Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Aprel 2013 - №13

 

Büdcədən maliyyələşdirilən təşkilatlarda, eləcə də ali təhsil müəssisələrində maliyyə və mühasibat hesabatlarının avtomatlaşdırılması məsələləri

 

Mühasibat uçotunun avtomatlaşdırılması müəssisənin daha səmərəli idarə edilməsinin ən vacib amilidir

Müasir dövrdə qlobal iqtisadi münasibətlər şəraitində fəaliyyət göstərən müəssisə rəhbərləri hər zaman daha düzgün qərarlar vermək iqtidarında olmalıdırlar ki, bu da öz növbəsində müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin müxtəlif aspektlərini daim nəzarətdə saxlamağı tələb edir. Məlum olduğu kimi, müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti özündə müxtəlif xarakterli məlumatları əks etdirən xeyli sayda sənədləri əhatə edir. Düzgün şəkildə tərtib edilmiş və sistemləşdirilmiş sənədlər əsasında təşkil olunan maliyyə-təsərrüfat fəaliyyəti müəyyən dərəcədə effektiv idarəetmənin zəmanəti kimi çıxış edir. Əks halda, müəssisədə düzgün və dəqiq tərtib edilmiş sənədlərin və məlumatların olmaması idarəetmə ilə bağlı hər hansı səhv qərarın verilməsinə və nəticədə ciddi itkilərə gətirib çıxara bilər.

Məqsədli şəkildə bilərəkdən həyata keçirilən qanunsuz hərəkətləri nəzərə almasaq, deyə bilərik ki, mühasibat uçotu üzrə baş verən digər səhvlər hər hansı bir  səhlənkarlıq nəticəsində riyazi hesablama xətaları və yaxud da uçotun aparılması xüsusiyyətləri üzrə müvafiq bilik və bacarıqların olmaması üzündən baş verir. Belə səhvlər uçotun əl ilə və yaxud köhnə, həmçinin qeyri-leqal versiyalı proqram təminatı əsasında aparılması zamanı praktiki olaraq qaçılmazdır və hətta tez-tez təkrarlana bilər.

Belə ki, müəssisədə qurulmuş bütün mühasibat sistemləri onların miqyasından və dəyərindən asılı olmayaraq uçotun daha keyfiyyətli, etibarlı və rahat şəkildə aparılmasına xidmət etməlidir. Daha dəqiq desək, mühasibat sistemləri əsasən aşağıdakıları təmin etməlidir: 

-  riyazi hesablamaların səhvsiz olmasını;

-  ilkin, həmçinin hesabat sənədlərinin lazımi formada doldurulması, yoxlanılması və çapını;

-  məlumatların bir çap formasından digərinə səhvsiz köçürülməsini;

-  yekun məbləğlərin və istənilən mürəkkəblikdə rəqəmlər üzrə faizlərin dəqiq hesablanmasını;

-  əvvəlki dövrlərə aid məlumat və hesabatlara müraciət etmək imkanının təmin olunmasını.

 

Əlbəttə ki, yuxarıda qeyd olunan imkanların tam təmin olunması üçün mövcud sistem müəssisədə mühasibat uçotunun həm cari vəziyyətinin və həm də arxivinin məlumatlarını özündə əks etdirən vahid bazaya malik olmalıdır.

Bu baxımdan mühasibat uçotunun avtomatlaşdırılması həmişə diqqət mərkəzində olan məsələlərdən olmuşdur.

 Azərbaycanda mühasibat uçotunun avtomatlaşdırılması mərhələlərinin qısa tarixi 

Ölkəmizdə mühasibat uçotunun avtomatlaşdırılması müstəqilliyin ilk illərindən kiçik sahibkarlıq müəssisələrində tətbiq edilməyə başlanılmışdır. Həmin illərdə uçot xüsusiyyətləri uyğun olduğu üçün postsovet ölkələrinin, xüsusilə   Rusiya istehsalı olan proqram təminatlarından istifadə olunurdu.  Bu proqramlar konkret mütəxəssisin işi ilə əlaqədar fərdi kompüterdə avtonom şəkildə istismar edilirdi. Büdcə təşkilatlarında həmin dövrdə demək olar ki, uçot və hesabatların avtomatlaşdırılması yox səviyyəsində idi. Ümumiyyətlə, müstəqilliyimizin ilk illərində  bütün sahələrdə, o cümlədən iqtisadi sahədə, eləcə də uçot və hesabat işlərinin aparılmasında  qeyri-sabit və xaotik vəziyyət, problemlər yaranmışdı. Məhz xalqın təkidi ilə həmin dövrdə ümummilli liderimiz Heydər Əliyevin  hakimiyyətə qayıdışından sonra ölkədə hökm sürən gərgin və xaotik vəziyyətin qarşısı alındı.

Beləliklə, dünya siyasətində xüsusi çəkiyə malik, dahi siyasətçi  Heydər Əliyev ölkədə yaranmış  çətin vəziyyətdə taleyüklü və məsuliyyətli vəzifəni öz  üzərinə götürərək müstəqil Azərbaycanın sosial-iqtisadi inkişaf konsepsiyasının əsaslarını müəyyənləşdirdi və onun hüquqi bazasının təmin edilməsi istiqamətində mühüm addımlar atmağa başladı. Bundan əlavə, ölkədə liberal bazar iqtisadiyyatının bərqərar olmasını təmin edəcək hüquqi baza yaradıldı, bununla bağlı bir sıra mütərəqqi qanunlar və digər normativ-hüquqi sənədlər qəbul edildi. Nəticədə ölkəmizdə müxtəlif mülkiyyət formalarına əsaslanan iqtisadi sistemə və bazar iqtisadiyyatına keçidin və gələcəkdə dünya iqtisadiyyatına inteqrasiyanın təməli qoyuldu. Ümumilikdə 1993-2003-cü illərdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən həyata keçirilən inkişaf strategiyası nəticəsində görülən bütün işlər müstəqil Azərbaycanın tarixinə bütün sahələrdə milli dirçəliş, tərəqqi dövrü kimi daxil olmuşdur. Bu dövr ərzində ölkəmizdə iqtisadiyyatın bütün sahələri üzrə uçot və hesabat işləri ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi,  müvafiq islahatların həyata keçirilməsi istiqamətində ciddi yeniliklərə nail olundu. Qeyd olunan dövr ərzində təsərrüfat hesablı müəssisələrlə yanaşı, büdcə təşkilatlarında da uçot və hesabatın avtomatlaşdırılması istiqamətində müəyyən irəliləyişlər baş vermiş və İKT avadanlıqlarının tətbiqi geniş  şəkil almışdır. Həmçinin qeyd etməliyik ki, bu dövr ərzində mühasibat uçotunun atomatlaşdırılması məqsədilə proqram təminatlarının hazırlanmasında yerli mütəxəssislərin rolu əhəmiyyətli dərəcədə artmışdır.    

Eyni zamanda qeyd etməliyik ki, əsası vaxtilə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyası bu siyasətin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilərək daha da təkmilləşdirilmiş və ölkədə iqtisadi, siyasi sabitlik möhkəmləndirilmiş və Azərbaycan inkişaf dinamikasına görə dünyada qabaqcıl ölkələr sırasına çıxmışdır.

Keçən bu dövr ərzində Azərbaycanda uçot və hesabatların beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də mühüm işlər həyata keçirilmişdir. 

Məlum olduğu kimi, bu məqsədlə  02 sentyabr 2004-cü il tarixdə "Mühasibat uçotu haqqında"  Azərbaycan Respublikasının Qanunu, 07 fevral 2005-ci il tarixdə isə "Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanı qüvvəyə minmişdir.

Qeyd olunan qanun və fərmana əsasən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və Milli Mühasibat Uçotu Standartlarının tətbiqi aşağıdakı əsas məqsədləri əhatə edir: 

-  Qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq korporativ və büdcə sektorları üçün maliyyə hesabatlarının beynəlxalq və milli mühasibat uçotu standartlarına uyğun olaraq hazırlanması;

-  Müəssisələrin fəaliyyətinin şəffaflığının və dünya bazarına çıxışının təmin edilməsi;

-  Dövlətin mühasibat uçotu sahəsində idarəetmə vəzifəsinin həyata keçirilməsi və islahatların davamlılığının təmin edilməsi  üçün institusional inkişafın dəstəklənməsi. 

Fərmandan irəli gələn vəzifələrin həyata keçirilməsi ilə əlaqədar Maliyyə Nazirliyi tərəfindən Maliyyə Hesabatlarının və Mühasibat Uçotunun Beynəlxalq Standartları əsasında kommersiya, büdcə və qeyri-hökumət təşkilatları üçün müvafiq Milli Mühasibat Uçotu Standartları və  eyni zamanda kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu Standartının tətbiqi üzrə Şərhlər və Tövsiyələr hazırlanaraq təsdiq edilmiş və tətbiq edilməyə başlanılmışdır.  Bununla yanaşı, Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarının tətbiqi üçün Maliyyə Nazirliyində müvafiq kadr potensialı formalaşdırılmış və büdcə təşkilatlarının mühasibatlıq işçiləri üçün Milli Mühasibat Uçotu Standartları üzrə təlim kursları təşkil olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarının tətbiqi üçün Maliyyə Nazirliyi müxtəlif beynəlxalq maliyyə qurumlarından və peşəkar auditor şirkətlərindən texniki yardım cəlb etmişdir.

Əlbəttə ki, Milli Mühasibat Uçotu Standartlarının tətbiqi nəticəsində baş verən yeniliklər büdcə təşkilatlarında uçot və hesabatın yenidən avtomatlaşdırılmasına ciddi zərurət yaratmışdır. Bu istiqamətdə bir sıra büdcə təşkilatlarında, o cümlədən Təhsil Nazirliyinin mərkəzi aparatında mühasibat və maliyyə işləri üzrə yeni proqram təminatlarının tətbiqinə başlanılmışdır.  

 Uçot və hesabat işlərinin avtomatlaşdırılması sahəsində Təhsil Nazirliyinin mərkəzi aparatında görülmüş işlər 

Hazırda Təhsil Nazirliyinin maliyyə, mühasibat işləri və hesabatları İqtisadiyyat şöbəsində lokal qaydada istismar olunan müvafiq proqramlar vasitəsi ilə avtomatlaşdırılmış qaydada həyata keçirilir. Bu proqram təminatına "Mühasibat uçotu", "Kredit" və "Yekun balans" proqram paketləri aiddir.

"Mühasibat uçotu" proqram paketinə "Əməkhaqqı", "Bank", "Kassa", "Material uçotu", "Sair debitor və kreditorlarla hesablaşmalar", "Təhtəlhesab şəxslərlə hesablaşmalar", "Ödəmə tapşırığı", "Baş  kitab", "Gəlirlər və Xərclər",  eləcə də "Maliyyə vəziyyəti haqqında hesabat", "Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat", "Xalis kapital/Kapitalda dəyişiklik haqqında hesabat", "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat" formalarının  avtomatik formalaşmasını təmin edən alt-proqramlar daxildir və bu proqramlar vasitəsilə işçilərin əməkhaqqının, mükafatlarının, müavinətlərinin, məzuniyyət haqlarının hesablanılması, ödənişlərin həyata keçirilməsi üçün sənədlərin hazırlanması, avtomatik yaradılan bazanın köməyi ilə istənilən dövr üzrə həm ümumilikdə, həm də ayrı-ayrı işçilər üzrə hesablama cədvəllərinin və digər analitik cədvəllərin tərtib edilməsi, bank uçotunun aparılması, "Sair debitor və kreditorlarla hesablaşmalar"ın uçotu, əsas vəsaitlərin və digər mal-material qiymətlilərinin hərəkətinin, həmçinin dövriyyəsinin uçotu, ödəniş sənədlərinin hazırlanması və son nəticədə baş kitabın formalaşdırılması təmin olunur.

Eyni zamanda yuxarıda qeyd olunan proqramlar üzrə aparılan əməliyyatların yekununa əsasən Milli Mühasibat Uçotu Standartlarına uyğun müvafiq maliyyə və mühasibat hesabatları avtomatik formalaşdırılır.

Bununla yanaşı, "Yekun balans" proqramı vasitəsi ilə Təhsil Nazirliyinin tabeliyində olan, müəssisə və təşkilatlardan daxil olan hesabatlar yoxlanılır, icmallaşdırılır və hazırlanan icmal hesabat formaları elektron şəkildə "on-line" rejimində Maliyyə Nazirliyinə təqdim olunur.

Bundan başqa, nazirlikdə "Kredit" proqramı vasitəsilə nazirliyin tabeliyində olan müəssisələrin maliyyələşdirilməsi işləri həyata keçirilir və müvafiq maliyyə sənədlərinin hazırlanması təmin olunur.

Qeyd edilən bütün proqramlar lokal şəbəkədə işləmə imkanına malikdir. "Mühasibat uçotu" proqram paketinə daxil olan bütün proqramlar sərbəst modul şəklində də istifadə oluna bilir.

 Ali təhsil müəssisələrində mühasibat uçotunun və maliyyə hesabatlarının avtomatlaşdırılmasına yeni baxış və tələblər 

Ölkə başçısı möhtərəm Prezident cənab İlham Əliyevin apardığı uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafı təmin edilmiş, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilmiş və bu sahədə mühüm tədbirlər görülmüşdür. Bu baxımdan modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi mühüm əhəmiyyət kəsb edir.

Bu istiqamətdə dövlət orqanlarında aparılan işlərin sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanı və Nazirlər Kabinetinin 24 noyabr  2011-ci il tarixli, 191 nömrəli qərarı olmuş və mərkəzi icra hakimiyyəti orqanlarına aidiyyəti üzrə tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Bununla əlaqədar olaraq büdcə təşkilatlarında uçot və hesabat işlərinin avtomatlaşdırılması üçün müasir tələblərə cavab verən, təhlükəsiz, həmçinin vahid bazaya və yanaşmaya əsaslanan yeni sistemin tətbiqinə zərurət yaranmışdır.

Bu baxımdan Respublika Maliyyə Nazirliyi tərəfindən görülən tədbirlər nəticəsində  Dünya Bankı ilə birgə həyata keçirilən "Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi" çərçivəsində hazırlanmış və artıq tətbiqinə başlanılmış "Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları"nın avtomatlaşdırılmış informasiya sistemi mühüm əhəmiyyət kəsb edir. Belə ki, 13 mart 2013-cü il tarixində Azərbaycan Diplomatik Akademiyasında Respublika Maliyyə və Təhsil nazirliklərinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin rəhbərliyi və maliyyə məsələləri üzrə məsul şəxslərin iştirakı ilə "Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları"nın avtomatlaşdırılmış informasiya sisteminin təqdimatı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan maliyyə naziri Samir Şərifov qeyd etmişdir ki, "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində nail olunan iqtisadi yüksəlişə paralel olaraq respublikamızda mühasibat uçotunun təkmilləşdirilməsi ilə bağlı da mühüm addımlar atılmışdır. Prioritet istiqamətlərdən biri kimi, qısa zaman ərzində ölkədə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçidə nail olunaraq, zəruri normativ-hüquqi baza yaradılmış və mühasibat uçotu subyektlərinin maliyyə hesabatlarının beynəlxalq standartlar əsasında hazırlanaraq təqdim olunması təşkil olunmuşdur. Mühasibat uçotu üzrə beynəlxalq və milli standartlar əsasında formalaşan maliyyə hesabatlarının hazırlanması, qəbul olunması, təhlili proseslərinin avtomatlaşdırılması və hesabatlar üzrə vahid məlumat bazasının hazırlanması zərurəti yaranmışdır". Qeyd olunmuşdur ki, "Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları"nın avtomatlaşdırılmış informasiya sistemi hazırda Maliyyə Nazirliyində və 4 pilot universitetdə - Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Xəzər Universitetində tətbiqi başa çatır və yaxın gələcəkdə geniş yayılması nəzərdə tutulur. Tətbiqin birinci mərhələsi 35 ali təhsil müəssisəsini və 4 nazirliyi əhatə edəcək.

Qeyd olunan  tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov bildirmişdir ki, "Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları"nın avtomatlaşdırılmış informasiya sisteminin  tətbiqinə başlanılması ölkə rəhbəri  möhtərəm İlham Əliyev cənablarının elektron xidmətlərin genişləndirilməsi və "Elektron hökumət"in qurulması ilə bağlı verdiyi fərman, sərəncam və tapşırıqların icrası istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilməlidir. M.Mərdanov, eyni zamanda çıxışında yeni sistemin tətbiqinin əhəmiyyətindən, ali təhsilin maliyyələşdirilməsində əldə olunan son yeniliklərdən, eləcə də yeni sistemin tətbiqi ilə əlaqədar ali təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən söz açmışdır.  

Maliyyə və mühasibat  hesabatlarının avtomatlaşdırılmış informasiya sistemi  və onun üstünlükləri 

"Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları"nın avtomatlaşdırılmış informasiya sistemi (SERP sistemi) Maliyyə Nazirliyinin sifarişi əsasında icraçı təşkilat - "Sinam" şirkəti tərəfindən hazırlanmışdır və müəssisə resurslarının idarə edilməsi üçün nəzərdə tutulmuş avtomatlaşdırılmış sistem olmaqla müəssisənin kadr, mühasibatlıq və maliyyə strukturlarının işini əhatə edir.

Proqram təminatı "Claude" rejimində  hazırlanmışdır. Bu proqram MS Visual Studio 2010 texnologiyası əsasında Oracle 11 g verilənlər bazasından istifadə edilməklə hazırlanmış veb proqramıdır. Bu sistemdən istər kiçik, istərsə də böyük şirkətlər, holdinqlər, kommersiya və büdcə təşkilatları müvəffəqiyyətlə istifadə edə bilər. Sistem müəssisələrin həm sərbəst idarə olunması, həmçinin ayrıca şöbə, bütün müəssisə və ya holdinq  üçün hesabatların alınması imkanını verdiyindən ondan istifadə edilməsi olduqca əlverişlidir. Sistem "İnsan  resursları və əməkhaqqı", "Mühasibat  uçotu"  və  "Əməkhaqqı"  modullarından ibarətdir.

İnsan resursları və əməkhaqqı üzrə modullar kompleksi kadrların idarə edilməsi və əməkhaqqının hesablanması proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur. Bu modullar ənənəvi insan resurslarının qeydiyyatı ilə bağlı prosesləri yerli qanunvericiliyin tələblərini nəzərə almaqla avtomatlaşdırmağa imkan verir. Sistem eyni zamanda insan resurslarının idarə edilməsi ilə bağlı dünya standartlarına cavab verir.

Mühasibat uçotu modulu maliyyə və mühasibat hesabatlarının avtomatlaşdırılması məqsədilə milli və beynəlxalq mühasibat uçotu standartları əsasında hazırlanmışdır. Bu modul əsas vəsaitlərin və qeyri-maddi aktivlərin uçotunun,  baş kitabın, mal-material uçotunun, pul vəsaitlərinin, hesabatların,  icarəyə verilmənin, xidmətlərin, çıxmaların, yerdəyişmələrin, silinmələrin, soraqçaların, maliyyə hesabatlarının, mühasibat modellərinin və qeydiyyat kitablarının aparılması üçün nəzərdə tutulmuşdur.

Əməkhaqqı modulu sistemin tərkib hissəsi kimi digər alt-modulların köməyi ilə artıq daxil edilmiş məlumatlardan istifadə etməklə, müəssisə və təşkilatlarda əməkhaqqının hesablanması zamanı aparılan işlərin avtomatlaşdırılmasına xidmət göstərir. Belə ki, əməkhaqqının hazırlanması zamanı: 

-  Bütün tip gəlir və tutulmalar qanuni tələblərə uyğun aparılır,

-  Tələb olunan sosial fond və bank sənədləri avtomatik hazırlanır, 

-  Maliyyə informasiyalarının təhlükəsizliyi təmin edilir, 

-  Verilmiş parametrlərə uyğun hesabat və diaqramlar hazırlanır. 

Modulun realizasiyası zamanı iki əsas prinsip nəzərə alınmışdır:  

universallıq - istənilən müəssisədə istifadə edilmək imkanı (fəaliyyət sahəsindən asılı olmayaraq);  

elastiklik - müəyyən müəssisənin xüsusiyyətlərini və qanunvericilik tələblərini nəzərə almaqla əməkhaqqının hesablanma alqoritminin sərbəst şəkildə təyin edilməsinin mümkün olması.

Əməkhaqqı modulu mühasibatlıqda aparılan əməkhaqqının hesablanması prosesini bütünlüklə əhatə edir: xərclər - tutulmalar - ayrılan pullar - balanslaşdırma - əməkhaqqının hesablanması - ödənişlər - hesabatların alınması.

Sistemin tətbiqinin əsas üstünlükləri aşağıdakılardır: 

-  Maliyyə və mühasibat uçotu hesabatlarının Milli Mühasibat Uçotu Standartları əsasında aparılması imkanı;

-  Prosedur və hesabatların Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğunluğu;

-  Vergilər Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun sistemləri ilə inteqrasiya;

-  Universal və rahat istifadəçi mühiti;

-  Çoximkanlı funksional sazlanma;

-  "MS Office" paketinə ixrac (Word, Excel);

-  Təlimlər üçün  videodərslərin mövcudluğu;

-  Universal axtarış sisteminin mövcudluğu;

-  Müxtəlif analitik hesabatları əldə etmək imkanları;

-  Kadrların idarə olunması ilə bağlı kadrlar şöbəsinin işinin avtomatlaşdırılması və mühasibatlıqla əlaqələndirilməsi;

-  Sistemdə ənənəvi təhlükəsizlik mexanizmlərindən (şifrələmə və parolların generasiyasından) başqa, elektron imzadan da istifadə imkanları;

-  Sistemdə istənilən sayda istifadəçinin profaylını yaratmaq imkanı və istifadəçilərin Xüsusi Dövlət Müdafiə Xidmətinin təhlükəsiz şəbəkəsi  vasitəsilə "bulud" texnologiyası əsasında  sistemə qoşulması;

-  İstifadəçi əməliyyatlarını izləyən "Audit" modulunun mövcudluğu;

-  Hər bir sənədin Baş Sertifikasiya Mərkəzi tərəfindən verilən elektron imza ilə imzalanması imkanı;

-  Məlumatların şifrələnmiş SSL protokolu ilə ötürülməsi;

-  Müəssisə üzrə istənilən müvafiq analitik hesabatın əldə olunması imkanı;

-  Sistemin təhlükəsizliyinin və məlumatların məxfiliyinin yüksək səviyyədə qorunması;

-  Müəssisədə proqram təminatı və avadanlıq üçün heç bir maliyyənin tələb olunmaması; Sistem tam tətbiq olunandan sonra ancaq aylıq abunə haqqı ödənilir ki, bu da sistemin işlək vəziyyətdə saxlanması üçün nəzərdə tutulur. Əgər hər bir müəssisə ayrı-ayrılıqda bu sistemi tətbiq etsəydi çəkəcəyi xərclər (avadanlıq, proqram təminatı, əlavə  işçilər, təlimlər və s.) ödəniləcək abunə haqqından  müqayisə edilməz dərəcədə çox olardı.

-  Sistemin tətbiqi üçün təlimlərin videodərslərin köməyi ilə qısa müddətdə və əlavə maliyyə vəsaiti tələb olunmadan həyata keçirilməsi; 

Yeni sistemin tətbiqindən gözlənilən əsas müsbət nəticələr və qarşıda duran vəzifələr 

Ümumilikdə aparılan müşahidə və təhlillərə əsasən demək olar ki,  Təhsil Nazirliyinin mərkəzi aparatında və ali təhsil müəssisələrində "Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları"nın avtomatlaşdırılmış informasiya sisteminin (SERP sistemi) tətbiqi nəticəsində ilk növbədə aşağıdakı müsbət nəticələr əldə olunacaqdır: 

- Bütün müəssisə və təşkilatlarda maliyyə və mühasibat, eləcə də kadr resurslarının idarə olunması işlərinin avtomatlaşdırılmasında vahid yanaşma təmin olunacaq; 

-  "Elektron hökumət"in qurulması imkanları genişlənəcək;

-  Tabelikdə olan təşkilatlardan müvafiq maliyyə və mühasibat hesabatlarının elektron qəbulu və ötürülməsi məsələsi öz həllini tapacaq;

-  Tabelikdə olan müəssisələrdə maliyyə-mühasibat işləri üzrə vahid baza yaradılacaq;

-  Müəssisələrdə maliyyə-mühasibat işlərinin tam şəkildə avtomatlaşdırılması, operativliyin yüksəldilməsi, bu işlərdə səhv və nöqsanlara yol verilməsi üzrə risklərin azaldılması təmin olunacaq;

-  Sistemin tətbiqi nəticəsində əlavə xərclər azalacaq və maliyyə vəsaitləri üzrə qənaət əldə olunacaq;

-  Maliyyə və mühasibat işlərinə dair müxtəlif xarakterdə ümumi və analitik məlumatların cədvəl, diaqram və digər formada operativ şəkildə qısa müddət ərzində hazırlanması mümkün  olacaq;

-  Müəssisələrdə kadrlar şöbəsi ilə mühasibatlıq arasında əlaqələrin və sənəd dövriyyəsinin elektronlaşdırılması təmin olunacaq.  

Eyni zamanda qeyd etməliyik ki, yuxarıda göstərilən nəticələrin əldə olunması üçün ən vacib amillərdən biri də təhsil müəssisələrində maliyyə və mühasibatlıq sahəsi üzrə çalışan mütəxəssislərin müvafiq sahə üzrə tələb olunan keyfiyyət göstəricilərinə, eləcə də  bilik və bacarıqlara malik olmasıdır. Belə ki, büdcə təşkilatlarında tətbiqinə başlanan "Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları"nın avtomatlaşdırılması üzrə  yeni sistemi tətbiq edəcək mütəxəssislərin  Milli Mühasibat Uçotu Standartları və onların tətbiqi barədə zəruri bilikləri, həmçinin İKT avadanlıqlarından istifadə üzrə lazımi bacarıq və vərdişləri olmalıdır. Lakin təəssüflər olsun ki, hazırda əksər təhsil müəssisələrində  maliyyə və mühasibatlıq sahəsi üzrə çalışan mütəxəssislərin müvafiq bilik və bacarıqları tələb olunan səviyyəyə uyğun deyil. Qeyd olunan məsələ 13 mart 2013-cü il tarixində Azərbaycan Diplomatik Akademiyasında Respublika Maliyyə və Təhsil nazirliklərinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin rəhbərliyi və maliyyə məsələləri üzrə məsul şəxslərin iştirakı ilə "Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları"nın avtomatlaşdırılmış informasiya sisteminin təqdimatı ilə bağlı keçirilən tədbirdə respublikanın maliyyə naziri cənab Samir Şərifov və təhsil naziri cənab Misir Mərdanov  tərəfindən xüsusi olaraq vurğulanmış və bu istiqamətdə zəruri tədbirlərin görülməsinin vacibliyi qeyd olunmuşdur.  

Şahrza ƏLİYEV,
Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri,
iqtisad elmləri üzrə fəlsəfə doktoru

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov