Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Aprel 2013 - №15

 

Azərbaycanın peşə təhsili sahəsini təmsil edən nümayəndə heyəti Sloveniya və Almaniya Federativ Respublikasında təlim səfərində olmuşdur

 

14-21 aprel 2013-cü il tarixlərində Azərbaycanın peşə təhsili sahəsini təmsil edən nümayəndə heyəti Sloveniya və Almaniya Federativ Respublikasında təlim səfərində olmuşdur.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Almaniya Federal Kənd Təsərrüfatı, Qida və Ətraf Mühit Nazirliyinin birgə həyata keçirdiyi Tvininq layihəsi çərçivəsində reallaşdırılmış təlim səfəri bu ölkələrdə peşə təhsili sistemi ilə tanışlıq, layihə çərçivəsində hazırlanmış yeni konsepsiyanın tətbiqi imkanlarının müzakirəsi məqsədi daşımışdır. Nümayəndə heyətinin tərkibində Təhsil Nazirliyinin peşə təhsili üzrə rəhbər işçiləri, peşə təhsili müəssisələrinin direktorları, müəllim və istehsalat təlimi ustaları təmsil olunmuşlar.

Nümayəndə heyəti səfərin ilk hissəsində Sloveniyanın mühüm kənd təsərrüfatı bölgəsi kimi tanınmış Pomurska regionundakı Rakican Biotexnika Peşə Məktəbi ilə tanış olmuşdur. Azərbaycanlı mütəxəssislərə məktəbdə tədrisin təşkili, Sloveniyada peşə təhsili sistemi haqqında məlumat verilmişdir. Onu da nəzərə çatdıraq ki, Rakican Biotexnika Peşə Məktəbi Tvininq layihəsinin Almaniya tərəfdən tərəfdaşı olan Ansbax Peşə Tədris Mərkəzi ilə sıx əməkdaşlığa malikdir. Regional Kənd Təsərrüfatı Cəmiyyətindəki görüşdə isə bölgənin kənd təsərrüfatı strukturu haqqında məlumat verilmişdir.

Səfərin ikinci hissəsində Almaniyanın Bavariya Federal Vilayətində mövcud olan müxtəlif peşə tədris müəssisələri və təşkilatları ilə tanışlıq olmuşdur. Münhen şəhərindəki peşə təhsili sahəsi üzrə kurikulum hazırlığı, keyfiyyət menecmentinin təşkili ilə məşğul olan Məktəb Keyfiyyəti və Təhsil  Tədqiqatları  Dövlət  İnstitutunun   direktoru  Tomas  Sachsenröde  ilə  görüş  keçirilmişdir.  Direktor  institut  və  rəhbərlik  etdiyi qurumun fəaliyyət sahələri, eləcə də strukturu  haqqında  məlumat  vermişdir. 

Daha sonra institutun Peşə məktəbləri şöbəsinin müdiri Renner "Peşə məktəbləri üçün kurikulumların hazırlanması" mövzusunda təqdimat etmişdir. Günün ikinci yarısında institutun direktor müavini Arnulf Zöllerin keyfiyyət menecmenti mövzusunda təqdimatı dinlənilmiş və müvafiq müzakirələr aparılmışdır.

Nümayəndə heyəti Şimalı Bavariyada kənd təsərrüfatı üzrə mühüm tədris mərkəzi olan Trisdorf Təhsil Mərkəzində də olmuşdur. Kənd təsərrüfatı sahəsində təhsilin bütün pillələri üzrə tədris imkanlarına malik olan mərkəzdə regionun peşə təhsili sistemi, Almaniyada müəllim hazırlığı, imtahanların təşkili ilə bağlı təqdimatlar dinlənilmiş və müzakirələr aparılmışdır. Azərbaycanlı mütəxəssislər, həmçinin mərkəzin nəzdində fəaliyyət göstərən xüsusi təlim mərkəzlərindəki imkanları və istehsalat təcrübəsinin təşkili vəziyyəti ilə ətraflı tanış olmuş, təcrübəçi şagirdlər və təsərrüfat rəhbəri ilə görüşmüşlər.

Səfər zamanı, həmçinin Ansbax Peşə Tədris Mərkəzi və Regensburq Peşə Tədris Mərkəzinə səfərlər olmuşdur. Regensburg Peşə Tədris Mərkəzi sosial ixtisaslar ilə yanaşı, həm də bağçılıq üzrə ixtisaslaşmış bir təhsil müəssisəsidir.

Səfər zamanı Almaniyadan olan ekspertlər Azərbaycan nümayəndə heyəti arasında müvafiq təhsil konsepsiyasının pilot məktəblərdə tətbiqi yolları və imkanları, müəllim hazırlığı, ixtisasartırma kurslarının təşkili məsələləri haqqında müzakirələr aparmış və bəzi konkret təkliflər irəli sürülmüşdür.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov