Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 mart 2013 - №10

 

ADU-da "Ağacəkmə günü" adlı Çin milli bayramı keçirildi

 

Martın 12-də Azərbaycan Dillər Universitetində (ADU) Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə Çinin "Ağacəkmə günü"  adlı milli bayramına həsr olunmuş tədbir keçirildi. Tədbir Çində kütləvi ağacəkmə təşəbbüsünə qatılmış görkəmli Çin inqilabçısı Sun Yatsenin ölüm gününə həsr olunmuşdu.

Tədbirdə regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri- Rəna Ağayeva Azərbaycan dilində, Ülviyyə Afət ingilis dilində bayramın yaranma tarixi və adət-ənənələri haqqında məlumat verdilər.

Daha sonra Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuinin müşaviri xanım Li çıxış edərək  universitet tələbələrinin belə təşəbbüslərinin, Çin mədəniyyəti, tarixi və dili ilə maraqlanmalarının təqdirəlayiq olduğunu söylədi. 

Çin dili və mədəniyyəti mərkəzinin direktoru Rafiq Abbasov isə çıxışında Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində dövlətin göstərdiyi qayğıya diqqət çəkdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2010-cu ilin ölkəmizdə "Ekologiya ili" elan edildiyi bildirildi. O qeyd etdi ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ətraf mühitin qorunması istiqamətində bir sıra layihələr həyata keçirilir, ağacəkmə kampaniyası uğurla aparılır.

R.Abbasov həmçinin  Azərbaycanın, Bakının hələ 70-ci illərdə əsaslı yaşıllaşdırılması proqramını da xatırlatdı. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin ötən əsrin 90-cı illərində Pakistanda, Qazaxıstanda, Türkmənistanda, Rusiyanın tərkibində yerləşən Çuvaş Respublikasında yaradılmış "Əliyev Xiyabanı"na baxış zamanı simvolik ağacəkmə mərasimlərində iştirak etdiyini vurğuladı.

Sonra regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri Nərgiz Niyazova və İlahə Məmmədova ingilis dilində Çində siyasi xadimlərin ehtiram göstərdiyi, "millətin atası" adlandırılan Sun Yatsenin həyat və fəaliyyəti, siyasi yanaşmaları, dünyanın siyasi fikirləri tarixinə daxil olan "üç xalq prinsipi" və beş vilayətin konstitusiyası haqqında gedən proseslərə həsr olunmuş məruzələrlə çıxış etdilər.

Daha sonra universitetin çinşünaslıq ixtisasının tələbələri Çin dilində "Ağacəkmə günü"nə və Çin inqilabçısı Sun Yatsenə həsr olunmuş şeirlər söylədilər.

Bayram tədbirinin  davamında, həmçinin Çin kinematoqrafiyasından kadrlar, Sun Yatsenin fəaliyyəti haqqında bədii-sənədli film nümayiş olundu.

Sonda ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Məcid Əliyev tələbələrin bu cür tədbirlərə maraqla yanaşdıqlarından məmnun olduğunu bildirdi. O, Azərbaycanın  Prezidenti İlham Əliyev tərəfindən yürüdülən siyasət nəticəsində ölkəmizin inkişafının daha da yüksək pilləyə qalxacağına əminliyini ifadə etdi. Dekan tələbələrə müxtəlif dillərə yiyələnərək dünyada öz sözünü deyən mütəxəssislər kimi yetişməyi arzuladı.  

ADU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov