Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 May 2013 - №17

 

Ən böyük azərbaycanlı

 

İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar təmayüllü liseydə mayın 4-də keçirilən elmi-praktik konfransda iştirak edənlər bu təhsil ocağının dərin məzmunlu, yüksək səviyyəli tədbirlər keçirmək ənənəsini uğurla yaşatmasına bir daha şahidlik etmişlər. 

"Ən böyük azərbaycanlı" mövzusunda olduqca maraqlı və orijinal formada keçən konfrans Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuşdu. Liseyə gələn qonaqların diqqətini öncə birinci mərtəbənin foyesində bu şərəfli yubileyə və gül bayramına həsr olunmuş stendlər, istedadlı şagirdlərin ifa etdikləri mahnı və rəqs nömrələri, idmançı şagirdlərin çıxışları cəlb etmişdir.

YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının təşəbbüsü ilə təşkil olunmuş konfransda rayon icra hakimiyyətindən, YAP rayon təşkilatından nümayəndələr, millət vəkilləri iştirak etmişlər.

Konfrans iştirakçıları əvvəlcə liseyin ikinci mərtəbəsindəki geniş dəhlizdə açılmış sərgi ilə tanış olmuşlar. Ulu öndər Heydər Əliyevə həsr olunmuş sərgidə istedadlı şagird və müəllimlərin mövzu ilə bağlı əl işləri, rəsm əsərləri, referatları, Heydər Əliyevin həyat və fəaliyyətinə, zəngin irsinə aid fotolar, kitablar nümayiş olunmuşdur.

"Dəyirmi masa" ətrafında keçən konfransı "Tərəqqi" texniki-humanitar təmayüllü liseyin direktoru, YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurası İdarə Heyətinin  üzvü, şuranın sədr müavini Məhbubə Məmmədova açaraq "Ən böyük azərbaycanlı" mövzusunda geniş məruzə etmişdir. Məruzə ekranda nümayiş olunan slaydlarla, liseyin istedadlı şagirdlərinin ifa etdikləri şeir nömrələri ilə müşayiət olunmuşdur.

Məruzə tarixi müqayisə əsasında qurulmuşdu. Öncə ulu öndər Heydər Əliyevin "Tarix tarixdir, tariximizin hər səhifəsi bizim üçün əzizdir. Hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq öz tarixini bilməlidir" kəlamları diqqətə çatdırılmışdır. M.Məmmədova tariximizin müxtəlif dönəmlərində yaşamış, xalqımızın taleyində özünəməxsus izi qalmış şəxsiyyətlər, liderlər, o cümlədən Babək, Şah İsmayıl Xətai və b. ilə ulu öndər Heydər Əliyev arasında paralellər apararaq ümummilli liderin bir şəxsiyyət, dövlət xadimi, siyasətçi kimi böyüklüyünü sübut etmişdir. Azərbaycanın tarix salnaməsini kainata bənzədən məruzəçi tariximizin şanlı səhifələrini yaratmış şəxsiyyətləri bu kainatın parlaq ulduzları, müasir Azərbaycan dövlətinin banisi, əbədiyaşar lider Heydər Əliyevi isə günəşi adlandıraraq ulu öndərin keçdiyi olduqca zəngin həyat yolundan, ölkəmizin tərəqqisi, xalqımızın rifah halını yüksəltməyi hədəfə almış çoxtərəfli fəaliyyətindən, dövlətimiz qarşısındakı böyük xidmətlərindən geniş söz açmışdır. Heydər Əliyevi tariximizdəki böyük şəxsiyyətlərin fövqünə yüksəldən keyfiyyətlərini açıb göstərmişdir.

Qeyd olunmuşdur ki, ulu öndərimizi digər liderlərdən fərqləndirən ən böyük və üstün cəhətlərindən biri də onun özündən sonra ideya və siyasətini layiqincə davam etdirən varis qoymasıdır.

Məruzə boyu liseyin istedadlı şagirdlərinin ifa etdikləri "Şəhid məzarları", "Bir dahi doğulub gəldi dünyaya", "Dahi liderim" və başqa şeirlər məruzənin ruhuna uyğun olub onun emosional təsir gücünü daha da artırmışdır.

Məruzə başa çatandan sonra çıxışlar olmuşdur. Konfransda söz alan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Milli Məclisin deputatı Elton Məmmədov, YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev yüksək səviyyədə hazırlanmış konfransın ulu öndərin xatirəsinə dəyərli töhfə olduğunu qeyd etmiş, onun təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər. Ümummilli lider Heydər Əliyevin yeritdiyi sülh, quruculuq siyasətinin ayrı-ayrı məqamlarından, bu siyasətin bəhrəsi olan bugünkü inkişafımızdan danışdılar. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov