Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 May 2013 - №17

 

Respublika inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir

 

Mayın 4-də Bakıdakı "Gülüstan" sarayında  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş məktəblilərin respublika inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Mərasimdən öncə tədbir iştirakçıları Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.  Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də anılmış və  məzarı üzərinə tər çiçəklər düzülmüşdür.

Dövlət qurumlarının nümayəndələrinin, Milli Məclis deputatlarının, ali məktəb rektorlarının, qalib şagirdlərin və onların təhsil aldıqları məktəblərin rəhbərlərinin iştirak etdikləri mərasimdə əvvəlcə ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunmuşdur.

Mərasimi açan Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov geniş çıxış etmişdir.  

 


 Təhsil naziri Mikayıl Cabbarovun çıxışı

 

Əziz şagirdlər!

Hörmətli qonaqlar!

Bu gün biz çox əlamətdar bir hadisə münasibətilə - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş məktəblilərin respublika inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması münasibətilə "Gülüstan" sarayına toplaşmışıq. Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən inşa müsabiqəsi bu il 7-ci dəfədir ki, keçirilir. Yekun mərhələ iştirakçılarının inşaları nazirlikdə təşkil edilmiş komissiya tərəfindən yoxlanılıb qiymətləndirilmiş, nəticə etibarı ilə 85 nəfərin mükafatlandırılması qərara alınmışdır. Onlardan 8 nəfər I, 7 nəfər II, 16 nəfər III, 54 nəfər isə həvəsləndirici IV yerə layiq bilinmişdir. Fürsətdən istifadə edərək, müsabiqənin keçirilməsində göstərdikləri mənəvi və maddi dəstəyə görə Heydər Əliyev Fonduna, Yeni Azərbaycan Partiyasına, Respublika Həmkarlar İttifaqları Konfederasiyasına, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə öz dərin təşəkkürümü bildirirəm.

Heydər Əliyevin ömür yolu Vətənə və millətə təmənnasız xidmətin parlaq nümunəsidir. Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü bilavasitə ulu öndərin adı ilə bağlıdır. Misilsiz idarəetmə istedadına malik olan ümummilli liderimiz Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə quruculuğun, sosial-iqtisadi inkişafın, ictimai-siyasi sabitliyin, dövlətçiliyin təminatçısı olmuş, ən ağır vaxtlarda Azərbaycanın mənafeyi naminə xilaskarlıq missiyasını yerinə yetirmişdir.

Heydər Əliyev Azərbaycanda güclü iqtisadiyyatın yaradılması ilə bərabər, cəmiyyətin tərəqqisinin əsas hərəkətverici qüvvəsi hesab olunan təhsilin inkişafına da böyük diqqət və qayğı göstərmişdir. Ölkəmizdə təhsil islahatlarına başlanması, Dünya Bankının islahatlar prosesinə cəlb edilməsi, təhsil sahəsində öz həllini gözləyən problemlərin aradan qaldırılmasına yönəlmiş bir sıra dövlət proqramlarının qəbulu birmənalı şəkildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və qətiyyətli mövqeyi sayəsində mümkün olmuşdur.

Dünya şöhrətli dövlət xadimi, Azərbaycan xalqının milli və mənəvi lideri Heydər Əliyevin öz həmvətənlərinə əmanət qoyduğu müstəqil Azərbaycan ölkə Prezidenti İlham Əliyev cənablarının müdrik rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır. 2003-cü ildən bu günədək Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi sahələrdə əldə etdiyi möhtəşəm uğurlar Heydər Əliyev ideallarına, ulu öndərin siyasi kursuna sadiqliyi təsdiq edir.

Heydər Əliyevin əzəmətli şəxsiyyəti, onun Azərbaycana, doğma xalqına həsr edilmiş şərəfli ömür yolu və zəngin fəaliyyəti bu günün və gələcəyin gəncləri üçün parlaq nümunə, ibrətamiz tərbiyə məktəbidir.

Əziz şagirdlər! İnşalarınızla tanış olduqca onların hər bir sətrində ulu öndərə hədsiz məhəbbətinizi hiss edirik, səmimi duyğularınızın şahidi oluruq. İnanırıq ki, ulu öndərimizə qəlbinizdə qərar tutmuş məhəbbət hissləri sizi heç vaxt tərk etməyəcəkdir.

Müsabiqənin bütün qaliblərini səmimi-qəlbdən təbrik edir, təhsilinizdə və gələcək həyatınızda hamınıza yeni-yeni uğurlar arzu edirəm.

Fürsətdən istifadə edərək bu gün təhsil sahəsi qarşısında duran əsas vəzifələrə də toxunmaq istərdim. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf  Konsepsiyası qəbul olunmuşdur. Təhsil sahəsinin və insan kapitalının inkişafı konsepsiyanın əsas prioritetlərindən biridir. İnanırıq ki, konsepsiya ilə müəyyən edilmiş istiqamətlərdə görüləcək fəaliyyət nəticəsində Azərbaycanda müasir təhsil sisteminin formalaşdırılması uğurla başa çatdırılacaq, milli təhsilimizin dünya və Avropa təhsil məkanına inteqrasiyası güclənəcək, təhsilin keyfiyyəti xeyli yüksələrək ölkəmizin gələcəyinin və dayanıqlı inkişafının əsasını təşkil edəcəkdir.

Təhsil sisteminin səviyyəsi milli şüurun və milli identifikasiyanın formalaşması ilə yanaşı hər bir xalqın müasir dünyada yerini müəyyənləşdirir. Heydər Əliyevin banisi olduğu müasir Azərbaycan dövlətinin dünya dövlətləri arasında ön sıralarda layiqli yerinin tutmasına yönəlmiş Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti hər birimizin gözünün qabağında həyata keçirilir. Təhsil sisteminin qarşısında duran hədəflər sadə və aydındır: təhsil yüksək keyfiyyətli, səmərəli, qanunun aliliyinə əsaslanan,  müstəqil dövlətimizin vətənpərvər və müasir baxışlı vətəndaşını formalaşdıran olmalıdır.

Nazirlik  təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi təhsil sisteminin müəyyən edilmiş istiqamətlər üzrə inkişafını təmin etmək əzmindədir. Lakin sistemin daxilində mövcud olan bəzi problemlər qarşımızda duran məsələlərin həllini ciddi mürəkkəbləşdirir. Təhsil sistemində neqativ hallar gənc nəslin sağlam yetişdirilməsi prosesinə, onların vətəndaş kimi inkişafına öz zərərli təsirini göstərir.

Nazirlik əsas diqqəti təhsil sahəsində qanun pozuntularına şərait yaradan və onları doğuran səbəblərin aradan qaldırılmasına yönəltmək niyyətindədir. Bunun yeganə həll yolu problemlərə sistemli yanaşmanın təmin olunmasıdır. İlk növbədə mövcud vəziyyəti doğuran səbəblər dəqiq müəyyənləşdirilməli, onların aradan qaldırılması üçün effektiv vasitələr tapılmalı və məqsədyönlü kompleks xarakterli tədbirlər hazırlanmalıdır. 

Fikrimi konkret misala - attestat verilməsi məsələsinə gətirmək istəyirəm. Hazırda qüvvədə olan qaydalara əsasən 11-ci sinifi bitirən və istənilən fəndən illik qiyməti "2" olan şagirdlər ümumtəhsil məktəblərində buraxılış imtahanına buraxılmır, eyni zamanda imtahana buraxılan şagirdlər hər hansı imtahandan "2" qiyməti aldığı təqdirdə onların yekun attestasiyası aparılmır. Nəticədə hər iki halda göstərilən kateqoriyadan olan məzunlar attestat almaqdan və müvafiq olaraq ali və yaxud orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün sənəd vermək hüququndan məhrum olunurlar. Statistik məlumatlara əsasən, 2009-2010-cu dərs ilində şagirdlərin ümumi sayının 22%-i (21.465 nəfər), 2010-2011-ci dərs ilində 24%-i (22.469 nəfər), 2011-2012-ci dərs ilində 10,5%-i (9011 nəfər) attestat almamışdır.

Heç kəsə sirr deyil ki, yekun olaraq "2" qiyməti alanlara attestatların verilməməsi yerlərdə sui-istifadə hallarına geniş yol açan amillərdən birinə çevrilmişdir. Attestat məzunun biliyinin göstəricisidir. "Təhsil haqqında" Qanunun təhlili attestatın verilməsi məsələsinin yekun qiymətləndirmənin qeyri-kafi nəticələri ilə bağlı olmadığını göstərir. Hər bir halda attestat olsa belə, qanunvericiliyə əsasən orta məktəb məzununun tələbə olması ali təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanlarının nəticələrindən asılıdır.

Qeyd olunan məsələnin böyük ictimai əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Təhsil Nazirliyi tam orta (yəni, 11 illik) təhsil səviyyəsini bitirən bütün məzunlara attestatın verilməsinin tərəfdarıdır.

Çıxışımda ümumtəhsil məktəblərində mövcud olan bəzi problemlərə də toxunmaq istərdim. Bu problemlər hamıya məlumdur, amma müəyyən nüanslar da vardır. Misal kimi dərslik məsələsində. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, dərslikləri Təhsil Nazirliyi hazırlayır. Amma həqiqətdə bu belə deyil. Hər bir dərsliyin öz müəllifləri var və dərslik onların zehni əməyinin məhsuludur. Dərsliklərin məzmununu isə ictimai əsaslarla fəaliyyət göstərən Qiymətləndirmə Şurası qiymətləndirir. Təbii ki, hamıdan çox biz maraqlıyıq ki, məktəblərdə təhsil keyfiyyətli dərsliklər üzrə təşkil edilsin. Obyektiv səbəblərə görə bu müəyyən vaxt tələb edən məsələdir. Biz bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində qətiyyətli tədbirlər görəcəyik.

Məktəb elə bir məkandır ki, burada biz uşaqlarımızın mənəviyyatının əsaslarını qoyuruq. Məktəblərdə hökm sürən psixoloji atmosfer övladlarımızın gələcək həyat yoluna, mənəvi dəyərlərinə və əqidələrinə, milli identifikasiyasına və vətəndaşlıq hisslərinə bilavasitə təsir edir. Bundan irəli gələrək bildirirəm ki, məktəblərdə baş verən mənfi hallara qarşı Təhsil Nazirliyinin mövqeyi barışmaz olacaq. Mən bu məsələdə valideynlərin rolunu da qeyd etmək istərdim. Təhsil sahəsində nazirliyin və ya təhsil müəssisəsinin təkbaşına səyləri ilə vəziyyətin düzəldilməsinə inanmaq sadəlövhlük olardı. Bu, eyni zamanda hər bir ailənin və bütövlükdə cəmiyyətin ümumi işidir. Vətəndaş cəmiyyətinin formalaşmasında təhsil sahəsinin xüsusi yeri vardır və onun kiçik modeli məhz burada valideynlərin və digər maraqlı tərəflərin iştirakı ilə yaradılır. Bizim mövqeyimiz ondan ibarətdir ki, məktəblərin idarə olunmasında və təhsil ocaqlarında müsbət atmosferin yaradılmasında valideynlərin rolu artırılmalı, bunun üçün islahatlar aparılmalıdır.

Şagirdlərin hüquqları ilə yanaşı, biz müəllimlərin hüquqlarının da qorunmasına xüsusi diqqət yetirəcəyik, onlara hörmətli yanaşma təmin ediləcək, iş mühitləri, maddi təminat məsələləri də diqqət mərkəzində saxlanılacaqdır.

Azərbaycan dilində müsahibinə müraciətdə "müəllim" sözünün işlənilməsi qarşı tərəfin yüksək statusuna işarə və ona olan etimadın göstəricisidir. Bizim fəaliyyətimiz müəllim peşəsinin əvvəlki nüfuzunun bərqərar olmasına yönəldiləcəkdir.

Bugünkü tədbir yalnız ümumtəhsil müəssisələrinə aid olduğu üçün mən məktəblərdəki diqqətçəkən problemləri qeyd etdim. Bununla belə vacib hesab etdiyim dövlət xətti ilə xaricdə təhsil alan azərbaycanlı tələbələrin qarşılaşdığı problemlərə də ayrıca toxunmaq istərdim. Dünya təcrübəsində çox nadir hallarda dövlətin xaricdə təhsil alan həmvətənlərinin bütün təhsil və yaşayış xərclərini üzərinə götürməsi ilə rastlaşmaq olar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının bu məsələyə olan diqqəti və xüsusi münasibəti nəticəsində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" qəbul olunmuşdur. Möhtərəm Prezident bu proqrama start verməklə neft kapitalının insan kapitalına çevrilməsi siyasətini ortaya qoydu və ölkəmizin gələcəyinə ən yaxşı investisiya kimi bunun böyük bir inkişaf prosesinin başlanğıcı olduğunu vurğuladı.

Lakin təəssüf olsun ki, bu sahədə son dövrə kimi müxtəlif pozuntulara, əsassız tələblərə rast gəlinirdi. Nəticədə xaricdə təhsil alan tələbələrimizin təhsil haqlarının ödənilməsində gecikmələr, süründürməçilik halları artmışdır. Mən özüm xaricdə təhsil almış bir şəxs kimi çox gözəl başa düşürəm ki, belə gecikmələr nə kimi çətinliklər törədir. Bütün bunlar Azərbaycan gəncliyinin intellektual elitasını təşkil edən bu kateqoriyalı tələbələrin təhsilalma prosesinə mənfi təsir göstərirdi. Bu, yolverilməzdir və tərəfimizdən bu prosesin şəffaf şəkildə həyata keçirilməsi tələb edilən bütün addımlar atılacaqdır. Nazirliyin İnternet saytında tərəfimizdən [email protected] səhifəsi açılmış və xaricdə təhsillə bağlı qarşılaşan problemlər haqqında bu ünvana müraciətlər ünvanlana bilər.

Əsas məqsədimiz dövlətin yaratdığı təhsil imkanlarından heç bir süni maneə olmadan hər kəsin yararlanması, vətəndaşlar arasında bərabər təhsil şəraitinin və hüququnun tənzimlənməsidir. Fəaliyyətimiz dövründə çalışacağıq ki, hər bir vətəndaş Konstitusiyamızın onlara verdiyi bu yüksək hüquqdan rahatlıqla istifadə edə bilsinlər.

Bu gün bu salonda Azərbaycanın gələcək istedadları toplaşıb. Onlara üz tutub demək istərdim: Siz çox xoşbəxtsiniz ki, müstəqil Azərbaycan dövlətində doğulmusunuz, həyata keçirilən misilsiz quruculuq işlərinin şahidisiniz. Ölkəmizi dövlət başçımızın rəhbərliyi ilə əldə olunmuş nailiyyətlərin üzərində gələcək yüksəkliklərə apara bilən ümidimizsiniz. Əmin ola bilərsiniz ki, hər birinizin həyat yolu diqqətimizin mərkəzindədir və Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının yanındadır.

Çıxışımın sonunu Heydər Əliyevin təhsildəki islahatlar barədə dediyi sözlərlə bitirmək istərdim:

"Təhsildə dəyişikliklər inqilab yolu ilə deyil, təkamül yolu ilə getməlidir". 

*** 

YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov mərasimdə söz alaraq qalibləri təbrik etmiş, artıq yeddinci ildir ki, keçirilən "Heydər Əliyev şagirdlərin gözü ilə" mövzusundakı müsabiqənin əhatə dairəsinə görə ölkəmizdə ən kütləvi müsabiqələrdən biri olduğunu bildirmişdir. Heydər Əliyevin zəngin irsinin öyrənilməsində mühüm rol oynayan inşa müsabiqəsinin gənclərin milli mənəvi dəyərlər, dövlətçilik məfkurəsi əsasında formalaşması kimi müqəddəs və çox əhəmiyyətli bir vəzifəyə xidmət etdiyini vurğulayan icra katibi, onun təşkili və keçirilməsində ölkəmizin ümumtəhsil məktəblərində çalışan çoxlu sayda müəllimin fədakarlıq göstərdiyini qeyd etmişdir.

Əli Əhmədov ümidvar olduğunu bildirmişdir ki, müsabiqədə iştirak edən gənclər Heydər Əliyev irsinə dərindən yiyələnərək gələcəyin vətənpərvər, yüksək keyfiyyətli təhsil almış vətəndaşları kimi yetişəcəklər. İcra katibi diqqətə çatdırmışdır ki, Yeni Azərbaycan Partiyası müsabiqənin keçirilməsinə həmişə dəstək verməyə  çalışmışdır. Partiya rəhbərliyinin qərarı ilə müsabiqənin qaliblərinə - I, II və III yerləri tutanlara ali məktəblərə daxil  olduqları halda bu təhsil ocaqlarında oxuduqları 4 il ərzində YAP tərəfindən ayda 50 manat məbləğində təqaüd verilir. Hazırda əvvəlki illərin müsabiqə  qaliblərindən 30 nəfəri bu təqaüdü alır. Ə.Əhmədov yeni qaliblər arasından da bu şansı qazananların olacağına əminliyini bildirmişdir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxışında bu günlər ölkəmizin hər yerində ümummilli lider, Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin anım mərasimlərinin keçirildiyini qeyd edib, ulu öndərin Azərbaycan xalqı qarşısındakı mühüm xidmətlərindən söz açmışdır.

S.Mehbalıyev ulu öndər Heydər Əliyevin gənclərə, onların təhsilinə həmişə böyük diqqət və qayğı göstərdiyini xatırlatmış, müdrik rəhbərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləmişdir.

Müsabiqə barədə fikirlərini bildirən Səttar Mehbalıyev onun keçirilməsinin Azərbaycan gənclərinin Heydər Əliyev irsinə daha dərindən bələd olmalarına imkan yaratdığını, eləcə də istedadlı gənclərin aşkara çıxarılıb inkişaf etdirilməsi işinə güclü stimul verdiyini söyləmişdir. Bildirmişdir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da bu istiqamətdə bir sıra addımlar atmışdır. Konfederasiya tərəfindən 1400 nəfərdən artıq ali məktəb tələbəsinə adlı təqaüdlər verildiyini, orta məktəblərin yuxarı siniflərində təhsil alan əlaçı şagirdlərin hər birinin 50 manat məbləğində təqaüdə layiq görüldüyünü deyən S.Mehbalıyev inşa müsabiqəsində I, II və III yerləri tutan şagirdlərin də hər birinə 100, həvəsləndirici yerləri tutanlara isə 50 manat məbləğində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası fondundan vəsait ayrıldığını diqqətə çatdırmışdır.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxışında Heydər Əliyevin doğum gününə həsr olunmuş inşa yazı müsabiqəsinin yekun tədbirində iştirak etməkdən məmnunluğunu ifadə edərək bildirmişdir ki, RİTN layihə başlayandan daim ona dəstək vermiş, müsabiqə təşkilatçıları olan digər qurumlarla birlikdə onun təşkili və keçirilməsində yaxından iştirak etmişdir. Artıq ənənəyə çevrilmiş inşa müsabiqəsinin gənclərə, onların gələcək fəaliyyətlərinə, özlərinə həyatda yer tutmalarına müsbət təsir edən hadisə olduğunu qeyd edən nazir müavini şagirdlər tərəfindən qələmə alınmış inşa yazılarda ulu öndər haqqında çox səmimi fikirlərin öz əksini tapdığını, bu fikirlərin adamda qürur hissi doğurduğunu söyləmişdir.

Ümummilli lider Heydər Əliyevin bütün ömrünü Azərbaycanın inkişafına həsr etdiyini deyən nazir müavini ulu öndərin  həyatının son günlərinədək Azərbaycanın dünyada tanınması, bütün sahələrdə irəliləyişə nail olması üçün əlindən gələni etdiyini diqqətə çatdırmışdır.

Elmir Vəlizadə əmin olduğunu bildirmişdir ki, gənclər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın gələcəkdə daha da inkişaf etməsinə, ulu öndərin ideyalarının həyata keçirilməsinə öz töhfələrini verəcəklər.

Müasir dövrümüzdə həyatın bütün sahələrində, eləcə də təhsildə informasiya-kommunikasiya texnologiyalarının rolunun həddən artıq artdığını deyən nazir müavini son illər İKT-nin təhsilə tətbiqi ilə bağlı iki dövlət proqramının qəbul olunduğunu və uğurla həyata keçirildiyini söyləmişdir. Bildirmişdir ki, şagirdlərin bu texnologiyaları mənimsəməsi, biliklərə yiyələnmələri onlara yaxından kömək edir. O, təmsil etdiyi qurumun Azərbaycanda gedən təhsil islahatlarına öz töhfəsini verdiyini, xaricdə təhsil alan və İKT ixtisasları seçmiş tələbələrə RİTN tərəfindən dəstək göstərildiyini, onların təhsil haqqının ödənildiyini diqqətə çatdırmışdır.

Çıxışının sonunda qaliblərə RİTN tərəfindən müasir kompüterlər hədiyyə olunduğunu söyləyən E.Vəlizadə bu vəsaitlərin onlar üçün dünyaya pəncərə açacağına əmin olduğunu bildirmiş və qaliblərə uğurlar arzulamışdır.

Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təbrikini tədbir iştirakçılarına çatdırmışdır. Heydər Əliyev Fondunun əsas məqsədinin Azərbaycanın tərəqqisi, Azərbaycan xalqının rifahı naminə ümummilli lider Heydər Əliyevin apardığı siyasətin, gördüyü işlərin davam etdirilməsinə dəstək, onun zəngin irsinin öyrənilməsi və təbliği olduğunu deyən İ.Mustafayev bu istiqamətdə Fondun reallaşdırdığı tədbirlərdən, layihələrdən bəhs etmiş, müsabiqənin əhəmiyyətini qeyd etmiş, qaliblərə təhsildə yeni nailiyyətlər arzulamışdır.

Sonra müsabiqə qaliblərinin adları elan olunmuş və onlara mükafatlar təqdim edilmişdir. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov