Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2013 - №9

 

Ana dilimizi şagirdlərə sevdirirəm

 

Azərbaycan dili və ədəbiyyat müəllimlərindən ana dilimizi bir varlıq qədər sevdirmək, onun zərif və incə bir dil olduğunu şagirdlərə anlatmaq böyük məsuliyyət tələb edir. Hər yeni mövzu keçəndə dilin daxili aləmini, toxunulmazlığını, möcüzəsini şagirdlərimə faktlarla başa salmağa çalışıram. Axı bu dil bizim dövlət dilimizdir. Axı biz bu dildə yazır, bu dildə oxuyur,  danışır və ünsiyyət yaradırıq. Bu dil 35 milyondan çox azərbaycanlıya xidmət edir. 

Şagirdlərimə başa salıram ki, bu dilin kamilliyi, dərinliyi "Dədə   Qorqud" kitabının dilində, bu dilin şirinliyini, musiqili və rəvan olmasını  Nəsimi, Füzuli, Vaqif, M.F.Axundzadə, M.Ə.Sabir, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, C.Cabbarlı, S.Vurğun, X.Rza, B.Vahabzadə və onlarca söz ustalarının timsalında görürük.

Dərsliklərimizdə ana dili ilə bağlı kifayət qədər mövzular toplanıb. Həm ana dilinə məhəbbət ruhunda yazılan əsərlər, həm söz sənətkarlarımızın bu dilin təmizliyi uğrunda apardığı mübarizələr, həm də dilimizin qrammatik qayda-qanunları haqqında materiallar bir daha sübut edir ki, dövlətimiz, xalqımız bu dilə biganə qalmamışdır. Mən bu mövzuları keçərkən daha diqqətli olmağa, bu zərif dilin, bu varlı dilin əvəzsiz olduğunu şagirdlərimə aşılatmağa  çalışıram. B.Vahabzadənin "Mənim ana dilim-mənim kimliyim" şeirini sinifdənxaric oxu kimi keçirəm. Bu şeiri keçərkən şagirdlərimə başa salıram ki, dilimiz çətin sınaqlardan çıxıb və həmişə qayğıları olub. Bəzən yabançı sözlərin axınına məruz qalıb, bəzən siyasi təzyiqlərlə qarşılaşıb, bəzən millətin öz övladlarından ögeylik görüb. Ancaq yaşayıb. Elə B.Vahabzadə də bu şeirdə öz dilinə xor baxanları, öz dilini başqa dillərə qurban verənləri qınayır:  

Nə yarpaq, nə külək, nə metal, nə quş

Səslənmir, oxumur özgə dilində.

Bəs sənə nə düşüb, ay dili yanmış,

Yad dildə ötürsən öz mənzilində. 

Başqa dilləri ana dilindən üstün tutmaq cahillikdir, öz millətinə, öz tarixinə xəyanət etməkdir. 11-ci  sinfin ədəbiyyat dərsliyində "XX əsrin əvvəllərində dilimizin mövqeyi, təmizliyi uğrunda mübarizə" mövzusu öz əksini tapıb. Bu mübarizəni F.Köçərli və C.Məmmədquluzadə öz əsərlərində ayna kimi işıqlandırırdı. Mən şagirdlərimə izah edirəm ki, XX əsrin əvvəllərində ana dilimiz üç yöndən  korlanırdı:  a) bəzi  ziyalılarımız   rus və Avropa sözləri işlətməyə can atırdı; b) türk - osmanlıca; c) ərəbcə sözlərə üstünlük verirdi. Bunların hər üçü eyni dərəcədə doğma ana dilimizi korlamaq məqsədini güdürdü. Elə buna görə də bu üç ziyanlı meyilə C.Məmmədquluzadə "Anamın kitabı"nda birdən güldü. Bu tragikomediya bəlkə də bu günümüzlə ayaqlaşan ən gözəl əsərdir.

Başqa bir nümunə gözəl sənətkarımız, söz ustadı S.Vurğundandır.11-ci sinifdə onun  məşhur "Vaqif" pyesini keçərkən şagirdlərin diqqətini dahi Azərbaycan şairi Vaqif ilə qaniçən hökmdar Qacarın qarşılaşdığı səhnəyə cəlb edirəm. Şagirdlər həmin səhnənin elektron variantını izləyir və Qarabağı işğal edən  düşmənə sonsuz nifrətini bildirən şairin öz dilinə olan hörmət və ehtiramını, məhəbbətini daha aydın görürlər.

Ş.İ.Xətai XVI əsr Azərbaycan ədəbi-bədii dilinin yüksək mərtəbəyə çatmasında, Füzuli kimi dahi sənətkarın sənəti üçün siyasi və mədəni şəraitin yaradılmasında çox böyük işlər görmüşdür. Xətainin həyat və yaradıcılığını keçərkən şagirdlərin diqqətini onun vəsiyyətlərindən birinə cəlb edirəm.O deyirdi: "Ey türk oğulları, bir ovuc torpağınızı dünyanın var dövlətinə, dilinin bir sözünü ləl-cəvahirata dəyişməyin, onları qoruyun və sonrakı nəsillərə çatdırın".

Artıq məktəblərimizdə dərslər kurikulumun tətbiqi ilə keçilir. Bu da şagirdlərə öz fikirlərini sərbəst ifadə etməyə imkan verir. Mən 5-ci sinifdə "Söz yaradıcılığı" bəhsini keçərkən dilimizin nə qədər zəngin olduğunu şagirdlərə başa salır və onları yeni söz yaratmaq üçün müxtəlif üsullardan istifadə etməyə alışdırıram. Yaradıcı işlər (esse, inşa və s.) verməklə onlarda ana dilinə maraq oyadıram.

10-cu sinifdə "Azərbaycan dili" dərsliyində "Nitq mədəniyyəti" adlı bölmə var. Şagirdlərimə ana dilində düzgün və dəqiq danışmağı öyrətmək üçün bu mövzudan daha çox istifadə edirəm. Onlara başa salıram ki, dilin fonetik, leksik və qrammatik qayda-qanunlarını bilmədən nitq mədəniyyətinə yiyələnə bilmərik.

Şagirdlərimə  natiqlik sənəti haqqında məlumat verərkən məşhur natiqlərimizin adını çəkir, ümummilli liderimiz Heydər Əliyevin  adını xüsusi vurğulayıram. Onlara bu dahi şəxsiyyətin nitqini, çıxışlarını dinləməyi tapşırıram. Bunun üçün  dərs prosesində bəzən kompüterdən və İnternetdən də istifadə edirəm. Doğrudan da, ana dilini, xalqını, vətənini varlığı qədər sevən bir şəxs məhz Heydər Əliyev kimi natiq ola bilərdi. Belə şəxsləri isə tarix tək-tək yaradır.

Dahi şəxsiyyət Heydər Əliyev ana dili haqqında  gözəl fikirlər söyləmiş,  bu dilin əzəmət və vüqarını bir daha sübut etmişdir: "Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini - Azərbaycan dilini, müasir Azərbaycan dilini ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətdə də, xalqımızın içində də Azərbaycan dilini  mütləq hakim dil etməliyik".

Ümummilli liderimiz Heydər Əliyevin  18 iyun 2001-ci il tarixli fərmanına görə ölkədə Azərbaycan dilində çap olunan qəzet, jurnal, bülleten, kitab və digər çap məhsulları istehsalının 2001-ci il  avqustun 1-nə qədər bütövlükdə latın qrafikasına keçməsi təmin olundu. Hazırda avqustun 1-ni ana dili günü kimi qeyd edirik. Heydər Əliyevin dil siyasəti, dillə bağlılığı - Azərbaycanda ana dilinin tərəqqisi üçün elə bir möhkəm tarixi şərait yaradıb ki, biz həmin siyasətin hələ uzun illər uğurla davam edəcəyinə tamamilə əminik.

Azərbaycan Prezidenti İlham Əliyev cənabları bu siyasəti uğurla davam etdirir. Onun ana dilimizin geniş, maneəsiz işləkliyi üçün göstərdiyi milli iradə, gördüyü məqsədyönlü işlər də Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir.

Bəli, bu dil müqəddəsdir. Bu dili korlamaq,  zədələmək, yada satmaq, ondan kor-koranə istifadə etmək günahdır. Gəlin dilimizi sevək, onun təsvirinə, xəlqiliyinə çalışaq və unutmayaq ki, bu dil - ana dilimiz bizdən sonrakı nəsillərə ərməğandır. 

Güllər QULİYEVA,
Bakı şəhəri Ə.Abbasov adına 257 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi, metodbirləşmə rəhbəri

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov