Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

Qafqaz Universitetində "V gənclik şənliyi"

 

Qafqaz Universitetində "V gənclik şənliyi" adlı tədbir keçirilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirdə universitetin rektoru, professor Ahmet Saniç dahi şəxsiyyət, müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışmış, ulu öndərin milli mənəvi dəyərlərin qorunmasına və inkişafına daim böyük önəm verdiyini bildirmişdir. Rektor vurğulamışdır ki, ümummilli lider Heydər Əliyev irsində Vətən sevgisi, azərbaycançılıq duyğusu xüsusi yer tutur. Dahi liderin mənalı həyat yolu ölkəmizin gələcək inkişafının təminatçısı olan gənc nəslin tərbiyəsi üçün böyük örnəkdir. Müdrik şəxsiyyət Heydər Əliyevin dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edən professor A.Saniç ümummilli liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini xatırlatmışdır.

Rektor rəhbərlik etdiyi universitetin tələbələrinin seçdikləri ixtisaslara dərindən yiyələnməklə yanaşı, ölkənin mədəni həyatında da yaxından iştirak etdiklərini, bu sahədə keçirilən tədbirlərdə fəallıq göstərdiklərini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə keçirdikləri tələbələrin "Univiziya" II mahnı müsabiqəsində Qafqaz Universitetinin təmsilçisi Zərrin Mahmudzadə I yeri tutmuşdur.

Sonra "Gənclik şənliyi" çərçivəsində 3000 tələbənin sərbəst səsverməsi əsasında aparılmış müxtəlif nominasiyalar üzrə "İlin adamları" seçiminin  nəticələri elan olunmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti, beynəlxalq "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, "Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq" - İDEA-nın rəhbəri Leyla xanım Əliyeva "İl ərzində Azərbaycanın beynəlxalq aləmdə tanınmasında xüsusi xidməti olan şəxs" nominasiyası üzrə seçimin qalibi olmuşdur. "İlin müəllimi", "İlin yerli şirkəti", "İlin xarici  şirkəti", "İlin iş dünyasında uğur qazanmış adamı" və s. nominasiyalar üzrə də qaliblərin adları açıqlanmışdır.

Sonra maraqlı konsert proqramı nümayiş etdirilmişdir.

Tədbir çərçivəsində universitet şəhərciyində tələbələrin bədii və intellektual yaradıcılığının məhsulu olan əsərlərdən, rəsmlərdən, əl işlərindən, maketlərdən və s. ibarət sərgi nümayiş olunmuşdur.  

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov