Aprelin
1-də Təhsil Nazirliyində Peşə Seçiminə Dəstək Sistemi (PSDS)
portalının (www.psds.edu.az) təqdimat mərasimi keçirildi.
Tədbirdə təhsil naziri Misir Mərdanov, nazir müavini
Qulu Novruzov, Təhsil Nazirliyi Aparatının məsul
işçiləri, nazirliyin şöbə müdirləri və struktur
bölmələrinin rəhbərləri, "Edumedia-Azərbaycan" və
Türkiyənin "Kavrakoğlu" şirkətlərinin mütəxəssisləri,
KİV nümayəndələri iştirak edirdilər.
Mərasimi təhsil naziri Misir Mərdanov açaraq Peşə
Seçiminə Dəstək Sistemi portalının əhəmiyyətindən
danışdı. Qeyd olundu ki, Peşə Seçiminə Dəstək Sistemi
portalının əsas məqsədi orta məktəb şagirdlərini
peşələrlə daha yaxından tanış etmək, onları maraq
dairələrinə uyğun olan peşə sahələrinə
istiqamətləndirmək və məzunların işəgötürənlərlə əlaqə
qurmalarını təmin etməkdir.
Ölkə başçısı cənab İlham Əliyev tərəfindən peşə
təhsilinin inkişafına göstərilən diqqət və qayğıdan söz
açan təhsil naziri Misir Mərdanov respublikamızda
bununla bağlı görülən işlərdən, həyata keçirilən
tədbirlərdən danışdı. Yeni yaradılan Peşə Seçiminə
Dəstək Sistemi portalının bu istiqamətdə atılan növbəti
addımlardan biri olduğunu söyləyən nazir onun
mahiyyətinin geniş ictimaiyyətə çatdırılmasının
vacibliyini önə çəkdi. Peşə Seçiminə Dəstək Sistemi
portalının Türkiyənin "Kavrakoğlu" şirkəti və "Edumedia-Azərbaycan"
şirkəti tərəfindən birgə hazırlandığını qeyd edən təhsil
naziri onların fəaliyyətini yüksək dəyərləndirdi.
Çıxış üçün söz alan Türkiyənin "Kavrakoğlu" şirkətinin
baş menecerinin köməkçisi İncilay Kesik PSDS portalının
texniki imkanları, məqsəd və məramı barədə məlumat
verdi. Portalda "Özünü tanı", "Peşə ixtisasları", "Peşə
təhsili müəssisələri", "Şagird qəbulu", "CV yüklə" və
"CV siyahısı" bölmələrinin yer aldığını deyən İ.Kesik
isifadəçilərə təklif olunan xidmətlərin üstünlüklərini
qeyd etdi. Bildirildi ki, istifadəçilər "Özünü tanı"
bölməsindəki 170 sualdan ibarət testləri həll etməklə
bacarıq və maraq dairələri ilə bağlı özlərində aydın
təsəvvür formalaşdıra bilərlər. Bu bölmədə həmçinin əldə
olunan nəticələrə görə sistem tərəfindən təklif olunan
peşə seçimlərinə çıxış əldə etmək imkanı yaradılıb. "Peşə
ixtisasları" bölməsində müvafiq peşələr haqqında dolğun
məlumatlar əldə etməyin mümkün olduğunu bildirən qonaq
növbəti "Peşə təhsili müəssisələri" bölməsində isə
istifadəçilərə seçdikləri peşə ixtisasının hansı peşə
təhsili müəssisələrində tədris olunduğu barədə
informasiya almaq və həmin peşə təhsili müəssisələrinə
dair məlumat əldə etmək imkanı verildiyini vurğuladı. O,
daha sonra "Şagird qəbulu" bölməsinə daxil olan
istifadəçilərin müvafiq peşə ixtisasına uyğun peşə
təhsili müəssisələrinə ərizə ilə müraciət edə
biləcəklərini deyərək digər bölmələr - "CV yüklə" və "CV
siyahısı" barədə də geniş məlumat verdi.
"Kavrakoğlu" şirkətinin baş meneceri Dilek Bağdatlıoğlu
Peşə Seçiminə Dəstək Sistemi portalının orta məktəb
şagirdlərinə peşə seçimlərində köməklik etmək,
təhsillərini hansı istiqamətdə davam etdirmələrinin
uyğun olacağını göstərmək, onların peşə təhsili
müəssisələri və ixtisaslarla tanış olmasına şərait
yaratmaq, özlərinə uyğun və arzu etdikləri peşə
liseylərinə daha asan və sürətli şəkildə müraciət
etmələrini təmin etmək üçün nəzərdə tutulduğunu bildirdi.
Qonaq peşə təhsili müəssisələrinin və peşələrin
ictimaiyyətə daha yaxından tanıdılması məsələlərinin də
PSDS-in əsas hədəfində olduğunu söylədi.
Sonra tədbir iştirakçıları tərəfindən yeni portalın
fəaliyyətinin peşə təhsilinin inkişafına təsiri ilə
bağlı fikir mübadiləsi aparıldı, müvafiq rəy və
təkliflər səsləndirildi.
Mərasimi təhsil naziri Misir Mərdanov yekunlaşdıraraq
Peşə Seçiminə Dəstək Sistemi portalının uğurlu
fəaliyyətinin təmin olunması ilə bağlı qarşıda duran
vəzifələrə toxundu, bununla bağlı bir sıra tapşırıq və
tövsiyələrini verdi.
Samirə KƏRİMOVA |