Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2013 - №9

 

Mən körpələrlə nəfəs alıram

 

Uşaqlarla, özü də bağça uşaqları ilə işləmək müəllimdən ikiqat səbr, hövsələ tələb edir. Amma mən uşaqlarla işləməkdən yorulmuram, bezmirəm. Uşaqlara o qədər bağlıyam, onları o qədər sevirəm ki, gündə neçə dəfə qrupları yoxlayıram. Bağçamızdakı bütün  uşaqların adını əzbər  bilirəm, hamısını ayrı-ayrı  üzdən tanıyıram, görəndə hər birinin başına sığal çəkirəm. 1970-ci ildən, yəni, 169 nömrəli bağça açılandan burada əmək fəaliyyətimə başlamış, altı il həm müəllimə, həm də metodist işləmişəm. 1986-cı ildən  bu günədək bağçaya rəhbərlik edirəm. 

Bura  əvvəlcə gecə- gündüz bağçası idi. Elə olurdu ki, gecə saat 12-də, 1-də  evdən bağçaya gəlib uşaqlara baş çəkirdim. Çünki onda uşaqlar gecələr də burada qalırdılar. Bir də görürdüm, uşaqlardan hansınınsa başı ağrıyır, hansınınsa  hərarəti yuxarıdır... onda evdə qərar tuta bilmirdim. Məlumdur ki, gecə-gündüz bağçasına əsasən bir və ya hər iki valideynindən məhrum olan uşaqları qoyurdular, o uşaqların isə  xüsusi qayğıya ehtiyacları vardı. Hər vasitə ilə o körpələrə hiss etdirməyə çalışırdım ki, onlar tək deyillər.

Sonralar gecə-gündüz bağçaları ləğv olundu, adi qruplar açıldı. Bir müddət sonra isə mənim  təşəbbüsümlə bağçamızda görmə qüsuru olan körpələr üçün xüsusi qruplar  təşkil olundu. Onda bağçada bir kabinet yaratmışdım. Uşaqların gözünü inkişaf etdirici aparatlar, o cümlədən lokalizator da alıb gətirmişdim. Orada gözü qüsurlu uşaqlara fizioterapevtik proseduralar tətbiq edilirdi. Respublikanın baş oftalmoloquna müraciətim əsasında yaxınlıqdakı 12 nömrəli  poliklinikanın göz kabinetindən bağçadakı uşaqlarımız üçün göz həkimi təyin olunmuşdu. O həkim bağçada işləyən tibb bacısının  iştirakı ilə həftədə bir dəfə uşaqları  tibbi nəzarətdən keçirirdi.

Uşaqların məktəbə  hazırlanmasında bağçanın rolu böyükdür. 2012-2013-cü  tədris ilində 54 uşağımızı  məktəbə yola salmışıq. Uşaqların məktəbə hazırlanmasını necə təşkil edirik? Mütəmadi surətdə məktəbəqədər qruplar yaradırıq və bu qrupda proqram üzrə məşğələlər keçiririk. Uşaqlara  çap üsulu ilə yazmağı, riyaziyyatdan  toplama, çıxma əməliyyatlarını, həndəsi fiqurları bir-birindən seçib ayırmağı öyrədirik. Bağçamızda uşaqlar çox yüksək səviyyədə məktəbə  hazırlanır. Körpəyaşlılar qrupundan başlamış düz məktəbəqədər qruplara qədər  hər qrupun özünün konkret məşğələ proqramı var. Müəllimlər bir gün əvvəldən sabah keçiriləcək məşğələ üçün  proqramlarını hazırlayırlar. Mən  özüm də buna çox ciddi nəzarət edirəm. Səhər yeməyindən sonra, yəni saat 10-dan 12-nin yarısına kimi  məşğələ saatımızdır.

Bağçada uşaqları yaşına görə qruplara ayırırıq: iki-üç yaşı olanlar  körpələr (yasli) qrupuna, üç-dörd yaşı olanlar orta qrupa, dörd- beş yaşı olanlar böyük qrupa,  beş- altı yaşlı uşaqlar isə məktəbə hazırlıq qrupuna göndərilir.  Hər ilin sentyabr ayında uşaqlar arasında komplektləşdirmə aparır, uşaqları yaşına görə pillələrə ayırırıq. Onda mərhələli olaraq, körpə qrupdakılar orta qrupa, opta qrupdakılar böyük qrupa, böyük qrupdakılar məktəbəqədər hazırlıq qrupuna, məktəbəqədər qrupdakılar isə, təbii ki məktəbə yola salınır.

Uşağın bağçaya getməsinin ən böyük əhəmiyyəti odur ki, uşaq hər şeydən əvvəl kollektivə alışır, müəllimlərlə ünsiyyətdə olmağı bacarır, hazırcavab olur.

Biz bütün qruplarımızda həyata keçirdiyimiz tədbirləri disklərə köçürürük. Bayramlarda musiqili şənliklər təşkil edirik. Uşaqların çox xoşuna gələn bu şənliklər, elə bil səhnələşdirilmiş teatrdı. Bütün iştirakçılar nağılları, mahnıları, şeirləri karnaval geyimində  ifa edirlər. Bu eksperiment  də göstərir ki, məktəblərdə  keçirilən əlifba bayramlarında  bağçadan gedən uşaqlar daha çox fərqlənirlər. Hazırda bağçamız 247 nömrəli məktəblə çox sıx əlaqəlidir. Uşaqlarımızın  əksəriyyəti də yaşı çatanda həmin məktəbə gedir. Məktəbdə keçirilən əlifba teatrına həmişə gedirəm,  bağçamızın yetirmələrinin çıxışlarını maraqla izləyirəm. Onların hər bir uğuru məni elə sevindirir, mənə elə zövq verir ki, fərəhim yerə-göyə sığmır. Uşaqlarım mənə mənəvi qida verirlər. Bağçadan məktəbə yola saldığımız uşaqların səsi-sorağı  sonralar haralardan gəlmir?!

Mən qırx  ildən artıqdır ki, işimi sevə-sevə bu bağçada çalışıram. İlk buraxılışımız olan uşaqlarımızın indi az qala yaşı qırxı ötüb. Onlar həm valideynlərinin, həm də bizim yetirmələrimizdir.Vaxtilə özü bağçamızın məzunu olan  uşaqlardan hərdən bura - bağçamıza baş çəkməyə gələnlər, yaxud da öz uşağını, hətta nəvəsini  buraya gətirənlər olur.

Beləcə, illər bir-birini əvəzləyir. İşimi sevə-sevə, uşaqlarımı sevə-sevə öz ömrümü yaşayıram. Gecə-gündüz ən birinci planda işimi, bağçadakı uşaqlarımı düşünürəm. Əslində bura da artıq bizim ailəmizin bir parçası  sayılır.

Bağçamızın həyətində gözəl bağ salmışıq. Bu bağda  altı yüz yetmişdən çox  ağac - həm meyvə, həm də dekorativ ağaclar əkdirmişəm. Ən gözəl çiçəklərə, ən dadlı meyvə tinglərinə bu bağda rast gəlmək mümkündür. Bütün bü gözəllik də, bu bağdan əldə edilən məhsul da bağçamızın uşaqları üçündür.

Uşaqlarımız saat 10-da bağçaya gətirilir, axşam saat 7-də evlərinə aparılır, yəni,  onlar günün doqquz saatını bizimlə keçirirlər. Buna görə də bağçaların işçi kollektivlərinin məsuliyyəti çox böyükdür. Əgər ailələr öz ciyərparalarını bizə etibar edirlərsə, biz də öz növbəmizdə uşaqları gözümüz kimi qorumalı, onlara ən vacib insani keyfiyyətləri öyrətməyə nail olmalıyıq. 

Rəfiqə ƏLİYEVA,
162 nömrəli bağçanın müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov