Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 May 2013 - №17

 

"Kənd Təsərrüfatı Sahəsində İlkin Peşə Təhsilinin Möhkəmləndirilməsi" layihəsi üzrə yekun konfrans

 

Mayın 3-də Bakıdakı Avropa otelində "Kənd Təsərrüfatı Sahəsində İlkin Peşə Təhsilinin Möhkəmləndirilməsi" Aİ-Tvininq layihəsi üzrə yekun konfrans keçirilmişdir. Konfransda Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov, missiya rəhbərinin müavini Volfgang Mössinger, ekspertlər, peşə təhsili müəssisələrinin rəhbərləri və digər şəxslər iştirak edirdilər.

Qeyd edək ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Almaniya Qida, Kənd Təsərrüfatı və İstehlakçının Müdafiəsi Federal Nazirliyinin birgə həyata keçirdiyi Tvininq layihəsi 21 ay davam etmişdir. Layihə heyəti dörd komponentin həyata keçirilməsi üzərində çalışmış və benefisiar ölkənin texniki peşə təhsili və təlimi üzrə rəhbərliyinə dəstək göstərmişlər. Layihə uğurunun əsas hissəsi ondan ibarətdir ki,  təklif olunmuş peşə məktəblərindən biri hökumət tərəfindən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərəcək müasir çoxxidmətli Peşə Təhsili Mərkəzi kimi qəbul olunmuşdur.

Tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov Tvininq layihəsinin əhəmiyyətindən söz açmışdır. Bildirmişdir ki, 2011-ci ildə başlayan Tvininq layihəsi çərçivəsində bir çox nailiyyətlər əldə olunmuşdur. Peşə təhsilinin inkişafı ilə əlaqədar olaraq həyata keçirilən layihədə bir çox tədqiqatlar aparılmış, müxtəlif ölkələrə işgüzar səfərlər edilmişdir. Layihə mütəxəssisləri tərəfindən kənd təsərrüfatı ixtisasları üzrə yeddi peşə təhsili standartı tərtib edilmiş və ilk peşə-ixtisas təhsilində daha geniş və eyni zamanda nəticələrə əsaslanan yanaşmadan istifadə olunmuşdur. Layihə çərçivəsində icra olunmuş mühüm fəaliyyətlərdən biri də alman mütəxəssisləri tərəfindən  Aqro-İnformasiya Mərkəzinin dəstəyi ilə aparılmış əmək bazarının təhlili olmuşdur. Sorğu kənd təsərrüfatı sahəsində peşə təhsili haqqında fərdi fikirləri və ehtiyacları öyrənmək, əmək bazarında əhəmiyyətli mövqeyə malik kənd təsərrüfatı nəticələri barədə statistik məlumatlar toplamaqdan ibarət olmuşdur. Sorğuda Azərbaycanın 6 rayonundan ailə-kəndli və böyük kənd təsərrüfatları müəssisələri iştirak etmişdir. Bundan başqa, layihə çərçivəsində müxtəlif məktəblərdən seçilmiş müəllimlər üçün əsas kənd təsərrüfatı profilləri üzrə ünvanlı təlimlər keçirilmişdir. Təlimləri müvəffəqiyyətlə bitirmiş müəllimlər və seçilmiş məktəb rəhbərləri Avropanın qabaqcıl təcrübəsi ilə yaxından tanış olmaq məqsədilə Sloveniya və Almaniyada təşkil olunmuş təlimlərdə iştirak etmişlər. Layihənin uğurla həyata keçirilməsində zəhməti olan hər bir şəxsə minnətdarlığını bildirən N.Məmmədov əməkdaşlığın gələcək illərdə də davam etməsindən ümidvar olduğunu vurğulamışdır.

Konfransda çıxış edən missiya rəhbərinin müavini Volfgang Mössinger, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməliyyatlar bölməsinin rəhbəri Federiko Berna və başqaları layihənin əhəmiyyətindən danışmışlar.

Tədbirdə Aİ-Tvininq layihəsinin daimi Tvininq müşaviri Ruediger Heining slaydlar vasitəsilə layihənin nəticələrinin təqdimatını etmişdir. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov