Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Aprel 2013 - №12

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva ASAİF-in Roma forumunun iştirakçılarına müraciət edib

 

Xəbər verdiyimiz kimi, Romada Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) növbəti forumu işə başlamışdır.

Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) idarə heyətinin üzvü Emin Hacıyev AzərTAc-a bildirmişdir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla xanım Əliyevanın forum iştirakçılarına müraciəti oxunmuşdur.

Müraciətdə bildirilir ki, Azərbaycan hökumətinin dəstəyi ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində həyata keçirilən bu forum miqyasına görə ASAİF tədbirlərinin ən böyüyüdür. Əgər Strasburq, Budapeşt və Vyana forumlarında əsasən Avropada təhsil alan tələbələrə üstünlük verilirdisə, indi ASAİF dünyanın müxtəlif şəhərlərində təhsil alan azərbaycanlı gəncləri Romaya gətirərək Azərbaycan həqiqətlərinin beynəlxalq təşkilatlarda müzakirəyə çıxarılmasına, Azərbaycanın gələcəyi ilə bağlı fikir mübadiləsinin aparılmasına müvəffəq olmuşdur. Bu baxımdan, forum iştirakçıları arasında Amerika və Uzaq Şərq, Asiya ölkələrində, Afrika və Latın Amerikasında təhsil alan tələbələri görmək təqdirəlayiq haldır.

Müraciətdə deyilir: "Ölkəmizin son illər ərzində dinamik sosial-iqtisadi inkişafı, həmçinin əldə etdiyi uğurlarda siz gənclərin rolu vardır. Prezident İlham Əliyevin gənclər siyasətində müəyyən etdiyi prinsiplər, dövlət başçısının Azərbaycan gəncliyinin biliyinə, bacarığına, gələcəyinə böyük inamı biz gənclərin önəmli rolunu, dövlətin gələcəyinə məsuliyyətini önə çəkməklə qarşımıza mühüm vəzifələr qoyur. Azərbaycan gəncliyi özünün aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində önəmli rol oynayır və bugünkü cəmiyyətimizin avanqard qüvvəsinə çevrilməkdədir".

Azərbaycanın gələcəyinin gənclərimizin təhsilindən, yeniliyi tətbiq etmək bacarığından, vətənpərvərliyi və milli mənəvi dəyərlərə sədaqətindən asılı olduğunu vurğulayan Leyla xanım Əliyeva Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasətinin bu gün təkcə ölkəmizin ərazisi ilə məhdudlaşmadığını, onun hüdudlarından kənarda da geniş yayıldığını diqqətə çatdırmışdır.

Müraciətdə vurğulanır ki, budəfəki forumda müzakirə olunacaq mövzular da təsadüfi seçilməmişdir. ASAİF onların daha səmərəli istiqamətlərini təyin edərək, konkret və məqsədyönlü fəaliyyətini davam etdirə biləcəkdir. Sevindirici haldır ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı gənc öz doğma Vətəni ilə qürur duyur, milli maraqların qorunması naminə səyini əsirgəmir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva ASAİF-in Roma forumunun iştirakçılarına uğurlar arzulamış və görüşün nəticələrinin gənclərin ictimai fəaliyyətində onlara uğur gətirəcəyinə əminlik ifadə etmişdir.
 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov