Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 May 2013 - №17

 

DNT-nin kəşfindən 60 il ötür

 

Nobel mükafatı laureatı Frensis Krikin kəşfi insan genomunun öyrənilməsində açar olmuşdur  

1953-cü il aprelin 25-i ilə bizi tam  60 illik vaxt ayırır. 60 il əvvəl dünya elminin, xüsusən də biologiya elminin inkişafına fövqəladə təsir etmiş bir hadisə baş verdi.  Həmin gün elm aləmində əsasən fizik kimi tanınan, ingilis tədqiqatçısı Frensis Krik və onun amerikalı həmkarları Ceyms Uotson və Moris Uilkinson DNT-nin struktur molekulunu kəşf etdiklərini elmi ictimaiyyətə elan etdilər. Artıq genetik məlumatların ötürülməsinin mexanizmi, genetik kodun sirri məlum olmuşdur. Nobel Mükafatları Komitəsi bu parlaq kəşfə görə alimləri ali elm mükafatına layiq görmüşdür.  Bu mühüm kəşfin əsasında Frensis Krikin on illər ərzində inadkarlıqla apardığı gərgin araşdırmalar dururdu. XX əsr  biologiya və tibb elminin ən parlaq simalarından biri, molekulyar biologiya və genetika sahəsində görkəmli ingilis alimi  Frensis Krikin həyatı və elmi karyerası həm elmin sirlərini öyrənməyə çalışan şagirdlər, həm də elm yolunda ilk addımlarını atan gənc tədqiqatçılar üçün maraqlı və cəlbedicidir.  

Uşaqlıq illəri

 Frensis Xarri Kompton Krik 1916-cı il iyunun 8-də qədim  ingilis şəhəri olan Nortxempton yaxınlığında  bir zamanlar kiçik bir ingilis qəsəbəsi olan Veston Favelldə Harri Krik və Enni Elizabet Vilkinsin ailəsində doğulmuşdur. Ailədə iki oğlan uşağı böyüyürdü. Onlardan böyüyü   Frensis  idi. Onun atası və babası   ayaqqabı fabriki işlətmişdir.   Atasının biznes sahəsində işləri yaxşı getdiyindən  onu  özəl klassik məktəbə vermişdi.

Lakin   XX əsrdə İngiltərə iqtisadiyyatı böhran keçirdiyindən və gələcəyin məşhur fizik-bioloqun valideynləri də maddi sıxıntılarla üzləşdiklərindən ailə Londona köçməyə məcbur olmuşdur. Frensis hələ uşaq vaxtlarından elmə maraq göstərməyə başlamışdır. Valideynləri balaca Frensisi  özləri ilə yaxınlıqdakı kilsəyə ibadətə aparmışdılar. Lakin 12 yaşlı Krik anasına artıq kilsəyə getmək istəmədiyini və dini inanclar yerinə elmi araşdırmalara  üstünlük verdiyini söyləmişdir. Kiçikyaşlı Frensisin bu qətiyyəti ailə üzvlərini xeyli təəccübləndirmişdir.

Valideynləri ailədə elmə maraq göstərən bir uşağın böyüməsini həm çaşqınlıq, həm də maraqla qarşılamışdır. Onlar Frensisin elmə olan marağını görüb onu hər vasitə ilə dəstəkləməyə çalışırdı. Valideynləri ağır əməklə məşğul olduqlarından uşaqlarının elmə maraq göstərməsini, onun gələcəkdə alim kimi yetişməsini arzulayırdılar. Lakin valideynləri sadə əmək adamları olduqlarından balaca Frensisin elmi mülahizələri, onun elmə dair verdiyi çoxsaylı suallar qarşısında çaşbaş qalmışdılar. Frensis dəfələrlə elmə dair suallarını valideynlərinə yönəltsə də, heç bir təhsili olmayan ata-ana onun məntiqi və maraq dolu suallarına cavab tapa bilmirdilər. Buna görə də  onlar  məktəbdə oxuyan Frensisə elmin sirlərini öyrətmək üçün fizika müəllimi tutmuşdular.  Orta məktəbdə oxuyarkən qabiliyyətlərini görən müəllimlər onun yuxarı siniflərdə təhsil almasını məsləhət görmüşdülər.  Birinci sinfə gedən Frensisi iki il təhsil proqramını mənimsədikdən sonra  birbaşa 6-cı sinfə qəbul etmişdilər.    

"Kitablar mənə çox güclü təkan vermişdir" 

Frensisin orta məktəbdə oxuduğu illərdə ən çox sevdiyi məşğuliyyəti  mütaliə olmuşdur. O, daha çox müxtəlif elm adamlarının, alimlərin həyatı və elmi karyerası, onların elmi axtarışları ilə maraqlanırdı. Dahi bioloq sonralar öz xatirələrində yazmışdır ki,  elmə marağının formalaşmasında "Uşaq Ensiklopediyası" kitabı mühüm rol oynamışdır. Sonralar verdiyi müsahibələrində alimlər haqqında populyar kitablara maraq göstərdiyini bildirmişdir. "Mən elmə, alimlərə həsr olunmuş bütün kitabları oxumuşdum və mən deyərdim ki, bu kitablar mənə çox güclü təkan vermişdir. Kitablar mənim təbiətən hər şeyi öyrənmək həvəsimi gücləndirmişdir. Lakin ətrafımda kitab oxuyan çoxlu uşaqlar var  idi, onlar  bütövlukdə elmə maraq göstərmirdilər. Mən uşaqlıqdan elmə bağlandım. Mənim elmə erkən marağımın səbəbini indi də bilmirəm. Lakin elmə marağımın valideynlərimin  təsiri altında baş verdiyini söyləyə bilmərəm. Onlar elm barədə heç nə bilmirdilər. Lakin onlar mənim elmə maraq göstərməyimi gördükdə  mənə  dəstək göstərməyə çalışırdılar. Onlar mənə "Uşaq Ensiklopediyası" adlı kitab almışdılar. Mən bu kitabı ucadan oxuyurdum. Eksperiment aparmaq istəyəndə isə evdəki əşyaları və butulkaları partladır, digər işlərə əl atırdım. Bütün bunlar mənim marağımdan irəli gəlirdi. Mən hələ uşaq idim və  başa düşmüşdüm ki elm adlı sahə var. Bu sahə ilə bütün dünyanı tanımaq olar". Frensis məktəbdə oxuyarkən daha çox kimya və fizikaya maraq göstərmişdir.  Onu  bütün dünyaya tanıdan biologiyaya o qədər də maraq göstərməmişdir.   

Elmi həyatında dönüş nöqtəsi  

Ailəsi ilə birlikdə Londona köçdükdən sonra  Frensis Krik  Mill-Xill məktəbində oxumuşdur. Bu məktəbdə oxuyarkən Frensisin fizika,  kimya və riyaziyyata marağı özünü göstərmişdir. Məktəbi bitirdikdən sonra 1934-cü ildə Frensis  Oksford  Universitet Kollecinə daxil olmuşdur.   

Kollecdə oxuduğu illərdə Frensis tamamilə  sevdiyi fizika elminə bağlanmışdı.   1937-ci ildə Frensis təbiət elmləri üzrə bakalavr elmi  dərəcəsi almışdır. Onun ilk elmi işinin mövzusu yüksək temperaturlar şəraitində suyün  özlülüyünün ölçülməsi  olmuşdur. Lakin İkinci Dünya müharibəsinin başlanması ilə bu tədqiqatları başa çatdıra bilməmişdir. Londona hava zərbələri zamanı bombalardan biri Frensisin işlədiyi laboratoriyanın damına düşmüş və bütün qiymətli avadanlıq məhv olmuşdur.  Alimlik dərəcəsi aldıqdan sonra da Frensis Krik bu sahədə tədqiqatlarını davam etdirmişdir.

1939-cu ildə Avropanı İkinci Dünya müharibəsi bürümüşdü. Gənc fizik Böyük  Britaniyanın Hərbi-Dəniz Nazirliyinin elmi-tədqiqat laboratoriyasında işə başlamışdır.  Onun elmi mövzusu dərin sular altında minaların tədqiqi ilə bağlı olmuşdur. Frensis hərbi dövrün tələblərinə müvafiq olaraq çox vicdanla çalışır. Onun ürəyi  artıq 30-cu illərdə bir sıra parlaq elmi kəşflərin baş verdiyi nüvə fizikasına bağlanmışdı.   Frensis elektron və neytronlara dair ədəbiyyatlara maraq göstərmişdir. 1944-cü ildə onun əlinə dalğa mexanikasının banilərindən biri olan avstriyalı fizik Ervin Şredingerin (Nobel mükafatı laureatı )  "Həyat nədir? Canlı hüceyrələrin fiziki aspektləri" (What is life? The physical aspects of the living cell)  kitabı düşmüşdür. E.Şredingerin kitabının adı belə gənc oxucunu dərindən heyran etmişdir. Bu kitabda Şredinger kimya və fizikanın köməyi ilə canlı orqanizmdə baş verən məkan-zaman hadisələrini izah etməyə çalışmışdır.   Frensisin qəlbindəki elementar hissəciklər fizikası ilə məşğul olmaq  arzusunun yerinə yeni ehtiras baş qaldırmışdır. Onun yetişmiş sevgisi artıq biologiya idi.   Qeyd edək ki, dahi alimin həyat və elmi karyerasından danışanda biblioqraflar bir çox bu məqama xüsusi diqqət yetirmişlər. Çünki Şredinger fəlsəfəsi ilə tanışlıq Frensis Krikin bütün elmi həyatında dönüş nöqtəsi olmuşdur. 1947-ci ildə Frensis Krik Tibbi Tədqiqatlar Şurasının təqaüdünə layiq görülərək Kembricdə Stendcvey laboratoriyasında işləməyə başlamışdır.  Bu laboratoriyada Frensis Krikin əsas tədqiqatları molekulların məkan quruluşunun təyin olunması üçün rentgen difraksiya metodlarından istifadə olunması ilə bağlı olmuşdur. Bundan əlavə, Frensis molekulyar biologiya və üzvi kimya sahəsində biliklərini intensiv surətdə artırmışdır. O, burada biologiya, üzvi kimya və rentgen difraksiya metodlarını öyrənməyə başlamışdır. 

Frensis Krik "beyin mərkəzi"ndə 

Onun biologiya sahəsində elmi maraqlarının diapazonu 1949-cu ildə Kembricdə məşhur Kavendiş laboratoriyasına, molekulyar biologiya sahəsində dünya mərkəzlərindən birinə  gəldikdən sonra xeyli genişlənmişdir. O, burada görkəmli biokimyaçı Maks Ferdinand Perutsun (Nobel mükafatı laureatı ) rəhbərliyi altında zülalların molekulyar strukturunu öyrənmişdir. Frensis Krik ilk dəfə burada genetikanın kimyəvi əsaslarını tapmağa cəhd etmişdir, o belə hesab edirdi ki, axtardığı DNT molekulunda gizlənmiş ola bilər. Tədqiqatlar gedişində Krik fiziki məsələlərdən daha çox fəlsəvi sual qaldırmışdır,  o, canlı və cansızlar arasında sərhədin harada olmasını axtarırdı. O, hər halda on illərdən sonra yazdığı xatirələrində belə yazmışdır. Varlıq və qeyri-varlıq məsələləri üzərində fikirləşərkən Krik çox həyati bir fərziyyə irəli sürmüşdür; irsiyyət daşıyıcısı olan gen  kimyəvi  əsasa malik olmalıdır.  Tanrı tərəfindən yaradılanların  bütün sirlərinin açarı,  tədqiqatçı alimin fərz etdiyi kimi, dezoksirinukleyin (daha sadə olaraq DNT adlandırılan) turşuların strukturunda gizlənib.

 Frensis Krikin cəlb olunduğu biologiya elmində  bu sahədə vəziyyət 40-cı illərin sonlarında necə idi? Hələ XIX əsrin ortalarında ingilis bioloqu Mendel belə bir fikir irəli sürmüşdür ki, irsi informasiyalar genlər vasitəsi ilə ötürülür. Bu dövrdə hüceyrə nüvəsinin əsasını təşkil edən nukleyinlər də kəşf olunmuşdur.    Bioloqlar sübut etmişdilər ki, genlər hüceyrə nüvəsinin xüsusi elementində, xromosomlarda yerləşir. Nukleyin turşularının kimyəvi xassələrinin tədqiqi alimləri belə bir nəticəyə gətirmişdir ki, genlər   bu turşuların, DNT-nin bir parçasıdır. Digər tərəfdən, sübut olunmuşdur ki, DNT hüceyrələrdə fermentlərin sintezini idarə edir.   40-cı illərin sonlarında alimlər belə bir nəticəyə gəlmişdilər ki, iki nukleyin turşuları - dezoksinukleyin (DNT) və ribonukleyin (RNT)  mövcuddur. Və onlar nukleoditlərdən təşkil olunmuş zəncirlərdən ibarətdir.  Hər bir nukleotid heterosiklik əsaslardan (adenin, timin, quanin, sitozin) ibarətdir. RNT-dən söhbət gedəndə isə timin urasil, karbohirdogen riboza və ya dezoksiriboza və fosfor turşusu ilə əvəz olunur.  50-ci illərin əvvəllərində ingilis tədqiqatçıları R.Franklin və M.Uilkins rentgenstruktur analiz vasitəsi ilə DNT-nin ikiqat spirala malik olmasına dair nəticələr almışdılar. Bundan başqa, tədqiqatçılar  bu spiralın ümumi parametrlərini, onun diametri və  burumlar arasındakı məsafəni müəyyən etmişdilər.   1951-ci ildə Kavendiş laboratoriyasında Frensis Kriklə birlikdə gənc amerikalı bioloq Ceyms Uotson işləməyə başlamışdır. Alimlər əl-ələ verərək DNT molekulunun məkan strukturunu müəyyən etməyə başlamışdılar. Onların tədqiqatları 2 il davam etmişdir.  Alimlər  hardasa uşaq konstruktorunu xatırladan fiqur - müxtəlif ölçülü və rəngli şarlardan ibarət, bu və ya digər elementlərin atomlarını simvolizə və kimyəvi rabitəni əvəz edəcək müxtəlif rəngli məftillər, eləcə də müəyyən aktiv qrupların rolunu oynayacaq karton parçalarından ibarət komplekt yaratmışdılar.  Tədqiqatçılar bütün miqyasa əməl etməyə çalışırdılar. Detallardan yığılmış "oyuncaq"  iki karbohidrogen və fosfat zəncirindən ibarət  ikiqat spiralı təsvir edir. Spiralın əsasını ikili fosfat və karbohidrogen zənciri təşkil edir. DNT molekulundakı 4 nukleotiddən adenin  sadəcə timin ilə, quanin isə sadəcə sitozin ilə hidrogen rabitə vasitəsi ilə qoşalaşmışdır. Komplementarlıq (tamamlama) adlandırılan bu xüsusiyyət  DNT maddəsinin üzünün çıxarılmasına və məlumatın RNT polimerinə ötürülməsinə imkan vermişdir. Bu xüsusiyyət  hüceyrə strukturlarının yaradılması və işlədilməsi, eləcə də informasiyanın sonrakı nəslə ötürülməsi kimi fundamental proseslərin əsasını təşkil etmişdir.  Komplementar strukturlar bir-birinə tam uyğundur.   Frensis Krikin 1953-cü ildə müdafiə etdiyi  doktorluq dissertasiyası zülalların rentgenstruktur analizinə həsr olunmuşdur. 1954-cü ilə qədər tədqiqatçı Amerikanın bir sıra universitetlərində işləmişdir. Daha sonra İngiltərəyə qayıdan alim genetik kodun oxunması üzrə tədqiqatlarını davam etdirmişdir. Tezliklə Krik və Ceyms Uotson tərəfindən RNT-nin əsas tipləri kəşf olunmuşdur.  Frensis Krik genetik kodun öyrənilməsinə dair öz nəzəriyyəsini təklif etmişdir.  Bu nəzəriyyəyə görə, bu prosesdə növbəli şəkildə həm informasiya ötürən, həm ribosomlar və nəqliyyat RNT-ləri iştirak edir. Tədqiqatçı həm də  müəyyən  etmişdir ki,   genetik   kod   nukleotid  turşularının azot əsaslarının  tripletlərindən ibarətdir. Genlər  - müəyyən irsi informasiyalar daşıyan DNT sahələri isə böyük sayda əsas tripletlərdən təşkil olunmuşdur. 1953-cü ildə DNT modelinin yaradılması başa çatmışdır. Frensis Krik və onun həmkarları Ceyms Uotson və Moris Uilkinsonun kəşfi öz təsdiqini 10 il sonra  tapdı. Nəhayət, elmi ictimaiyyət qərar vermişdi: DNT məhz Krik və onun həmkarlarının təsdiq etdiyi quruluşa malikdir. 1962-ci ildə alimlər öz layiqli ali mükafatlarını almışdılar.  

Biologiyada inqilab

1962-ci ildə İsveç Nobel Mükafatları Komitəsi fiziologiya və tibb sahəsində "Nukleotid turşularının molekulyar strukturunun və informasiyaların canlı orqanizmlərdə ötürülməsinə dair  kəşfə görə"  Frensis Krik, Ceyms Uotson və Moris Uilkinsonu Nobel mükafatına layiq görmüşdür. 

Frensis Krik DNT-nin strukturunu kəşf etməklə biologiya elminə misilsiz xidmətlər göstərmişdir. Bu kəşf elmin yeni bir sahəsinin - gen mühəndisliyinin yaranması ilə nəticələnmişdir. Bu elmi kəşf ilk nöbbədə Frensis Krikin dahiliyi, elm qarşısındakı xidmətlərinin nəticəsidir.  Karolina İnstitutundan A.Enqstrem Nobel mükafatının təqdimolunma mərasimində bildirmişdir: "DNT-nin molekulyar strukturunun kəşfi çox mühüm hadisədir. Bu kəşf bütün canlıların fərdi və ümumi xüsusiyyətlərinin ən xırda detallarını anlamağa imkan verir". Professor Enqstrem qeyd etmişdir ki,  dezoksiriribonukleyin turşularının ikiqat spiralının kəşfi genetik informasiyaların ötürülməsi və ona nəzarətin öyrənilməsi üçün fantastik imkanlar açır.

DNT-nin ikiqat struktur spiralının açılması genetikanın inkişafına misilsiz təsir göstərmişdir. Xüsusən də elmin son qələbəsi - insan genomunun şifrinin oxunması öz əsasını Krikin kəşfindən götürmüşdür.    

Genetik kod bütün canlı obyektlərdə oxşardır 

Frensis Krik "Həyat olduğu kimi: onun mənşəyi və təbiət" ("Life Itself: Its Origin and Nature", 1981) adlı gözəl bir kitab yazmışdır.  1981-ci ildə dərc olunmuş  bu kitabında təcrübəli alim filosofcasına öz kəşfinin mahiyyətini belə izah etmişdir: "Mitoxondridlər istisna olmaqla genetik kod bu günə qədər öyrənilmiş olan bütün canlı obyektlərdə oxşardır".   Krik belə bir nəzəriyyə irəli sürmüşdür ki, yuxugörmə ayıq vaxtı  yığılmış olan artıq və faydasız assosiasiyalardan bizim beynimizin azad olunduğu prosesin əlavə effektidir. F.Krik öz kitabında  bütün üzvi formaların oxşarlığı əsasında Yer üzündə həyatın yadplanetli mikroorqanizmlərdən törəməsinə dair fərziyyə irəli sürmüşdür.  Kitabın 4-cü fəsli "Həyatın mahiyyəti" adlanır.  Alim bu fəsildə həyat barədə düşüncələrini ifadə etmişdir. "Həyat"  və  "canlı" sözlərinə tərif vermək asan deyildir. Əlbəttə ki, canlı dedikdə mən mütləq  fikirləşən və hiss edən varlıq  nəzərdə tutmuram. Çünki bioloq üçün bitkilər də şübhəsiz canlıdır, bəzi insanlar isə inanırlar ki, bitkilər bizim kimi və heyvanlar kimi düşünür və hiss edirlər. Bakteriyalar da,  əlbəttə ki, onları  "iybilmə hissiyatına" görə canlı hesab etmək lazımdır. Viruslara gədikdə vəziyyət başqa cürdür. Biz burada artıq   canlı və cansızların sərhədinə yaxınlaşırıq". Bu kitab ali məktəblərin tələbələri üçün, özü də olduqca canlı, maraqlı tərzdə yazılmışdır. Bu kitablar müasir biologiya elminin kimyəvi əsaslarını öyrənmək istəyənlər üçün əvəzolunmaz vəsaitdir. Bu kitaba ən yaxşı qiyməti  bioloq alim Artur Frisman vermişdir: "Biz indi hamımız molekulyar biologiya mütəxəssisləriyik". Krik bütün həyat formalarının çox təəccüblü oxşarlığını qeyd etmişdir.  Molekulyar biologiya, paleontologiya və kosmologiya sahələrində baş vermiş kəşflərə istinad edən alim qeyd etmişdir ki, Yer üzündə həyat digər planetlərin bütün səthinə səpələnmiş mikroorqanizmlərdən yarana bilərdi.     

"Biz həyatın sirrini tapmışıq!" 

"Əziz Maykl. Cim Uotson və mən, yəqin ki, çox mühüm kəşf etmişik. Biz dez-oksi-ribo-nukleyin turşusunun (diqqətlə oxu) və ya sadəcə D.N.T strukturunun modelini qurmuşuq". 1953-cü il martın  19-da 33 yaşlı Frensis Krikin 12 yaşlı oğlu Maykla yazdığı məktub bu sözlərlə başlayır. Bu məktubda DNT-nin ilk təsviri verilir. Məktub "Böyük sevgi ilə, atan" sözləri ilə bitirdi.   Kəşf barədə ilk elmi məqalə isə aprelin sonlarında "Nature" jurnalında dərc olunmuşdur. "...Biz düşünürük ki, yer üzündə həyatın əmələ gəlməsinin əsasını təşkil edən əsas mexanizmi əldə etmişik. Sən təsəvvür edə bilməzsən, biz bu kəşfdən necə həyəcan içindəyik",-deyə Krik oğluna yazdığı məktubunda bildirirdi və evə qayıdanda DNT modelini ona göstərəcəyini vəd edirdi. Krikdən 5 gün əvvəl onun həmkarı Uotson da bioloq Maks Delbryuka məktub yazaraq DNT barədə məlumat vermişdir. Kəşf tam surətdə 1953-cü il fevralın 28-də rəsmiləşmişdir. Səhər tezdən Kembricə işə gələn  alimləri  Krik "Biz həyatın sirrini  tapmışıq!" sözləri ilə qarşılamışdır. Oğlu sonralar atasının məktubunu necə aldığını belə xatırlamışdı:  "Mən qripə yoluxmuşdum. Və evdən bayıra çıxmırdım. Mənim məktub oxumaq üçün vaxtım çox idi. Xatırlayıram ki, məktubun səhifələrini bir neçə dəfə vərəqləyərək hər dəfə "dez-oksi-ribo-nukleyin turşusu" sözünü təkrarladım".  Maykl Krik də atası  kimi elm yolunu seçmişdir. O, əsasən kompüterlə bağlı olan sahələrdə çalışmışdır. 

DNT-nin struktur modelinin kəşfindən sonrakı dövrdə  Frensis Krik Kembricdə fəlsəfə doktoru elmi  dərəcəsinə layiq görülmüşdür. Onun elmi işi zülal strukturlarının rentgen difraksiya analizinə həsr olunmuşdur. 1954-cü ildə o, genetik kodun şifrinin oxunması ilə məşğul olmuşdur. Əvvəldən  nəzəriyyəçi olan Krik S.Brennerlə birlikdə bakterifoqlarda (bakterial  virusların keçiriciləri) genetik mutasiyanın öyrənilməsi ilə məşğul olmuşdur.

1962-ci ildə F.Krik Kembric Universitetinin biologiya laboratoriyasının müdiri təyin olunmuşdur. O, tezliklə San-Dieqo (Kaliforniya ştatı) şəhərində Solkov İnstitut Şurasının xarici üzvü seçilmişdir. 1977-ci ildə Krik neyrobiologiya, xüsusən də görmə və yuxugörmə mexanizminin tədqiqi ilə məşğul olmağa başlamışdır.  

Nəzakətli dostlar 

Çox maraqlıdır ki, Frensis Kriki Kembricə hələ elm aləmində o qədər də tanınmayan amerikalı tədqiqatçı, 23 yaşlı Ceyms Uotson dəvət etmişdi. Krik ondan 12 yaş böyük idi. Lakin onları uzunillik dostluq və alim həmrəyliyi birləşdirirdi. Maraqlarının ümumiliyinə, həyata baxışlarının, düşüncə tərzinin oxşarlığına baxmayaraq onlar tez-tez bir-birini çox sərt şəkildə, lakin nəzakətlə tənqid edirdilər. Onların bu intellektual dueldə oynadıqları  rollar müxtəlif idi. Uotson özü bu barədə sonralar demişdir: "Frensis beyin, mən isə hiss idim".  Doktor Uotson dostu Frensis Krik haqqında qələmə aldığı  "İkiqat spiral" kitabında bəhs etmişdir. "Mən heç vaxt görmədim ki, Frensis Krik özünü  təvazökar aparsın. Ola bilsin ki, digər insanların cəmiyyətində o təvazökar idi, lakin mən onu heç belə görmədim. Onun haqqında indi çox danışırlar. Ola bilsin gün gələcək, onu Rezervord və Borla bir sıraya qoyacaqlar.  Mən onunla tanış olanda 33 yaşı var idi və demək olar ki, tanınmırdı. Lakin həmkarları onun çox nüfuzedici və iti zəkaya malik olduğunu qeyd edir və məsləhət üçün ona müraciət edirdilər. Çoxları onu düzgün qiymətləndirmir, bəziləri hesab edirdi ki, o, çoxdanışandır".

Frensis Krik 1961-ci ildə Fransa Elmlər Akademiyasının  Şarl Mayer mükafatına, Amerika Tədqiqatlar Cəmiyyətinin elm mükafatına (1962), Kral medalına (1972), Kral Cəmiyyətinin Kopli medalına (1976) layiq görülmüşdür.  London Kral Cəmiyyətinin, İrlandiya Kral Akademiyasının, Amerika Elmin İnkişafına Dəstək Assosiasiyasının, Amerika İncəsənət və Elmlər Akademiyasının, Amerika Milli Elmlər Akademiyasının, Edinburq Kral  Cəmiyyətinin fəxri üzvü seçilmişdir.

Frensis Krik 1940-cı ildə Rut Dorin Dodd ilə evlənmişdir, onların bir oğlu doğulmuşdur. Onlar 1947-ci ildə ayrılıblar. İki il sonra isə Frensis Krik Odil Spayd ilə evlənmişdir. Onların iki qızı dünyaya gəlmişdir.

Frensis Krik uzun ömür sürmüşdür. O, 2004-cü il iyulun 30-da San-Dieqoda 88 yaşında mədə xərçəngindən vəfat etmişdir.  

Hazırladı: Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov