Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Aprel 2013 - №13

 

"Eurovision- 2013" mahnı müsabiqəsində ölkəmizi  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  tələbəsi təmsil edəcək

 

İstedadlı gəncin bu uğuru universitetin 90 illiyinə ən böyük hədiyyəsidir

Fərid Məmmədov  1991-ci ildə  Bakıda anadan olub. İlk musiqi təhsilini Bakıdakı  Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbinin fortepiano şöbəsində alıb. O, uşaq yaşlarından musiqiyə bağlanmış, məktəbdə keçirilən tədbirlərdə  həm pianoçu, həm də estrada mahnılarının ifaçısı kimi  iştirak edib.

Respublikamızda keçirilən bir çox  musiqi festivallarında, "Şərq ulduzları" müsabiqəsində öz istedadını göstərib. 2000-ci ildən əməkdar artist Aybəniz Haşımovanın rəhbərlik etdiyi  "Bülbüllər" qrupunun solisti olan  Fərid Məmmədov dünyanın 55 ölkəsində musiqi  festivallarında iştirak edərək  ölkəmizə  gümüş  medal və diplomlarla qayıdıb.  2003-cü ildə o,  Ukraynada keçirilən  "Slavyan bazarı"  müsabiqəsinin qalibi olaraq qızıl medal alıb. 2009-cu ildən Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət Universitetinin tələbəsi olan Fərid estrada və populyar  musiqi kafedrasının müəllimi, əməkdar artist  Cavan Zeynallının sinfində təhsil alır.

2012-ci ildə Gənclər və İdman Nazirliyinin dəvəti ilə  Azərbaycana gələn  dünya şöhrətli müğənni Robertino Loretti İctimai kanalın təşkil etdiyi musiqi  proqramında Fərid Məmmədovu dinləyib və  bu sözləri deyib: "Mən Fəridi Çarls Avazoriyə bənzədirəm. Amma yox, mən düşünürəm ki, o, Çarls Avazoridən də istedadlıdır. Mən dünyada çox müsabiqələr gəzmişəm, çox səslər eşitmişəm, amma belə bir fantastik səs, belə bir istedad  görməmişəm".

2012-ci ilin dekabrında  Azərbaycan Gənclər və İdman Nazirliyinin Bişkekdə təşkil etdiyi tədbirdə  iştirak edən  istedadlı gəncin Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri ilə  "Bülbüllər" qrupunun tərkibində ifa etdiyi mahnılar Azərbaycan Dövlət radiosunun qızıl fonduna daxil edilib. 2013-cü ildə Eurovision milli seçim turuna qatılan Fərid finala çıxanlar sırasında olub. Uğurlu çıxışları  ilə diqqəti cəlb edən Fərid böyük səhnəyə qonaq qismində dəvət alıb. Orada göstərdiyi möhtəşəm performans sayəsində münsif kürsüsündə  oturan dünya şöhrətli prodüsserlər tərəfindən qiymətləndirilib, hətta məşhur bəstəkar  Dmitrios Kontopoulos Fəridə "Hold me" mahnısını  hədiyyə edib. Və nəhayət, 2013-cü  ilin 14 martında keçirilən Eurovision müsabiqəsinin milli seçimində Fərid Məmmədov yekdilliklə  Azərbaycanı təmsil etməyə  layiq görülüb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  Universitetinin 90 illiyi ərəfəsində  qazandığı  uğuru  gənc istedadlı tələbə universitetə ən böyük hədiyyəsi kimi  dəyərləndirir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan musiqisevərlərinin və dəyərli münsiflər heyətinin  yekdil rəyi ilə  ölkəmizi  İsveçin Malmö şəhərində  təmsil edəcək istedadlı gənc F.Məmmədov  "Eurovision-2013" mahnı müsabiqəsində  "Hold me" mahnısı ilə çıxış edəcək.  

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov