Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Aprel 2013 - №12

 

Dünya universitetlərinin reytinqi

 

QS dünya universitetləri reytinqinin metodologiyası 

QS dünya universitetləri reytinqi (QS World University Rankings) Böyük Britaniyanın konsaltinq şirkəti "Quacquarelli Symonds" (QS) tərəfindən tərtib edilir. 2004-cü ildən etibarən nəşr edilən reytinq hazırda 700-dən artıq dünya universitetinin fəaliyyətini 6 əsas meyar (akademik nüfuz, sitat gətirmə, müəllim-tələbə nisbəti, işəgötürənlər arasında nüfuzu, əcnəbi müəllimlərin sayı və əcnəbi tələbələrin sayı) üzrə qiymətləndirir.  

1. Akademik nüfuz 

Bu meyar üzrə reytinq universitet müəllimləri arasında keçirilən sorğu əsasında tərtib edilir və elmi tədqiqatların ən yüksək səviyyədə aparıldığı dünya universitetlərini müəyyən etməyə imkan yaradır. Əvvəlcə sorğuda iştirak edəcək respondentlər barədə şəxsi məlumatlar (çalışdığı ali məktəb, elmi adı, ixtisaslaşdığı sahə, iş stajı) toplanılır. Daha sonra onlardan yaxşı tanıdıqları ölkəni və regionu (Amerika, Avropa, Orta Şərq və Afrika, Asiya və Sakit okean ölkələri) seçmək xahiş olunur. Bundan əlavə, respondentlər 5 elmi sahədən birini (incəsənət və humanitar elmlər, biologiya və biotibbi elmlər, təbiət elmləri, sosial elmlər və idarəetmə, mühəndislik və informasiya texnologiyaları) seçirlər. Sonra onlardan seçdikləri elmi sahə üzrə öz ölkələrinin ən yaxşı 10, həmçinin seçdikləri regionlarda fəaliyyət göstərən ən yaxşı 30 universitetin adını çəkmələri xahiş olunur. Rəyi soruşulanlar çalışdıqları ali məktəbin adını qeyd edə bilməzlər. Cavablar regionlar və 5 ixtisas sahəsi üzrə ümumiləşdirilir.  

Qeyd edək ki, 2012-ci ildə universitetlərin akademik nüfuz meyarı üzrə reytinqi 46079 respondentin rəyi əsasında tərtib edilib. Akademik nüfuz meyarı QS reytinqində 40 faizlə qiymətləndirilir.  

2. Elmi məqalələr  

Bu meyar universitet müəllimlərinin elmi jurnallarda nəşr edilən elmi məqalələrindən gətirilən sitatların sayı nəzərə alınmaqla müəyyənləşdirilir. 2004-2007-ci illərdə müəllimlərin elmi məqalələrindən gətirilən sitatların sayı Reuters Thomson agentliyinin "Elm şəbəkəsi" (Web of Science) İnternet portalının, 2007-ci ildən etibarən isə Skopus (Scopus) məlumat bazası əsasında hesablanır. QS-in "Skopus" məlumat bazasının məlumatlarına üstünlük verməsinə səbəb sonuncunun əhatə dairəsinin daha geniş olması, həmçinin ingilis dilində çap edilməyən nəşrlərə geniş yer ayırmasıdır. Belə ki, hazırda "Skopus" məlumat bazasında 47 milyon elmi məqalə və 19500-dən çox elmi jurnal var. Universitet müəllimlərinin elmi məqalələrindən  sitat gətirmə meyarı 20 faizlə qiymətləndirilir.

 
Tədqiqatın keyfiyyəti 1. Akademik nüfuz 5 elmi sahə üzrə 46079  ekspertin rəyi 40%
2. Elmi məqalələr Elmi tədqiqat sahəsində fəaliyyət 20%
Təhsilin keyfiyyəti 3. Müəllim-tələbə nisbəti Müəllim-tələbə nisbəti əsasında  hazırlanır 20%
Məzunların işlə təminatı 4. İşəgötürənlər arasında nüfuzu 25564 iş adamının rəyi 10%
Beynəlxalq dünyagörüşü 5. Əcnəbi müəllimlər Əcnəbi müəllimlərin sayı 5%
6. Əcnəbi tələbələr Əcnəbi tələbələrin sayı 5%
 

Qeyd edək ki, ali təhsil müəssisəsinin QS dünya universitetlərinin reytinqindəki mövqeyinə təhsil ocağının hazırki və gələcək fəaliyyəti, həmçinin dil, iqtisadiyyat və mədəniyyət kimi digər kənar amillər də təsir göstərir. Reytinq haqqında ətraflı məlumatı QS-in rəsmi saytından (www.topuniversities.com) almaq mümkündür.

3. Müəllim-tələbə nisbəti 

QS reytinqində müəllim-tələbə nisbəti müəyyən edilərkən ali məktəblərlə yanaşı, dövlət qurumlarından, agentliklərdən və İnternet saytlarından alınan məlumatlardan da istifadə olunur. Bu zaman universitetdə əyani təhsil alan tələbələrin və ali təhsil müəssisəsində daimi çalışan müəllimlərin sayı nəzərə alınır. Bakalavr və magistr səviyyələrində təhsil alan tələbələrin sayı ayrı hesablanır. Hər iki səviyyədə təhsil alan tələbələrin sayını ümumiləşdirmək mümkün olmadıqda tələbələrin ümumi sayı əsas götürülür. Müəllim-tələbə nisbəti üzrə meyar reytinqdə 20 faizlə qiymətləndirilir. 

 4. İşəgötürənlər arasında nüfuzu  

Bu meyar üzrə reytinq iş adamları arasında keçirilən sorğu əsasında tərtib edilir. Sorğuda məqsəd universitet məzunlarının işlə təmin olunma səviyyəsini müəyyən etməkdir. Sorğuya müxtəlif regionları və biznes sahələrini təmsil edən iş adamları cəlb edilir. Qeyd edək ki, 2012-ci ildə keçirilən sorğunun nəticələri 25564 respondentin cavabı əsasında tərtib edilib. Meyar reytinqdə 10 faizlə qiymətləndirilir.   

5. Əcnəbi müəllimlərin sayı 

Ali təhsil müəssisəsində əcnəbi müəllimlərin çalışması ali məktəbin qlobal inkişaf göstəricisi hesab edilir. Bundan əlavə, əcnəbi müəllimlərin sayının çoxluğu təhsil ocağının reytinqinin yüksək olmasına da təsir göstərir. Lakin bu göstərici universitetin fəaliyyəti haqqında tam təsəvvür yaratmadığından meyar ən aşağı faizlə - 5 faizlə qiymətləndirilir. Belə ki, təhsilin səviyyəsi aşağı olan hər hansı ali məktəb yerli müəllimləri işə cəlb edə bilmədikdə əcnəbi müəllimlərin xidmətindən istifadəyə üstünlük verir. Nəticədə bu cür ali təhsil ocaqlarında əcnəbi müəllimlərin sayı çox olur və ali məktəb yüksək reytinq alır. Qeyd edək ki, reytinq tərtib edilərkən universitetdə daimi çalışan əcnəbi müəllimlərin sayı nəzərə alınır.   

6. Əcnəbi tələbələrin sayı 

Ali məktəbin nüfuzu və cəlbediciliyi haqqında statistik məlumatı almağın ən asan yolu həmin müəssisədə təhsil alan əcnəbi tələbələrin sayını bilməkdir. Bu meyar üzrə reytinq tərtib edilərkən əyani təhsil alan əcnəbi tələbələrin sayı nəzərə alınır. Əcnəbi tələbələrin sayının çoxluğu reytinqin yüksək olmasına təsir göstərir. Meyar 5 faizlə qiymətləndirilir.
 
  2011-2012-ci illər üzrə dünya universitetlərinin reytinqi (QS)
 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov