Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2013 - №9

 

276 nömrəli məktəbdə Beynəlxalq Mülki Müdafiə Günü qeyd edildi

 

 Martın 1-də paytaxtın Binəqədi rayonunda yerləşən 276 nömrəli tam orta məktəbdə Beynəlxalq Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirildi.  

Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov, Binəqədi rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi, mayor Musa Məhərrəmov və digər şəxslər iştirak edirdilər. Öncə iştirakçılar mülki müdafiə gününə həsr olunmuş "açıq dərs"lərdə oldular və şagirdlər zəlzələlər, torpaq sürüşmələri, qaz partlamaları, vulkanlar, yanğınlar və s. mövzularda qısa məlumat verdilər. Sonra məktəbin foyesində süni yanğın səhnəsi təşkil olundu və həyəcan siqnalı verildi. Növbətçi müəllimlərin köməyi ilə şagirdlər hər iki arxa qapıdan məktəbin həyətinə köçürüldü. Post, manqalar və siniflər öz yerini tutdu. Hərbi rəhbər raport verdi. Dövlət himni səsləndirildi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Bəhram Şiriyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixindən danışdı. Bildirdi ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart tarixində bu təşkilata üzv olan bütün ölkələrdə "Ümumdünya Mülki Müdafiə günü" kimi qeyd edilir. Bu nüfuzlu beynəlxalq qurum ən mürəkkəb fövqəladə hallar baş verdikdə əhatə etdiyi ölkələrə yardım göstərir, həmin ölkələrdə mühafizə xidmətini inkişaf etdirir, möhkəmləndirir və əlaqələndirir. Azərbaycan Respublikası bu təşkilatın üzvlüyünə qəbul edildiyi üçün hər il onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.

B.Şiriyev qeyd etdi ki, Beynəlxalq Mülki Müdafiə gününün keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın gördüyü işin vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, eləcə də fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün məsuliyyət daşıyan əməkdaşların çətin işini və fədakarlığını lazımınca qiymətləndirməkdir. Son illər respublikamızda bu sahənin inkişafı ilə bağlı dövlət tərəfindən əsaslı işlər görüldüyünü diqqətə çatdıran B.Şiriyev bildirdi ki, respublikanın hər yerində olduğu kimi, Binəqədi rayonunda da təbii fəlakətlərin və fövqəladə hadisələrin qarşısını almaq və ya bu kimi hallarda xilasetmə işinin təşkili, qısa müddət ərzində xilasetmə qüvvə və vasitələrin hazırlığının təmin edilməsi və s. haqqında maarifləndirmə tədbirləri görülür. Respublikamızda xilasetmə işlərində ən müasir texnika və avadanlıqlardan istifadə edildiyini bildirən B.Şiriyev dövlət tərəfindən həyata keçirilən bu tədbirlərin əhalinin etibarlı mühafizəsinin təmin olunmasına xidmət etdiyini bildirdi.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov çıxış edərək tədbirin əhəmiyyətindən danışdı. Tədbirin profilaktik xarakter daşıdığını bildirən V.İsmayılov buna baxmayaraq, bir anlıq da olsa həyəcan yaşadıqlarını nəzərə çatdırdı. Sözügedən  hadisələr zamanı ayıq olmağı və həmin vaxt nəzəri biliklərdən istifadə etməyin zəruriliyini diqqətə çatdıran V.İsmayılov siniflərdə müşahidələr aparıldığı zaman şagirdlərin mülki müdafiə biliklərinin yüksək səviyyədə olduğunu qeyd etdi.

Tədbirdə şagirdlərin iştirakı ilə tibb manqasının yaralıya tibbi yardım göstərilməsi, yanğın zamanı yanğınsöndürmə manqasının üzvlərinin yanğının söndürülməsi, əleyhqaz və sairə vasitələrdən istifadə olunması qaydaları nümayiş etdirildi. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov