Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 mart 2013 - №10

 

Azərbaycan təhsilinin uğurları

 

Dünya Kimya Olimpiadasının bir bürünc, iki qızıl mükafatçısı 

Respublikamız müstəqillik qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi, təhsil və elm sahəsində də sürətli inkişaf getmişdir. Bu inkişafın nəticəsində istedadlı gənclərimiz ölkəmizi  beynəlxalq arenalarda uğurla təmsil edərək üçrəngli bayrağımızı dünyanın dörd bir yanında dalğalandırırlar. Azərbaycanımızı elm sahəsində beynəlxalq olimpiadalarda uğurla təmsil edən gənclərdən biri də hazırda İngiltərənin London İmperial Kollecində (Imperial College London) doktorantura təhsili alan  Sənan Eminovdur.  

Sənan 1987-ci ildə Bərdə rayonunda anadan olub. Orta məktəbə Bərdə şəhər 3 nömrəli orta məktəbdə  qədəm qoyub. Sənan sonra təhsilini Mingəçevir Özəl Türk Liseyində başa vurub. Hələ məktəbdə oxuyarkən kimya fənninə olan həvəsi onu bu elmin sirlərinə dərindən yiyələnməyə sövq edib. Elə bu həvəs də Sənanın beynəlxalq olimpiadalarda uğur qazanmasına və gələcəkdə böyük kimyaçı olmasına stimul verib. Qarşısına qoyduğu məqsədə doğru daim inamla addımlayan Sənan yorulmaq bilmədən çalışır, öz istəyinə nail olmaq üçün var gücündən istifadə edir. Bu gərgin əməyin nəticəsidir ki, o, artıq nəinki respublikamızda, hətta dünyanın bir çox ölkələrində, əsasən də elmlə məşğul olan insanlar arasında tanınır. Orta məktəbi fərqlənmə attestatı ilə bitirən Sənan Eminov təhsil aldığı müddətdə bir çox kimya olimpiadalarında iştirak etmişdir. 2003-cü ildə IX sinifdə oxuyarkən kimya üzrə respublika fənn olimpiadasında qızıl medala və həmin ilin iyul ayında Yunanıstanda keçirilən 35-ci Dünya Kimya Olimpiadasında bürünc medala layiq görülüb. O, 2004-cü ildə yenidən respublika fənn olimpiadasının qalibi olmuş və həmin ilin iyun ayında Almaniyada keçirilən 36-cı Dünya Kimya Olimpiadasında ölkəmizi layiqincə təmsil edərək qızıl medala layiq görülüb. 2005-ci ildə yenidən respublika birincisi olan Sənan  həmin ilin iyul ayında Tayvanda keçirilən 37-ci Dünya Kimya Olimpiadasında qızıl medala sahib çıxıb. Sənan Eminov beynəlxalq fənn olimpiadaları tariximizdə ilk dəfə olaraq Tayvanda keçirilən Beynəlxalq Kimya Olimpiadasında imtahanın nəzəriyyə bölməsində ən yüksək balı topladığı üçün (229 mütləq baldan 228 bal) mütləq birinciliyə layiq görülüb və xüsusi mükafatla təltif olunub.

Bütün bu uğurlardan sonra dünyanın bir çox tanınmış universitetləri Sənanı öz təhsil ocaqlarında oxumağa dəvət edib. Lakin Sənan Türkiyənin Orta Doğu Texniki Universitetinə qəbul olunmuş, I kursu bitirdikdən sonra təhsilini Almaniyanın  Beynəlxalq Bremen Universitetində davam etdirib. Universitetdə də öz çalışqanlığı və mübarizliyi ilə seçilən Sənan bakalavr pilləsini bitirdikdən sonra magistraturanı oxumadan birbaşa həmin universitetin doktorantura şöbəsinə qəbul edilib. 

"Bu, təkcə mənim uğurum deyil, ümumilikdə Azərbaycan təhsilinin, müəlliminin uğurudur" 

Sənanın dediklərindən:  Orta məktəbdə oxuyarkən kimya elminə xüsusi marağım var idi. Düşünürdüm ki, qloballaşan dünyamızda bu elmə daha çox ehtiyac var. Ölkə iqtisadiyyatının əsasını neft sənayesi təşkil etdiyindən bu sahədə respublikamıza daha yararlı olacağımı hesab edirdim. Bu məqsədlə kimya fənninə daha çox vaxt ayırıb bu elmin sirlərinə dərindən yiyələnməyə çalışırdım. Mingəçevir Özəl Türk liseyində oxuyarkən müəllimlərimin köməyi və dəstəyi ilə respublikamızda keçirilən fənn olimpiadalarına qatıldım. Olimpiadalarda qalib olduqdan sonra professor Vaqif Abbasovun başçılıq etdiyi heyətin dəstəyi ilə biz hər il mütəmadi olaraq  Dünya Kimya Olimpidalarına hazırlaşırdıq. Bu hazırlıq mərhələsində laboratoriya biliklərimizi artırmaq üçün Türkiyənin nüfuzlu universitetlərində təcrübələr aparırdıq. Olimpiadalarda respublikamızı  təmsil edərkən çox həyəcanlı idim.  Çünki Azərbaycanı təmsil etmək nə qədər qürurverici olsa da, bir o qədər də məsuliyyətli idi. Şükürlər olsun ki, iştirak etdiyim olimpiadalarda respublikamızı şərəflə təmsil etmişəm və sizin də bildiyiniz kimi ölkəmizə 1 bürünc, 2 qızıl medal gətirə bilmişəm. Olimpiadalarda uğurlu çıxışlarım mənim gələcəkdə bir kimyaçı kimi yetişməyimə xüsusi bir stimul verdi. Bu uğurlardan sonra artıq dünyanın bir çox tanınmış universitetlərindən təhsil almaq üçün təkliflər gəldi. Bu, çox qürurverici idi. Əldə etdiyim uğurlarıma görə professor  Vaqif Abbasov və Mütəllim Abbasov olmaqla bütün müəllimlərimə borcluyam. Düşünürəm ki, bu, təkcə mənim uğurum deyil, ümumilikdə Azərbaycan təhsilinin, müəlliminin uğurudur. İstər olimpiadalardakı uğurlarımda, istərsə də sonrakı təhsil aldığım müddətdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Dövlət Neft Şirkəti tərəfindən daim maddi və mənəvi dəstək almışam.

Olimpiadalardakı uğurlarımdan sonra Türkiyənin Orta Doğu Texniki Universitetinə qəbul oldum və I kursu bitirdikdən sonra təhsilimi Almaniyanın  Beynəlxalq Bremen Universitetində davam etdirdim. Almaniyada təhsil aldığım müddət ərzində təhsil haqqım, yaşayış və qidalanma xərclərim universitet tərəfindən ödənilmişdir. Bakalavr təhsili müddətində 2 il üzvi, qeyri-üzvi və analitik kimya laboratoriyalarında professor assistenti kimi 1-ci və 2-ci kurs bakalavr tələbələrinə əlavə dərslər keçmişəm. Bundan başqa, laboratoriyalarda kimyəvi eksperimentlərdə həmin tələbələrə bir çox növ fərqli reaksiyalarda assistent kimi kömək etmişəm.

Almaniyada təhsil aldığım müddətdə ilk elmi işim "Qallotanninlərin yaşıl çayın tərkibindən ekstraksiyası" mövzusunda idi. Həmin mövzu üzrə məqaləm dünyanın ən reytinqli jurnallarından birində çap olunub. Bu elmi tədqiqat işi çox sürətlə kökəlmə problemi olan "obesiti" xəstəliyinin müalicəsi üçün dərman preparatlarının hazırlanmasında bir başlanğıc kimi görülürdü. Çünki yaşıl çayın tərkibində olan və qallotannin adlanan maddələr bu xəstəliyin qarşısını almaq üçün istifadə olunan əsas maddələrdən biri kimi qəbul olunur.

Universitetin bakalavr pilləsini yüksək nailiyyətlə bitirdikdən sonra təhsilimi davam etdirmək üçün Böyük Britaniyanın ən məşhur universitetləri olan Kembric, London İmperial Kollec, London Universitet Kollec və Mançester universitetlərindən dəvətlər aldım. Bunlardan London İmperial Kolleci seçdim. Seçimimdə ən böyük səbəb isə London İmperial Kollecin dünyanın ilk 10 universitetindən biri olması və həmçinin orada aparacağım elmi tədqiqat sahəsinin dünyanın ən qlobal problemlərindən biri olan alternativ enerji resurslarının olması idi. Bu sahədə elmi işlərimi uğurla davam etdirdim. Əldə etdiyim yüksək göstəricilərə görə London İmperial Kollecin doktorantura pilləsinə dəvət aldım. Hazırda London İmperial Kollecdə doktorantura pilləsi üzrə təhsilimi davam etdirirəm. Elmi tədqiqat işim, ion mayelərdən istifadə edərək biokütlənin parçalanması və alternativ enerji mənbəyi olan platforma kimyəvi maddələrinə çevrilməsidir. Bu elmi tədqiqat işi, yeni nəsil bioenerjinin alınması və tətbiqini əhatə edir. Gələcək üçün böyük ümid bəxş edən bu elmi tədqiqat işi bir çox nüfuzlu şirkətlərin və elmi araşdırma mərkəzlərinin diqqətini cəlb edir. Düşünürəm ki, daha ucuz və asan yolla alınan alternativ enerji mənbələri başqa ölkələr üçün yox, öz ölkəmiz üçün daha faydalı olacaqdır. Çünki hazırda tükənən neft rezervlərindən minimum istifadə etmək və daha çox alternativ enerji mənbələrinə üstünlük verilməsi vacibdir. Tədqiqat işim haqqında qeyd etmək istədiyim ən əhəmiyyətli hissə isə bu elmi tədqiqatın hazırda tükənməkdə olan neft probleminə qarşı bir həlli yolu olmasıdır. Çünki hesablamalara əsasən neftin hazırdakı istifadəsinin sürəti təbiətin eyni miqdar nefti istehsal etmə sürətindən 100.000 dəfə daha sürətlidir. Bu isə tükənən mənbə olan neftin yaxın yüzillikdə azalmasına gətirib çıxaracaqdır. Mənim elmi tədqiqatlarımda, müxtəlif növ bitkilərdən istifadə edərək bioyanacaq mənbəyi olan HMF-in (5-hidroksimetilfurfuralin) alınmasıdır. Bu bioyanacağın enerji sıxlığı benzininkinə çox yaxın və oktan ədədi 119-dur. Bu bioyanacaq tükənməyən resurs olan bitkilərdən əldə edilir. Bu elmi tədqiqatın ən vacib məqsədi enerjini tükənməyən mənbə olan müxtəlif növ bitkilərdən almaqdır. Hazırda bu istiqamətdə çox yüksək nəticələr əldə edilib. Yaxın gələcəkdə bunun sənaye miqyasına daşınması gözlənilir.

Onu da qeyd edim ki, bu yaxınlarda professor Vaqif Abbasov London İmperial Kollecə gələrək elmi işlərimizlə tanış olub. Hazırda London İmperial Kollec ilə Neft-Kimya Prosesləri İnstitutu arasında birgə əməkdaşlıq danışıqları aparılır. Bu, bir azərbaycanlı kimi məni çox qürurlandırır. Çünki dünyanın ən nüfuzlu 10 ali təhsil müəssisələrindən olan London İmperial Kollec Azərbaycanda bir elmi institut ilə əməkdaşlıq edir. Mən bu əməkdaşlığın gələcəkdə  Azərbaycan elminə böyük töhfələr verəcəyinə inanıram.

Düşünürəm ki, ölkəmizin dünya dövlətləri tərəfindən tanınması vacib amillərdən biridir. Biz Azərbaycan vətəndaşları harada olmağımızdan asılı olmayaraq bunun üçün var gücümüzlə çalışmalıyıq. Bu məqsədlə mən də universitetdə və digər yerlərdə təşkil olunan tədbirlərdə mütəmadi olaraq iştirak etməyə çalışıram. Biz ölkəmizi xaricdə təkcə təhsil, elm sahəsində deyil, həmcinin lobbiçilik fəaliyyətimizlə də bütün dünyaya tanıtmalıyıq. Bu sahədə işlər görən fəal vətəndaşlarımıza dəstək olmalıyıq. Biz Azərbaycanı dünyaya tanıtdıqca, ölkəmiz dünyaya açılan yeni bir pəncərə olacaqdır. Biz Londonda Azərbaycanı təmsil edən səfirlik və təşkilatların bir çox tədbirlərinə qatılırıq. Bu tədbirlərdə azərbaycanlılarla yanaşı, müxtəlif xalqların nümayəndələri də iştirak edir. Hər il mütəmadi olaraq Londonda Novruz şənliyi keçirilir. Bu azərbaycanlıların bir yerə toplaşmasına, milli adət-ənənələrimizin təbliğinə xidmət edir. Bundan başqa azərbaycanlı tələbələr olaraq bu yaxınlarda Londonda Xocalı soyqırımı ilə bağlı olaraq aksiya keçirdik və çox uğurlu alındı. İnanıram ki, biz az da olsa xarici vətəndaşlara ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər barədə məlumatlar çatdıra bildik.

Doktorantura pilləsindəki təhsilimi başa vurduqdan sonra ən böyük arzum Azərbaycana qayıdaraq Avropada əldə etdiyim nəzəri və praktik bilikləri ölkəmizdəki gənc kimyaçılarla bölüşüm, vətənimizdə kimya sahəsinin inkişafında rol oynayım. Düşünürəm ki, bir vətəndaş kimi dövlət qarşısında olan missiyamızı yerinə yetirməliyik. Biz gənclərin əldə etdiyi bütün uğurlar məhz dövlətimizin bizlərə göstərdiyi diqqət və qayğının nəticəsindədir. Bizim borcumuz isə bizə olan inamı və güvəni doğrultmaqdır. Bunun üçün biz bütün bilik və bacarığımızı ölkəmizin inkisafı üçün yönəltməliyik. Bizim ölkəmiz təbii sərvətlərlə zəngin bir ölkədir. İstər yeraltı,  istərsə də yerüstü sərvətlərimiz çoxdur və demək olar ki, neft və qaz ölkəsiyik. Buna görə bizim çox savadlı və bacarıqlı kimyaçılara və mühəndislərə ehtiyacımız var. Çünki biz öz neftimizdən səmərəli şəkildə istifadə etməliyik. Ən böyük arzum elm sahəsində Azərbaycanda daha da böyük işlər görmək və ölkəmizdə elmin daha yüksək səviyyədə inkisafını təmin etməkdir.  Çünki bu sahədə inkişaf ölkəmizi dünyada daha da çox tanıdacaq. Hazırda ölkəmizin buna çox ehtiyacı var. Bizim ölkəmizdə çox savadlı alimlərimiz var, niyə də elm sahəsində Nobel mükafatı alan ikinci müsəlman bir azərbaycanlı olmasın? 

"Onun hazırcavablığı, məntiqli olması həmişə mənim diqqətimi çəkmişdir"  

Sənanın Bərdə şəhər 3 nömrəli məktəbdə ibtidai sinif müəllimi olan Qətibə Məmmədovanın fikirlərini sizinlə bölüşürük: Sənana 1994-1998-ci illərdə  dərs demişəm. O, ibtidai sinifdə təhsil aldığı müddətdə özünü çalışqan, istedadlı, bacarıqlı, əxlaqlı bir şagird kimi göstərmişdir. Dərslərə xüsusi səylə hazırlaşmış, "əla" qiymətlərlə ibtidai təhsilini başa vurmuşdur.  Xüsusilə, riyaziyyat, təbiətşünaslıq fənlərində  çox  fərqlənirdi.  Ev tapşırıqlarına çox böyük həvəslə hazırlaşar və əlavə çalışmaları da yerinə yetirirdi. Sinif müəllimi olaraq onun hazırcavablığı, məntiqli, dostcanlı, mehriban və ədalətli olması  həmişə mənim diqqətimi çəkmişdir. Bütün bu xüsusiyyətləri onu yoldaşlarından fərqləndirirdi.  Sənan sinifdənkənar, məktəbdənxaric tədbirlərdə də hər zaman fəal iştirak etmiş, öz qabiliyyəti ilə seçilmişdir.  Öhdəsinə düşən işləri böyük bacarıq və məsuliyyətlə yerinə yetirmişdir. İbtidai siniflərdə qazandığı bu bilik və bacarıqlar onun gələcək  illərdə  də təhsil həyatının  çox uğurlu olacağını göstərirdi. Adətən, ibtidai sinif müəllimi öz şagirdlərinin ikinci anası olur. Mən də öz övladım kimi Sənanın gələcəkdə gözəl bir insan  olaraq  yetişəcəyinə həmişə ümid etmişəm.

Bu gün də Sənanın uğurlarını eşitdikcə çox fərəhlənirəm və bu müvəffəqiyyətin ömür boyu davam etməsini diləyirəm. 

"Sevindirici haldır ki, Sənan London İmperial Kollecində bakalavr təhsili alan tələbələrə dərs deyir" 

Neft-Kimya Prosesləri İnstitutunun direktoru, professor Vaqif Abbasovun Sənan haqqında dedikləri: Sənan dünya olimpiadalarına xüsusi hazırlıq mərkəzində hazırlıq keçib. Həmin mərkəzi mən təşkil etmişdim. Onun iştirak etdiyi olimpiadalarda Azərbaycan komandasının rəhbəri də mən olmuşam. Bu dövrlərdə onun necə işgüzar, özünə tələbkar, hətta gecələr belə yatmayaraq çalışdığını söyləyə bilərəm. O, hətta orta məktəb şagirdi olmasına baxmayaraq universitet proqramları çərçivəsində  belə hazırlaşırdı. Belə bir zəhmətin bəhrəsi idi ki, Sənan 2003-cü ildə birinci dəfə qatıldığı Afina olimpiadasında 3-cü yerə layiq görüldü. Bundan sonra biliklərini daha da mükəmməlləşdirən Sənan 2004-cü ildə Almaniyada, 2005-ci ildə isə Tailandda keçirilən kimya olimpiadalarının qalibi olaraq vətənə qızıl medalla qayıtdı. O, Almaniyada ali məktəbdə oxuyarkən yeganə tələbə idi ki, iki ixtisas üzrə diplom aldı. Hazırda Sənan dünya üzrə reytinq cədvəlində 6-cı yerdə olan London İmperial Kollecdə təhsilini davam etdirir. Sevindirici haldır ki, Sənan həmin kollecdə bakalavr təhsili alan tələbələrə dərs deyir. Sənan dünyada ən aktual mövzulardan biri olan alternativ enerji mənbəyinin yaradılması, yanacaq komponentlərinin aşkara çıxarılması istiqamətində tədqiqatlar aparır. Onu da qeyd edim ki, Sənan Eminovun London İmperial Kollecdəki nüfuzuna görə həmin ali təhsil müəssisəsi bizim institut ilə birgə əməkdaşlığa başlamışdır. Biz indi həmin kolleclə 3 istiqamətdə əməkdaşlıq müqaviləsi hazırlayırıq. Bizim institutun bir neçə əməkdaşı London İmperial Kollecdə ixtisas kursu keçərək təhsil alacaqlar. Onu da qeyd edim ki, ötən ilin oktyabr ayında Bakıda keçirilən Beynəlxalq konfransda Sənan Eminov ingilis dilində gözəl bir məruzə ilə çıxış etdi və bu məruzə konfrans iştirakçıları tərəfindən çox yüksək qiymətləndirildi. Sənan Eminovun ən böyük xüsusiyyətlərindən biri də vətənə olan sevgisi, öz xalqına olan məhəbbətidir. Dünyanın bir çox şirkət və təşkilatları Sənanı öz müəssisələrində yüksək əməkhaqqı ilə işlər təklif etsələr də o, vətənə qayıtmağı və öz elmi tədqiqat işini burada davam etdirməyi düşünür. Xalqı, dövləti üçün yaradıcı bir şəxsiyyət olmağı planlaşdıran Sənan kimya elminin və sənayesinin ölkəmizdə inkişafı naminə var gücü ilə çalışır. Mən çox istəyərdim ki, Sənan kimi kadr bizim institutda çalışsın və rəhbər vəzifələrdən birini tutsun. Bundan başqa, yeni yaradılan Bakı Ali Neft Məktəbinə də Sənan kimi kadrın böyük ehtiyacı olduğunu düşünürəm. Həmin məktəbdə kimya və neft mühəndisliyi fakültələrində belə bir mütəxəssisə ehtiyac var. Mən Sənan Eminov kimi şəxsiyyətin yetişdirilməsində əməyim olmasından qürur duyuram. Fəxr edirəm ki, bizim millətin Sənan kimi övladı var. Mən deyərdim ki, Sənan son 20 ildə gənclər arasında rast gəldiyim elm fədaisi adlandırılan insanlardan birincisidir. O, elmi heç nəyə qurban vermir. Mən hesab edirəm ki, Sənan gələcəkdə dünya səviyyəsində çox böyük nüfuza malik bir alim olacaq. Mən onun təhsilində əməyi olan hər bir şəxsə, o cümlədən Bərdə şəhər 3 nömrəli orta məktəbin və Mingəçevir Özəl Türk liseyinin müəllimlərinə, onu olimpiadalara hazırlayan hər bir şəxsə xüsusi minnətdarlığımı bildirirəm. Sənan kimi bizim gənclərimiz çoxdur, amma mən hesab edirəm ki, o hamısından yüksəkdə durur. 

"Sənan Eminov gələcəkdə Azərbaycan üçün dünya miqyasında qəbul oluna biləcək bir alim olacaqdır" 

Sənan Eminov haqqında London İmperial Kollecin kimya fakültəsinin dekanı, professor Tom Velton bunları söyləyib: "Mənim Sənan Eminovla tanışlığım 3 il bundan əvvəl baş tutub. O, həm praktik, həm də nəzəri bilikləri ilə bizim universitetin öndə olan tələbələrindən biridir. Biz Sənanın yüksək səviyyəli mütəxəssis olduğunu nəzərə alaraq tədqiqat üzrə magistratura təhsilini London İmperial Kollecdə bitirdikdən sonra universitetdə doktoranturada saxlamaq haqqında qərar qəbul etdik. Hazırda S.Eminov dünyada ən aktual elmi istiqamətlərdən biri olan alternativ enerji mənbələrinin yaradılması sahəsində tədqiqatlar aparır. Bu problemin həlli gələcəkdə enerji probleminin həllinə yol açır. Bu tək bizim üçün deyil, bütün dünya üçün aktual mövzudur. Bu sahədə o çox yüksək nəticələr əldə edib və həmin nəticələr dünyanın ən məşhur elmi jurnallarında çap edilib. Hazırda o, tədqiqatlarını bu sahədə davam etdirir və yüksək çıxımla biokütlədən (müxtəlif növ bitki qalıqları) bioyanacaq alınmasına nail olub. Əminliklə deyə bilərəm ki, yüksək biliklərinə və elmi araşdırmalar aparmaq qabiliyyətinə malik olan S.Eminov gələcəkdə Azərbaycan üçün dünya miqyasında qəbul oluna biləcək bir alim olacaqdır.

 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov