Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 mart 2013 - №10

 

Tanınmış alim, şairlə görüş

 

Tanınmış alim və şairlə görüşdə məktəbin müəllim və şagirdləri ilə bərabər qonaqlar - Şuşa Rayon İcra Hakimiyyəti  başçısının müavini Vüsalə Fətəliyeva, RTŞ-ın müdiri Təvəkkül Əliyev, Şuşa Rayon Məhkəməsinin sədri Allahverən Həsənov, Şuşa rayon prokuroru  Məmmədəli Rəhmətov, Şuşa Musiqi Kollecinin direktoru Rəsul İsmayılov, məktəb direktorları və digər qonaqlar iştirak ediblər.

Tədbirin aparıcısı Elnurə Səfərova görüşü açıb hörmətli qonaqları salamladıqdan sonra Hamlet İsaxanlının   ömür yolundan bəhs edən  film nümayiş olunub. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini  Nazilə Əzizova Hamlet İsaxanlının  həyat və yaradıcılığı haqqında geniş məruzə edib. Məruzəsində öncə H.İsaxanlının ömür yolunun bəzi mühüm tarixlərini diqqətə çatdıran N.Əzizova daha sonra onun riyaziyyatçı alim, istedadlı şair, ölkəmizdə ilk ingilisdilli universitetin təsisçisi kimi ilk baxışda bir-biri ilə o qədər də yaxın olmayan fəaliyyətlərindən söz açıb,  riyaziyyatımızın və poeziyamızın inkişafına  dəyərli töhfələr verdiyini  qeyd edib. Bildirilib ki, dünyanın 40-dan çox ölkəsində beynəlxalq  konfrans və simpoziumlarda maraqlı elmi məruzələrlə çıxış edən H.İsaxanlı özünü geniş diapazonlu  riyaziyyatçı alim, sosial və humanitar elmlər,  təhsil tarixi və nəzəriyyəsi üzrə mütəxəssis  kimi təsdiqləyib. H.İsaxanlı 200-dən çox elmi məqalənin, riyaziyyat, təhsil, dilşünaslıq üzrə monoqrafiya və dərsliklərin, müxtəlif dillərdə nəşr olunmuş şeir kitablarının müəllifidir.

Sonra  meydan məktəbin istedadlı şagirdlərinə verilib. Z.Əhmədli, F.Cabbarlı, A.Məcidli, Ş.Abbasov Azərbaycan Milli Konservatoriyasının 1-ci kurs tələbəsi  Xəzri Əzizovun tarda müşayiəti ilə  "Parlayan günəşdir riyaziyyat" şeirini söyləyiblər. Şagirdlərdən A.Cavadbəyli, N.İbrahimov, H.Rzayev, H.İbrahimzadə və başqaları H.İsaxanlının  lirik və ictimai məzmunlu şeirlərini ifa ediblər. Görüşün sonunda H.İsaxanlı dəvət üçün minnətdarlığını  bildirib və tədbir iştirakçılarının ona ünvanlanmış suallarını cavablandırıb. Tanınmış alim-şairə  65 illik yubileyi münasibətilə  Şuşa  şəhərini əks etdirən  rəsm əsəri  hədiyyə olunub. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov