi uğrunda çıxış edir. "Müasir elm sistemi yenidən gözdən keçirilməlidir, köhnəlmiş strukturlar gənc tədqiqatçıların fəaliyyətini çətinləşdirir və onları elmlə məşğul olmağa motivləşdirə bilmir. Fransa sistemi dünya tendensiyalarından geridə qalır. Nobel mükafatı alana qədər bizim gənc istedadlı alimlərimiz üçün yeni elmi mərkəzin açılması barədə ideyamız var idi, ümid edirəm ki, bu işlər bundan sonra daha sürətlə  gedəcək",-deyə Serj Aroş bildirir.  

Hazırladı:  Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov