Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2013 - №9

 

Təhsildə fəlakət riskinin azaldılmasına həsr edilmiş beynəlxalq seminar

 

Təhsil sahəsində aparılan məqsədyönlü islahatlar daim innovasiyaların tətbiqinə, müasir təlim texnologiyalarının reallaşdırılmasına və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Ölkəmizin dinamik inkişafı təhsil ocaqları qarşısında da mühüm vəzifələr qoyur. Həmin vəzifələrdən biri də təhsil müəssisələrində fəlakət riskinin azaldılmasına yönəldilmiş təlimlərin təşkilidir. Bu məsələnin həlli yeni təhsil proqramlarının (kurikulumların) tətbiqində mühüm əhəmiyyət kəsb edir.  

YUNİSEF-in dəstəyi ilə Təhsil və Fövqəladə Hallar nazirlikləri tərəfindən birgə həyata keçirilən "Təhsildə fəlakət riskinin azaldılması" layihəsi istiqamətində müəyyən işlər görülmüşdür.

"Mərkəzi Asiya və Cənubi Qafqaz regionu üzrə təhsildə fəlakət riskinin azaldılması" mövzusunda 25 fevral - 1 mart 2013-cü il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən seminarda 10 ölkənin nümayəndə heyəti iştirak edirdi. Seminarda ölkəmizi Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov,  Azərbaycan Müəllimlər İnstitutunun əlavə təhsil üzrə prorektoru Rahim Əzizov, YUNİSEF-in təhsil proqramlarının rəhbəri Kənan Məmmədli, Fövqəladə Hallar Nazirliyinin idarə rəisi Məhbubə Mustafayeva, baş məsləhətçisi Aytəkin Mustafayeva, Şimal-qərb regional mərkəzinin şöbə müdiri Tural Ağayev təmsil edirdilər.

Seminarı Beynəlxalq Seysmikliyə Davamlılıq Assosiasiyasının prezidenti, professor Polat Qulkan, YUNİSEF-in Mərkəzi və Qərbi Avropa, MDB ölkələri üzrə "Fövqəladə hallar" proqramının rəhbəri Andrea Ceyms açdılar. Seminarda 5 gün müddətində 20 təqdimat dinlənildi. 

Təhsildə fəlakət riskinin azaldılmasına dair ölkəmizdə səfərdə olmuş Avropa İttifaqının layihə üzrə koordinatoru Ketevan Lomsadze təqdimat apararkən qeyd etdi ki, bu sahədə Azərbaycan Respublikası Təhsil Nazirliyində effektiv iş aparılır. Azərbaycan Müəllimlər İnstitutunda maarifləndirmə və təlimləri aparmaq üçün təlimçilər hazırlanır. Eyni zamanda respublikanın ümumi təhsil məktəblərindən Azərbaycan Müəllimlər İnstitutuna ixtisasartırma təhsilinə cəlb olunan rəhbər və digər pedaqoji işçilərə təlimlər keçirilir. Bu layihə çərçivəsində Azərbaycan Müəllimlər İnstitutunda fəlakət riskinin azaldılması istiqamətində çevik proqramlar hazırlanmış, xüsusi təlimlərin keçirilməsi üçün müasir tələblərə cavab verən mərkəz yaradılmışdır.

Seminarda Fərzəli Qədirov "Fəlakət riskinin azaldılması modulunun müəllimlərin ixtisasartırma təhsilinə daxil edilməsi" mövzusunda təqdimat etdi. Təqdimat çox maraqla dinlənildi. İştirakçı ölkələrin nümayəndələri Azərbaycanda məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, yeni təhsil proqramlarının (kurikulumların), qiymətləndirmə sisteminin tətbiqi, pedaqoji kadrların ixtisasının artırılması üzrə yeni modelə keçid sahəsində qazanılmış nailiyyətləri maraqla dinləyib müzakirə etdilər. İki saata yaxın davam edən müzakirələrdə çoxsaylı suallar, şərhlər və təkliflər F.Qədirov tərəfindən konkret faktlarla izah edildi. Türkiyə, Gürcüstan, Qazaxıstan, Tacikistan və Qırğızıstanın nümayəndə heyətləri, Serbiya, Xorvatiya və Türkiyədən olan YUNİSEF-in rəsmi nümayəndələri təqdimatın çox maraqlı olduğunu, yenilikləri əks etdirdiyini bildirdilər.

Seminar çərçivəsində İstanbul şəhərində yerləşən Hasdal məktəbində fəlakət riskinin azaldılması məsələləri ilə əlaqədar görülən işlər barədə təqdimat oldu. Sonra proqramların hazırlanması və həyata keçirilməsi məsələlərinə həsr olunmuş təcrübə mübadiləsi aparıldı. Təcrübə mübadiləsinin sonunda fəlakət riskinin azaldılması ilə bağlı təlim təqdim olundu. Sonda məktəbin pedaqoji kollektivi ilə görüş keçirildi.

Seminarın tövsiyələrinə əsasən ilkin müəllim hazırlığı proqramlarına, ixtisasartırma təhsili proqramlarına fəlakət riskinin azaldılması modulunun daxil edilməsi, ümumi təhsil proqramlarının (kurikulumların) təhlil edilməsi və fəlakət riskinin azaldılması üzrə məktəblilərdə kompetensiyaların formalaşdırılması zərurəti nəzərə alınaraq müvafiq standartların daxil edilməsi qarşıda duran vəzifələrdəndir.

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov