Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

Təhsil naziri Türkiyənin Qazi Universitetinin nümayəndələri ilə görüşmüşdür

 

Aprelin 26-da təhsil naziri Mikayıl Cabbarov Türkiyənin Qazi Universitetinin rektoru Süleyman Böyükbərbərin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən Mikayıl Cabbarov Azərbaycanla Türkiyənin qarşılıqlı əlaqələrində təhsil sahəsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirmişdir. Türkiyə ilə ali təhsil sahəsindəki münasibətlərin inkişafının əhəmiyyətinə toxunan nazir bütün bunların Azərbaycan ali təhsil sisteminin inkişafına müsbət təsir göstərəcəyini qeyd etmişdir.

Türkiyənin Qazi Universitetinin rektoru Süleyman Böyükbərbər ilk öncə Mikayıl Cabbarovu təhsil naziri vəzifəsinə təyin olunması münasibəti ilə təbrik etmiş, nazirə yeni işində uğurlar arzulamışdır. Azərbaycana səfərindən məmnunluğunu ifadə edən qonaq səmimi qəbula görə təhsil nazirinə minnətdarlığını bildirmişdir.

Qazi Universitetinin rektoru ölkəmizə səfər proqramı çərçivəsində bir sıra ali təhsil müəssisələrində görüşlərin keçirildiyini, mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində müvafiq sənədlərin imzalandığını söyləmişdir. Rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında ətraflı məlumat verən S.Böyükbərbər Türkiyənin ən nüfuzlu ali məktəblərindən biri olan Qazi Universitetinin Azərbaycan universitetləri ilə əlaqələrə xüsusi önəm verdiyini nəzərə çatdırmışdır.

Hazırda 80 min tələbənin təhsil aldığı ali məktəbdə 1500 əcnəbinin oxuduğunu bildirən rektor Qazi Universitetində daha çox azərbaycanlı gəncin müxtəlif ixtisaslar üzrə təhsil almasında maraqlı olduqlarını vurğulamışdır. S.Böyükbərbər Qazi Universitetində ikili diplomların verilməsi ilə bağlı birgə proqramın həyata keçirilməsi istiqamətində görülmüş işlərdən söhbət açmış, bu baxımdan əldə olunmuş təcrübənin Azərbaycanla bölüşməyin mümkünlüyünü qeyd etmişdir.

Təhsil naziri Mikayıl Cabbarov ətraflı məlumata və Azərbaycanla əlaqələrin inkişafına verdiyi dəyərə görə S.Böyükbərbərə minnətdarlığını bildirmişdir. Qazi Universitetində idarəçilik, maliyyələşmə və digər məsələlərin tənzimlənməsi qaydalarının maraq doğurduğunu vurğulayan nazir  Azərbaycan  ali  məktəblərinin  belə  bir nüfuzlu təhsil müəssisəsi ilə əməkdaşlığının səmərəli nəticələr verəcəyinə ümidvar  olduğunu  söyləmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində gənclərin bir sıra prioritet ixtisaslar üzrə dünyanın nüfuzlu ali məktəblərinə göndərildiyinə diqqət çəkən təhsil naziri proqramın əsas məqsədləri barədə fikirlərini bildirmişdir. Mikayıl Cabbarov Azərbaycanın müasir tələblərə cavab verən kadrlara olan ehtiyacının ödənilməsinə xidmət edən müvafiq siyasətin əsasının ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulamışdır. Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsinin dövlət siyasətinin prioritetlərindən biri olduğunu söyləyən təhsil naziri bu baxımdan azərbaycanlı tələbələrin Türkiyənin nüfuzlu universitetlərində ölkəmiz üçün prioritet olan ixtisaslar üzrə oxumasının səmərəli nəticələr verəcəyinə əminliyini ifadə etmişdir.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılmış, əlaqələrin inkişafı ilə bağlı bir sıra təkliflər irəli sürülmüşdür.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov