Müasir dövrdə müstəqil Azərbaycan öz tarixinin
hərtərəfli inkişafı dövrünü keçirir. Bütün bunlar ulu
öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş
inkişaf strategiyasının nəticəsidir. Bu strategiya
hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla
həyata keçirilir.
Ölkəmizdə elm, təhsil sahələrinin də inkişafına xüsusi
əhəmiyyət verilir, neft kapitalının insan kapitalına
çevrilməsi sahəsində qlobal işlər həyata keçirilir, yeni
uşaq bağçaları, məktəblər tikilir, ən müasir avadanlıq
və cihazlarla təchiz edilir. İKT-nin bütün son
nailiyyətləri təhsilə tətbiq edilir, yeni elm və təhsil
layihələri həyata keçirilir. Bütün bunlar müasir
Azərbaycan təhsilinin qarşısında yeni perspektivlər
açır, təhsil işçilərindən gənclərin tərbiyəsində daha
diqqətli və məsuliyyətli olmağı, ailə və ictimaiyyətlə
daha sıx əlaqəli işləməyi tələb edir.
Həmişə olduğu kimi, müasir dövrdə də gənclərin tərbiyəsi
dövlət və cəmiyyət qarşısında duran mühüm və əsas
vəzifələrdəndir. Çünki Vətənin, torpağın, ölkənin
gələcəyi, inkişafı, gənclərdən asılıdır. Ona görə də
gənclərin tərbiyəsində, gələcəyimizin etibarlı olmasında
dövlətin qayğısı ilə məktəb, ailə və ictimaiyyətin birgə
işi aparıcı rol oynamalıdır. Dünya ölkələri ilə
əlaqələrin genişlənməsi, elmi-texniki inkişafın yüksək
səviyyəsi, sosial şəbəkələrin daha da təkmilləşməsi,
müasirləşməsi və mürəkkəbləşməsi şəraitində bəzən
"pedaqoji üçbucaq" adlandırılan bu "mexanizm" çox dəqiq
və incə pedaqoji ustalıqla fəaliyyət göstərməlidir.
Yeniyetmə günün çox hissəsini evdə keçirir, adı məişət
məsələlərinin iştirakçısı olur, qohumlarla,
valideynlərlə, onları əhatə edən müxtəlif xarakterli
adamlarla təmasda olur. Bu isə insan tərbiyəsinin
formalaşmasında mühüm rol oynayır. Ona görə də
valideynlərin pedaqoji maariflənməsi çox vacibdir. Bu
məsələdə məktəb və müəllimlər mümkün olan bütün yollarla
ailə ilə əlaqə saxlamalı, şagirdin təhsil və psixoloji
vəziyyətindəki dəyişikliklərə diqqətli və həssas olmalı,
onlarla dərhal maraqlanmalı, eləcə də valideynlər belə
hallara mütləq reaksiya verməlidirlər.
Tərbiyədə üçüncü tərəf cəmiyyət, küçə, məhəllə, həmin
ərazidə yerləşən müxtəlif əyləncə mərkəzləri, ictimai
yerlərdir. Belə yerləri şərti olaraq iki hissəyə ayırmaq
olar:
1. Dövlət tərəfindən yaradılmış, həm tərbiyəedici, həm
təhsil verən, peşəyönümlü uşaq yaradıcılıq birlikləri,
müxtəlif dərnəklər, idman və sağlamlıq mərkəzləri.
2. Biznes xarakterli, qazanc məqsədi ilə yaradılmış
əyləncə mərkəzləri. Belə mərkəzlərin fəaliyyəti bəzən
mənfi xarakterli olduğundan yeniyetmələrin belə yerlərə
cəlb olunmasına imkan vermək olmaz.
Məktəb, ailə və ictimaiyyətin birgə fəaliyyəti haqqında
çox deyilmiş, çox yazılmışdır. Buna baxmayaraq müasir
dövrdə həmin əlaqələrin güclənməsinə daha çox ehtiyac
duyulur. Bu, hər şeydən əvvəl, kompüterin, İnternetin,
sosial şəbəkələrin məktəbə, ailəyə, cəmiyyətin bütün
sahələrinə daxil olması ilə bağlıdır. İnternet bu gün
"pedaqoji üçbucağın" hər bucağındadır, yaxud "pedaqoji
üçbucağın" dördüncü bucağına çevrilib.
Onu qeyd edək ki, kompüter, İnternet, sosial şəbəkələr
dünya sivilizasiyasının çox yüksək pilləsidir.
Kompüterin yaratdığı imkanlardan istifadə, ondan
yararlanmaq, istifadə qaydaları və məqsədindən asılı
olaraq çoxlu mənfi və müsbət cəhətlər doğurur.
Kompüterin ən yaxşı xüsusiyyətlərindən biri zamanla
bağlıdır. Çox qısa zaman kəsiyində istənilən elmi,
tarixi, mədəni, təhsillə bağlı məlumatı almaq mümkündür.
Məkanla bağlılıq da kompüterin ən müsbət və əvəzedilməz
cəhətlərindən biridir. Heç bir yerə getmədən, çox vaxt
itirmədən, heç bir xərc çəkmədən dünya xalqlarının
həyatı, məişəti, mədəniyyəti ilə müxtəlif dünya
ölkələrinin kitabxanalarında istənilən kitabla tanış
olmaq mümkündür.
Bilik mənbəyi kimi İnternetin əhəmiyyəti çox olsa da o,
kitabı əvəz edə bilməz. Çünki İnternetdə yerləşdirilmiş
materiallarda müxtəlif bilik səviyyəsinə malik, diletant
adamların elm tərəfindən təsdiq olunmamış, qəbul
edilməmiş, şəxsi versiyalarla zəngin olan yanlış elmi
fikirlərinə də çox rast gəlmək olur. Bütün bunlar isə
bilik qazanmaq istəyən, tərbiyəyə ehtiyacı olan
yeniyetmədə çaşqınlıq yaradır.
İnternetdən istifadənin yeniyetmələrin psixoloji
vəziyyətinə həm mənfi, həm də müsbət təsiri vardır.
Özünü kompleksli hesab edən, böyüklərlə, yaşıdları ilə
ünsiyyətə girməyi bacarmayan, hansısa istedadının
olmasına inanmayan gənc İnternet vasitəsi ilə tanımadığı
adamla söhbət zamanı özünə inanır, özündə olan müsbət
cəhətləri aşkar edə bilir.
Psixoloji cəhətdən İnternetin mənfi təsiri ondan
ibarətdir ki, kompüterə aludəçilik yaranır, insanlar
real həyatdan uzaqlaşır, heç bir faktiki əməklə məşğul
ola bilmir. Həmişə özünü sosial şəbəkələrin mənfi
psixoloji və texniki təsiri altında hiss edir.
Kompüterdən çox istifadə, İnternetə və sosial şəbəkələrə
aludəçilik insanlarda, xüsusilə yeniyetmə və gənclərdə
güclü sosioloji problemlər yaradır, ailədə müxtəlif
söz-söhbətlərə səbəb olur, normal işlə məşğul olmaq
mümkünsüzləşir, maddi çətinliklər yaranır, ailələrin
dağılmasına səbəb olur, gənclərin tərbiyəsinə sağalmaz
yaralar vurur.
Kompüter qarşısında çox oturmaq, İnternetden həddən
artıq istifadə mənfi izləri ən çox yeniyetmələrin fiziki
inkişafında buraxır, onların normal fiziki inkişafına
ağır zərbə vurur. Düzgün olmayan qidalanma,
hərəkətsizlik artıq çəkiyə səbəb olur, müxtəlif
xəstəliklər əmələ gəlir. Müəyyən vaxtdan sonra bel,
boyun, baş ağrıları, gözlərin qızarması, görmənin
bulanıqlaşması hiss olunur.
Virtual dünyanın gənclərin və yeniyetmələrin tərbiyəsinə
daha güclü mənfi təsiri onun mənəvi tərəfidir. Hər
şeydən əvvəl nəzərə almaq lazımdır ki, 12-20 yaşlı
yeniyetmə gənclər əxlaqsız elementləri olan görüntülərə
daha çox meyilli olurlar. Belə görüntülərlə çox əlaqəli
olanlar həm çox ağır psixoloji sarsıntı keçirir, həm də
mənfi bioloji nəticələrə məruz qalırlar, bəzi hallarda
isə bu onların əxlaqsızlığa yuvarlanması ilə sona çatır.
Milli xarakterimizə uyğun olmayan, xalqımızın
mənəviyyatına ağır zərbə vuran, mənbəyi "əsrarəngiz
pəncərə" olan belə hallara qarşı ciddi mübarizə aparmaq
lazımdır. Bunun üçün, ilk növbədə aşağıdakılara əməl
etmək faydalı olardı:
- Məktəb-valideyn-ictimaiyyət birgə fəaliyyətinin
gücləndirilməsi, bu birgə işdə bütün mümkün əlaqə
vasitələrindən istifadə etmək lazımdır.
- Adi orta təhsili olan, heç bir pedaqoji səriştəsi
olmayan valideynlər məktəb tərəfindən
maarifləndirilməli.
- Valideyn kompüter alarkən məktəbli, yaxud yeniyetmə
ilə açıq söhbət etməli, müəyyən şərtlər daxilində
kompüterdən istifadəyə icazə verməli.
- Kompüter bütün ailə üzvlərinin istifadə etdiyi otağa
qoyulmalıdır. Çünki burada valideynlər uşağa daha çox
nəzarət edə bilər, uşaqlar ailə üzvlərinin yanında
zərərli sosial şəbəkələrdən istifadə edə bilməzlər.
- İnternet klublarda yeniyetmələrin məşğuliyyətinə
nəzarət edilməli.
- Məktəblərdə kompüter otaqlarında iş mütləq müəllim
nəzarəti altında aparılmalı.
- İnternetdən, sosial şəbəkələrdən istifadəyə nəzarət
olunmalı, müəyyən qadağalar qoyulmalı və inzibati
tədbirlər nəzərdə tutulmalı.
- Kompüterdən istifadə edənlər sağlamlığa çox ziyan
dəyməməsi üçün həkim-mütəxəssislə məsləhətləşməli,
istifadə üçün avadanlıqlardan düzgün istifadəyə əməl
etməli.
Yuxarıda göstərilənlərə ciddi əməl edilməlidir, ulu
öndərimiz Heydər Əliyevin dediyi kimi: "Gənclərimiz
doğru yolla getsinlər, həyatda öz yerlərini düzgün tapa
bilsinlər, həm özləri üçün, həm onları böyüdən -
yetişdirən valideynləri üçün, həm də cəmiyyət, xalq
üçün, dövlət üçün faydalı olsunlar".
Bəyzadə NURUYEV,
Bakıdakı 87 nömrəli tam orta məktəbin tərbiyə işləri
üzrə direktor müavini |