Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2013 - №9

 

Gəncənin ziyalı xanımı

 

Yaxşı işlərdən, xeyirxah əməllərdən yazmaq neçə də xoşdur. Qələm də sevinir, ürək də. Amma hər dəfə Sevda xanım haqqında yazmaq istəyəndə özümdə dərin məsuliyyət hiss edir, ehtiyatlanırdım. Ehtiyatlanırdım  ki, gördüyü işin fövqündə gənc olmasına baxmayaraq ona layiq sözlər tapmaqda   çətinlik çəkim, onu necə varsa təqdim etməyi  bacarmayım.  Əlahəzrət Söz və Qələm  bu yerdə mənim yardımçım olsun.

 Sevda xanım Azərbaycanda tanınan, hörmət-izzət sahibi olan ziyalı bir ailənin övladı, bu ailənin müqəddəs ənənələrinin ləyaqətli davamçısıdır.

1960-cı ilin noyabrında Gəncədə doğulan Sevda Qurbanəliyeva şəhər 1 nömrəli orta məktəbi və 1 nömrəli uşaq musiqi məktəbini fərqlənmə diplomu ilə  bitirmişdir. 1979-cu ildə Q.Hüseynli adına  orta ixtisas məktəbini, 1984-cü  ildə Ü.Hacıbəyov adına  Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsini fərqlənmə diplomu ilə başa vurmuşdur. Tələbəlik illərində ümumşəhər və ümumrespublika elmi, ifaçılıq müsabiqələrində iştirak etmiş, tərifnamə və diplomlarla təltif olunmuşdur.

Sevda xanım həyatın və elmin çətin  yollarında qətiyyətlə, cəsarətlə addımlayıb. O, 1989-cu  ildə "Musiqi sənəti" ixtisası üzrə namizədlik dissertasiyasını, 1995-ci ildə P.İ.Çaykovski adına Kiyev  Dövlət Konservatoriyası nəzdində fəaliyyət göstərən,  dünya miqyasında  tanınmış alimlərdən ibarət ixtisaslaşdırılmış Müdafiə Şurasında  doktorluq dissertasiyasını  müvəffəqiyyətlə  müdafiə edərək beynəlxalq aləmdə  Azərbaycan  mədəniyyətini  yüksək səviyyədə təqdim  və təbliğ  etmişdir.  Ona 1996-cı ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə  professor elmi adı verilmişdir.

1984-1990-cı  illərdə Gəncə  şəhəri Q.Hüseynli adına Musiqi Texnikumunda  müəllim işləmiş, ictimai əsaslarla Musiqi Texnikumunda gənclər təşkilatına rəhbərlik etmişdir.

1984-cü ildən Gəncə Dövlət Universitetində müəllim, dosent, onun təşəbbüsü və  bilavasitə təşkilatçılığı  ilə  yaradılmış musiqi fənləri kafedrasının müdiri, 1996-cı ildə professor vəzifəsinə  seçilmiş və hazırda həmin kafedraya  və ictimai əsaslarla GDU-nun tələbə yaradıcılıq kollektivlərinə uğurla rəhbərlik edir, Universitet Elmi Şurasının  üzvüdür. 2002-ci ildən Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının üzvüdür.

2011-ci ildən AMEA-nın Gəncə Regional Elmi Mərkəzində  "Sənətşünaslıq"  şöbəsinə rəhbərlik edir.

Gəncənin  elmi həyatında yaxından iştirak edir.

Sevda xanım səmərəli  elmi fəaliyyətinin  bəhrəsi olaraq  60-dan çox  çap edilmiş elmi, tədris və metodik işlərin, o cümlədən ümumtəhsil məktəbləri və ali  məktəblər üçün dərsliklərin, monoqrafiyaların müəllifidir.

Professor Sevda Qurbanəliyevanın rəhbərliyi ilə kafedraya digər ali  təhsil  müəssisələrindən təqdim edilən  dissertasiya və avtoreferatların, tədris proqramlarının rəyləndirilməsi müntəzəm təşkil edilir, eksperimental metodikalar tətbiq edilir.

2010-cu ildən Bakı Musiqi Akademiyası nəzdində yaradılmış Dissertasiya Şurasının üzvüdür, onlarla elmlər doktoru, fəlsəfə doktoru alimlik dərəcəsinə təqdim olunmuş dissertasiyaları rəsmi opponent kimi rəyləndirmişdir.

Sevda Qurbanəliyevanın elmi-pedaqoji fəaliyyəti zəngin və çoxşaxəlidir. Xalqımız, bugünkü elmimiz üçün  olduqca ciddi əhəmiyyəti olan mövzulara müraciət edərək o, Azərbaycan mədəniyyətini və  incəsənətini tədqiq-təhlil  və təbliğ edir, elmi və pedaqoji kadrların hazırlanmasında fəal iştirak edir. Yetirdiyi kadrlar  təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarlarda da musiqi  müəllimi kimi uğurla  fəaliyyət göstərirlər.  Tələbələrindən Səidə Həsənova, Günay Tağıyeva, Sevinc Rüstəmova, Lalə Rəfibəyli kafedrada müəllim kimi səmərəli çalışırlar.

Gəncədə musiqi ixtisası üzrə ali təhsilli kadr hazırlığının  təməlini qoyan professor Sevda Qurbanəliyevanın  rəhbərliyi ilə kafedrada peşəkar  kadrlar hazırlanır, müntəzəm olaraq kafedra nəzdində elmi-nəzəri, metodiki seminarlar, musiqi lektoriyaları, elmi-praktik konfranslar, mühazirə-konsertlər, tələbələrin ifaçılıq müsabiqələri, sinif konsertləri, yaradıcılıq axşamları və s. təşkil olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin  keçirilməsi haqqında" 2011-ci il 23 dekabr tarixli sərəncamından  irəli gələn vəzifələrlə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin  tövsiyəsi ilə yaradılmış komissiyanın  üzvü kimi Sevda Qurbanəliyeva tərəfindən Nizami Gəncəvinin musiqi dünyasının  tədqiqi və təbliği məqsədi ilə bir sıra layihələr qısa bir  vaxtda uğurla həyata keçirilib.

Sənətşünaslıq doktoru, professor Sevda Firuddin qızı Qurbanəliyeva ciddi elmi axtarışlarında Azərbaycan musiqisinin  nəzəri-estetik xüsusiyyətləri, tərbiyəvi əhəmiyyəti, ədəbiyyatla musiqinin qarşılıqlı əlaqələri, musiqinin tədrisi metodikası kimi problemləri, Nizami Gəncəvinin, Mirzə Şəfi Vazehin, Fikrət Əmirovun, Qəmbər Hüseynlinin yaradıcılıq irsini musiqişünaslıq elmi baxımından tədqiq edir, əldə etdiyi elmi nəticələrin tətbiqinə nail olur. Onun "Muzıka" ümumtəhsil məktəblərinin VI sinfi üçün  dərslik (Bakı, 2007), "Musiqinin elementar nəzəriyyəsinə dair dərs vəsaiti" (Bakı, 2007), "Musiqi savadına dair praktik tapşırıqlar" (Bakı, 2011) adlı kitabları tədris prosesində geniş istifadə olunur.

Professorun "Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti", "Musiqi tərbiyəsinin müasir problemləri", "Milli musiqimiz-milli sərvətimizdir", "Milli mədəniyyət və qloballaşma" mövzularında  kafedrada keçirilən elmi-praktik konfranslarda, YAP Gəncə şəhər Təşkilatı tərəfindən  Heydər Əliyev Universitetində  keçirilən seminarlarda  təhsil və mədəniyyət məsələlərinə həsr olunmuş məruzələri şəhər ziyalıları tərəfindən  yüksək qiymətləndirilmişdir.

O, Yeni Azərbaycan Partiyasının, Azərbaycan qadınlarının, Azərbaycan müəllimlərinin qurultaylarında iştirak etmiş, qurultay qərarlarının ictimaiyyət arasında geniş  yayılmasına nail olmuşdur.

1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.1990-cı ildən  indiyədək YAP Gəncə şəhər Təşkilatının Şura üzvüdür.

2007-ci ildən indiyədək Gəncə Dövlət Universitetində YAP Qadınlar Şurasının sədri, İdarə Heyətinin üzvüdür. Prezident və parlament  seçkilərində xüsusi fəallığı ilə seçilmişdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 aprel 2009-cu  il tarixli sərəncamına əsasən Sevda xanım "Tərəqqi" medalı ilə, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azad Həmkarlar İttifaqı Komitəsi, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti, YAP Gəncə şəhər Təşkilatı, Gəncə Dövlət Universiteti, universitetin pedaqoji fakültəsi tərəfindən fəxri fərman və  tərifnamələrlə  təltif olunmuşdur.

Tez-tez söhbət əsnasında deyir: xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev, ölkənin birinci xanımı, Heydər Əliyev  Fondunun  prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva mədəniyyətin, incəsənətin,  musiqinin inkişafına, milli mənəvi dəyərlərimizin qorunmasına, yaşadılmasına və təbliğinə çox  böyük diqqət və qayğı göstərməklə bizə geniş imkanlar yaradırlar. Bu istiqamətdə həyata keçirilən tədbirlər, layihələr Vətənimizin dünya miqyasında tanınmasında, beynəlxalq nüfuzunun artmasında müstəsna əhəmiyyət kəsb edir. Misilsiz xidmətləri və dəyərli fəaliyyəti ilə hər birimizə  örnək olan Heydər Əliyev  Fondunun  prezidenti Mehriban xanım Əliyevaya  nəcib, xeyirxah işində dəstək və dayaq olmaq bizim vətənpərvərlik  borcumuzdur.

Sevda xanım hansı sahədə olursa-olsun Vətəninin, xalqının  şərəfini daim uca tutur, milli mənəvi dəyərlərimizin, tariximizin, mədəniyyətimizin qorunub yaşadılmasında fəal və vətəndaşlıq mövqeyini ortaya qoyur, bununla fəxr edir, qürur duyur.

Qazancı, mükafatı  insanların ona olan  sevgisi, böyük inam və hörmətidir. Bunlar Sevda xanımın  həyat leytmotividir. 

Süsən TAĞIYEVA,
Azərbaycan Jurnalistlər  Birliyinin üzvü

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov