Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 mart 2013 - №10

 

Təhsilin informatlaşması pedaqoji elmin yeni sahəsidir

 

İnformasiya  cəmiyyətinin   inkişafı   təhsil  sisteminə ciddi  təsir göstərir. Bu səbəbdən informasiya cəmiyyətinin texnologiyaları  təhsildə  geniş  tətbiq edilir. Bu proses təhsilin  informatlaşması  istiqamətində   silsilə  layihələrin reallaşmasını  tələb edir. Bu tip layihələrin səmərəli icrası üçün "təhsilin informatlaşması  nədir",  "təhsilin informatlaşması  ilə hansı elm  sahəsi məşğul olmalıdır" kimi  suallara konkret  cavab verilməlidir. Bu  məsələlərin təhlili göstərir ki, təhsilin  informatlaşması  pedaqoji  elmin yeni  sahəsi olub, pedaqoji  innovasiyaların nüvəsini təşkil edir. Təhsilin   informatlaşması    prosesi  ilə  peşəkar pedaqoji kadrlar  məşğul olmalıdırlar, onlar  bu prosesin konseptual, strateji və taktiki  məsələlərini  hazırlamalı, konkret  layihələr və  icra  proqramları  formasına  salmalı, bu  layihələrə  rəhbərlik etməlidirlər.  

İnformasiya cəmiyyətində təhsil 

Son 20 ildə bir çox sahələrdə dünyada tarixən analoqu olmayan intensiv inkişaf gedir, xüsusi ilə informasiya resursları və informasiya industriyası sislilə ilə inkişaf edir. Bu intensiv inkişaf bir çox sahələrə, ilk növbədə isə təhsilə ciddi təsir edir. Deməli, təhsilin daxili inkişaf dinamikası dünyanın ümumi inkişaf dinamikasından sürətli olmalıdır. İnformasiya cəmiyyətinin texnologiyaları, o cümlədən İnternetin daim artan resurs imkanları təhsilin məzmunu və təşkili formalarına ciddi dəyişikliklər, korreksiyalar edir. Bu günün təhsili - "İnformasiya-Təhsil məkanı" mühitində reallaşır. Müasir müəllim belə bir informativ mühitdə özünü sərbəst hiss etməli, qoyulmuş konkret pedaqoji məqsədlərə müasir informasiya texnologiyaları vasitəsi ilə asanlıqla nail olmalıdır. Bu vəziyyət müəllimin peşə hazırlığına, onun metodik ustalığına yeni bir komponenti - "informasiya mədəniyyəti" komponentini əlavə edir. Müasir müəllim öz fənnini tədris etməklə yanaşı, həm də təhsil müəssisəsinin mühüm fəaliyyət istiqamətlərində İKT-nin tətbiqi üzrə praktik işləri təşkil etməli, onları əlaqələndirməli və səmərəli idarə etməlidir. Başqa sözlə, müasir müəllim, xüsusən də informatika müəllimi məktəbdə pedaqoji fəaliyyətlə yanaşı, həm   də  İT üzrə menecer (İT üzrə inzibatçı) olmalıdır.

Təhsilin informatlaşması ənənəvi təhsili yeni çalarlarla zənginləşdirir. Ənənəvi təlimdə əks-əlaqənin həyata keçirilməsi baxımından informasiya-qarşılıqlı əlaqə yaradılmasında 2 fəal tərəf var: öyrədən və öyrənən. İKT əsaslı təlim prosesində isə operativ əks-əlaqə baxımından öyrədən və öyrənənin yeni interaktiv tərəfdaşı meydana gəlir. Artıq müəllim şagird üçün informasiya mənbəyi deyil (belə şəraitdə müəllim işləmək, peşə nüfuzunu qorumaq heç də asan deyil). Müəllimin əks-əlaqə yaratmaq, sagirdin biliyini qiymətləndirmək imkanı tədricən məhdudlaşır, bu imkanların bir qismi (bəzən hamısı) İKT vasitələrinə transfer olunur. Bu zaman öyrədən daha çox məsləhətçi-tyutor funksiyası daşıyır. Müəllim şagirdlərinə informasiya ötürülməsinə vaxt sərf etmir. Tədris materialının şagirdlərə nəql edilməsi, fərdi qaydada mənimsənilmiş tədris materiallarının onlardan qəbul edilməsi (tapşırıqların yoxlanılması, dərsin sorğusu və s.) kimi mərhələlərə vaxt itirilmir. Qazanılan əlavə vaxt ərzində şagirdlər digər yaradıcı məsələlərin həllinə imkan qazanırlar. Beləliklə, tədris-informativ qarşılıqlı əlaqənin strukturu tədricən dəyişir, informasiya - təhsil mühiti formalaşdıqca öyrədən, öyrənən və İKT vasitələri arasında yeni səviyyəli informasiya mübadiləsi imkanları yaranır. 

  Pedaqoji  prosesdə hansı vasitələrdən, texnologiyalardan istifadə edilməsindən asılı olmayaraq insan amili, müəllim şəxsiyyəti həlledici rola malikdir, heç bir texnologiya canlı müəllimi tam əvəz edə bilməz. Bununla belə, "klassik hazırlıqlı müəllim" bu gün virtual mühitdə işləyə bilmirsə, o, zamanın inkişafından və öz şagirdlərindən geri qalacaq, tədricən nüfuz və peşəkarlığını itirəcəkdir. Bu səbəbdən müəllim daim inkişafda, real həyatın tələblərinə cavab verməyə hazır olmalıdır. Bu mənada müəllim hazırlığı dəyişən zamanın, informasiya cəmiyyətinin sürətlə dəyişən tələblərinə uyğunlaşmalıdır. Pedaqoji təhsil müəssisələri bu gün yeni formatlı müəllim- informasiya cəmiyyətinin müəllimini hazırlamalıdır. Bunun üçün isə pedaqoji təhsil müəssisələrində universitetdaxili informasiya təhsil məkanı, bu məkanda yüksək peşəkarlıqla işləyə bilən professor-müəllim heyəti formalaşmalıdır. Buna isə on illərlə vaxt və milyonlarla maliyyə vəsaiti lazımdır (təbii ki, bu problem pedaqoji təhsil müəssisələrinin daxili imkanları hesabına həll edilə bilməz).

Bu gün pedaqoji kadrların informasiya təhsil məkanında, təhsilin informatlaşması şəraitində səmərəli işləyə bilməsi üçün, onlar sistemli şəkildə, kompleks hazırlanmalıdır. Müasir müəllim hazırlığının məzmun və forması informasiya texnologiyalarının sürətli inkişafı ilə uzlaşmalıdır. Nəzərə alsaq ki, ümumiyyətlə təhsil sistemi real praktikanı qabaqlamalıdır, onda müəllim hazırlığının məzmunu bu günə yox, sabaha yönəlməli, bu sahənin inkişaf perspektivlərini nəzərə almalıdır. Yeni formatlı, innovativ inkişafa istiqamətlənmiş müəllim kadrlarının hazırlanması müvafiq elmi tədqiqatlar, futuroloji proqnozlaşdırma tələb edir. Belə pedaqoji proqnoztika vermək asan məsələ deyil.  Belə şəraitdə təhsilin informatlaşması kimi qlobal problemin həlli hər bir milli təhsil sistemi üçün çox ciddi sınaq, bəlkə də tarixi imtahan sayıla bilər. Bu imtahandan çıxa bilməyən milli təhsil sistemlərinin gələcəyi yoxdur, çünki sənaye dövrünün təhsil sistemi artıq informasiya cəmiyyətində işləyə bilməz, bu sürətli dəyişikliyi görmək və ona adekvat reaksiya vermək zəruridir. Təhsilin informatlaşması problemini həll edə bilməyən ölkələrin milli iqtisadiyyatı, xüsusən də informasiya cəmiyyətinin tələb etdiyi innovasiya yönümlü, elmtutumlu, biliklərə əsaslanan müasir iqtisadiyyatı, peşəkar, yüksək ixtisaslı kadrları, müasir tələblərə cavab verən insan kapitalı olmayacaq.   Bu gün hər bir milli təhsil sisteminin gələcəyi onun informatlaşma səviyyəsindən asılıdır. Ona görə də, inkişaf etmiş ölkələrdə təhsilin informatlaşması təhsilin prioritet məsələsi kimi qiymətləndirilir. 

Təhsilin informatlaşması pedaqoji elm sahəsidir 

İnformasiya texnologiyalarının təhsil prosesində tətbiqi müasir pedaqoji elmin Təhsilin informatlaşması istiqaməti kimi formalaşmaqdadır.  Son 25 ildə yaranan və intensiv inkişaf edən təhsilin informatlaşması elmi-praktik istiqaməti bizim respublikamızda da ciddi elmi araşdırmalar, praktik nailiyyətlər meydanı olmalıdır. Təhsilin informatlaşması tətbiqi informatikanın bir istiqaməti kimi informatikanın pedaqogikaya tətbiqi məsələlərini öyrənir. Bu səbəbdən təhsilin informatlaşmasına pedaqoji informatika da deyirlər (iqtisadi informatika, tibbi informatika, hüquqi informatika v.s. kimi).  Pedaqoji elmlərin yeni sahəsi kimi təhsilin informatlaşmasının əsas anlayışlarından biri pedaqoji informasiyadır. Pedaqoji informasiya təlim-tərbiyə prosesini əks etdirən məlumatlar külliyatı olub bu prosesin makro və mikro səviyyədə səmərəli idarə edilməsinə xidmət edir. Bu günə qədər pedaqoji informasiya anlayışı özlüyündə nə pedaqoji elmlər, nə də digər elmlər tərəfindən obyekt olaraq kifayət qədər öyrənilməmişdir. Bu mənada pedaqoji informasiya anlayışı xüsusi öyrənilməlidir (pedaqoji informasiyanın xüsusiyyətləri, təbiəti, strukturu, xassələri, təsvir formaları və onun qiymətləndirilməsi, işlənmə texnologiyası və s.).

Pedaqoji informatika - pedaqoji informasiyanın kompüterdə emalı proseslərini, bu əsasda təhsilin təşkili və idarə edilməsini öyrənən pedaqoji elmin və pedaqoji praktikanın yeni fəaliyyət sahəsidir. Şərti olaraq pedaqoji informatikanı 5 bloka bölmək olar:

- pedaqoji fəaliyyət alqoritmlərinin hazırlanması;

- alqoritmlər əsasında pedaqoji proqram vasitələrinin hazırlanması;

- pedaqoji prosesin proqram-aparat təminatının seçilməsi;

- pedaqoji proqram vasitələrindən təlim-tərbiyə prosesində istifadə metodikasının yaradılması;

- pedaqoji proqram vasitələrinin təhsilin təşkili və idarə edilməsinə tətbiqi.

1. Pedaqoji fəaliyyət alqoritmlərinin hazırlanması. Təhsilin informatlaşması üçün, ilk növbədə, pedaqoji prosesin informasiya modeli yaradılmalıdır. Digər proseslərə nisbətən pedaqoji proses daha çətin formalaşır, bu səbəbdən pedaqoji prosesin mükəmməl informasiya modeli hələlik yaradılmamışdır. Pedaqoji proses daha çox təsviri və empirik xarakter daşıdığından müvafiq informasiya modeli də təsviri xarakter daşıyır. Bu səbəblərdən model daxilində optimal alqoritm, optimal pedaqoji fəaliyyət mexanizmi qurmaq çətindir. Daha sonra pedaqoji prosesin qurulmuş modeli daxilində pedaqoji fəaliyyət alqoritmi hazırlanmalıdır. Təhsildə alqoritmlərin tətbiqinə dair hələ 40 il əvvəl SSRİ-də xeyli elmi tədqiqatlar aparılmışdır (akademik Landanın rəhbərliyi ilə). Daha sonra, ötən əsrin 60-80-ci illərində bu ideyalar əsasında didaktikanın proqramlaşdırılmış təlim məsələləri formalaşmağa və inkişaf etməyə başladı. Təlimin müasir kompüter texnologiyaları öz inkişafını məhz proqramlaşdırılmış təlim nəzəriyyəsi üzərində qurmuşdur. Ötən əsrin 70-ci illərində hazırlanmış proqramlaşdırılmış dərsliklər bugünkü elektron dərsliklərin əcdadıdır. Sadəcə həmin dövrdə fərdi kompüterlər olmadığından proqramlaşdırılmış dərsliklərin hazırlanması və təlimdə tətbiqi geniş yayıla bilmədi. 70-ci illərdəki proqramlaşdırılmış nəzarət ideyası, biliklərə nəzarət üçün yaradılan əks-əlaqə qurğuları bugünkü elektron testlərin əcdadı hesab edilir. Əks-əlaqə qurğuları informasiya emal edən sadə vasitə kimi təlimin nəticələrinə nəzarəti avtomatlaşdırmağa imkan verirdi. 70-80-ci illərdə SSRİ-də bir çox hərbi məktəb və akademiyalarda mini EHM-lər bazasında avtomatlaşdırılmış öyrədici sistemlər (AÖS) uğurla tətbiq edilirdi. Bu qısa tarixi ekskurs göstərir ki, təlim nəzəriyyəsi kimi didaktika daim texniki nailiyyətlər əsasında öyrənmə prosesinin avtomatlaşdırılması istiqamətində elmi və praktik işlər görmüşdür. Bu gün də pedaqoji elmlər bu istiqamətdə kompleks tədqiqat və praktik tətbiq işləri aparır. Ümumiyyətlə isə, pedaqoji fəaliyyət alqoritminin hazırlanması mərhələsində pedaqoq alim və təhsil sahəsində səriştəsi olan sistem təhlilçi (sistem analitik) birgə fəaliyyət göstərirlər. Öz inkişaf mənbəyini proqramlaşdırılmış təlimdən, avtomatlaşdırılmış öyrədici sistemlərdən alan təlimin kompüter texnologiyaları bu gün İnternetin yaratdığı imkanlardan istifadə edərək distant təhsil texnologiyaları formasında reallaşır. Distant təhsil təhsilin informatlaşmasının zirvəsidir.

2. Alqoritmlər əsasında pedaqoji proqram vasitələrinin hazırlanması. Növbəti mərhələdə pedaqoji fəaliyyət alqoritmi əsasında xüsusi təyinatlı pedaqoji proqram vasitələri (PPV) hazırlanır. Pedaqoji proqram vasitələri şərti olaraq instrumental proqramlar və elektron tədris resursları kimi 2 qrupa bölünür:

a) İnstrumental proqramlar. İnstrumental proqramların vasitəsi ilə yeni proqramlar yaradılır. İnstrumental proqramların köməyi ilə proqramlaşdırma dillərini bilməyən pedaqoqlar təhsil təyinatlı yeni resurslar yarada bilərlər. İnstrumental proqramlara nümunə olaraq açıq və distant təhsil sistemi qurmaq məqsədilə müxtəlif platformalar, elektron dərsliklər və elektron testlər yaratmaq üçün "örtük" proqramları, təhsil müəssisəsinin AİS yaratmaq üçün xüsusi proqram kompleksi, təhsil müəssisəsinin portalını yaratmaq üçün platforma və s. göstərilə bilər. Bu instrumental vasitələr proqramlaşdırma dillərini bilməyən pedaqoqlara tədris etdiyi fənn üzrə elektron dərslik, elektron test, həmçinin istənilən təhsil işçisinə elektron məktəb, məktəb saytı və s. yaratmağa imkan verir.

b) Elektron tədris resursları. Bu qrup PPV-lər ayrı-ayrı şirkətlərin hazırladıqları və təlimdə tətbiqə tam yararlı olan elektron təhsil resurslarıdır. Bu halda peşəkar proqramçı konkret didaktik məqsədə uyğun olaraq pedaqoq və sistem təhlilçinin hazırladığı alqoritm əsasında xüsusi elektron təhsil resursu hazırlayır.

Pedaqoji fəaliyyət alqoritmi əsasında pedaqoji proqram vasitələrinin hazırlanması mərhələsində pedaqoq alim və proqramçı birgə fəaliyyət göstərirlər.

3. Pedaqoji prosesin proqram-aparat təminatının seçilməsi. PPV hazırlandıqdan sonra bu proqram məhsulunun tələblərinə uyğun olaraq pedaqoji prosesin proqram-aparat təminatı seçilir. Adətən, təhsildə istifadə edilən informasiya texnologiyaları konkret standartlara müvafiq olduğu üçün proqramçılar çox vaxt öz məhsullarını mövcud proqram-aparat təminatına uyğun hazırlayırlar.

4. Təlim-tərbiyə prosesində pedaqoji proqram vasitələrindən istifadə metodikasının yaradılması. Pedaqoji informatikanın mühüm məsələlərindən biri də təlim-tərbiyə prosesində pedaqoji proqram vasitələrindən istifadə metodikasının yaradılmasıdır. Əslində, təhsilin informatlaşması prosesinin bu mərhələsi həlledicidir, çünki ən keyfiyyətli PPV-lər belə pedaqoji cəhətdən düzgün istifadə edilməsə təlimin keyfiyyətinə kömək etmək əvəzinə ziyan vura bilər, bu halda bütün qoyulan vəsaitlər və zəhmət hədər gedər. Təhsilin informatlaşmasının bu həlledici mərhələsi fənlərin tədrisi metodikası, didaktika və pedaqoji psixologiya ilə sıx əlaqəlidir. Pedaqoji elmin, o cümlədən pedaqoji informatikanın əsas məqsədlərindən biri informasiya texnologiyalarının təhsildə səmərəli tətbiqi metodikasını müəyyən etmək, bu sahədə qabaqcıl pedaqoji təcrübəni öyrənib yaymaqdır. Təlim-tərbiyə prosesində pedaqoji proqram vasitələrindən istifadə metodikasının yaradılması mərhələsində pedaqoq alim fənn üzrə metodistlə birgə fəaliyyət göstərir. Bütün bu amillər sübut edir ki, təhsilin informatlaşması pedaqoji elm sahəsidir, bu sahənin inkişafında pedaqoq alim və fənn üzrə metodistlərin mühüm yeri görünür.

 

Təhsilin informatlaşması kompleks problemdir

 

Təhsilin informatlaşması kimi qlobal əhəmiyyətli, mürəkkəb texnoloji problemin həlli bir sıra məsələlərin -təşkilati, texniki, elmi-metodik, layihələndirmə, kadr, maliyyə və s. kimi məsələlərin kompleks həllini tələb edir. Bu gün deyə bilərik ki, təhsilin informatlaşması problemi dünya təhsil təcrübəsində tarixən analoqu olmayan sistem problemdir. Bəşər tarixində heç bir təhsil yeniliyi, təhsil islahatı, təhsil innovasiyası bu qədər inqilabi dəyişikliklərə səbəb olmamış, bu qədər diqqət cəlb etməmiş, bu qədər investisiya tələb etməmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, problemin ciddiliyi həm də onunla əlaqədardır ki, İKT bu gün elə bir sürətlə inkişaf edir ki, təhsil sistemi kimi tarixən ətalətli bir sahə bu yeniliklə heç cür ayaqlaşa bilmir, inkişaf edərək heç cür ona çata bilmir. Lakin İKT-nin təhsil sisteminə və ayrı-ayrı fərdlərin, qrupların, cəmiyyətin intellektual inkişafına, insan potensialının inkişafına, ölkələrin iqtisadi və texnoloji sıçrayışına təsir imkanı nəzərə alınaraq bu problemin həlli ilə bütün sivil dünya ciddi məşğuldur, bu problemin elmi-praktik həllinə hər il milyardlarla dollar sərf edilir. Bu problemin həllindən asılı olaraq ölkələrin sabah - informasiya cəmiyyətindəki beynəlxalq sistemdə hansı mövqedə durmaları müəyyən olunacaqdır. Qeyd edilən səbəblərdən təhsilin informatlaşması anlayışına konkret tərif vermək asan deyil. Bu sahə üzrə müxtəlif ədəbiyyatlarda belə cəhdlər olub. Lakin bu istiqamət elə bir sürətlə inkişaf edir ki, bu gün nisbətən mükəmməl görünən tərif az vaxt ərzində öz həqiqiliyini şübhə altına alır. Bu mənada təhsilin informatlaşmasını təsvir formasında izah etmək daha asan görünür.

Təhsilin informatlaşması məqsədyönlü, xüsusi təşkil edilmiş, mükəmməl layihələndirilmiş bir prosesdir.  Təhsilin informatlaşması -təhsilin keyfiyyətini yüksəltmək məqsədi ilə İKT-nin intensiv tətbiqinə yönəlmiş tədbirlər külliyatı olub təhsildə real vəziyyətin dəyişməsinə, təhsil sisteminin məzmun, forma və texnoloji baxımdan təkmilləşməsinə xidmət edir. Bu səbəbdən təhsilin informatlaşması pedaqoji problemdir, pedaqoji praktikadır, pedaqoji elmdir. Bu sahəyə pedaqoji informatika , elektron pedaqogika da deyilir.

XX əsrin 80-ci illərində sovet məktəblərində təhsilin informatlaşmasının ilk mərhələsində bu məsələlərin həlli proqramçılara həvalə edilmişdi, bu təşəbbüs heç bir səmərə vermədi. Rusiya Federasiyasında 90-cı illərdə bu səhvdən nəticə çıxarıldı, bu proses artıq təhsil işçilərinə həvalə edildi, nəticəsi gözləniləndən də yüksək oldu. Bu gün Rusiya Federasiyasında təhsilin informatlaşması, distant təhsilin inkişafı istiqamətində çox ciddi nailiyyətlər qazanılmışdır. Təhsilin informatlaşmasını təhsil işçiləri reallaşdırmalıdır. Pedaqoji elmin bu yeni sahəsi üzrə xüsusi olaraq ixtisaslı kadrlar hazırlanmalıdır.

Təhsilin informatlaşması təhsil sferasında İKT-nin texniki və texnoloji imkanlarının səmərəli reallaşmasına yönələn elmi-pedaqoji, tədris-metodik, elmi-metodik tövsiyələrin hazırlanması metodologiyası, texnologiyası və praktikasıdır.  Təhsilin informatlaşması müasir pedaqoji innovasiyaların nüvəsi olub əsas məqsədi praktik təhsil fəaliyyətini aşağıdakı konkret vəzifələrin icrası və problemlərin həlli metodologiyası, texnologiyası və praktikası ilə təmin etməkdir:

1. Müasir informasiya cəmiyyəti və qloballaşma şəraitində təhsilin inkişafının elmi-pedaqoji, metodik, normativ-hüquqi, texniki-texnoloji imkanlarını müəyyən etmək;

2. İnformasiya cəmiyyəti şəraitində təhsilin məzmununun seçilməsi, şagirdlərin inkişaf məqsədlərinə müvafiq olaraq təlim-tərbiyənin metod və təşkilati formalarının yaradılması, bu prosesin metodoloji bazasının hazırlanması;

3. Təhsilin müxtəlif pillələrində, təlimin müxtəlif forma və metodlarının tətbiqi prosesində İKT-dən istifadə texnologiyalarının yaradılması, inkişafı. İnnovativ təhsil modellərinin yaradılmasının nəzəri əsaslandırılması;

4. Şagirdlərin intellektual potensialının inkişafı, biliklərin müstəqil qazanılması. İnformasiya prosesləri üçün zəruri fərdi bacarıqların formalaşması, bu məqsədlə təlim-metodik sistemlərin yaradılması;

5. Təhsil təyinatlı elektron vasitələrin (təqdimat, nümayiş və s.), xüsusi instrumental vasitə və sistemlərin hazırlanması;

6. Lokal və qlobal informasiya şəbəkələrində yerləşmiş (səpələnmiş) təhsil təyinatlı informasiya resurslarından istifadə, telekommunikasiya bazasında informasiya-qarşılıqlı əlaqə texnologiyalarının hazırlanması;

7. Real, virtual laboratoriya işlərinin, təlim eksperimentlərinin təşkili. Eksperiment nəticələrinin emalı proseslərinin avtomatlaşdırılması, bu məqsədlə sistem və vasitələrin yaradılması;

8. Nəzarətin müasir diaqnostik metodikalarının, şagirdlərin bilik səviyyələrinin, təhsil nailiyyətlərinin qiymətləndirilməsi (monitorinqi). Şagirdlərin intellektual potensialının, psixi keyfiyyətlərinin müəyyənləşdirilməsi, bu məqsədlə testlərin hazırlanmasının və tətbiqinin avtomatlaşdırılması;

9. İKT vasitələrinin tətbiqinə yönələn pedaqoji proqram vasitələrinin (PPV) pedaqoji-erqonomik qiymətləndirilməsi;

10. Elmi-pedaqoji informasiya, informativ-metodik materiallar əsasında avtomatlaşdırılmış verilənlər bazası və bankından, kompüter şəbəkələrindən istifadə etməklə təhsil sisteminin idarəetmə mexanizminin təkmilləşdirilməsi. Təhsil müəssisəsi və təhsil müəssisələri şəbəkələrinin idarə edilməsinin informatlaşması prosesləri.

Bütün bu sadalanan məsələlər təhsilin informatlaşması tədbirlərinin tam olmayan siyahısıdır. Bu siyahını bir az da davam etdirmək olardı. Buraya virtual təhsil, açıq təhsil, distant təhsil, təhsildə İKT standartları məsələləri, ölkə və regional səviyyədə təhsilin informatlaşması prosesləri, İKT və təhsilin informatlaşması problemləri üzrə müəllim hazırlığı, yenidənhazırlığı və s. kimi mühüm məsələləri də əlavə etmək mümkündür.

Təhsilin informatlaşmasının kadr təminatı 

Təhsilin informatlaşması kimi yüksək texnoloji və elmtutumlu, qlobal xarakterli problemin həlli, ilk növbədə, kadr təminatı məsələsindən asılıdır. Artıq 25 ildir ki, bir çox ölkələrdə təhsilin informatlaşması kimi aktual sahə üzrə müxtəlif səviyyələrdə ixtisaslı kadr hazırlığı həyata keçirilir: bakalavr, magistr, əlavə təhsil, aspirantura, doktorantura pillələri üzrə kadrlar hazırlanır. Təhsilin informatlaşması kimi elmtutumlu, intensiv inkişaf edən, mürəkkəb spesifik məsələlərə dair ixtisas üzrə alimlər və xüsusi hazırlıq keçmiş mütəxəssislər məşğul olmalıdır. Təhsilin informatlaşmasının kadr təminatı məsələləri vaxtında həll edilmədiyinə görə problemi milli səviyyədə (respublika səviyyəsində), regional səviyyədə (Bakı şəhəri və ya digər şəhərlər səviyyəsində), hətta ayrıca götürülmüş təhsil müəssisəsi səviyyəsində (məktəb və ya universitet səviyyəsində) bu məsələləri layihələndirə və icra edə bilən kadrlara bu gün ciddi ehtiyac yaranmışdır. Elmi istiqamət və praktik fəaliyyət sahəsi kimi təhsilin informatlaşması üzrə kadr hazırlığına başlamaq üçün, ilk növbədə, cəmiyyətin informatlaşması şəraitində təhsil müəssisəsinin informatlaşmasını həyata keçirə bilən, təhsilin informatlaşmasının əsas istiqamətləri üzrə səriştəsi olan, öz peşə fəaliyyətində İKT vasitələrinin tətbiqi aspektlərinə yaxından bələd olan pedaqoji kadrların hazırlanmasının məzmunu və metodikası müəyyən edilməlidir.

Təhsilin informatlaşması prosesinin pedaqoji səmərə verməsi üçün hər bir təhsil işçisi öz peşə fəaliyyətində İKT vasitələrinin tətbiqi üzrə bilik və bacarıqlara dair xüsusi hazırlıq keçməlidir. Təhsilin informatlaşması üzrə kadr hazırlığı bir sıra şərtlərdən asılı olaraq (fənn müəlliminin ixtisasından, idarəetmə məsələlərinin həlli səviyyəsindən, təlim-tərbiyə prosesinin təşkilindən, təhsilin informatlaşması prosesinin texniki-texnoloji təminatı problemlərindən və s.) diferensial xarakter daşıyır.

Təhsilin informatlaşması üzrə kadr hazırlığı kompleks xarakter daşıyır, müvafiq olaraq psixoloji - pedaqoji, məzmun - metodik, dizayn- erqonomik, normativ-hüquqi, texniki-texnoloji aspektləri əhatə edir. Təhsilin informatlaşması üzrə kadr hazırlığı təhsil prosesinin iştirakçılarının (müəllimlər, təhsil müəssisəsinin rəhbərliyi, təhsilin informatlaşması prosesinin texniki - texnoloji təminatı prosesinin təşkilatçıları və s.) təhsilin bütün səviyyə və mərhələlərində İKT vasitələrindən sistematik istifadəsini nəzərdə tutur.

Təhsilin   informatlaşması üzrə kadrlar hazırlanmasının kompleks, çoxprofilli və çoxsəviyyəli infrastrukturu yüksək ixtisaslı kadrların aspirantura və doktorantura pilləsindəki hazırlığını, orta və ali peşə təhsilini, diplomdan sonra və əlavə təhsili nəzərdə tutur. Bu istiqamətlərdə keyfiyyətli kadr hazırlığı aparmaqla gələcəkdə respublikada təhsilin informatlaşmasını dünya standartları səviyyəsinə çıxarmaq olar.

"Təhsildə  İKT" kursu çərçivəsində peşə hazırlığının əsas istiqamətləri:

- müxtəlif növ təlim - tərbiyə fəaliyyətində, müxtəlif tip dərslərin təşkili və keçirilməsində İKT vasitələrindən istifadənin müasir üsul və metodları ilə tanışlıq;

- təhsil sistemində çalışan mütəxəssisin (pedaqoqun) peşə fəaliyyətində İKT-dən istifadə metod və üsulları;

- tədris prosesində istifadə üçün nəzərdə tutulmuş, "səpələnmiş" informasiya resursları ilə (İnternetlə) işdə İKT-nin səmərəli tətbiqi;

- multimedia texnologiyaları, məlumatın daxil edilməsi, toplanması, emalı, ötürülməsi, operativ idarə edilməsinin avtomatlaşdırılması, süni intellekt və informasiya sistemlərinin tətbiqi şəraitində şagird şəxsiyyətinin inkişafına yönələn (şəxsiyyətyönümlü) təlimin praktik reallaşma imkanları;

- İKT-nin proqram - texniki bazasının sürətli dəyişməsi şəraitində müəllimin inkişafı üçün zəruri olan, yaradıcılıq potensialının əsasını təşkil edən özünütəhsil, özünütəsdiq və s. xüsusiyyətlərin inkişafı.

Bu kursun tədrisində tələbələrin müstəqil işlərinin xüsusi çəkisi xeyli yüksəkdir. Laborator praktikumundakı müstəqil iş prosesində tapşırıqların icrası üçün zəruri məlumatların İnternetdən axtarılıb tapılması nəzərdə tutulur. Elektron tədris vəsaitlərinin, həmçinin digər tədris təyinatlı proqram vasitələrinin keyfiyyətinin qiymətləndirilməsi ilə əlaqədar laborator praktikumu tapşırıqlarının icrası zamanı xüsusi proqram vasitələrindən istifadə etmək məqsədəuyğundur.

"Təhsildə İKT" kursunun məqsədi və vəzifələri: Fənnin məqsədi təhsildə informasiya - kommunikasiya texnologiyalarının (İKT) tətbiqi üzrə mütəxəssis səriştəliliyinin əsasını təşkil edən bilik və bacarıq sistemi formalaşdırmaq, gələcək müəllimləri öz peşə fəaliyyətlərində İKT-dən istifadəyə hazırlamaqdır.

Fənnin vəzifələri:

- təhsil məqsədlərinə müvafiq olaraq İKT-nin tətbiqinin didaktik, psixoloji - pedaqoji və metodik əsaslarının qarşılıqlı əlaqəsini açmaq;

- təhsildə müasir İKT vasitələrinin tətbiqi üzrə tələbələrdə səriştəlilik formalaşdırmaq, təhsil sistemində çalışan mütəxəssisin (pedaqoqun) peşə fəaliyyətində İKT vasitələrindən istifadə və tətbiq imkanları barədə tələbələrə məlumat vermək;

- dərs və dərsdənkənar məşğələlərin təşkilində İKT vasitələrindən istifadənin müasir üsul və metodları ilə tələbələri tanış etmək.

"Təhsildə İKT" kursu məzmununun mənimsənilmə səviyyəsinə verilən tələblər. Fənnin öyrənilməsi nəticəsində tələbə aşağıdakı bilik, bacarıq və vərdişlərə yiyələnməlidir:

- tədris fəaliyyətinin müxtəlif forma və növlərində İKT vasitələrinin tətbiqinin üsul və metodlarını bilməli;

- öz peşə fəaliyyətində İKT vasitələrindən istifadə etməyi bacarmalı;

- konkret fənn sahəsində İKT-nin tətbiqi metodikasına yiyələnməli;

- İKT-nin tətbiqinə əsaslanan pedaqoji texnologiyaların hazırlanması üzrə bacarıqlara malik olmalı;

- multimedia texnologiyaları, süni intellekt sistemləri, kompüter texnologiyaları əsasında fəaliyyət göstərən, informasiya sistemləri şəraitində şəxsiyyətyönümlü təhsilin praktik təşkili imkanları barədə təsəvvürə malik olmalı;

- tədris məqsədi ilə telekommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalı.

Digər problem pedaqoji institutlarda gələcəkdə bu fənni tədris edən müəllimlərin özlərinin xüsusi hazırlıq keçmələri ilə əlaqədardır. Ümumiyyətlə, respublika ali məktəblərində işləyən informatika kafedraları müəllimlərinin təkmilləşməsi, ixtisasartırma kurslarının təşkili istiqamətində işi müasirləşdirmək, mükəmməl sistem halına salmağa ciddi ehtiyac var.

Təhsilin informatlaşması prosesinə universitetlərin bu gün daha çox ehtiyacı var, nəinki orta məktəblərin. Bu onunla əlaqədardır ki, universitetlərin informasiya tutumu və müvafiq olaraq İKT-dən istifadəyə ehtiyacı daha çoxdur. Müasir tələblərə cavab verən mütəxəssis hazırlığı, tədrisin keyfiyyətinin yüksəldilməsi və korrupsiyanın qarşısının alınması, universitetlərdə aparılan elmi tədqiqatların və elmi innovasiyaların səviyyəsinin yüksəldilməsi, müasir tələblər səviyyəsində universitetin idarə edilməsi (universitetdə idarəetmənin avtomatlaşdırılması), beynəlxalq əlaqələrin qurulması, xüsusən Avropa təhsil məkanına inteqrasiya məsələləri və s. baxımından bu proses zəruridir.

Universitetlərdə bu prosesi layihələndirmək və icra etmək, müasir tələblər səviyyəsində elektron təhsil sistemi yaratmaq, təhsil təyinatlı elektron resurslar hazırlamaq, korporativ şəbəkələr qurmaq və s. məqsədlərlə kompüter mərkəzləri yaradılmalıdır.

Bəs problemin həllini nədə görürük? Bizcə, ilk növbədə, düzgün strategiya hazırlanmalı, problemin kadr təminatı məsələləri həll edilməli, elmi-metodik baza yaradılmalı, elmtutumlu məsələlərin həllində innovativ yanaşmalardan maksimum istifadə edilməli, ayrılan vəsaitlər səmərəli, şəffaf istifadə edilməlidir. Təhsilin informatlaşması kimi mürəkkəb məsələnin belə kompleks həll variantını doğru model hesab edirik.   

İlham ƏHMƏDOV,
ADPU-nun dosenti

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov