Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2013 - №9

 

8 mart Beynəlxalq Qadınlar günüdür

Bu gün yer üzünün əşrəfi olan qadınların bayramıdır

 

Aqiyə NAXÇIVANLI,

AMİ-nin rektoru, professor, Milli Məclisin deputatı 

Əziz qadınlar!

Bu gün Azərbaycan qadınları ölkəmizin ictimai-siyasi, elm, təhsil və mədəni həyatında yüksək fəallığı, zəngin biliyi, vətənpərvərliyi, dövlətçilik ənənələrinə sədaqəti və mərdliyi ilə seçilirlər. Təsadüfi deyildir ki, Azərbaycan qadınlarının haqq səsi müasir dünyanın ən mötəbər tribunalarından planetimizin hər guşəsinə yayılır. Dövlətimiz tərəfindən qadınlarımıza göstərilən yüksək diqqət və qayğı, uğurla həyata keçirilən gender siyasəti onların cəmiyyətdə mövqeyini daha da möhkəmlətmək, özünütəsdiq üçün geniş meydan açmışdır. Üzərinə düşən böyük vəzifələri şərəflə yerinə yetirən Azərbaycan qadınları həmişə olduğu kimi, indi də cəmiyyətdə aparıcı rol oynayırlar.

Müasir Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımıza yüksək qiymət verərək demişdir: "Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat ola bilməz. Azərbaycan qadınları da öz ağıllarına, zəkalarına görə, biliklərinə, istedadlarına görə, eyni zamanda gözəlliklərinə görə dünya qadınları içərisində özünəməxsus və çox yüksək yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik".

Fəxrlə deyə bilərik ki, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın haqq-ədalət, humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan qadınları, eləcə də dünya qadınları üçün əsl örnəkdir.

Fürsətdən istifadə edərək müqəddəs müəllim adını şərəflə daşıyan qadınlarımızı, bütövlükdə isə bütün xanımlarımızı 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, onlara səadət, xoşbəxtlik, cansağlığı və işlərində uğurlar arzulayıram.

 


Nailə RZAQULİYEVA,

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, əməkdar müəllim  

Əziz  xanımlar!  

Bayramlar ayı sayılan   martda hər birimizin  səbirsizliklə gözlədiyi əlamətdar  günlərdən biri olan  8  mart - Beynəlxalq Qadınlar Günündə  bütün qadınlar özlərini hamıdan xoşbəxt, gözəl və ən əsası arzulanan qadın kimi hiss edir.

Azərbaycan  qadını   hər  zaman  Şərq  qadınına  məxsus   iradəsi,  mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli  mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamışdır. Əsrlərin yaddaşında qalan   izlər  qadınlarımızın  qəhrəmanlıqla  dolu  keçmişindən  xəbər  verir. Bu gün  də  həmin qadınlarımızla  fəxr  edir, onlarla qürur  duyuruq. Ümummilli  liderimiz  Heydər Əliyev  də  qadınların  cəmiyyətdə   rolunu və  fəaliyyətini  yüksək  dəyərləndirərək deyirdi: "Qadın bəşərə  yaraşıq,  zinət, insanlığa  şərəf - şan,  şöhrətdir.  Qadın  ucalıq,  ülvilik  məbədidir,  ismət,  qeyrət,  qüdrət  rəmzidir".

Bəşər  tarixində  ən  zərif,  incə   məxluq   olan  qadınlarımız müasir  dövrdə də  müstəqil  Azərbaycanımızın  ictimai-siyasi həyatında aparıcı  qüvvədirlər.  İndi Azərbaycan  qadını  cəmiyyətdə  dövlət  idarəçiliyində,  təhsil, elm, səhiyyə  sahələrində  fəal  iştirak  edir, yüksək  vəzifələrdə  çalışır,  millət  vəkili  kimi taleyüklü  məsələlərin  həllində   xüsusi rol oynayır.

Müasir  dövrümüzdə  təhsil  sahəsində də öz  xidmətləri  ilə  dövlətimizin  inkişafına  böyük   töhfələr  verən   müəllimlərimizin  demək olar ki,  90  faizi elə  qadınlardır.  Bakı  Şəhəri  üzrə  Təhsil  İdarəsinin  yaradılmasından  keçən son 7 il ərzində  qazanılan  uğurların   əsas  səbəbkarları  da  məhz  həmin qadın müəllimlərimizdir. 

Müəllim həm də bu gün övladının  boya-başa  çatmasına, onun təhsil almasına,  isti  bir  ailə  qurmasına  dəstək  olan  ANAdır.  Dünyanın   ən incə, zərif,  sevimli,   qayğıkeş,   bir  sözlə  bütövlükdə  cəm  olan  bir varlığıdır.  O,   bu  gün işçidir,  vəzifə  sahibidir,  dövlətin  rifahı  naminə irəli  atılan qüvvədir.  O,  həm də  QADINdır.    Öz  əməyi,  zəhməti, gülərüz  siması  ilə   zərif  görünən,  lakin   böyük  işlərə  imza  atan QADIN...

Bu  bayram  günlərində   həmin  qadınları,   uşaqlarımızın   gələcəyi   üçün   ömrünü   fəda  edən  qadın  müəllimlərimizi  ürəkdən  təbrik  edirəm.  Ümidvaram ki,  siz gənc  nəslin  milli  adət-ənənələrə, azərbaycançılıq    ruhunda   tərbiyəsi  işinə  bundan  sonra da  xüsusi  diqqət yetirəcək,  dinamik  inkişaf  edən  ölkəmizin  gələcəyi  naminə  qüvvənizi, bilik  və bacarığınızı  əsirgəməyəcəksiniz. 

Əziz  qadınlar,  hər  birinizi   bu  bayram  münasibətilə   bir daha  səmimi-qəlbdən  təbrik  edir,  sizə  hər  zaman  solmayan  gözəllik, ecazkarlıq, ailə  səadəti,  xoşbəxtlik,  lətafətinizin   şöləsində  qucaq-qucaq  həyat  sevincləri   arzulayıram.

Bayramınız  mübarək  olsun! 


 Nurlana ƏLİYEVA,

Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, filologiya elmləri doktoru, professor, "Şöhrət" ordenli, əməkdar müəllim

 - Əziz qadınlarımız, analar və bacılarımız, sizi 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə  ürəkdən təbrik edirəm.

Mənim qənaətimə görə, 8 mart Azərbaycan təqviminin ən fərəhli günlərindən biridir. Çünki bu bayram Azərbaycan anasının, tarixən ağlı, zəkası, gözəlliyi, namusu, mərdliyi, sədaqəti, fədakarlığı ilə millətinə, torpağına başucalığı gətirən Azərbaycan qadınının bayramıdır. Tarixin bütün dönəmlərində qadınlarımız cəmiyyətimizin mənəvi dayağı olmuş, ölkəmizin simasını müəyyənləşdirmək üçün böyük fədakarlıqlar göstərmişlər.

Milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları bu gün də dövlət quruculuğunda, ölkə həyatında baş verən ictimai-siyasi hadisələrdə fəal iştirak edərək vətənimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verirlər. Gender bərabərliyində üstünlük təşkil etdikləri təhsil sahəsində isə qadınlarımızın fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Ölkəmizin çoxminli xanım müəllimləri öz dolğun fəaliyyətləri ilə gənc nəslin yüksək bilikli, fəal mövqeli, xalqına, dövlətinə sadiq, müasir dünyada gedən proseslərdən baş çıxarmağı bacaran vətəndaşlar kimi yetişməsi işinə böyük töhfələr verirlər.

Azərbaycan qadını öz əzəli funksiyası olan analıq vəzifəsini və borcunu da şərəflə yerinə yetirir, vətən üçün milli mənəvi dəyərlərimizin qoruyucuları, milli adət və ənənələrimizin yaşadıcıları olan, nəsillər arasında varisliyi ləyaqətlə davam etdirən övladlar tərbiyə edib yetişdirirlər.

Bu bayram günündə qeyd etmək xüsusilə xoşdur ki, həmişə olduğu kimi indi də qadınlar cəmiyyətimizdə hörmət və izzət sahibidirlər, onlara böyük diqqət və qayğı vardır. Ölkəmizdə qadınlar bugünkü mövqelərinə görə əbədiyaşar ulu öndərimiz Heydər Əliyevə borcludurlar. Mənim fikrimcə, Azərbaycanın dövlətçilik tarixi Heydər Əliyev qədər Azərbaycan qadınını fikrən və ruhən pərvazlandıran, onu böyük cahanşümul işlərə ruhlandıran, ona cəmiyyətdə layiq olduğu yeri təklif və təmin edən ikinci bir dövlət rəhbəri tanımır. Çox fərəhli haldır ki, həmin siyasət bu gün də uğurla davam edir.

İnanıram və əminəm ki, Azərbaycan qadını bundan sonra da ölkəmizin ictimai, siyasi, elmi, təhsil və mədəni həyatında fəal rol oynayacaq, üzərinə düşən şərəfli analıq və vətəndaşlıq vəzifələrini uğurla yerinə yetirəcəkdir.

Əziz qadınlarımız, sizi bir daha ürəkdən təbrik edir, hər birinizə həyatda cansağlığı və səadət arzulayıram. 


Gülşən ORUCOVA,

6 nömrəli məktəb-liseyin direktoru, əməkdar müəllim 

Əziz qadınlar, hörmətli həmkarlarım olan müəllimlər! Sizi 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

8 mart - Beynəlxalq Qadınlar Günü yurdumuza baharın gəlişini müjdələyən qaranquşlar kimi Novruzdan öncə ölkəmizdə qeyd  olunan ilk yaz bayramıdır. Bu gün bütün dünyada qadın və gözəllik bayramı kimi tanınır. Dahilərdən biri demişdir ki, dünyanı gözəllik xilas edəcək. Bəli, 8 martın planetimizin hər bir yerində Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməsi bütün dünya əhalisinin bu gözəllik qarşısındakı böyük diqqət, qayğı və sevgisini nümayiş etdirir.

Dünyada olduğu kimi, müstəqil Azərbaycan Respublikasında da Beynəlxalq Qadınlar Günü böyük miqyasda qeyd edilir. Gündən-günə çiçəklənən və inkişaf edən respublikamızda qadınların yeri və rolu danılmazdır. Onların elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə əldə etdiyi nailiyyətlər buna bariz nümunədir.

Bugünkü Azərbaycan qadını cəmiyyətdə öz sözünü deməyi bacarır, dövlət idarəçiliyində, müxtəlif səviyyəli sahələrdə kişilərlə bərabər fəaliyyət göstərir.

Təhsil sahəsində çalışan kadrların çoxunun qadın olması bir daha onu göstərir ki, bəşəriyyətin gələcək inkişafı məhz qadınlardan asılıdır. Hər bir müəllim bir valideyn kimi əvvəlcə evdə, sonra isə onun ikinci evi sayılan məktəbdə gənc nəslin tərbiyəsi ilə məşğul olan bir varlıq kimi ülvi və müqəddəsdir. Bu gün qadınlarımız müəllimlik kimi müqəddəs bir peşənin öhdəsindən layiqincə gəlir, təhsilimizin inkişafına öz töhfələrini verirlər. İnanıram ki, yetişməkdə olan gənc nəslin milli adət-ənənələrə bağlılıq ruhunda tərbiyəsi işində qadınlarımız həmişə öndə olacaq.

Bu gün müxtəlif sahələrdə çalışan xanımlarımız üçün ölkəmizin birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyəti bir örnək olmalıdır.

Əziz xanımlar! Sizə hər zaman gözəllik, məhəbbət, xoş təbəssüm, xoşbəxtlik arzulayır, ömrünüzün bahar çiçəkləri kimi təravətli olmasını uca Tanrıdan diləyirəm.


 Məhəbbət VƏLİYEVA,

akademik  Zərifə Əliyeva adına  liseyin direktoru, əməkdar müəllim 

Gəlişi  ilə sonsuz fərəh  duyduğumuz, təbiətin oyanmasından sevindiyimiz yazın ilk günləri həm də qadınlarımızın əziz bayramını qeyd etdiyimiz üçün  çox əlamətdardır.

Danılmaz həqiqətdir ki, qadınlıq, analıq, fədakarlıq kimi mənəvi  dəyərləri özündə birləşdirməyi bacaran məhz bizim xanımlar-  Azərbaycan qadınlarıdır.

Ümummilli liderimiz Heydər Əliyev qadınların cəmiyyətdə özlərini təsdiq etməsi, onların harmonik inkişafı üçün  həmişə münbit  şərait  yaradırdı.

Bu gün isə ölkə başçısı cənab İlham Əliyev tərəfindən respublikamızda  sosial, iqtisadi və mədəni həyatda qadınların rolunun artmasına böyük önəm verilir. Çünki Azərbaycan qadını  ictimai həyatda əmək fəaliyyəti ilə məşğul olur, alim kimi  elmimizə yeni töhfələr verir, ən başlıcası isə  ana olaraq gələcək nəsli tərbiyə edir.

Bildiyimiz kimi, təhsil sahəsi respublikamızda ən aparıcı sahələrdəndir. Bu gün ölkəmizdə  gənclərin biliklərə hərtərəfli yiyələnməsi, peşəkar mütəxəssis kimi yetişməsi üçün təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində mühüm işlər görülür. Azərbaycan qadınlarının böyük əksəriyyəti təhsil sahəsində çalışır. Onlar  analıq və qadınlıq məsuliyyəti ilə bərabər, bu çətin və şərəfli peşənin də  yükünü çiyinlərində layiqincə  daşıya bilirlər. Azərbaycan qadını həm evdə, həm də çalışdığı müəssisədə üzərinə düşən vəzifələri həmişə layiqli şəkildə, qürur hissi duyaraq yüksək səviyyədə həyata keçirməyə can atır. Buna görə də cəmiyyətimiz gənc nəslin təlim-tərbiyəsində əldə edilən  uğurlara görə qadınlara minnətdar olmalıdır.

Azərbaycan  təhsilinin qarşısında duran əsas vəzifə gəncləri dövlətə sədaqətli vətəndaş kimi  tərbiyə etməkdən, milli və ümumbəşəri dəyərlərə hörmət ruhunda yetişdirməkdən ibarətdir ki, bu işdə qadınların müstəsna rolu vardır. İnanırıq ki,  Azərbaycan qadını  daim müstəqilliyimizin gələcəyi  və qarantı olacaq gənclərimizi  vətənpərvərlik ruhunda tərbiyə edəcək, dövlət quruculuğu prosesinin müxtəlif sahələrində  yaxından iştirak edəcək, bu işdə öz dəyərli töhfəsini verəcəkdir.

Mən 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təhsil sahəsində çalışan bütün qadınları təbrik edirəm. Onlara  möhkəm cansağlığı, ailə səadəti, könül xoşluğu, Azərbaycan dövlətinin və xalqımızın rifahı naminə yeni-yeni uğurlar arzulayıram. Qoy onların xoş çöhrəsindən sevinc və təbəssüm  heç vaxt əskik olmasın.


İradə RƏHİMLİ,

T.Həsənov adına 23 nömrəli tam orta məktəbin direktoru,  "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi"

 

Hörmətli xanımlar, əziz təhsil işçiləri!

Sizi, bütün Azərbaycan qadınlarını qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar bayramı münasibətilə təbrik edir, sizə cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.

Müasir dövrümüzdə Azərbaycan qadınları öz dərin zəkaları və tükənməz potensialları ilə ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir, maariflənir və maarifləndirir, ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı kimi ölkəmizin çiçəklənməsi üçün öz töhfələrini verir.

Ölkəmizdəki sabitlik və demokratik inkişaf qadınlarımızın öz istedadlarını, yaradıcılıq imkanlarını gerçəkləşdirə bilməsi üçün münbit şərait yaradır. Təhsil sahəsində çalışan qadınlarımız gənc nəslin milli adət-ənənələrlə, azərbaycançılıq ruhunda tərbiyə edilməsi kimi məsuliyyətli işi öz öhdəsinə götürüb.

Mən bütün Azərbaycan qadınlarını təbrik edir, bu çətin və şərəfli işlərdə onlara uğurlar arzu edirəm.

Bayramınız mübarək! 


Minayə NƏBBAQİ,

Bərdə şəhər 5 nömrəli orta məktəbin tarix müəllimi, əməkdar müəllim, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi  

Yurdumuza qədəm qoyan Baharın ilk bayramı da qadınların adı ilə  bağlıdır. Mən 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan qadınlarını səmimi-qəlbdən təbrik edir, onlara uzun ömür, cansağlığı arzulayıram.

Tarix səhifələrini vərəqlədikcə müxtəlif dövrlərdə qadınların rolu aydın görünür. Azərbaycan qadınlarının qəhrəmanlıq salnamələri hələ eramızdan əvvəlki dövrlərə gedib çıxır.  Belə ki, Azərbaycanın ən qədim sakinlərindən sayılan massagetlərin at minən, qisas alan qadınları arasında Tomris ananın xüsusi yeri olmuşdur. Tarix sübut etmişdir ki, İran Əhəməni dövlətinin başçısı Kirin (e.ə. 550-530) işğalçılıq siyasətinə qarşı şir ürəkli anamız Tomris qorxu bilmədən döyüşərək düşmənləri doğma torpaqlardan qovmuşdur. Bundan başqa, b.e.ə. 66-cı ildə Roma sərkərdəsi Pompeyin başçılığı ilə böyük bir ordu Alban dövlətinə hücum edərkən Alban döyüşçüləri arasında aypara şəkilli qalxan və uzunboğaz çəkmə geyinmiş cəsur qadınlar da döyüşmüşlər. Vətən uğrunda, ədalət yolunda kişi qeyrətilə, ana ismətilə vuruşmuş bu qadınlar kişilərdən geri qalmamışlar.

Azərbaycan tarixinin bütün dövrlərində qadınlarımız qəhrəmanlıq rəmzi olmuş, eyni zamanda cəmiyyətin bütün sahələrində əzmlə kişilərlə bərabər çalışmışlar. Onlar siyasət, elm və maarif sahəsində də layiqli yer tutmuşlar. İstər II Dünya müharibəsində, istərsə də Qarabağ müharibəsi illərində qadınlarımız qəhrəmancasına döyüşmüşlər.

Xalqımızın müstəqillik ideyasının həyata keçirilməsində  və ölkəmizdə aparılan quruculuq işlərində yaxından iştirak edən Azərbaycan qadını bu gün də milli dövlət quruculuğu proseslərinin, ictimai-siyasi hadisələrin fəal iştirakçısı olaraq respublikamızın sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına əvəzsiz töhfələr verir. Xüsusən də təhsil sistemində dolğun fəaliyyəti ilə maarifpərvər qadın ziyalılarımız ideyalarını müvəffəqiyyətlə həyata keçirir. Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti,  fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi ilə tanınmışdır.


8 mart - baharın ilk bayramı

Xanım müəllimlərimizin bayram təəssüratları 

Ölkəmizə bahar gəlir. Güllü-çiçəkli, yaşıl örtüklü, həyat eşqi ilə dolu, yeni-yeni arzulara qol-qanad verən bahar. Baharın gəlişinin bir özəlliyi də özü ilə xalqımızın sevimli bayramlarını da gətirməsidir. 8 mart, Novruz sanki onun müjdəçiləridir. Budur, ölkəmiz hazırda onların birinin - varlığımızın səbəbkarı qadınlarımızın, analarımızın bayramı olan 8 mart Beynəlxalq Qadınlar Gününü qeyd edir. Bəs əksəriyyəti qadın olan müəllimlərimiz üçün bu bayram nə deməkdir? Onlar 8 martı necə qarşılayırlar? İlk dəfə kim onları təbrik edir? Bəs onlar ilk kimi təbrik edirlər? Suallarımızı paytaxtımızdakı bir neçə qadın müəllimə ünvanladıq. Gəlin, onların özlərini dinləyək. 

Sevda AXUNDOVA,

Bakıdakı 49 nömrəli "İntellekt" liseyinin müəllimi, 2011-2012-ci dərs ili üzrə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi

 

- Yazın ilk həftəsini bayramla qeyd edirik: 8 mart Beynəlxalq Qadınlar Günü. Bu gün ürəkdən gələn ən səmimi sözlər, arzular anaya ünvanlanır. Bu gün ən gözəl musiqilər analar üçün bəstələnir. Bu gün ən zərif çiçəklər analara təqdim edilir. Bu gün bəşəriyyət ananın qarşısında baş əyir.

Bu bayram mənim üçün məhz belə  qadınların, anaların günüdür. Bayram günü məni ilk təbrik edən şagirdlərim olur. Zəng edirlər, mesaj yazırlar. Müəllim üçün bundan böyük sevinc yoxdur. Mən özüm isə müəllim yoldaşlarımı ilk növbədə təbrik edirəm. Sonra qohumlarımla bayramlaşıram. Hədiyyə olaraq çiçəkləri çox sevirəm. Bahar ətirli, bayram ovqatlı çiçəkləri. Hər bayram isə biz müəllimlərə gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işində yeni bir stimul verir, bizi ölkəmizin gələcəyi naminə qüvvəmizi, bilik və bacarığımızı əsirgəməməyə sövq edir.

 


Sevda ABDULLAYEVA,

Bakıdakı 32 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim 

8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə məni ilk növbədə övladlarım təbrik edir. Xoş sözlər və gül dəstəsi ilə. İşdə isə məktəbimizin kollektiv üzvləri və şagirdlərim təbrik edir.

Mən özüm isə birinci anamı təbrik edirəm. Sonra digər qadın qohumlarıma, rəfiqələrimə zəng edirəm.  Martın 8-i qeyri-iş günü olduğundan kollektivimizin qadın üzvlərini bir gün əvvəl - martın 7-də təbrik edirəm. Bu məqsədlə çox vaxt məktəbdə bayram tədbiri təşkil edirik. Təbriklərimi tədbirdə müəllim və şagirdlərə çatdırıram.

 

 


Aynur HEYBƏTOVA,

Bakıdakı   İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta məktəbin müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin (2012) qalibi 

Mən qadınlar bayramını çox sevirəm. Həmin gün məni   ilk öncə 6 yaşlı qızım, həyat yoldaşım, oğlum təbrik edir. Mən özüm də anamı, bacımı, yaxınlarımı təbrik etməyi çox xoşlayıram. Sevdiklərindən gül dəstələri almaq çox gözəl bir hissdir. Məktəbdə də şagirdlərin müəllimlərini bir dəstə çiçəklə təbrik etməsi təqdirəlayiq haldır. Bəzən xoşagəlməz hallarla qarşılaşırıq. Bundan istifadə etmək istəyənlərin nəzərinə çatdırardım ki, sizə dəyər verən kiçik ürəklərin  böyük məhəbbətini maddiyyatla ölçməyəsəniz. Elə mənəvi  dəyərlər var ki, onu heç bir maddiyyat əvəz edə bilməz. Şagirdlərin bizi güllərə layiq görməsi də bu müqəddəs dəyərlərə daxildir.  Axı  başqa cür  olarsa, biz onların gözündə çox kiçilmiş olarıq.  Onların bizə çiçəklərlə verdiyi dəyər ən böyük dəyərdir. Elə isə dəyərimizin qiymətini bilək və hər zaman onu qorumaq arzusuyla hər bir xanıma sevdiklərinin əhatəsində olmağı, daim onların sevgilərinə layiq olmağı arzu edirəm. Hər zaman təravətli olun, əziz xanımlar.

 


 Qəmər TAĞIYEVA,

Bakıdakı 291 nömrəli Ekologiya liseyinin ali kateqoriyalı müəllimi, 2008-2009-cu il üzrə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi, əməkdar müəllim   

Qadınlar gül-çiçək, bəzək və zinət əşyaları, müxtəlif hədiyyələr, həmçinin gözəl sözlər, şeirlərlə mükafatlandırılır. Hər bir kəsin zövqü  müxtəlifdir.

Mən hər il bu bayramda atamın (Azərbaycanda ilk "Əməkdar müəllim" adını almış Abdullayev Zaman) mənə verdiyi hədiyyəni xatırlayıram. 7-ci sinifdə oxuyurdum. Riyaziyyat dərsini çox sevirdim, kimya fənninə də marağım artmışdı. Həmin gün atam  mənə iki kitab bağışladı.

Mən maddi dəyərlərdən  mənəvi dəyərləri daha yüksək qiymətləndirirəm.  Müəllim işlədiyim ilk gündən çalışmışam ki, şagirdlərimin məhəbbətini qazanım, atam və anam  kimi həmişə seçilən müəllimlərdən  olum.

Son illəri isə bayram günü məni ilk təbrik edən oğlum olur. Evlənsə də yenə yanımdan əl çəkmir. Şagirdlərim də məni ilk təbrik edənlər sırasındadır, onların öz zəhmətləri ilə düzəltdiyi  açıqcalar,  içərisinə yazdıqları ürək sözləri,  mənə həsr etdikləri şeirlər  məni sevindirir, mənə  işləmək üçün ruh verir.

Mən özüm isə bayram günü olk olaraq qayınanamı təbrik edirəm. İndi isə mənə verilən fürsətdən istifadə edib bütün şagirdlərimi, onların analarını, bütün Azərbaycan daxilində və ondan çox uzaqlarda yaşayan xanımlarımızı, qızlarımızı 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər birinə cansağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzulayıram.

"Qoy məhəbbət qəlbinizdən, təbəssüm üzünüzdən, sevinc gözlərinizdən əksik olmasın!" - deyirəm. Arzu edirəm ki, su qədər təmiz, həyat qədər canlı, çiçək qədər təravətli və gözəl qalsınlar. Tək bu günü deyil, hər günləri bayram olsun! Tanrı heç bir evi qadınsız etməsin!

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov