Azərbaycan
Respublikası Prezidentinin "Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi
haqqında" müvafiq sərəncamı və Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin 2013-cü ili "Heydər Əliyev
ili" elan etməsi ilə bağlı olaraq Naxçıvan Müəllimlər
İnstitutunda silsilə tədbirlər həyata keçirilir.
Martın 13-də institutun foyesində təsviri incəsənət
müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Lətafət
Əliyevanın ümummilli liderimiz Heydər Əliyevin 90 illik
yubileyi şərəfinə təşkil edilmiş dekorativ-tətbiqi sənət
və kvilink janrı üzrə fərdi sərgisinin açılış mərasimi
keçirildi.
Tədbiri giriş sözü ilə açan institutun rektoru,
professor Oruc Həsənli qeyd etdi ki, bu il
institutumuzun müstəqil fəaliyyətinin 10 ili tamam olur.
Ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası ilə
fəaliyyətə başlayan institutumuz ötən illərdə bir sıra
uğurlar əldə etmişdir ki, bu gün təqdimatına
yığışdığımız bu fərdi sərgi də həmin uğurlardan biridir.
Bildirildi ki, institutda beş ixtisas üzrə min nəfərə
yaxın tələbə təhsil alır. Təsviri incəsənət müəllimliyi
ixtisası üzrə təhsil alan tələbələr özünəməxsusluğu ilə
seçilirlər.
Lətafət Əliyeva muxtar respublikanın ucqar dağ
kəndlərindən sayılan Şərur rayonu Tənənəm kənd tam orta
məktəbini bitirərək 2009-cu ildə institutumuzun təsviri
incəsənət müəllimliyi ixtisası üzrə təhsil almağa
başlamışdır. Zəhmətkeş ailədə böyüyən, tərbiyə alan
Lətafət də ötən illər ərzində özünü intizamlı tələbə
kimi tanıtmaqla yanaşı, necə zəhmətkeş və qabiliyyətli
olduğunu bu gün təqdim etdiyi işi ilə göstərir.
Tədbirdə çıxış edən muxtar respublika Ali Məclisinin
deputatı, Azərbaycan və Naxçıvan Muxtar Respublikasının
əməkdar rəssamı, Naxçıvan MR Rəssamlar İttifaqının sədri
Ülviyyə Həmzəyeva bildirdi ki, Naxçıvan Müəllimlər
İnstitutunda yüksək səviyyəli belə bir sərginin təşkili
təqdirəlayiq haldır. Lətafət Əliyevanın orjinal üslubda
təqdim etdiyi əl işləri dekorativ - tətbiqi sənət və
kvilink janrının inkişafı sahəsində müasir ruhlu bir
rəssamın yetişdiyindən xəbər verir. O, həmçinin bildirdi
ki, Müəllimlər İnstitutunun emalatxanasında və
heykəltəraşlıq otağında gördüklərim məndə sevinc
hissləri oyatdı. Bu təhsil ocağı, sözün həqiqi
mənasında, təkcə rəsm müəllimi deyil, eyni zamanda
gələcəyin müxtəlif janrlar üzrə rəssamlarını da yetirir.
Ülviyyə Həmzəyeva Naxçıvan Muxtar Respublikası Rəssamlar
Birliyi adından sərginin müəllifi Lətafət Əliyevaya
hədiyyələr təqdim etdi.
Sərgiyə baxış zamanı Azərbaycanın xalq rəssamı
Hüseynqulu Əliyev, Azərbaycanın əməkdar rəssamı Telman
Abdinov, filologiya üzrə fəlsəfə doktoru, şair-dramaturq
Həsənəli Eyvazlı, pedaqogika üzrə fəlsəfə doktoru,
rəssam Mahir Xəlilov, tələbə Nazlı Məmmədova çıxış
edərək fərdi sərgidə nümayiş etdirilən əsərlər haqqında
ürək sözlərini söylədilər.
Sərgiyə gələnlər tədris emalatxanalarında rəssam
tələbələrin iş şəraiti ilə də tanış oldular və xoş
təəssüratla ayrıldılar.
Naxçıvan Müəllimlər
İnstitutunun Mətbuat xidməti |