Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 mart 2013 - №10

 

Təhsil naziri müsabiqə üzrə fənn komissiyalarının üzvləri ilə görüşüb

 

Martın 9-da təhsil naziri Misir Mərdanov "Ən yaxşı müəllim" müsabiqəsi üzrə fənn komissiyalarının üzvləri ilə görüşdü. Görüş iştirakçılarını salamlayan nazir qarşıdan gələn Novruz bayramı münasibəti ilə onları təbrik etdi. Nazir bildirdi ki, "Ən yaxşı müəllim" müsabiqəsi artıq 6-cı ildir keçirilir. Əvvəlki illərdə keçirilən müsabiqələrin ədalətli olmasına, ən yaxşıların seçilməsinə çalışılmış və buna nail olunmuşdur. M.Mərdanov bu qənaətə gəlməyə indiyədək keçirilən müsabiqələr haqqında ciddi iradların olmamasının əsas verdiyini, bundan sonra da bu işə ciddi diqqət yetiriləcəyini qeyd etdi.

Növbəti müsabiqəyə artıq start verildiyini deyən təhsil naziri 3 mərhələdə keçirilən müsabiqənin ilk mərhələsinin artıq başa çatdığını söyləyib bəzi statistik göstəriciləri diqqətə çatdırdı. Bildirdi ki, müsabiqədə iştirak üçün 481 nəfər sənəd vermiş, onlardan 4-nün sənədi stajları 5 ildən az olduğu üçün qəbul edilməmiş, 477 nəfərin sənədi ekspertizadan keçirilmişdir. Sənəd verənlərin bölgələr üzrə paylanmasını əks etdirən diaqramı görüş iştirakçılarının nəzərinə çatdıran nazir 179 nəfərin Bakının, 30 nəfərin Nazirliyin, 5 nəfərin ali məktəblərin nəzdindəki təhsil müəssisələrini, 3 nəfərin özəl məktəbləri,  265 nəfərin isə ölkənin digər şəhər və rayonlarını təmsil etdiyini bildirdi. Nazir qeyd etdi ki, ekspertizanın nəticələrinə görə 477 nəfərdən 1,6-5,7 intervalında bal toplayan 208 müəllim II mərhələyə buraxılmışdır. Sonra ikinci mərhələyə buraxılan müəllimlərin bölgələr üzrə təsnifatı diqqətə çatdırıldı və Bakı şəhəri üzrə müəllimlərin sayca daha çox olduğu (bütün iştirakçıların 45 faizi) qeyd edildi.

Daha sonra II mərhələyə buraxılan müəllimlərin son iki ildə fənlər üzrə müqayisəli göstəricilərinin əks olunduğu cədvəli də nümayiş etdirən nazir bəzi fənlər üzrə (ingilis dili, tarix və texnologiya) iştirakçıların sayının artdığına, bəziləri üzrə isə, əksinə, azaldığına (ibtidai sinif, biologiya, coğrafiya və s.) diqqəti cəlb etdi. Bütövlükdə II mərhələyə buraxılanların sayının (208 nəfər) ötən ildəkindən (231 nəfər) az olmasını isə təhsil naziri Təşkilat Komitəsinin bu barədə qərar qəbul edərkən sənədlərin ekspertizasını aparan işçi qrupunun rəyinə əsaslanması ilə izah etdi və bildirdi ki, təqdim olunmuş sənədlər baxımından göstəriciləri daha uğurlu hesab edilən və müsabiqə tələblərinin əksəriyyətini ödəyən müəllimlərin növbəti mərhələyə buraxılması məqsədəuyğun sayılmışdır. İkinci mərhələyə buraxılan müəllimlərlə bağlı bəzi əlavə  məlumatlardan da söz açıldı.

Nazir görüş iştirakçılarının nəzərinə çatdırdı ki, ötən illə müqayisədə bu il fənn komissiyalarının tərkibində bir sıra dəyişikliklər edilmiş, komissiyalara 33 nəfər yeni ekspert salınmışdır ki, bu da 17 komissiya üzrə 89 nəfərdən ibarət tərkibin 37 faizini təşkil edir. Təhsil naziri təqdimatında komissiyaların tərkibi ilə bağlı bəzi statistik məlumatları, eləcə də "Ən yaxşı müəllim" müsabiqəsi iştirakçılarının nümunə dərslərinin təşkil olunacağı məktəblərin adlarını açıqladı. Bildirdi ki, müsabiqənin II mərhələsinə martın 11-dən başlanacaq. Dərslərin dinlənilməsi ilə əlaqədar qrafik tərtib olunmuşdur. Qiymətləndirmə meyarlarında dəyişiklik edilmədiyini deyən təhsil naziri mövcud meyarları bir daha görüş iştirakçılarının diqqətinə çatdırıb, hər bir meyarın maksimum 10 balla qiymətləndirildiyini xatırlatdı.

Görüşdə fənn komissiyalarının üzvlərinə öz tapşırıq və tövsiyələrini verən  təhsil naziri Misir Mərdanov müsabiqənin dövlət başçısının sərəncamı əsasında keçirildiyi və qaliblərə yüksək məbləğdə pul mükafatı verildiyi üçün böyük statusa malik olduğunu və ictimaiyyətin diqqət mərkəzində durduğunu vurğuladı, buna görə də hamının nəcib bir məqsədə xidmət edən bu müsabiqənin nüfuzuna, az da olsa, xələl gətirən heç bir hala yol verilməməyə çalışmalı olduğunu söylədi. Bu məsələyə çox həssaslıqla, obyektiv və ədalətlə yanaşılmasının vacibliyini bir daha vurğulayan nazir fənn komissiyalarının üzvlərinə öz fəaliyyətlərində həmin cəhətləri daim nəzərə almağı, dinlədikləri dərsləri düzgün qiymətləndirməyi tövsiyə etdi.

Təhsil naziri çıxışının sonunda müsabiqə iştirakçılarının dərslərinin dinlənilməsində əvvəlki illərdə yol verilmiş bəzi nöqsanların təkrar edilməyəcəyinə, hər bir iştirakçının öz layiqli qiymətini alacağına əminliyini bildirdi və sınaq dərslərinin dinlənilməsinin təşkili ilə bağlı bəzi məlumatları diqqətə çatdırdı. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov