Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2013 - №9

 

"Musiqi bizim üçün həyat deməkdir"

 

Hər dəfə  Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olanda ayrı-ayrı auditoriyalardan eşidilən musiqi əsərlərinin sehrinə düşürsən. Bu sehrli aləmi bütün əzəməti ilə öz yetirmələrinə çatdıran, gənc, istedadlı ifaçılarımızı peşəkər musiqi həyatına, nüfuzlu beynəlxalq müsabiqələrə hazırlayanlar isə bizim müəllimlərimizdir.  

Onların arasında qadın müəllimlərimiz çoxdur, məhz onların gərgin əməyi, ağır zəhmətinin nəticəsidir ki,  bu gün istedadlı gənclərimizin sorağı bir sıra beynəlxalq musiqi müsabiqələrindən gəlir. 8 mart - Beynəlxalq  Qadınlar Günü ərəfəsində onlardan biri ilə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin vokal fakültəsinin dosenti, fəlsəfə doktoru, eyni zamanda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi İradə Xəlilova ilə görüşərək yaradıcılıq planları və yetirmələri barədə söhbətləşdik. İlk öncə qeyd edək ki, son günlər İradə xanım şagirdləri ilə birlikdə zəngin iş qrafiki üzrə çalışır: "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünün keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sərəncamına və Təhsil Nazirliyinin Fəaliyyət proqramına əsasən respublika mahnı müsabiqəsi elan olunub. Biz də şagirdlərimizlə aprelin sonları mayın əvvəllərində keçiriləcək bu müsabiqəyə çox ciddi hazırlaşırıq".

Bundan əlavə, İradə Xəlilova hazırda tələbələri ilə çox məsuliyyətli beynəlxalq  müsabiqəyə də hazırlaşır. Bir həftə sonra Estoniyada Koxtla-Yardda beynəlxalq müsabiqə keçiriləcək. İradə Xəlilova yetirmələrinin bu müsabiqəyə ciddi hazırlaşdıqlarını və onların qələbə  əzminin çox yüksək olduğunu bildirdi. İradə xanım Azərbaycan Respublikası Təhsil Nazirliyinin bu işlərdə onlara hərtərəfli dəstək göstərdiyini bildirdi: "Mən onu da deyim ki, biz Təhsil Nazirliyi tərəfindən böyük qayğı və diqqətlə əhatə olunmuşuq. Bir faktı da qeyd edim ki, bizim Estoniyada keçiriləcək beynəlxalq müsabiqədə iştirakımız tamamilə Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Fürsətdən istifadə edərək Təhsil Nazirliyinin rəhbərliyinə öz dərin  minnətdarlığımızı çatdırmaq istəyirəm".

İradə Xəlilova qeyd etdi ki, tələbələri bir sıra beynəlxalq müsabiqələrdə ölkəmizi layiqli təmsil edirlər. Hər dəfə çalışıram ki, onların repertuarında Azərbaycan xalq musiqiləri yer alsın.  Öz ölkəmizin vətənpərvər vətəndaşları kimi biz milli mədəniyyət nümunələrimizi  təbliğ etməyə çalışırıq. Biz  Azərbaycan mədəniyyətini bütün dünyada yaymağa  borcluyuq. Azərbaycan musiqi sənətinin, incənətinin bütün dünyada tanıdılmasında  Heydər Əliyev Fondunun xüsusi rolu var. Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyeva incəsənətimizə çox böyük dəstək göstərir. Onun dəstəyi sayəsində bizim incəsənətimiz inkişaf edir, bütün dünyada təbliğ olunur.  İradə Xəlilova bütün varlığı ilə musiqiyə bağlı insandır. "Musiqi sizin üçün nədir" sualına o, belə cavab verdi: Bir misal çəkim. Biz bir qədər əvvəl elə bu barədə söhbət açmışdıq. Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycanda simfonik gənclər orkestri yaradılıb. Bu orkestrin rəhbəri isə bizim məktəbin direktoru, Azərbaycanın xalq artisti Teymur Göyçayevdir.   Biz bir qədər əvvəl orkestrin məşqində olmuşuq. Məşqdən sonra Teymur Göyçayev qeyd etdi ki, musiqi bizim həyatımızdır.  Biz özümüzü musiqisiz təsəvvür edə bilmirik. Mən uşaqlara baxaraq dedim ki, onlar ən xoşbəxt insanlardır, çünki  musiqiçidirlər. Onlar fərqlidirlər. Bu uşaqlar fərqli düşüncəyə, davranışlara malikdir. Onların tamamilə başqa dünyaları var. Onlar musiqi uşaqlarıdır. Bir sözlə, musiqi bizim üçün həyat deməkdir.

Söhbətimizin sonunda İradə Xəlilova bir müəllim, bir qadın, bir ana kimi nikbin arzularla yaşadığını belə ifadə etdi: Bir qadın, pedaqoq müəllim kimi mən özümə daha çox  istedadlı şagirdlər, tələbələr arzu edirəm. Mən ölkəmizin birinci xanımı Mehriban Əliyevanın timsalında Azərbaycanın bütün  qadınlarını təbrik etmək  istəyirəm. Onlara cansağlığı və xoşbəxtlik arzulayıram.

Biz də, öz növbəmizdə, İradə xanımı və onun timsalında təhsil sahəsində çalışan bütün qadın müəllimlərimizi ürəkdən təbrik edir və onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq.   

Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov