Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

"Zəngi" liseyinin ənənələri davam edir

 

Son illərdə respublikamızda qabiliyyətli, istedadlı şagirdlərin aşkar edilməsi və inkişaf etdirilməsi istiqamətində müəyyən işlər görülür, müvafiq tədbirlər həyata keçirilir. İstedadlı şagirdlərin üzə çıxarılması və inkişaf etdirilməsində fənn olimpiadalarının və beynəlxalq layihələrin rolu da inkaredilməzdir.

İstedadlı şagirdlərin təhsil aldığı lisey və gimnaziyaların ali təhsil müəssisələri ilə işgüzar əlaqələrinin yaradılması daim diqqət mərkəzindədir. Bu cür təhsil ocaqlarından biri də Bakının Nizami rayonunda yerləşən "Zəngi" liseyidir. "Zəngi" liseyinin əsas məqsədi istedadlı uşaqların intellektual  və yaradıcı potensialının üzə çıxarılması və inkişafı, onların şəxsiyyətinin yüksək mənəvi və mədəni dəyərlərə əsaslanaraq formalaşdırılmasıdır.  Liseydə 2008-ci ildən "Kiçik akademiya" fəaliyyət göstərir. Şagirdlərimiz burada sərbəst idarəçilik, təşkilatçılıq, araşdırma və qərarvermə qabiliyyətlərinə yiyələnirlər. Bu da şagirdlərin müasir, daima inkişafda olan ölkəmizin tələblərinə uyğun şəkildə yetişdirilməsinə gətirib çıxarır. Liseydə keçirilən şagird elmi konfransları artıq çoxdan bu təhsil ocağının nümunəvi bir ənənəsinə çevrilib. Şagirdləri elmi tədqiqatlara həvəsləndirmək, onlarda ilkin tədqiqatçılıq bacarıq və vərdişləri formalaşdırmaq məqsədi daşıyan elmi konfranslar liseydə hər il may ayında keçirilir. Elmi tədqiqatlara həvəsləri, maraqları olan, gələcəkdə özlərini elmdə görməyi  arzulayan şagirdlər müəllimlərinin rəhbərliyi altında müxtəlif fənlərdən hazırladıqları elmi məruzələrlə tanınmış alimlər qarşısında çıxışlar edərək hesabat verirlər. Qeyd etmək lazımdır ki, liseyin şagirdləri dəfələrlə müxtəlif milli və beynəlxalq yarışmaların qalibləri olmuşlar. Hər il onlar müxtəlif milli və beynəlxalq tədris layihələrində, idman və digər yaradıcı yarışmalarda iştirak edib müvafiq yerlər və mükafatlar qazanırlar.

2012-2013-cü tədris ilində liseyimiz daha böyük uğurlara imza atmışdır. Belə ki, liseyin 4 şagirdi: IX sinif şagirdi Kənan Quluzadə Respublika fənn olimpiadalarında Azərbaycan dili və ədəbiyyat fənni üzrə IV yerə, XI sinif şagirdi Aytac Dəmirçibəyli biologiya fənni üzrə II yerə, IX sinif şagirdi Zəhra Bağırova Azərbaycan dili və ədəbiyyat fənni üzrə IV yerə və XI sinif şagirdi Yusif Məmmədov riyaziyyat fənni üzrə III yerə layiq görüldülər.

Liseydə hər dərs ilinin sonunda mötəbər qonaqların iştirakı ilə təşkil olunmuş təqdimat mərasimi keçirilir. Bu mərasimlərdə olimpiadalarda, yerli və beynəlxalq yarışlarda uğurlar qazanan şagirdlərimizlə görüşlər keçirilir, onlara müdiriyyət tərəfindən qiymətli hədiyyələr, fəxri fərmanlar təqdim olunur. Bu cür yaddaqalan görüşlərdən biri də bu il aprelin 13-də keçirilən tədbirdir. Tədbirdə YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, BDU-nin professorları Rövşən Xəlilov, İsmət Əhmədov, "İki sahil" qəzetinin redaktoru, "Zəngi" liseyində VMA-nın prezidenti Vüqar Rəhimzadə və liseyin müəllim-şagird kollektivi iştirak edirdi. Liseyin direktoru Bayram Heydərov mərasimi açaraq iştirakçıları salamlamış və belə bir vacib məqamı diqqətə çatdırmışdır ki, bu tədbir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünün qeyd olunduğu günlərə təsadüf edir və bu bizi çox sevindirir. Daha sonra tədbir iştirakçılarına məktəblilər arasında keçirilmiş fənn olimpiadaları, beynəlxalq müsabiqələr haqqında ətraflı məlumat verən Bayram Heydərov bildirdi ki, bilik yarışları şagirdlər arasında sağlam rəqabətin yaranmasına, keyfiyyətli təhsil almağa marağın güclənməsinə səbəb olur. Tədbirin sonunda  B.Heydərov olimpiada və beynəlxalq müsabiqə qaliblərini, bu şagirdlərin biliklərə dərindən yiyələnməsində xüsusi əməyi olan müəllimləri təbrik etmiş, şagirdlərə elmin çətin, lakin şərəfli yollarında inamla addımlayaraq daha böyük uğurlar, yeni-yeni nailiyyətlər qazanmağı arzuladı. Sonra qaliblərə diplom və hədiyyələr təqdim olunmuşdur.

Artıq iki ildir ki, "Zəngi" liseyinin şagirdləri məktəblilər arasında keçirilən "Ətraf mühitin mühafizəsi" (İNEPO-Euroasia) Beynəlxalq Layihə Olimpiadasında iştirak edərək bürünc medala layiq görülürlər. Şagirdlərimiz öz layihələrinə çox məsuliyyətlə yanaşaraq maraqlı nəticələr əldə edirlər. 2012-ci ildə bu olimpiadada şagirdlərimiz - Fidan Abdullayeva (VIII sinif) və Rauf Rəhimzadənin (X sinif) qalib olduqları layihə mövzusu ətraf mühitin qorunmasına həsr olunmuşdu. 2013-cü ildə isə Aynur Nadirli (IX sinif) və Orxan Qasımlı (XI sinif) dünyanın ən aktual problemi sayılan alternativ enerji mənbəyindən bəhs edən layihələrinə görə bürünc medala layiq görülmüşlər.

8-9 fevral 2013-cü il tarixlərində keçirilən "Sabahın alimləri" II Respublika müsabiqəsində iştirak edən "Zəngi" liseyinin IX sinif şagirdi Telarə Əlibəyli öz tədqiqat layihəsi ilə uğur əldə etmiş və "Biologiya" nominasiyası üzrə II yeri tutub gümüş medala layiq görülmüşdür. Şagirdlərimizin bu müsabiqələrdə iştirak edərək  yüksək nəticələr göstərməsində onlara AMEA Botanika İnstitutunun əməkdaşları və BDU-nun biofizika kafedrasının professoru Rövşən Xəlilov tərəfindən elmi dəstək verilmiş, o cümlədən sagirdlərə həmin təhsil ocaqlarının laboratoriyalarındakı müasir avadanlıqlardan  istifadə etmək imkanı yaradılmışdır.

Qeyd etmək istərdim ki, 2012-2013-cü tədris ilində liseyimizin şagirdləri 3 beynəlxalq müsabiqə və olimpiadada iştirak ediblər. Şagirdlərin bu kimi bilik yarışlarında iştirakı onların elmə marağını artırır. Onlar dərk edirlər ki, bu gün aldıqları bilikləri sabah necə tətbiq edəcəklər. Layihələr üzərində işləyən şagirdlər maraqlı ideyalar irəli sürürlər və mən elmi rəhbər kimi bu işlərin təşkili üçün öz məsləhətlərimi verib, daima nəzarət edirəm. Həmçinin daim axtarışlar aparan şagirdlərimiz tədqiqatçı alimlərlə, mütəxəssislərlə əməkdaşlıq edərək maraqlı nəticələr əldə edirlər. Doğrusu, bu müsabiqələrdə mən də şagirdlərlə bərabər həyəcanlanıb, onlarla bərabər sevinirəm. Ən həyəcanlı anlarımız isə finalda qaliblərin elan edildiyi anlar olur. Mən əminəm ki, bu kimi olimpiadalar və müsabiqələr  şagirdlərin həyatında xüsusi iz buraxacaq və gələcək işlərində də mütləq bir təkan olacaq.  

Gülnarə SƏFƏROVA,
Bakı şəhəri "Zəngi"liseyinin təmayül üzrə direktor müavini,
biologiya elmləri üzrə fəlsəfə doktoru,
"Ən yaxşı müəllim" müsabiqəsinin (2008-2009-cu dərs ili) qalibi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov