Azərbaycan
dövlətinin və Heydər Əliyev Fondunun dəstəyi ilə milli
musiqimizin inkişafı istiqamətində həyata keçirilən
müxtəlif layihələr uşaq və yeniyetmələrin incəsənətin bu
növünə maraqlarını daha da artırır. Məhz bu diqqət və
qayğının nəticəsidir ki, musiqi məktəblərində,
dərnəklərdə çalışan yeniyetmə və gənclər beynəlxalq
festival və müsabiqələrdə öz istedad və bacarıqlarını
nümayiş etdirməklə fərqlənirlər.
Oxucularımıza təqdim edəcəyimiz istedadlı gənclərdən
biri 1995-ci ildə Bakıda anadan olmuş Nəcəf Vəliyevdir.
Hazırda o, E.Quliyev adına 145 nömrəli tam orta
məktəbin XI sinif şagirdidir. Eyni zamanda o, Bakıdakı
Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli
onbirillik musiqi məktəbində truba ixtisası üzrə XI
sinifdə təhsil alır. 2009-cu ildən musiqi ilə ciddi
məşğul olmağa başlayan Nəcəf Vəliyev bir sıra şəhər,
respublika və xarici ölkələrdə keçirilən tədbirlərdə
çıxış edib. 2011-ci ilin martında Bakıda keçirilən II
Respublika müsabiqəsində o, II yerə layiq görülərək
laureat adını qazanıb. Həmin ilin noyabrında
Bolqarıstanın Stara Zaqora şəhərində keçirilən VI
beynəlxalq müsabiqədə uğurla çıxış edərək I yerə layiq
görülüb.
N.Vəliyev dahi bəstəkar Üzeyir Hacıbəylinin adını
daşıyan festivallarda, müxtəlif səfirliklərdə keçirilən
tədbirlərdə, M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpa olunmasının 20 illiyinə həsr
olunan konsertdə də öz istedadını nümayiş etdirib.
2012-ci ilin oktyabrında Nəcəf Rusiya Federasiyasının
Sankt-Peterburq, Moskva, Fransanın Koqolin şəhərlərində
keçirilən I beynəlxalq musiqi festivalında iştirak
edib və fəxri diploma layiq görülüb. Gənc musiqiçinin
nailiyyətləri nəzərə alınaraq, 2012-ci ilin sentyabr
ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə Nəcəf Vəliyevin adı Azərbaycanın gənc
istedadlarının "Qızıl kitab"ına yazılmaqla o, Prezident
təqaüdünə layiq görülüb.
Gənc musiqiçiyə gələcək fəaliyyətində biz də uğurlar
diləyirik.
Sifai SƏFƏROVA |