Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 mart 2013 - №10

 

Mənim qayğıkeş müəllimim

 

Dünyaca məşhur fransız yazarı Viktor Hüqo deyirdi ki, əməllərimiz bizi göylərə də ucalda bilər, dərin uçurumun dibinə də ata bilər. Biz öz əməllərimizin övladlarıyıq. 

Böyük alim, filologiya elmləri doktoru, professor və mənim elmi rəhbərim Kamran İmran oğlu Əliyev  məhz öz xeyirxah əməllərinin övladıdır.

Mən Kamran  müəllim haqqında əvvəlcədən çox eşitsəm də, onun elmi yaradıcılığına müəyyən bələdçiliyim olsa da, onunla ilk şəxsi tanışlığım prorektor işlədiyi zaman olub. Elmi araşdırmaya meyilim olduğunu söylədim.  Tanrının xoş bir saatında  Kamran müəllim də belə bir xəbəri çoxdan gözləyirmiş kimi Hüseyn Cavid yaradıcılığı əsasında romantik üslub və tərcümə problemləri ətrafında araşdırma aparmağın daha uğurlu olacağını diqqətimə yetirdi. Beləcə həmin gün Kamran müəllimin mənimlə  olan kiçik söhbəti sonrakı  taleyimdə  böyük  dönüş nöqtəsi oldu.

Elmi işimin mövzusunun  təsdiq olunmasına Kamran müəllimin mötəbər alim sözü xüsusi təkan verdi. Onun gətirdiyi ciddi arqumentlər, göstərdiyi faktlar və dəlillər elmi işimin mövzusunun yekdilliklə təsdiq olunmasını sürətləndirdi.

Bu illər ərzində mən Kamran  müəllimi daha yaxşı tanıdım. Elmi rəhbərimin nə qədər qayğıkeş, həssas bir ürək sahibi olduğunun dəfələrlə şahidi oldum. Kamran müəllim hər bir dissertantının, aspirantının elmi işinin plan-prospektinin detallarınacan işlənib hazırlanmasından tutmuş onların nədən başlayıb nədə qurtaracaqlarına, qoyulacaq problemlərin aydınlaşdırılmasına, hətta hansı ədəbiyyatlardan istifadə edəcəklərinə qədər, demək olar ki, bütün məsələlər barədə  öz məsləhətlərini əsirgəmir. Hətta yetirmələrinin əldə edə bilmədikləri elmi ədəbiyyatları öz şəxsi kitabxanasından  gətirmək zəhmətinə də qatlaşır.

İnsan şəxsiyyətinin tam açılmasında, məncə, birgə iş prosesinin rolu heç nə ilə müqayisə oluna bilməz. Burada insanlar bir-birlərini müxtəlif tərəflərdən daha yaxşı tanıyır, öz həmkarlarının sevincinə, ağrısına şərik olur, zaman keçdikcə isə qaynayıb-qarışır, doğmalaşırlar. Kamran müəllim işdə nə qədər tələbkardırsa, əməkdaşlarının üzləşdikləri hansısa problemlərin həll olunmasında o qədər yanımcıldır. Hər hansı bir çətinliyi olan əməkdaşların istənilən probleminin həlli üçün Kamran  müəllim dərhal müxtəlif instansiyalara üz tutur, şəxsi nüfuzundan istifadə edərək problemin tezliklə həll olunmasına çalışır. Onun  mənim üçün yaddaqalan ən ümdə keyfiyyətlərindən biri qeyri-adi dərəcədə uzaqgörənlik bacarığına sahib olmasıdır. Kamran müəllimin   məsləhətləri, tövsiyələri həyatımın sonrakı səhifələrinin  ən gərgin anlarında da  köməyimə çatmışdı.

Kamran müəllimin 60 ildə keçdiyi yol heç də hamar olmayıb. Kamran Əliyev 1953-cü il mart ayının 5-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Diyadin kəndində doğulub. Beş yaşında dərsə gedib. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin dil-ədəbiyyat fakültəsinə daxil olub və 1974-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib.

Beşillik tələbəlik illəri Kamranın qəlbində silinməz izlər buraxır. Kamran hələ universitetdə oxuyarkən müəllimlərin əksəriyyəti onun haqqında yüksək fikirdə olublar. Hətta ADU-nun ədəbiyyat kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Abbas Zamanov Kamran Əliyevin diplom işi haqqında "Ədəbiyyat və incəsənət" qəzetinin 1974-cü il 6 iyul tarixli nömrəsində məqalə çap etdirir. Abbas Zamanov yazır: "Kamran Əliyev diplom işini 20-ci və 30-cu illərdə qızğın fəaliyyət göstərən Mustafa Quliyevin ədəbi-tənqidi görüşləri mövzusuna həsr etmişdir. O, səbr və inadla axtarışlar aparıb M.Quliyevin bütün əsərlərini mövzularına görə qruplaşdırmış, tədqiq etmiş, həmçinin ədibin müxtəlif zamanlarda Azərbaycan və rus mətbuatında çıxan məqalələrinin biblioqrafiyasını düzəldib diplom işinə əlavə kimi vermişdir.

Diplom işindən alınan xoş təsir göstərir ki, K.Əliyev universitetdə təhsil aldığı müddətdə müəyyən mövzuda tədqiqat aparmaq, elmi və bədii əsəri təhlil edib orijinal nəticələrə gəlmək, öz elmi fikirlərinin arasında məntiqi rabitə yaratmaq vərdişi əldə edə bilmişdir. Əlbəttə, bu, fərəhləndirici haldır".

Hər qanadla da uzağa uçmaq olmur, o baxır uçmaq üçün qanadı kimdən almısan. Bizə belə gəlir ki, K.Əliyevə bu qol-qanadı professor Abbas Zamanov verib və bu dahi insan öz tələbəsini həyat səmasının ənginliklərinə uçurdub. K.Əliyev də ustadının haqq-sayını heç vaxt itirməyib. Abbas Zamanovun adı gələndə ayağa durub, bu böyük şəxsiyyətin pak ruhu önündə ehtiramla baş əyib və onun həyat və yaradıcılığı haqqında "Abbas Zamanov olmasaydı" kitabını yazıb.

Kamran müəllim universiteti bitirdikdən sonra iki il təyinatı üzrə işləyir və elmi araşdırmalara, tədqiqat işlərinə olan sonsuz marağı onu Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına gətirib çıxarır. Gənc alim professor Kamal Talıbzadənin  elmi rəhbərliyi ilə "XX əsr romantiklərinin ədəbi-nəzəri görüşləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edir.

Bu tədqiqat əsəri XX əsr Azərbaycan ədəbiyyatının bir sıra mühüm məsələlərini dərindən öyrənməyə imkanlar açır.  Dissertasiyada az tədqiq olunmuş mühüm məsələlərə daha çox diqqət yetirilmişdi. Kamran Əliyevin 1985-ci ildə kitab kimi çap olunan "XX əsr romantiklərinin ədəbi-nəzəri görüşləri" əsəri orijinal elmi fikirlərə görə romantizm barədə sonrakı araşdırmalara örnək olmuşdur. Hətta belə demək olar ki, Kamran müəllimin "XX əsrin əvvəlləri Azərbaycan romantizminin obrazlar sistemi" mövzusunda doktorluq dissertasiyası işləməsinin də səbəbi məhz elə həmin tədqiqatdır. Lakin onun doktorluq dissertasiyası müdafiə etməsi də o qədər asan olmadı.

Azərbaycan MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Kamran Əliyevin filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün  təşkil olunmuş müdafiə 26 yanvar 1990-cı il tarixində olacaqdı. Lakin həmin gün müdafiə olmadı və ola da bilməzdi. Çünki 19-20 yanvarda Bakıda qanlı hadisələr baş vermişdi.

Kamran müəllimin "XX əsrin əvvəlləri Azərbaycan romantizminin obrazlar sistemi" mövzusunda doktorluq dissertasiyasının müdafiəsi fevral ayının 16-da oldu. Müdafiə müvəffəqiyyətlə keçirildi və Kamran Əliyevə filologiya elmləri doktoru adı verildi.  Lakin bədxahların gözü bunu götürmədi. Ona hər tərəfdən mane olmağa çalışdılar. Kamran müəllim 1990-cı il oktyabr ayının 24-də Moskvada dissertasiyanı yenidən müdafiə etdi.

Kamran Əliyev inamlı alimdir. O, elmi axtarışlarının, kəşflərinin inamında yaşayır. Bu inam onu ən yüksək zirvələrə qaldırdı. Bu zirvədən baxanda onun mötəbər və möhtəşəm ziyalılığını görürük. Bu ziyalılığı səciyyələndirən əsas stimul yazmaqdır, özü də dərindən yazmaqdır.

"XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri" (1985), "Hüseyn Cavidin şəxsiyyəti və poetikası" (1997), "Mirzə Fətəlidən Hüseyn Cavidə qədər" (1998), "Cavid möcüzəsi" (2002), "Azərbaycan romantizminin poetikası" (2002), "Azərbaycan romantizminin nəzəriyyəsi" (2006), "Romantizm və folklor" ( 2006), "Teoriya Azerbaydjanskoqo romantizma" (2006), "Hüseyn Cavid: həyatı və yaradıcılığı" (2008), "Abbas Zamanov olmasaydı" (2011), "Eposun poetikası: "Dədə Qorqud" və "Koroğlu" (2011), "Tənqidin poetikası" (2012), "Ədəbiyyat tarixinə bir baxış" (2013), "Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar" (2013) monoqrafiyalarında ifadə olunan fikirlərin nə qədər faydalı olduğunu ədəbiyyatşünaslar özləri yaxşı bilirlər.

Ədəbiyyatşünaslığa xidmət əzmilə yazıb-yaradan professor K.Əliyev eyni zamanda Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının, Folklor İnstitutunun Elmi Şurasının, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Hazırda Azərbaycan MEA Folklor İnstitutunda Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiridir.  

Kamran Əliyevin  şəxsiyyətindən danışarkən onu yalnız bir alim kimi xarakterizə etmək də düzgün yanaşma olmazdı. O, gözəl ailə başçısı, yüksək elm təşkilatçısı, peşəkar nasir, fəal ictimai xadim, hər zaman tələbələrinə, doktorant və dissertantlarına, bir sözlə, köməyə ehtiyacı olan, elmi fəaliyyətə qədəm qoyan hər bir insana qayğıkeşliklə yanaşan bir  azərbaycanlı vətəndaşdır.

Bu günlərdə dəyərli müəllimim, çox sevdiyim Kamran müəllimin anadan olmasının 60 ili tamam olur.

 Kamran Əliyev elmi-ədəbi aləmdə qazandığı uğurlara, ictimai həyatdakı  fəaliyyətinə, nüfuzuna və yaşadığı ömür yoluna görə bu gün öz 60 illik yubileyini könül xoşluğu və böyük məmnunluqla qeyd etməyə layiq olan  Azərbaycan ziyalısıdır.

 Dəyərli alimimizi 60 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, ailə xoşbəxtliyi, işlərində və elmi yaradıcılığında yeni-yeni yaradıcılıq uğurları arzulayıram.  

Ülviyyə RƏHİMOVA,
filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov